Modern.az

Xanəndə Ehtiram Hüseynov: “Deyirdilər sən kiri, oxuya bilmirsən” - MÜSAHİBƏ

Xanəndə Ehtiram Hüseynov: “Deyirdilər sən kiri, oxuya bilmirsən” - MÜSAHİBƏ

27 Noyabr 2014, 14:06

Modern.az saytı oxu tərzi və səhnə mədəniyyəti ilə seçilən istedadlı xanəndə Ehtiram Hüseynovla müsahibəni təqdim edir.

– Mən sizə Ehtiram müəllim də deyərəm, Ehtiram bəy də. Bu müraciətlərin hər birinə layiqsiz və nəsil şəcərəniz də Bülövlük bəylərinə gedib çıxır. Amma yaş fərqimizi nəzərə alıb, sizə ərkyana “müəllim”siz və “bəy”siz müraciət edəcəm ki, söhbətimiz daha səmimi alınsın.

– Həm yaş fərqinə görə, həm bir laçınlı kimi necə rahatdırsa, o cür də müraciət edin.

– Sizin əslində tanıtıma ehtiyacınız yoxdur. Böyük tamaşaçı sevgisi qazanmısız. Biz isə ənənəvi sualımızı ixtisasından, vəzifəsindən asılı olmayaraq bütün müsahiblərimizə veririk. Çünki müsahiblərimizin tərcümeyi-halı oxucular üçün həmişə maraqlıdır. Bu baxımdan qısa bioqrafiyanızı oxucularımızla bölüşmənizi istərdik.

– 1980-ci il oktyabrın 18-də Laçın rayonunun Hacısamlı kəndində anadan olmuşam. Əslimiz Daşlı kəndindəndir. Babamın işiylə əlaqədar Hacısamlıya köçmüşük. 1986-cı ildə həmin kənddə I sinfə getmişəm. 1992-ci ildə məlum səbəblərdən Bakıda məskunlaşaraq orta təhsilimi Binəqədi rayonundakı 284 saylı orta məktəbdə davam etdirmişəm. O vaxtlar televiziyada “Sübh şəfəqləri”, “7-17” uşaq müsabiqələri gedirdi. Babam məni “Sülh şəfəqləri” müsabiqəsinə apardı. 12 yaşım vardı. Rəhmətlik Əfsər Cavanşirov “Bənövşə” uşaq xorunun həm yaradıcısı, həm də rejissoru idi. Hansı musiqi məktəbindən gəldiyimi, müəllimimin kim olduğunu soruşdu. Rəhmətlik babam dedi ki, Allahın verdiyi səsdir, öz havasına oxuyur. Müəllim yanına getmir. Məktəb tədbirlərində də oxutdururlar. Əfsər müəllim məni “Bənövşə” uşaq xoruna götürdü və bildirdi ki, müsabiqə üçün hələ hazır deyil, hazırlaşmalıdır. Beləliklə, ilk addımlarımı orada atmağa başladım. Uşaq mahnılarından ibarət kompazisiyaların lent yazıları Azərbaycan televiziyasının fondunda indi də durur. Uşaq mahnılarının arasında kiçik muğam yerləri olanda rəhmətlik Əfsər müəllim deyərdi ki, Ehtiram oxusun. Sonra Xan Şuşinski adına muğam məktəbini, Asəf Zeynallı adına Musiqi Texnikumunu, – indi kollec adlanır, – bitirdim. Xalq artisti Canəli Əkbərovdan 4 il dərs aldım. Daha sonra müsabiqələr, musiqi yarışmaları... Hal-hazırda Milli Konservatoriyanın magistr pilləsində axırıncı kurs tələbəsiyəm. Müəllimim xalq artisti Arif Babayevdir.

– İlk dəfə nə vaxt hiss etdiniz ki, səsiniz var? İlk dinləyiciniz kim olub?

– Bizim bir musiqi müəlliməmiz vardı. Ağdamdan gəlin gəlmişdi, amma əslən o da Laçından idi. Həmişə sinifdə oxutdururdu məni. Təəssüf ki, kənddə o müəllimədən başqa heç kim məni oxuyan kimi tanımadı. Məktəbdə tədbir, toy-düyün olanda uşaqları oxutdururdular. Ürəyim partlayırdı ki, kaş mənə də nəsə oxutdursunlar. Kənddə, rayonda bir tədbir olanda desinlər ki, bu uşaq da gəlsin. Bəlkə də bir uşaqlıq arzusuydu, ürəyimdə qaldı. Bilirsiz də, bizim nəsildə oxuyan çoxdur. Əsas ana tərəfimdədir səs. O zaman yazdırılan kasetlərin hamısı qaldı Laçında.

Dayımın toyunda uşaqların hamısı oxuyurdu. Mən də oxumaq istəyirdim. Deyirdilər sən kiri, oxuya bilmirsən. Anamın əmisi nəvəsi, Nadir müəllimin oğlu Ramiz çox yaxşı oxuyurdu. Xaricə də gedib-gəldi. Tay-tuş idik, gözəl səsi vardı. Səhlənkarlıq elədi, sənətin dalınca düşmədi. Bu iş də elədir ki, bir dəfə buraxsan sonra yerini doldura bilmirsən. Gərək ayrılmayasan. Nəsildə bəlkə də ən zəif səsi olan mən olmuşam. Güclü istəyim, həvəsim olduğuna görə davam etmişəm. Həmid babamın səsi olub, elə indi də var. 70-dən artıq yaşı olmasına baxmayaraq oxuyanda elə bilirsən ki, hazır xanəndədir. Hacı dayımın, Ətraf dayımın da səsi var. Bizim ailə məclislərimizdə musiqiçi dostlarım deyirlər ki, sizdə hamı oxuyur ki. Dayım uşaqları muğam məktəbinə gedirlər. İngilislər Azərbaycanda muğamın inkişafı, uşaqlara kiçik yaşlarından muğamın öyrədilməsi barədə sənədli film çəkmişdilər. Hacı dayımın, Ətraf dayımın uşaqları da həmin filmə çəkiliblər. Səs var ki, üzərində işləmək lazımdır, oxumağa yönəldilməlidir. Amma bizim nəsildə olan səsin 99 faizi hazır səsdir.

“Xəzər” televiziyasının “Ay Zaur” verilişi bizdə çəkiliş aparanda babam 2-3 dəqiqəlik bir muğam parçası oxudu. Allah böyük sənətkarımız Habil Əliyevə cansağlığı versin, evdə qonaq idi. Dedi ki, bu kişi əməlli-başlı xanəndə imiş, nətər olub indiyə kimi tanımamışam? Elə bilmişdi ki, neçə ilin oxuyanıdır. Halbuki toya getməyib, konsertə getməyib, özü üçün oxuyub. Bayaq dediyim kimi, səs hazır səsdir. Səs var ki, üzərində çox işləməlisən, özünü “öldürməlisən”.

– Nəslinizdən səsi olan daha kimlərin adını çəkərdiniz?

– Məndən başqa təkcə Murad dayıdır bu sənəti davam etdirən. Amma Allahın köməyi ilə davamçılar yetişir.

– Belə çıxır ki, uşaqlıqdan meyliniz yalnız xanəndəliyə olub. Yəni seçim qarşısında qalmamısız.

– Biz gözümüzü açıb elə görmüşdük. Rəhmətlik Yaqub Məmmədov oxuyanda hamımız yığışıb qulaq asardıq. Radioda, televiziyada muğama müəyyən saatlarda vaxt ayrılırdı. Tanınmış muğam ifaçılarına həsədlə baxardıq, onlarla rastlaşanda, görüşəndə sevincimiz yerə-göyə sığmazdı. Yeri gəlmişkən, bir epizodu xatırladım. Şəlvədə rəhmətlik Salman Salahovun oğlunun toyuna məni də aparmışdılar. 80-ci illərin axırıydı. Yadımdadır ki, payız ayıydı, havanın soyuq vaxtıydı, yağış yağırdı. Stolun qabağında peç qoymuşdular. Musiqiçilər də stolun o üzündən səhnədə əyləşmişdilər. Mən də balaca uşaq. Girib stolun altında oturmuşam. Necə olubsa, peçin istisində yuxuya getmişəm. Gecə saat 10-11-də Arif müəllim deyib ki, bu uşağı götürün, yatıb qalıb burda. Allahın qismətinə bax ki, sonralar Arif müəllimin tələbəsi oldum. Taleyin işidir. O qədər belə epizodlar olur ki. Arif müəllimin yadına düşmədi, amma o toy yadındadır. Onu da deyim ki, həmin toyda Arif Babayevi tarda Ağasəlim Abdullayev, kamançada Mirnazim Əsədullayev müşayiət edib.

– Laçından çıxanda 12 yaşınız olub. Uşaqlıq yaddaşı möhkəm olur. Laçını necə xatırlayırsız?

– Laçını yaxşı xatırlayıram, yadımda çox şey qalıb. Rəhmətlik Heydər babam məni çox istəyirdi, özüylə hər yerə aparırdı. Təbiətlə bağlı adam idi. Dəfələrlə Minkənddə, İstisuda olmuşam. Ən çox yadımda qalan kəndimizin ortasından axan çaydı. Nə vaxtsa qismət olsa, Laçına qayıtsaq Şəlvə dərəsindən Oğuldərəyə, Qovuşuğa, Nərdivanacan təkbaşına gedib çıxa bilərəm. O yerlər kəndbəkənd yadımdadır. Uşaq vaxtı maraqlı əhvalatlar çox olub. Ən yadda qalanı 3 il dalbadal hər yay qolumu sındırmağımdır. Qolum gipsdə olub, ora-bura getməyə qoymayıblar.

Orta məktəbdə necə oxumusuz?

– Bilirsiz də, bizim nəsildə əksəriyyət savadlıdır. Atam, əmim, qohumların çoxu. 9-cu sinfə qədər orta səviyyədə oxumuşam. Nə əlaçı olmuşam, nə də zəif oxuyan. 9-cu sinifdən sonra artıq məktəbdə hamı məni tanıyırdı. Direktorun ən çox istədiyi şagird idim. Çünki məktəbin, rayonun bütün tədbirlərində fəal iştirak edirdim. Heç kim məni hansısa fənni oxumadığıma, dərsə gəlmədiyimə görə danlamırdı. Belə deyək də, nə evdə, nə məktəbdə mənə “dəymədilər”.

– Məşhur olmağın hansı müsbət və ya mənfi cəhətləri var?

– Məşhur olmağın müsbət cəhəti çoxdur. Eyni zamanda məsuliyyəti böyükdür. Mən əvvəldən sərbəst olmamışam, həmişə özümə nəzarət etmişəm. Filan yerə gedəndə özünü necə aparmalısan, az danışmalısan, bu hərəkəti eləməməlisən, sakit durmalısan və sair. Yəni özümə qadağalar qoymuşam. Mənfi cəhəti, – əslində mənfi cəhət də deməzdim, – odur ki, bəzən məşhurluqdan yorulursan. Belə hallarda dostlarımızla, – onlar da kifayət qədər tanınan televiziya aparıcıları, xanəndələr, estrada ifaçılarıdır, – qərara gəlirik ki, heç kəsin olmadığı bir məkana üz tutaq. Sərbəstləşək, ucadan qışqıraq, deyib-gülək. Bu da həmişə olmur axı. İldə uzağı 2-3 dəfə belə imkan yaranır.

Hamıya məlumdur ki, estrada ifaçılarını daha böyük kütlə tanıyır. Ancaq ciddi musiqi ilə, muğam janrı ilə məşğul olanlara estrada ifaçılarına nisbətən hörmət daha çoxdur. Məclislərə, konsertlərə, tədbirlərə, xarici ölkələrə gedəndə dəfələrlə bunun şahidi olmuşam. Görünür, bu hörmət muğamın böyüklüyündən, xalqın sonsuz sevgisindən irəli gəlir. Muğamın mahiyyəti elədir ki, saqqal saxlaya, sırğa taxa bilmərsən, özünü ağır aparmalısan. İstər 15 yaşında ol, istərsə 60 yaşında. Yüngül xasiyyətli insan da olsan, məcbursan ki, özünü düzəldəsən.

– Qastrol səfərlərindən təəssüratlarınızı bölüşərdiniz. Ən çox yadınızda qalan ölkə hansı olub? Haranısa Azərbaycana, Laçına oxşatmısızmı?

– Qastrol səfərlərində çox olmuşam. 2007-ci ildə ikinci muğam müsabiqəsinə qatıldım. Ondan qabaq da muğam teatrında çalışmışam. Birinci müsabiqə 2005-ci ildə keçirilmişdi. 2011-ci ildi Beynəlxalq Muğam Müsabiqəsinin qalibi oldum. Bundan sonra xarici səfərlərimin sayı xeyli artdı. Son dövrlərdə səfərlərimiz haqqında hamının xəbər tutması sosial şəbəkələrlə bağlıdır. Bir ildir ki, mən də sosial şəbəkələrdə varam. Facebook səhifəmə şəkillər yerləşdirirəm, hamı bilir ki, hara gedib-gəlmişəm. Getdiyim ölkələrdə məndən ötrü ən doğma yer Təbrizdir. Burada özümü çox rahat hiss edirəm. Elə bilirəm Qarabağdayam. Yəqin ki, bu doğmalıq təkcə havasına, təbiətinə görə deyil. Ona qalsa İsveçrənin təbiəti daha gözəldir. O gün bir yerdə dedim ki, orada moruq, çiyələk çox dadlıdır, lap Laçındakı kimidir. Laçınlılar dedilər ki, Laçındakı moruğun, çiyələyin dadını verə bilməz. Söz yox ki, Vətən torpağında bitən meyvənin də, giləmeyvənin də dadı əvəzedilməzdir. Fransaya festivala getmişdik. İsveçrə ilə Fransanın arası çox gözəl dağlıq ərazidir. Meşənin içi, çox mənzərəli bir yer. Gündə 3 dəfə yağış yağır, 10-15 dəqiqədən sonra hava açır. Cenevrədən təyyarə ilə getmişdik ora. Qayıdanda səfər yoldaşlarımızdan biri özünü pis hiss elədi. Maşını saxlayası olduq. Düşdüm ki, hər tərəf moruqdu. O qədər ləzzət elədi ki. İsmayıllıda, Şamaxıda, dağlıq yerlərdə elə təbiət görməmişəm. Ancaq bir az Hacıkəndin təbiətinə oxşayır.

Eyni dildə danışdığımız Türkiyə bizə xüsusilə doğmadır. Rizə tərəfi əsasən yaylaqlardan ibarətdir, olduqca gözəldir. İyulun axırı, avqustun əvvəli ot biçini olur. Yadımdadır ki, Laçında da ot biçini o vaxt başlayırdı. Nədənsə oranı bizim Nərdivana bənzədirəm.

– Uşaqlıq dostlarınızla əlaqə saxlaya bilirsinizmi? Bəzən onlara vaxt ayıra bilmədiyiniz üçün sizdən incimirlər ki?

– Kəndimiz balaca kənd idi. 3 nəfər tay-tuş idik. Biri qohum olduğundan tez-tez görüşürük. Biri ilə də arabir zəngləşirik, mütəmadi görüşmürük. Amma sonrakı uşaqlıq dostlarımla müntəzəm əlaqə saxlayıram. Onların da sayı çox deyil, 2-3 nəfərdir. Sağ olsunlar, məni başa düşürlər və vaxt qıtlığını nəzərə alırlar.

Yeri gəlmişkən, siz fəal Facebook iştirakçısısınız. Sosial şəbəkədən istifadə fəaliyyətinizdə və şəxsi həyatınızda problem yaratmır ki?

– Yox, problem yaratmır. Əvvəlcə Facebook-a telefonla da baxırdım. Sonra gördüm ki, çatdıra bilmirəm. İndi telefonda Facebook-u açmıram. Gecə saat 2-3-dən sonra təxminən yarım saat, bir saat vaxt ayırıram. Kiminsə mesajına gec cavab yazıram, ya da cavab yazmağa vaxtım olmur. Gərək facebook dostlarım buna anlayışla yanaşıb məndən inciməsinlər.

– Sənət adamları tez-tez onlara sevgi mesajlarının gəldiyini deyirlər. Sizə necə, yoxsa pərəstişkarlarınız ciddi xasiyyətinizi nəzərə alırlar?

– Dostlarla oturanda Facebook-dan da söhbət düşür. Sənət adamları, qeyri sənət adamları deyirlər ki, mənə elə mesaj gəldi, belə mesaj gəldi. İnanın səmimiyyətimə, bunu tanıdığınız laçınlılardan da, hər gün oturub-durduğumuz dostlardan da soruşa bilərsiniz. Onlara deyirəm ki, nətər olur e, sizə gələn mesajlardan mənə bircə dəfə də gəlməyib.

Facebook-un üstünlüklərindən də danışım. Dostluğumda olanların 70 faizdən çoxu şəxsən tanımadığım laçınlılardır. Razıyam ki, laçınlılarla çox təmasda oldum. Ona qədər məni qınayırdılar ki, laçınlılarla yaxınlıq eləmirsən, qaçırsan, başqa adamlarla oturub-durursan. Təsadüfən rastlaşdığın bir adamla o saat qaynayıb-qarışmaq da alınmır axı. Münasibət qurmağa vaxt lazımdır. Laçınlı uşaqlar var ki, tez-tez telefonla danışırıq, görüşürük. “Axşamüstü Qarabağdan” adlandırdığımız solo konsertimə hazırlıq mərhələsində də mənə çox yaxından kömək edirlər. Hiss edirəm ki, Siyavuş Əmirli, Aqil Səfərəliyev, İbrahim Mirzəyev, Xatirə Laçın və adlarını çəkmədiyim dostların hər biri əmisi oğlu kimi, dayısı oğlu kimi, doğması kimi can yandırır. Qısa müddət içində bu boyda səmimiyyət bəlkə də çətindir.

“Laçın və laçınlılar” qrupunun təşəbbüsü ilə keçirilən tədbirlərdə, görüşlərdə imkanım daxilində iştirak edirəm. Sosial şəbəkədə xüsusi fəallığı ilə seçilən bu qrupun laçınlıları bir-birinə yaxından tanıtmaqda rolu əvəzsizdir.



– Facebook səhifəmizdə sizdən müsahibə alacağımız barədə məlumat vermişdik və dostlardan xahiş etmişdik ki, onları maraqlandıran sualları Ehtirama ünvanlasınlar. Məqam yetişdi ki, həmin suallara da cavab alaq.

– Mən də elə bilirdim müsahibə artıq yekunlaşır. Suallar təzə başlayırmış ki...

Üzeyir Cəfərov: – Sənətdə hədəfiniz nədir? İnşallah Laçın azad edildikdən sonra orda ilk oxuyacagınız nə olardı?

– Allah qismət eləsin Laçına qayıdaq. İlk dəfə döyüşə-döyüşə getmək istərdim ora. Həmin vaxt bəlkə elə bir ruh gəldi ki, şeir yazdım, musiqi bəstələdim. Nə oxuyacağımı dəqiq bilməsəm də, dağlarla bağlı segah üstə içimdən gələn bir muğam parçası oxuyardım.

Hər sənətə aiddir. Əslində sənətin zirvəsi yoxdur. Çünki hər zirvədən sonra yeni bir zirvə başlayır. Rəmzi mənada isə xanəndəlik sənətində böyük zirvələr var – Arif Babayev, Alim Qasımov zirvəsi. O zirvələr əlçatmazdır. Əsas hədəfim odur ki, həmişə seçilim. Uşaqlığımdan qarşıma məqsəd qoymuşam ki, başqa xanəndələrdən yaxşı mənada nəyləsə fərqlənim.

Elnur Baxış: – Layiq olduğunuza nail ola bilmisinizmi?

– Bu suala qismən cavam verdim. İnsan nə qədər uğur qazansa da, həmişə ondan yaxşısına nail olmaq istəyir. Bu mənada hələ layiq olduğuma nail ola bilməmişəm. Daha doğrusu, səs imkanlarımdan yetərincə yararlanmamışam.

Hacı Məhəmməd: – Oxu tərzinizi Əbülfət Əliyevə oxşadanlar çoxdur. Bunun nədən qaynaqlanması haqda sizin fikrinizi bilmək maraqlıdır.

– Əbülfət Əliyevə çox qulaq asmışam. Mənim nənəm seyid nəslindəndir, çox ağır seyiddir. Uşaq vaxtı məni Əbülfət Əliyevə oxşadırdı. Anadan olandan məni oxşamalarla əzizləyib. Qohumlar həmişə deyir ki, nənən o qədər dedi-dedi, axırda hamı səni tanıdı. O arvadın nəfəsi sənə yar oldu, “Hamı sənə etsin Ehtiram!” arzusu çin çıxdı. Nənəmin də səsi var. Bizə gələn səs Bülövlük bəylərinin səsidir və milyon səsin içindən seçilir. İstəmişəm ki, seçilim. Allah da fərqli səs verib.

Şölə Məmmədli: – Bir erməni ilə üz-üzə gəlsən nə edərdin?

– Ermənilərlə Avropada, Rusiyada çox üz-üzə gəlmişəm. Tanınmış dirijorumuz Azad müəllimə Allah rəhmət eləsin. Riqa Dövlət Filarmoniyasının orkestrinə dirijorluq edirdi. Yarım saat orkestr çıxış edirdi, yarım saat muğam üçlüyü – tarda Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev və mən. Səhnə arxasında duranda bir nəfər kamançaya baxıb o birinə rusca dedi ki, bu erməni musiqi alətidir. Biz qəti şəkildə və haqlı olaraq kamançanın Azərbaycana məxsus musiqi aləti olduğunu bildirdik. Dava da düşə bilərdi.

İnternetdən də izləmək mümkündür ki, Yerevanın mərkəzində bir akardion çalan Bəhrəm Nəsibovun mahnılarını ifa edir. Bir kafedə Röyanın mahnılarını oxudurlar. Üzdəniraq qonşularımız bu gün də bizim musiqilərimizə müraciət edirlər, çünki özlərinin milli musiqisi yoxdur. Musiqiçi olduğum üçün bu məsələyə toxundum və bəlkə də sualdan yayındım. Təbii ki, döyüş meydanında erməni ilə üz-üzə gəlsəydim musiqiçi kimi davranmazdım.

Şəms Süleymanlı: – Mənim fikrimcə, muğam insana yeni ruh verir. Hətta əsəbləri gərgin insanları muğamla sakitləşdirmək mümkündür. Bəs sənətkar necə düşünür? Muğamın müalicəvi əhəmiyyəti varmı?

– Həkimlər də təsdiqləyirlər ki, musiqinin müalicəvi əhəmiyyəti var. Muğama qulaq asanda çox fikrə gedirəm. Böyük xanəndələrə qulaq asanda fikirləşirəm ki, bu boyda sənətkarlar varkən, biz necə gəlib düşdük bura, axırımız nətər olacaq? Bəzi musiqiyə qulaq asanda isə deyirəm ki, məndən yoxdur. Hərdən məndən soruşurlar ki, filan mahnıya niyə qulaq asırsan? Cavab verirəm ki, Yaqub Məmmədovun lent yazısına qulaq asandan sonra oxumağımdan zəhləm gedir. Filankəsi dinləyəndə isə kef eləyirəm ki, bundan yaxşı oxuyuram. Əsəblərimi sakitləşdirirəm.

Musa Məmmədov: – Hansı muğamı və ya mahnını oxuyanda təskinlik tapırsız? Əsasən də Vətənlə bağlı?

– Konkret hansı muğamı və mahnını oxuyanda təskinlik tapdığımı deyə bilmərəm. Zamandan və məkandan asılıdır.

Xatirə Laçın: – Gerçək istedad möcüzə kimi bir şeydir, Allah vergisidir və bu vergi daşıyıcıları seçilmiş bəndələrdir. Yəni şairlər, yazarlar, sehrli səs sahibləri və s. seçilmiş insanlardır, məncə. Bu cür insanlar onlara bəxş edilmiş dəyərin qiymətini bilməlidirlər və hətta buna borcludurlar. Çünki bu cür istedadlardan bütöv bir el, bütöv bir xalq bəhrələnir. Bu baxımdan Ehtiram bizim hamımızın səsimizdir. Ehtiram Huseynova sual edərdim ki, onun vasitəsilə Azərbaycan xalqına, bizlərə bəxş edilmiş bu dəyəri qorumağa çalışırmı?

– Müğənnilər, xüsusilə xanəndələr üçün çox məhdudiyyətlər var. Başqa xanəndə dostlarımla müqayisədə səsimi çox qorumuram, səsimin üstündə əsmirəm. Hava şəraitinə uyğun kiminsə başına papaq qoymasına, qulağına nəsə tutmasına, ağzını şərflə bağlamasına pis baxmıram. Deyim ki, özünü hər hava şəraitinə öyrəşdirmək də vacibdir. Elə olur ki, eyni havada, eyni maşında 3-4 xanəndə ilə səfərə çıxırıq. Biri xəstələnir, biri xəstələnmir. Hər halda çalışıram ki, səsimi qoruyum. Allahın verdiyi səsə biganə qalmaq günahdır.

Fuad Narimanlı: – Ehtiram bəy, özünüzü imtahandakı kimi hiss etmədiniz?

– Tələbə, şagird imtahana hazırlıqsız gedəndə, bir şey bilməyəndə narahat olur. Amma bilirəm ki, sizin suallar sənətlə bağlıdır. Cavab verməyə çətinlik çəkmirəm, şəxsi fikirlərimi öz tərzimdə çatdırıram.

Əgər solo konsert nəzərdə tutulubsa doğrudan da çox həyəcanlıyam. İlk növbədə nə gözləsəm özümdən gözləyirəm. Bir də konsertə böyük sənətkarımız Malik Mansurovun rəhbərlik etməsinə arxayınam. Azərbaycan musiqisində onun gördüyü işlər kifayət qədərdir. Adam var ki, bir çöpü götürüb qoyanda da hay-həşir salır. Adam da var ki, elədiklərini heç vaxt demir. Malik Mansurov məhz belə sənətkarlardandır.

Malik müəllim bu konserti elə qurub ki, oxumasam belə, təkcə musiqiyə görə qiyməti “5”-dir. Oxuya bilsəm də normal nəsə alınacaq. Narahatçılığım özümdəndir ki, səhnə həyəcanım ötüb keçmir. 1993-cü ildən səhnədəyəm. Saysız-hesabsız çıxışlarım olub. Muğam Mərkəzi açılandan ayda 2-3 dəfə onun səhnəsinə çıxıram. Amma hər dəfə dizlərim əsir. Solo konsertin məsuliyyətini yaxşı anlayıram. 400-ə yaxın insan mənə qulaq asmağa gəlir. Borcumdur ki, onları razı yola salım.

Əjdər Hümbət: – Hansı sualın sizə verilməsini istərdiniz və o suala cavabınız necə olardı ?

– İndi hara gedirəmsə konsertlə bağlı sual verilməsini istəyirəm. Məni bir efirə çağırmışdılar. Gördüm ki, aparıcı solo konsertim haqqında məlumatsızdır. Tez yadına saldım ki, konsertlə bağlı sual versin. Hələlik afişa da vurulmayıb, reklam yalnız sosial şəbəkələrdə aparılır. Tələbat olsa inşallah gələn ilin mayında daha böyük tamaşaçı auditoriyası üçün solo konsert verəcəm.

Qəzənfər Hüseyn: – “Şou-biznes” deyilən bataqlıqdan uzaq durmağı necə bacardın? Bu qədər abır-həyalı olmağın sənətindəki irəliləyişə və səsindən qazandığın dolanışacağına mane olmur ki?

– Şou-biznesdən aralı durmağım janrla bağlıdır. Yox, gözə girməməyim sənətdə irəliləyişimə və dolanışacağıma mane olmur. Əksinə, gözə girə-girə gözdən düşənləri də çox görmüşük. Şəxsən özüm də alış-veriş zamanı mənə lazım olan nəyisə malını tərifləyəndən yox, sakitcə kənarda durub müştəri gözləyəndən alıram. Bizim sənətdə də buna bənzər hallarla rastlaşırıq. Adamlar bəzən tez-tez görünmək, məclis “tutmaq” üçün əldən-ayaqdan gedənlərdən bezirlər. Abrına qısılıb qıraqda dururanları daha çox önə çıxarırlar. Bir də gərək bəndə unurmasın ki, ruzini verən Allahdır.

Nurema Qəlbinur: – Allah bağışlayandır, o necə, taleyin hər zərbəsinə dözüb bağışlamağı bacara bilərmi?

– Mən kimdənsə inciyə bilərəm. Küsdüyüm insanla ya tez, ya gec barışaram. Bağışlamaq isə təkcə Allaha məxsusdur.

İradə Polad: – Laçın deyərkən, öncə nə gəlir fikrinizə? Ehtiram göründüyü kimdirmi?

– Laçın deyəndə fikrimə nədənsə həmişə toy gəlir. Laçında toylar 3 gün 3 gecə olurdu və çox maraqlı keçirdi. Yadımdadır ki, bəyi toy mağarına gətirəndə kəllə yandırırdılar. Toylarda at çapmaq da dəb idi.

 İkinci sualın cavabını isə düşünürəm ki, məndən yox, məni tanıyanlardan soruşmaq lazımdır.

Xan Ziyad: – Bilmək istərdim ki, Ehtiram bəy uduzmağı qəbul edirmi? Bir də stolüstü oyunlardan ən çox hansını oynamağı sevir?

– Uduzmağı qəbul edirəm, amma barışmıram. İlk növbədə uduzmağın səbəbini bilmək lazımdır. 2005-ci ildə keçirilən müsabiqədə 20-liyə düşmədim. Ondan əvvəlki müsabiqələrə də düşə bilməmişdim. Doğru deyiblər ki, yanlış da bir naxışdır, hər şərdə bir xeyir var. Allahın böyüklüyünə min şükür. 2007-ci ildə müsabiqəyə qatıldım və ikinci yerə layiq görüldüm. Həm də müsabiqə “SMS”siz oldu.

2009-cu il müsabiqəsində iştirakdan imtina etməyim səs-küylə qarşılandı. Məni qınayanlar və müsabiqədə iştirak etməməyimi istədikləri kimi yozanlar da tapıldı. Axırda söz-söhbətə son qoymaq üçün müsabiqəyə hazır olmadığımı dedim.

2011-ci ildə isə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi oldum. Bu müsabiqəyə 28 ölkədən muğam ifaçıları qatılmışdı. Münsiflər heyətinə 7-8 ölkənin nümayəndəsi daxil edilmişdi. Onların arasında Fransa, İngiltərə, İran, Türkiyə Qazaxstan və digər ölkələrin təmsilçiləri də vardı. Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi və xalq artistləri Arif Babayev, Ramiz Zöhrabov da müsabiqənin münsiflər heyətinin üzvü idilər.

Müsabiqə bitəndən sonra böyük həyəcanla nəticənin elan olunmasını gözləyirdim. Yadımdadır ki, Təyyar Bayramov, Qəzənfər Abbasov, tarçalan Valeh müəllimlə bir yerdə oturmuşduq. Birdən mənə zəng gəldi. Cavab vermək üçün ayağa durub kənara çəkildim. Necə olubsa, münsiflər tərəfə yaxınlaşmışam. Həmin anda Arif müəllim dedi ki, birinci yeri sənə verdilər, amma heç kəsə bildirmə. Özümü itirmiş halda geriyə qayıtdım. Təyyar əhvalımın dəyişdiyini görüb soruşdu ki, nolub? – “Özünü itirmə”.

Ömrümdə o qədər sevinməmişdim. Aradan 3 ildən artıq vaxt keçib. Hələ də o zaman yaşadığım sevinc hissini sözlə ifadə etməkdə çətinlik çəkirəm. 3-4 ay özümə sual verdim ki, bu nətər oldu?

 Siyavuş Kərimi televiziyada da dedi ki, Ehtiramdan bunu gözləmirdim. Allahımdan çox razıyam ki, ürəkdən nə istəmişəmsə verib. 7-8 ay əvvəl televiziyada Braziliya haqqında maraqlı bir veriliş gedirdi. Ürəyimdən bu ölkəyə səyahət arzusu keçdi. Aradan 15-20 gün ötməmiş Braziliyaya dəvət aldım. Üstəlik həmin dəvətə Argentinaya səyahət də daxil edilmişdi. İnşallah, Misirə, Qüdsə də səyahət etmək arzusundayam.

Stolüstü oyunlardan nərdi sevirəm. Oyunda uduzmağı xoşlamıram. Etiraf edim ki, nərddə Ziyada uduzanda cığallığım da olur.

Aqil Azəri Səfərəliyev: – Siqareti tərgitmək çoxmu çətindir?

– Bəlkə o sualı Aqil qarışıq ordan çıxardaq? Dostumuzdur, inciməz.

Əlibala Ağayev: – Bəzən evdən kənarda özünü ağır aparan insanlar evdə çox çılğın olurlar. Bəs Ehtiram bəy necədir?

– Evdə nətərəmsə, kənarda da eləyəm. Əslində bu sualın da cavabı evdəkilərdən soruşulmalıdır.

Zahir Abbas: – Ehtiramın da tamaşaçı olduğunu nəzərə alıb özündən və sevənlərindən istərdim cavab alım. Biz Ehtiramı tək Laçınla bağlayanda və yaxud ona bir elin-obanın sənətkarı deyəndə sənətinə bir balaca da olsa xələl gətirmirikmi?

– Yaxşı sualdı. Çox adam məni bakılı bilirdi, şirvanlı bilənlər də vardı. 4 il əvvəl Bakı haqqında bir filmə də çəkilmişdim. Artıq laçınlı olduğumu hamı bilir. Razıyam ki, sənətkar üçün sərhəd yoxdur və onu hansısa bölgə ilə məhdudlaşdırmaq düzgün deyil. Amma hər kəsin dünyaya gəldiyi bir məkan var ki, bunu da danmaq olmaz. Bu mənada laçınlı, bütövlükdə isə azərbaycanlı olmağımla qürür duyuram.

Bir haşiyəyə çıxım. Hamıya məlumdur ki, Nardaranda muğama sevgi çox güclüdür. İllər öncə Nardarana toya dəvər etmişdilər. Həmin ərəfədə Qazaxıstana qastrola gedəsi oldum. Toya 15 gün qalmış ev yiyəsinə dedim ki, kimi istəyirsən gətirim, lap musiqiçilərin xərcini də ödəyim. Etirazını bildirdi ki, heç kim lazım deyil, özüm oxuyacam. İnciməyə haqqı da vardı, çünki 7-8 ay əvvəl o toyda iştirak edəcəyimə söz vermişdim. Bundan sonra elə marşrut seçdim ki, həm qastrola getdim, həm də özümü toya çatdırdım. Allah Hacı Kərimə, bizim gözəl qəzəlxanımız, şairimiz, ağsaqqalımız Hacı Ələmdar Mahirə rəhmət eləsin! Hər ikisi xətrimi çox istəyirdi. Hacı Kərim demişdi ki, bu kənddə bütün toyları sən aparacaqsan. Bir müddət getdim. Sonra bir nəfər xətrimə dəymişdi. İndi də gedirəm. Hər dəfə deyirlər ki, o adamı göstər, sənin işin yoxdur. Getdiyim toyların heç birində həmin adama rast gəlmirəm. Altı ildir bu kənddə toy aparıram, hələ kimsə deməyib ki, nəyisə oxu. Məsələn, sərpayı yaxınlaşır ki, qonağımız “Zabul” istəyir, amma ürəyin istəyirsə başqa şey oxu. Tək mənə yox, muğama hörmət edirlər. Yaqub Məmmədova bu kənddə böyük hörmət olub. Hətta səsinin batdığı illərdə də onu toya gətiriblər. Hacıbaba Hüseynov, Ağaxan Abdullayev və Alim Qasımovun oxuduğu toylarda Yaqub Məmmədov üçün də pul ayırıblar. Nardarana toya gedəndə heç vaxt qiymət demirəm. Söz vermişəmsə gedirəm.

Qabil Zimistanoğlu: – Məhəbbət Kazımoun “Laçınım” mahnısını dinləyəndə hansı hisslər keçirirsiz?

– Allah Məhəbbət Kazımova rəhmət eləsin! Laçın adı çəkiləndə istər-istəməz Məhəbbət Kazımov yada düşür. Nə qədər ki, millət var, sənət var Məhəbbət yaşayacaq. Həmişə heyifslənmişəm ki, Məhəbbət müəllim muğamla müntəzəm məşğul olmayıb. Azərbaycan Televiziyasının fondunda onun ifasında “Mirzəhüseyn” dəstgahı var. Səs imkanları həddindən artıq böyük idi. Daha çox mahnı janrında ifaları qalıb. Oxuduğu muğamları lentə yazdırmayıb.

“Laçınım” mahnısı laçınlıların himnidir. Bu mahnını dinləyəndə mən də bütün laçınlıların keçirdiyi hissi keçirirəm.

– Heydər Əliyev Fondunun muğamın inkişafında rolunu necə qiymətləndirirsiz?

– Heydər Əliyev Fondu mədəniyyətimizin, o cümlədən muğamımızin ən böyük himayədarıdır. Mən bunu müsahibələrimdə, sənətlə bağlı söz düşəndə deməyi özümə borc bilirəm və deməliyəm. Bu diqqəti, qayğını qiymətləndirmək bütün muğam ifaçılarının borcudur. Allah Sabir Mirzəyevə rəhmət eləsin! Səhv etmirəmsə “Muğam” jurnalına müsahibəsində demişdi ki, muğamı reanimasiyadan xilas elədilər. Doğrudan da muğama maraq həddindən artıq azalmışdı. Yaşlı nəsil ruhdan düşmüşdü, gənc nəsil isə başqa istiqamətə gedirdi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva muğamı zirvəyə yüksəltdi, beynəlxalq aləmdə tanıtdı. Muğam sənətkarlarının nüfuzu qalxdı. Televiziyada muğam müsabiqələri başladı. Xalq artisti Əlibaba Məmmədov özü etiraf elədi ki, bizim 35 ilə gördüyümüz işi müsabiqələr 3 aya gördü. Bütün bunlar dövlətin, ölkə başçısının, Heydər Əliyev Fondunun xalqa, muğamsevərlərə misilsiz töhfələridir.

Televiziya muğam müsabiqəsində hər dəfə 16 dəqiqə yarım oxuyurdum. Bir az da danışığa yer verildiyini nəzərə alsaq təkcə mənim çıxışım 20 dəqiqəyə çatırdı. Bir dəfə Nadir Axundov müsabiqənin gedişində dedi ki, qohum-əqrəban kommersiya yolu ilə dövlət televiziyasına 260 mindən artıq pul ödəməliydi.

Sevindirici haldır ki, artıq muğam Avropanın məşhur salonlarından, okeanın o tayından, dünyanın hər yerindən eşidilir. Hal-hazırda ən gənc muğam ifaçısından tutmuş ən yaşlı sənətkarlarımızadək bir nəfər də qayğıdan kənarda qalmayıb. Bu qayğının qarşılığında bizim də əsas vəzifəmiz göstərilən etimadı doğrultmaq olmalıdır.

Xanəndələrimizə qəzəl ehtiyatlarının azlığını, söz bazalarının zəifliyini irad tuturlar. Siz necə düşünürsüz?

– Qəzəl ehtiyatı məndə də azdı, başqalarında da. Hacı Mail bizi çox həvəsləndirmişdi. 100-ə qədər qəzəl əzbərləmişdim. Məhərrəm müəllim semestr müddətində 20 qəzəl əzbərləməyi tələb edirdi.

Etiraf edim ki, tay-tuşlarım , – içi mən qarışıq, – tənbəldir. Xanəndə daim öz üzərində işləməli, söz ehtiyatını zənginləşdirməlidir. Görünür, bu haqlı iraddan nəticə çıxarmağın vaxtı çatıb.

– Söhbətimizin sonunda tamaşaçılara, dinləyicilərə nə deyərdiniz?

– Deyərdim ki, mütləq zövqlü musiqiyə qulaq assınlar. Rok olsun, pop olsun, estrada mahnısı olsun, muğam olsun, fərq eləməz. Mahnı mətnlərinin səviyyəsinə diqqət yetirsinlər. Təkcə gündəlik musiqiləri dinləməklə zövqlərini korlamasınlar.

Sonda onu da deyim ki, musiqisi Tahir Əkbərə, sözləri Sona Vəliyevaya aid “Arazbari” adlı bir əsər üzərində işləyirəm. Ssenarisini Sabir Rüstəmxanlı yazıb. Özüm ifa etdiyimə görə demirəm, düşünürəm ki, yaxşı əsərdir və yüksək zövqlü tamaşaçılar üçün nəzərdə tutulub.

Arif MƏMMƏDLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub