Modern.az

Erməni təxribatı: Müdafiə Nazirliyi iki hərbçimizin öldürülməsi xəbərini təkzib etdi

 Erməni təxribatı: Müdafiə Nazirliyi iki hərbçimizin öldürülməsi xəbərini təkzib etdi

22 Noyabr 2014, 11:26

Erməni tərəfinin açdığı atəş nəticəsində noyabrın 21-də gecə Ermənistana məxsus hərbi helikopterin vurulduğu ərazidə Azərbaycanın iki hərbçisi öldürülüb. Modern.az xəbər verir ki, bu məlumatı Ermənistan KİV-i ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayıb. Məlumatda qeyd edilir ki, guya Azərbaycan tərəfdən öldürülənlərdən biri projektorçu, digəri isə snayper olub. Onların məhv edilən helikopterə yaxınlaşmaq istəyərkən vurulduğu iddia edilir.  

Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Dərgahlı Modern.az-a açıqlamasında bildirib ki, bu, növbəti erməni təxribatıdır:

“Bu cür məlumatlar erməni tərəfinin növbəti təxribatıdır. Ermənilər bu ərazidə vəziyyəti özləri gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər. Həmin istiqamətdə Azərbaycan ordusu heç bir itki verməyib. Atəşkəslə bağlı bütün məlumatlar isə mütəmadi olaraq kütləvi informasiya vasitələrinə çatdırılır və sutka ərzində baş verən atəşkəs pozulması barədə məlumat Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində də yerləşdirilir”.  

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmənin helikopteri 3 pilotla birlikdə məhv edilib.

Gülşən RAUFQIZI


Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI