Modern.az

Xaricdəki tələbəmiz: Cümə namazında 120 min indoneziyalıya Xocalıdan danışan azərbaycanlı - MÜSAHİBƏ

Xaricdəki tələbəmiz: Cümə namazında 120 min indoneziyalıya Xocalıdan danışan azərbaycanlı - MÜSAHİBƏ

Müsahibə

25 Noyabr 2014, 13:43

Modern.az saytı xaricdə oxuyan azərbaycanlı tələbələrlə silsilə müsahibələrin təqdimatına davam edir. Budəfəki müsahibimiz İndoneziyanın Pacacaran Dövlət Universitetində (Universitas Padjadjaran) “Beynəlxalq münasibətlər və siyasi elmlər” ixtisası üzrə magistr təhsili alan və İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti olan Elmar İskəndərovdur.

Müsahibimiz 2008-ci ildə İndoneziya Respublikasının Xarici İşlər Nazirliyinin “Indonesian Arts and Culture Scholarship – “İndoneziyanın Mədəniyyəti və İncəsənəti” 3 aylıq dövlət təqaüd proqramının qalibi olub. O, 2012-2015-ci illəri əhatə edən İndoneziya Respublikasının Təhsil və Mədəniyyət Nazirliyinin “Developing Countries Partnership program on Scholarship” – “İnkişaf etməkdə olan ölkələrin əməkdaşlığı” adlı dövlət təqaüd proqramının Azərbaycan birincisidir.

Hazırda, İndoneziyanın aparıcı dövlət universitetində “Beynəlxalq münasibətlər və siyasi elmlər” ixtisası üzrə magistr dərəcəsi alan ilk azərbaycanlı tələbədir.  Həmçinin İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidentidir.

- Necə oldu ki, xaricdə oxumağa qərar verdiniz?

- Xaricdə və məhz İndoneziyada magistr təhsilimi davam etdirmək qərarına bir sıra amillər təsir edib. İlk olaraq, 2007-ci ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdnində yeni ixtisas açıldı – Cənub-Şərqi Asiya və İndoneziya Regionşünaslığı. Mən də yeni açılan ixtisasın perspektivli olacağını düşünərək bu ixtisası seçdim və ən yüksək balla bu ixtisasa daxil olan ilk qrupun tələbəsi oldum.
2008-ci ildə isə İndoneziya Respublikasının Xarici İşlər Nazirliyinin “Indonesian Arts and Culture Scholarship Program” – “İndoneziyanın İncəsənəti və Mədəniyyəti təqaüd proqramı”nın azərbaycanlı qalibi oldum və 3 ay ərzində İndoneziyanın bir sıra şəhərlərində bu ölkənin dili və mədəniyyətini dərindən öyrəndim.
2011-ci ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Cənub-Şərqi Asiya və İndoneziyaşünaslıq ixtisasını fərqlənmə diplomu ilə bitirdim.  Bu sahə üzrə ilk mütəxəssisəm. Hərbi xidmətdən sonra təhsilimi davam etdirmək qərarına gəldim. Bunun üçün artıq mənə doğmalaşan və tədqiq etdiyim regionun ən böyük ölkəsi olan İndoneziyanı seçdim. 2012-ci ildə İndoneziya Respublikasının Təhsil və Mədəniyyət Nazirliyinin “Developing Countries Partnership Program on Scholarship” - “İnkişaf etməkdə olan ölkələrin əməkdaşlığı təqaüd proqramının” Azərbaycandan qalibi seçildim. Hazırda 3 illik təqaüd proqramı ilə İndoneziyanın aparıcı dövlət universitetində Beynəlxalq münasibətlər və siyasi elmlər üzrə magistr dərəcəsi alan ilk azərbaycanlı tələbəyəm.


- Təhsil aldığınız ölkə haqqında və bu region üzrə bir mütəxəssis olaraq nə deyə bilərsiniz?

- İndoneziya arxipelağı ekvator boyunca şərqdən-qərbə 5.150 km ərazidə uzanaraq Asiya və Avstraliya qitələri, Sakit və Hind okenı arasında yerləşir. Ərazisi isə 1 milyon 908 min kvadrat km-dir.
Ölkənin təbii irsi özünün unikal tropik iqlimi, 17508 adadan ibarət nəhəng arxipelağı (yalnız 6000 adası insanlar tərəfindən məskunlaşıb), eyni zamanda, Kanada və Avropa İttifaqından sonra dünyada 3-cü ən uzun sahil xəttinə (54716 km) malik olması ilə öyünə bilər. İndoneziya dünyanın yalnız adalarda yerləşən ən böyük ərazi və əhaliyə malik olan ölkəsidir.

İndoneziya istər ərazisinə, istər əhalisinə, istərsə də iqtisadiyyatına görə Cənub-Şərqi Asiya regionunun lider dövlətidir. 17 mindən çox adadan təşkil olunan ölkə dünyanın ən böyük arxipelaq dovlətlərindən biridir. Ölkə Sakit və Hind okeanı arasında strateji yerdə yerləşir. İndoneziya dünyanın ən çox əhaliyə sahib olan ölkələrindən də biridir. Belə ki 2014-cü il statistikasına görə, İndoneziyanın əhalisi təxminən 252 milyon nəfər təşkil edərək dünyada Çin, Hindistan və ABŞ-dan sonra 4-cü yerdə qərarlaşır. Əhalisinin 90%-ni müsəlmanlar təşkil edən İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir.

İndoneziya dünya iqtisadiyyatına və siyasətinə birbaşa təsiri olan nəhəng iyirmilik (G-20) ölkələr qrupuna daxildir və iqtisadiyyatının sürətli artım tempinə görə bu qrupda Çindən sonra 2-ci yerdədir. Ölkənin Ümumi Daxili Məhsulunun həcmi 1 trilyon dollardan çoxdur. Dünya iqtisadiyyatı ədəbiyyatlarında İndoneziya, Malayziya, Sinqapur iqtisadiyyatlarının sürətlə artımına nail olduqları üçün “pələng dövlətlər” adlandırılırlar. Proqnozlara görə də yaxın gələcəkdə İndoneziyanın dünya iqtisadiyyatında payı daha da artacaq və bu ölkə iqtisadiyyatının artım tempinə və həcminə görə ilk onluqda uzun müddət qərarlaşacaq.

- Başqa ölkə və başqa mühit hansı çətinlikləriniz olub?

- İndoneziyaya gələndə qida ilə bağlı çətinliklər var idi. Belə ki, bir çox Asiya ölkələri kimi və tropik ölkə olaraq qida rasionunun əsasını düyü və ədviyyatlı yeməklər təşkil edir. Mühitə gəldikdə isə bu barədə çətinlik heç kimdə olmaz məncə, çünki, yerli əhali çox qonaqpərvər, hər zaman üzündə təbəssüm olan səmimi və istiqanlı insanlardır. Xarici vətəndaşlara isə xüsusi qayğı bəsləyirlər və hər zaman kömək etməyə hazırdılar. Tez bir zamanda mühitə və cəmiyyətə adaptasiya olmaq mümkündür. Ümumilikdə isə ekzotik təbiəti və yaxşı insanları olan bu gözəl ölkəyə öyrəşməmək qeyri-mümkündür.



- İndoneziya və Azərbaycan təhsili... Bunların ikisini necə fərqləndirərsiniz?

- Qeyd etməliyəm ki, İndoneziyada təhsil tələbələr üçün daha müstəqil xarakter daşıyır. Müəllim və tələbə münasibətləri çox yüksək səviyyədədir və istənilən zaman dərslə bağlı hər hansı sual yaranarsa, müəllimin elektron poçtu və əlaqə nömrəsi, hətta sosial şəbəkələr vasitəsilə belə müzakirəyə hazır olduqlarını əvvəldən vurğulayırlar. Təhsil burda əsasən yerli dildə və ingilis dilində keçirilir. Əsasən, tələbələrin müstəqil işinə daha çox yer verilir, dərslər hər mövzu üzrə müəllimlərin və tələbələrin prezentasiyası şəklində olur. Müəllimlər tələbələrin daha sərbəst və müstəqil fəaliyyətlərinə kömək edirlər, istənilən tapşırıq üçün vaxt verilir və bu vaxt ərzində istər kitabxana və istərsə də internetdən əldə edilən məlumatları öyrənib elmi işlər və məqalələr yazmaq tələb olunur. Seçilən məqalələr yerli və beynəlxalq jurnallarda çap olunur.

- Təhsil aldığınız universitetdə azərbaycanlı tələbələr var? Əgər yoxdursa tək olmaq necə hissdir?

- Qeyd etməliyəm ki, hər il İndoneziyaya gələn azərbaycanlı tələbələrin sayı artmaqdadır. Əvvəllər bəzi şəhərlərdə bir-iki tələbə olardısa, hazırda təkcə mənim təhsil aldığım universitetin kampuslarında 5 azərbaycanlı tələbə bakalavr təhsili alır. Ümumiyyətlə isə İndoneziyada azərbaycanlı tələbələrin sayı 30 nəfərə yaxındır, bu kəmiyyət hər il tələbə mübadiləsi proqramından asılı olaraq dəyişkən olur. Kəmiyyət az görsənə bilər, amma keyfiyyət kifayət qədər yüksəkdir. Azərbaycanlı tələbələr İndoneziyada çox aktivdirlər. 2013-cü ilin noyabr ayında İndoneziyanın 32 aparıcı universitetində təhsil alan 77 ölkədən beynəlxalq tələbələrin sammiti keçirilmişdi. Həmin sammitdə azərbaycanlı tələbələr də iştirak etmişdi. Bu sammitdə böyük bir uğur qazandıq. Rəhbərlik etdiyim komanda İndoneziya dilində debat yarışlarında bütün rəqiblərinə qalib gələrək, 1-ci yerə çıxmışdı və İndoneziyada dövlət təqaüdü ilə təhsil alan 1000-dən çox beynəlxalq tələbəni birləşdirən İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasına vitse-prezident seçildim. İlk dəfə olaraq azərbaycanlı tələbə bu təşkilata rəhbər seçilirdi.

Həmçinin İndoneziya Respublikası Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən İndoneziyada təhsil alan Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri seçilmişəm.

İndoneziyada soydaşlarımızın sayı çox olmasa da, hər il artım müşahidə olunur. Hazırda İndoneziyada azərbaycanlıların sayı 30-40 arasında dəyişir. Bunun da əksəriyyətini tələbələr təşkil edir. Tələbələrimiz əsasən beynəlxalq münasibətlər, kompyuter elmləri, turizm, ingilis dili və İndoneziyanın dili və mədəniyyəti ilə bağlı ixtisaslar üzrə təhsil alırlar. Hər il burda təşkil olunan bir çox beynəlxalq sərgilərə də çoxlu sayda azərbaycanlı iş adamlarımız da təşrif buyurur. Ümumiyyətlə, öz regionlarının ən böyük ölkələri olan Azərbaycan və İndoneziya arasında bütün sahələr üzrə əməkdaşlığı və ikitərəfli əlaqələri daha da inkişaf etdirmək olar.



- İndoneziyada tələbələrin əlavə məşğuliyyətləri nədir?

-
Uzun müddət müşahidələrimdən deyə bilərəm ki, burada tələbələr daha aktiv həyat sürürlər. Sosiallaşma çox yüksək səviyyədədir. Dərsdən əlavə tələbələrin əksəriyyəti hər hansı bir işdə çalışır. Bundan əlavə hər universitetin ingilis dilində danışıq klubları var. Bu klublara istənilən zaman üzv olmaq olur və pulsuzdur. Universitetlərin əksəriyyətinin çox yaxşı təchiz olunmuş fitnes zalları, üçgüçülük hovuzları da mövcuddur, bu da idmanla məşğul olmaq istəyənlər üçün gözəl imkandır. Universitetlərin böyük kitabxanaları mövcuddur və hər gün ora tələbələrlə dolu olur. Universitetin dəstəyi ilə tələbələr tez-tez müxtəlif tədbirlər, açıq dərslər, seminar və konfranslar təşkil edirlər və yerli və xarici tanınmış siyasiləri, dövlət xadimlərini, professorları bu tədbirlərə dəvət edirlər.

- İndoneziyalılar Azərbaycanı necə tanıyırlar?

-
Azərbaycanı son dövrlərə kimi burda çox zəif tanıyıblar. Yalnız siyasi dairələrdə Azərbaycan haqqında tam məlumat var idi. İlk dəfə İndoneziya Respublikasına səfərim 2008-ci ildə olub. 2008-ci ildə Azərbaycandan olduğunu deyəndə gərək Türkiyə, Rusiya və Xəzər dənizi regionunda yerləşdiyini də qeyd etmək zəruri idi, çünki çox insanın əsas da gənc nəslin Azərbaycan haqqında təsəvvürü belə yox idi. Amma 2012-ci ildə İndoneziya Təhsil Nazirliyinin dövlət təqaüdünü yenidən qazandım və hal-hazırda Beynəlxalq münasibətlər və siyasi elmlər üzrə aparıcı universitetlərindən birində magistratura təhsilimi davam etdirirəm. O gündən ölkəmizin burda tanınması cəhətdən çox böyük dəyişikliklər baş verib. Əlbəttə ki, bu ilk növbədə ölkəmizin regionda və dünyada qazandığı uğurlar və ev sahibliyi etdiyi bir sıra beynəlxalq miqyaslı tədbirlərin, forumların və konfransların keçirilməsi ilə əlaqəlidi. Burda təhsil aldığım müddətdə istər İndoneziyada, istərsə də regionun digər ölkələrində keçirilən dövlət və beynəlxalq səviyyəli bütün konfranslarda Azərbaycanı layiqincə təmsil etməyə çalışmışam. 2013-cü ildə İndoneziyanın 32 aparıcı universitetində təhsil alan 150 beynəlxalq tələbə arasında İndoneziya dilində keçirilən debat yarışlarında mənim təmsil etdiyim universitet və rəhbərlik etdiyim komanda qalib gəldi və bütün qitələrdən mindən çox beynəlxalq tələbəni özündə birləşdirən İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti seçildim. Bu hadisə istər İndoneziya mediasında, istərsə də Azərbaycan mediasında geniş işıqlandırıldı, çünki bu təşkilata Azərbaycanlı ilk dəfə rəhbər seçilmişdi. Bununla da, istər İndoneziya cəmiyyəti arasında, istərsə də sosial və siyasi həyatının bütün sahələrində daha da aktiv iştirak etməyə davam etdim. Çox sevindirici haldır ki, artıq İndoneziya xalqı arasında azərbaycanlı olduğunu deyəndə böyük hörmət və fərəhlə qarşılayırlar. İndoneziya xalqı üçün Azərbaycan dost ölkədir.



- Azərbaycanı tanıtmaq üçün hansı işlər görürsünüz?

- Ölkəmizin ən ağrılı hadisəsi olan Dağlıq Qarabağ və Xocalı soyqırımı haqqında həm İndoneziya cəmiyyətini, həm də beynəlxalq tələbələri məlumatlandırmaq üçün tədbirlər keçirirəm və hər il səfirliyin keçirdiyi tədbirlərə də qatılaraq, xarici tələbələri və dostları da dəvət edirəm. Bundan əlavə tez-tez yerli televiziya və radio verlişlərinə də dəvət olunuram və Azərbaycan haqqında məlumatlar verirəm.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində İndoneziya birmənalı olaraq hər zaman Azərbaycanın haqq işini dəstəklədiyini vurğulayıb. Bu ölkədə hər il Xocalı soyqırımının anım gününü qeyd edirik və hətta ölkə parlamentində də müzakirəyə çıxarmağa nail olmuşuq və Xocalı soyqırımı İndoneziyada dövlət səviyyəsində bu ölkənin qanunverici orqanı olan İndoneziya Respublikasının Parlamenti tərəfindən  rəsmən tanınır və bu məsələyə İndoneziya hər zaman bütün beynəxlaq konfranslarda öz qətiyyətli mövqeyini və dəstəyini bildirib. İndoneziyanın bu qətiyyətli mövqeyi, İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatasının sədri cənab Marzuki Alie tərəfindən bir sıra beynəlxalq konfranslarda səslənib və bu məsələdə onun kəskin bəyanatları onunla 2014-cü ilin yanvar ayında   İndoneziyanın ən nüfuzlu beynəlxalq tələbə təşkilatına rəhbərlik etdiyim üçün məni qəbul etdiyi görüşümüz zamanı da bir daha səsləndi.
Digər ən böyük tədbirlərdən biri isə 14 fevral 2014-cü il, cümə günü İndoneziyanın paytaxtı Cakarta şəhərində yerləşən, ölkənin və Cənub-Şərqi Asiyanın ən böyük, dünyanın isə 3-cü ən böyük məscidi olan "İstiqlal" məscidində "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci il dönümünün anım mərasiminə həsr etdiyim mərasim oldu.

Cümə gününü təsadüfən seçməmişdim, çünki dəfələrlə bu məsciddə olmuşdum və bilirdim camaat namazları burada çox böyük izdihamla keçirilir. Məhz buna görə də tədbirdən öncə bir neçə dəfə məscidin rəhbərliyi və imamları ilə görüşərək onlara Xocalı soyqırımı haqqında məlumat verirdim.

"İstiqlal" məscidində cümə və camaat namazları zamanı on minlərlə adam, o cümlədən nazirlik və digər dövlət qurumlarından olan yüksək vəzifəli şəxslər, ölkənin böyük din xadimləri iştirak edirdilər. "İstiqlal" məscidində cümə namazı zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonların işğalı və Xocalı soyqırımı haqqında camaat namazına gəlmiş on minlərlə adama geniş məlumat verdim və onları Azərbaycanın haqq işinə dəstək olmalarına və Xocalı soyqırımının qurbanlarının şərəfinə namaz qılıb dua etmələrinə çağırdım. Tədbir Xocalı soyqırımına həsr edilmiş ən kütləvi tədbirlərdən biri kimi yadda qaldı.

Məscidin rəhbərliyindən aldığım məlumata görə, Camaat namazları zamanı "İstiqlal" məscidində təxminən 120 min insan iştirak edir. Tədbir insanların böyük marağına səbəb oldu. Cümə namazından sonra ölkənin bir sıra din xadimləri və dövlət qurumlarını təmsil edən yüksək vəzifəli şəxslər mənə yaxınlaşaraq Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını pisləyib və Xocalı soyqırımı məsələsində Azərbaycana tam dəstək olduqlarını bildirdilər.

Digər bir tədbir isə, modern.az saytının da ilk işıqlandırdığı İndoneziyada hər il keçirilən “High-Scope” məktəbəqədərki beynəlxalq tədris müəssisəsində keçirilən beynəlxalq tədbirləri çərçivəsində ilk dəfə olaraq bu il "Azərbaycan günü"nün də keçirilməsinə nail olduğumuz tədbir idi. Həmin gündə uşaqlar Azərbaycan dilində danışmağı, saymağı, özlərini təqdim etməyi öyrəniblər.  Bir həftə davam edən beynəlxalq günlərdə Amerika, Çin, Koreya, Yaponiya, Fransa ilə yanaşı, “Azərbaycan günü” də qeyd olunub.
Bundan əlavə, orta məktəblərdə, universitetlərdə tez-tez Azərbaycan haqqında təqdimatlar keçiririk, digər ölkələrin də iştirak etdiyi mədəniyyət festivallarında Azərbaycan stendi öz milli keyfiyyətləri ilə hər zaman fərqlənir, İstər İndoneziya cəmiyyəti, istərsə də xarici tələbələr tərəfindən bayramlarımız və milli geyimlərimiz, xüsusilə Novruz bayramı çox böyük maraqla qarşılanır. Azərbaycan və Türk dilinə çox böyük marağın yarandığı üçün təhsil aldığım universitetdə könüllü Azərbaycan və Türk dilləri kursları keçirik.



- Yaşadığınız ölkənin hansı maraqlı adətləri var və əgər bir insan İndoneziyada yaşayacaqsa nələri, onların hansı xarakterlərini bilməlidir?

- İndoneziya dünyanın ən böyük müsəlman əhalisinə malikdir. Bundan əvvəl isə İndoneziya ərazisində hinduizm və buddizm dini, yerli inanclar uzun müddət hökm sürüb. Dünyanın ən böyük buddizm və hinduizm məbədləri də məhz İndoneziyada yerləşir və tarixi abidələr kimi qorunur. Bütün bunlara görə də, İndoneziya mədəniyyətinin formalaşmasında yuxarıda qeyd etdiyim bütün dinlərin sonda isə İslam dininin böyük rolu olub.

Maraqlı adətlərə bütün işlərin əsasən sağ əllə görülməsini göstərmək olar. Hətta, bir adama nəyisə vermək və ya ötürmək istəyəndə sol əllə vermək məsləhət görülmür. Çünki verdiyiniz əşyanı ya qəbul etməyəcəklər ya da deyəcəklər “yaxşı əl ilə zəhmət olmasa”, yəni sağ əl ilə verin. Digər adət isə insanların arasından keçməmək adətidir. Əgər iki və ya daha çox insan birgə durubsa, onların arasından keçmək böyük hörmətsizlik sayılır.

Ən gözəl adət və mədəniyyət isə Şərq ölkələrinə mənsub olan böyüklərə və valideynlərə həddən artıq hörmət etməkdir. Hər dəfə uşaq yaşından asılı olmayaraq, hətta artıq böyük və ailəlidirsə belə, hər zaman valideynləri ilə görüşəndə və ya bir yerə gedəndə onların əllərindən öpüb, alnını bir neçə saniyə valideynlərinin əli üzərində saxlayır. Valideynlərin xeyir-duası indoneziyalılar üçün çox mühüm əhəmiyyət daşıyır.

Hər bir insan bilməlidir ki, əgər o İndoneziyaya gedirsə, zəngin mədəniyyət və yüksək səviyyədə qonaqpərvərliklə qarşılanacaq və özünüzlə ölkənizə aid suvenir və hədiyyələri aparmağı unutmayın çünki İndoneziyalılar bunu çox sevir və dəyərləndirir.

- Xaricə gedən tələbələr Azərbaycana qayıtmaq istəmir. Bəs siz? Gələcək planlarınız nədir?

-
Cənub-Şərqi Asiya regionunu və əsas da İndoneziyanı hər tərəfli illərlə öyrənmişəm, istər sıravi əhalisi içində, istərsə də siyasi elitasında çoxlu sayda dostlar qazanmışam. Azərbaycanı artıq burda dost və qardaş ölkə kimi qəbul edirlər. Əslində çox istərdim İndoneziyanın dilini, mədəniyyətini, tarixini və siyasi sistemini yaxşı bildiyim üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşı olum və Azərbaycan ilə İndoneziya arasındakı münasibətləri daha da inkişaf etdirim. Zənnimcə, mənim burda qalmağıma daha çox ehtiyac var. Azərbaycanı burda hər zaman layiqincə təmsil etməyə çalışmışam və çox insanlar buna nail olduğumu deyiblər. Bu məsuliyyətli və eyni zamanda şərəfli borcumu davam etdirmək istəyirəm. Artıq İndoneziya Respublikasının Təhsil və Mədəniyyət Nazirliyindən və eləcə də hazırda təhsil aldığım universitetdən beynəlxalq münasibətlər və siyasi elmlər üzrə doktorluq dərəcəsini almaq üçün də təkliflər almışam. Azərbaycana qayıdıb biliklərimi orda tətbiq etməyimi, yaxud da İndoneziyada vətənimi layiqincə təmsil etməyə davam etməmi isə zaman göstərəcək... 

Salam Sejahtera Untuk Seluruh Orang Azerbaijan yang Tercinta! - Burdan bütün Azərbaycana salamlar və sevgilər...









Rüfanə GÜNƏŞ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!