Modern.az

Mehriban Əliyeva müsahibə verib

Mehriban Əliyeva müsahibə verib

6 Oktyabr 2009, 19:47

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Harpers Bazaar” jurnalına müsahibə verib.

- Mehriban xanım, sizin qızlarınız Arzu və Leyla etiraf edir ki, qeyri-rəsmi şəraitdə sizi üç rəfiqə kimi qəbul edirlər. Siz çox tez ana olmusunuz. Bu, sizin həyatınızı necə dəyişdi?
- Leyla dünyaya gələndə mənim 19 yaşım var idi və erkən ana olmağın mənə bağışladığı hədsiz sevinci heç vaxt unutmayacam. İndi mən uç uşaq anasıyam və onların həyatı ilə bağlı olan hər şey mənim üçün qiymətlidir. Onların öz problemlərini mənimlə bölüşmələri sevindiricidir. Lakin mən öz fikirlərimi zorla onların beyinlərinə yeritmirəm, onların şəxsi fikirlərinə hörmətlə yanaşıram və onlar üçün seçim hüququ saxlayıram. Bu, onların həyatıdır və onlar bunu müstəqil şəkildə qurmalıdır.
- Uşaqlığınızı tez - tez xatırlayırsız?
- Mənə elə gəlir ki, uşaqlıq həyatımız özümüzü tam xoşbəxt hiss etdiyimiz bir hissəsidir. Əlbəttə ki, uşaqlıq dövrü başa çatır, lakin təəssüratlar həyatı boyu yadda qalır. Uşaq çağlarında hər şeyi yaxşı qavramaq, mənimsəmək olur. Məsələn, mən indiyədək fortepiano çalmağı və fransız dilini öyrənməməyimə görə peşmançılıq çəkirəm.
- Ailənizdə qadın xətti keçən ənənə varmı?
- Mənim anam ağlasığmaz dərəcədə gözəl qadın olub. O, istənilən yerə daxil olan zaman hamı qeyri - ixtiyarı dönüb ona baxardı. O, hədsiz dərəcədə mehriban və kifayət qədər qapalı qadın idi. Anam Azərbaycanda ilk qadın - professor, şərqşünaslıq üzrə elmlər namizəd idi. Görünür, o, məndə yüksək məsuliyyət hissini formalaşdırmağı bacarıb. Valideynlərim mənə heç vaxt öyüd – nəsihət verməyib. Sadəcə hər şey aydın idi: mən pis oxuya, vəzifələrimə laqeyid yanaşa və pis görünə bilməzdim.
Demək olar ki, bacımla mən ailə ənənələrini tam mənası ilə mənimsəmişik. Bütün bayramlarda, ad günlərində və ya əlamətdar günlərdə biz – üç-dörd nəslin nümayəndələri bir masa arxasında toplaşmışıq. Görünür öz kökünə bağlılıq hissləri də belə yaranır. Eynən də mənim qızlarımda. Həyatlarının böyük hissəsinin xaricdə keçməsinə baxmayaraq, fürsət düşən kimi onlar evlərinə, Azərbaycana qayıdır. Onlarda milli ruh var.
- Sizin qızlarınız xaricdə, Londonda təhsil alıb. Onları ora göndərmək sizin üçün çətin olmadı ki?
- Təsəvvür edin: Arzunun 9, Leylanın isə 11 yaşı var idi. Oğlum Heydər Londonda doğulub və qızlarımız həmin məqamda bizimlə idi. Sonra tədris ili başlandı və mən qərara aldım ki, onlar müvəqqəti olaraq London məktəbində təhsil alsın. Həmin zaman qaynatam Heydər Əliyev Azərbaycan prezidenti idi və təbii ki, müəyyən həyat tərzimiz var idi. İndi mən başa düşürəm ki, o zaman biz ağıllı qərar qəbul etmişik.
İndi onlar beş dildə, doğma Azərbaycan dilindən savayı, rus, ingilis, ispan və fransızca sərbəst danışır. Onlar özlərini dünya vətəndaşı kimi hiss etməyə başladılar. Bütün bu illəri mən qızlarımın evə qayıtmasını gözləyirdim. Lakin Leyla ərə getdi və hazırda Moskvada yaşayır. Arzu isə hələ Londonda təhsil alır.
- İngiltərə kraliçası ilə görüşə gedərkən başınıza qoyduğunuz şlyapanı kimə sifariş vermişdiniz? Qızlarınız seçim etməkdə sizə kömək etdilərmi?
- Xeyir. Kraliça ilə görüş öncəsi xüsusi olaraq heç nə görülməyib. Biz rəsmi səfərə getmişdik. Protokola əsasən şlyapa qoymaq və əlcək taxmaq tələb olunmurdu. Şlyapa dövlət səfəri zamanı zəruridir.
- Siz qızlarınızın məsləhətlərinə qulaq asırsınızmı?
- Bəli, olduqca tez-tez. Qızlarımın köməkliyi ilə mən fəal şəkildə internetdən istifadə etməyə başladım. Və indi kompüterdə işləyərkən köməyə görə, onlara tez-tez müraciət edirəm.
- Sizin himayəniz altında xeyli sayda mədəniyyət və humanitar tədbirlər həyata keçirilir. Bütün bunları necə çatdırırsınız?
- Mən mədəniyyət sahəsində həyat yoldaşım prezident olanadək də layihələr həyata keçirirdim. 1995-ci ildə Azərbaycanın Mədəniyyət Dostları Fondu təsis edildi. Mən Azərbaycanın dünya müstəvisində təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də musiqi, arxitektura və s. kimi bir çox sahələrdə şedevrlər yaradan ölkə kimi təqdim olunmasını istəyirdim. Mən təbii ki, Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətə başlamışam. Fondun işinin prioritet istiqamətləri təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdir.
- Sizin şəxsi iştirakınızla tarixi mərkəz Bakı yenidən qurulur
- Bakı orjinallığı və bənzərsizliyi ilə fərqlənir. Onun bugünkü görünüşü isə böyük peşəkar komandanın əməyinin nəticəsidir. Bakıda baş verən dəyişikliklərin təşəbbüsçüsü Azərbaycan prezidentidir. Mənə elə gəlir ki, İlham kimi Bakıya olduqca vurğun olan insan tapmaq çətindir. İş rejiminin olduqca gərgin olmasına baxmayaraq, o, Bakıdakı dəyişikliklərdə iştirak etməyə vaxt tapır. Bakı həmişə gözəl şəhər olub və özündə qədimliyi və müasirliyi təcəssüm etdirib. Lakin bugün gördüyümüz bakılıların iftixar mənbəyidir.
- Xalçalara qarşı maraq hiss edirsiniz? Sizin qədim xalçalarınız varmı?

- Mənim ümumiyyətlə maddi şeylərə marağım yoxdur. Xalçalara gəldikdə isə, bu, hər bir azərbaycanlı üçün həyatın ayrılmaz hissəsidir. Zənnimcə, qədim xalçalar müzeylərdə olmalıdır.
- Siz müasir incəsənət muzeyinin təşəbbüskarı olmusunuz...
- Müasir incəsənət muzeyi sadəcə zəruri idi. Azərbaycanda daima çox yaxşı rəssamlar olub, lakin Sovet hakimyyəti dövründə sənət əsərlərinin bir hissəsi ideoloji düşüncə baxımından nümayiş etdirilməmişdi. Müstəqilliyin ilk dövrlərində isə dövlətin incəsənəti tam həcmdə dəstəkləmək üçün imkanları yox idi. Buna baxmayaraq biz muzey yarada bildik.

Arzu Əliyeva

Moda haqqında

- Bacımla ilk stil dərslərimi anamızdan ibrət götürərək uşaq vaxtlarımızdan almışıq. O geyinirdi, bəzənirdi və daranırdı, biz isə oturub ona baxırdıq. Anam bizə konkret olaraq heç bir təlimat verməyib, lakin böyüdükcə biz qeyri - ixtiyari olaraq onun üslubunu yamsılamağa başladıq.

Anası haqqında

- Anam bizim üçün geyim seçməyi bacarır. Hətta biz yanında olmayanda belə. O seçiləcək geyimin bizim ölçümüzə olub - olmadığını dəqiq qiymətləndirir və heç vaxt seçimində yanılmır.

Özü haqqında

- Əgər biz ailəlikcə harasa gediriksə, birlikdə hazırlaşırıq, bir-birimizə məsləhət veririk. Mən adətən fərqlənməyə çalışıram. Bu o qədər də asan deyil.

Leyla Əliyeva

Moda haqqında

- Mənim üslubumu nə Moskva, nə də Bakı üslubu adlandırmaq olar. Çox güman ki, bu, London stilidir. Axı mən İngiltərədə böyümüşəm. Londonda geyimə çox vaxt sərf etmirlər. Cins, krossovka, vəssalam. Moskva və Bakıda isə qarderoba ciddi yanaşırlar. Bu, sevindiricidir.

Anası haqqında

-Anam nə geyinməyin, nəyin uyğun olduğunu həmişə yaxşı bilir. Problemlərim yarananda, məsləhət üçün ona müraciət edirəm. Başqa heç kimə.

Özü haqqında

- Bəzən biz mağazalara birgə gedirik. Lakin təəssüf ki, bu olduqca nadir hallarda baş verir. Mən geyimi ilk olaraq “dəbdədir və ya dəbdə deyil” prinsipinə görə deyil, “yaraşıb-yaraşmır” prinsipinə əsasən seçirəm. Bizim üçümüzün də ölçləri eynidir və bu səbəbədən adətən biz paltarlarımızı dəyişirik. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?