Modern.az

Ənvər paşanın nəvəsi: “Desəm Nuru paşa Afrikada öldürülüb, aləm qarışar” - MÜSAHİBƏ - II Hissə

Ənvər paşanın nəvəsi: “Desəm Nuru paşa Afrikada öldürülüb, aləm qarışar” - MÜSAHİBƏ - II Hissə

Ölkə

5 Dekabr 2014, 09:27

Nuru paşa, Ənvər paşa... Qafqaz İslam Ordusunun yaradılmasında xüsusi xidmətlər göstərmiş bu qardaşlar indi Azərbaycanda hər kəs tərəfindən dərin minnətdarlıq, sevgi ilə yad edilir. Sovetlər dövründə oxuduğumuz tarix isə bu qardaşları bizə düşmən obrazında təqdim edirdi.

Gerçəklik ortaya çıxdıqdan sonra sovet tarixi buz kimi əridi. Nuru və Ənvər Killigil qardaşları Bakının xilaskarı kimi gerçək tariximizə düşdü.

Onlar barədə araşdırmaları, tarixi materialları çox oxuduq. Ancaq bizi bir məsələ çox maraqlandırdı. Bu qardaşların davamçısı varmı. Onlarla görüşə bilərikmi?

Hələ 5 il öncə Türkiyənin Alanya şəhərində Alanya Qəzetçilər Cəmiyyəti ilə Azərbaycan Parlament Jurnalistləri Birliyinin təşkil etdiyi “Ermənistanın Azərbaycanda törətdiyi soyqırımları forolarda” sərgisində Ənvər paşanın nəvəsi Osman bəylə qarşılaşmışdıq. Osman bəy və nəvəsi o zaman Alanya Qəzetçilər Cəmiyyətinin rəhbəri Mehmet Ali Dimin dəvətilə həmin sərgiyə qatılmışdı.
Onda ayaqüstü söhbətdə Osman bəy Amerikada yaşadığını söyləmişdi. Təcili görüşü olduğundan saullarımıza cavab almaq fürsəti qazana bilməmişdik.

O vaxtdan bu günə Osman Mayatepeklə görüşməyə çalışdıq. Onun babası Ənvər paşanın, babasının qardaşı Nuru paşanın Azərbaycan sevgisinin haradan qaynaqlandığını öyrənmək istəyirdik.

Mehmet Ali Dim bu məsələdə bizə dəstək olacağını söyləmişdi. Nəhayət Bakcell şirkəti də bu görüşün gerçəkləşməsi üçün bizə dəstək olacağını bildirdi.

Və 2014-cü il noyabırın 25-də Ankarada Osman Mayatepeklə görüşə bildik. Modern.az saytı Ənvər paşanın nəvəsi ilə müsahibənin II hissəsini təqdim edir.

- Nuru paşa öz xatirələrini ananızla bölüşübmü?

- Açığı, bunu demək mənim üçün çox kədərlidir. Həm anama, həm də Mahpeyker xalama sağlıqlarında dəfələrlə israr etdim ki, oturun, xatirələrinizi yazın. Ənvər paşanın qızlarısınız, Nuru paşanın qardaşı qızlarısınız. Tarixə keçmiş insanlarsınız. Əgər yazmaq istəmirsinizsə, sizə yazar tapım, siz deyin, onlar yazsınlar. Anam və xalam isə düşünürdülər ki, onların xatirələrini heç kim oxumayacaq. Bir az ruh düşkünlüyü yaranmışdı onlarda. Çox istədim, onlar özləri yaşadıqlarını yazmadılar, onları razı sala bilmədim. Ancaq mən özüm onlardan öyrəndiklərimi kitabımda qeyd edəcəyəm. İndi böyük bir kitab hazırlayıram.

 - Sizin kitabınız nə zaman hazır olacaq?

- İndiki düşüncəmlə mart ayında bitəcək. 

- Kitabınızda arxivdənmi istifadə edirsiniz?

- Bu kitabda babamın məktublarından, arxivlərdən, xatirələrdən istifadə etmişəm. Hər şey sənədlərlə əks olunur. Babama aid əşyaların hansılarını anam qoruyub saxlayıbsa, indi onların hamısı məndədir. 

- Böyük bir nəslin, Ənvər paşanın, Nuru paşanın davamçısısınız. İnsanların sizə yanaşması necədir?

- Bir vaxt qorxu var idi ki, Qurtuluş savaşı ərəfəsində Ənvər paşa Anadoluya geri qayıda bilər. Buna görə burada böyük qorxu hakim idi. O zamanlar, 1922-ci ildə “Sarıqamış” adlı kitab çıxıb. Ənvər paşanı yerdən-yerə vuran bir kitab idi bu. Kazım Qarabəkir Ənvər paşaya qarşı məmləkətə qayıdarsa, Qurtuluş savaşı suya düşər qorxusu ilə Mustafa Kamala deyir ki, “paşam, Ənvər paşanın buraya geri gəlməsinin qarşısını almaq üçün qaralama planı hazırlayaq”.

Mustafa Kamal da bununla razılaşır. Çünki ordunun məğlubiyyətə uğramasına baxmayaraq, Ənvər paşaya böyük sevgi var idi. Əgər Ənvər paşa gəlsəydi, Mustafa Kamal və Ənvər paşa tərəfdarları arasında qarşıdurma yarana bilərdi. O vaxt Ənvər paşa Mustafa Kamala məktub yazır. “Böyük Millət Məclisinin başqanı Mustafa Kamal paşa həzrətlərinə, paşam” deyə başlayır. Deyir ki, “əgər Sakaryada qələbə qazansan, gəlməyəcəyəm, ancaq məğlub olsan, qayıdacağam”. Mustafa Kamal Sakarya döyüşündə böyük qələbə qazanır. Ənvər paşa da deyir ki, “daha gəlməyimə gərək yoxdur”. Kazım son dərəcə mərd bir şəkildə ifadə edir di ki, “bu kampaniyanı Ənvər paşa gələrsə, nə ola bilər qorxusu ilə başlatdıq. Yoxsa mənim Ənvər paşaya qarşı hörmətim sonsuzdur”. Təəssüflər olsun ki, tarix doğru bir şəklidə göstərilmir. Altay Cəngizər dünya müharibəsi haqqında kitab yazıb. Nəvzat Kösoğlu “Şəhid Ənvər paşa haqqında” adlı kitab yazır. Yavaş-yavaş Ənvər paşanın həqiqi kimliyi ortaya çıxır.

Mustafa Kamalı albay edən, general edən Ənvər paşa olub. Hətta bir gün Tələt paşa Ənvər paşanı ziyarətə gəlir. Tələt paşa deyir ki, “sən hərbi nazirsən, ancaq çox yerdə olursan, bir gün sənə nəsə olacaq. Bomba partlayacaq. Nə edəcəyik? Sənin yerinə kim keçə bilər?”. Ənvər paşa isə onu əvəzləyəcək insanın Mustafa Kamal olduğunu deyir. Mustafa Kamal Ənvər paşaya yaxın olmaq istəyirdi. Haqlı idi. Çünki hərbi nazirə yaxın olmaq vəzifədə daha çox yüksəlmək demək idi.  

- Nuru paşanın ölümü ilə bağlı müxtəlif səbəblər göstərilir. Təsadüf bir məsələ olmadığını söyləyənlər daha çoxdur. Siz bu haqda nə öyrənə bildiniz?

- Təxribatlar oldu, bu, dəqiqdir. Ancaq həqiqət ortaya çıxmadı. Bu işin arxasında kimin olduğu tam olaraq bilinmədi. Mühüm şəxsiyyətlərin gözlənilməz ölümləri haqqında hər zaman sui-qəsd nəzəriyyəsi olub. Bu ana qədər nə olduğunu bəlli edəcək heç bir əsas yoxdur.

 - Bəs, sizin öz düşüncəniz nədir bu məsələ ilə bağlı?

- Bilmirəm, hər hansı bir fərziyyə irəli sürmək istəmirəm. Kennedinin də ölümünün səbəbi bəlli deyil. Çünki onlar tarixi insanlardır. Mən də desəm ki, Nuru paşanı Afrikada kimsə öldürdü, aləm qarışacaq. 



- Ənvər paşanın, Nuru paşanın, eyni zamanda Xəlil paşanın kommunistlərlə yaxınlığı haqda hər zaman yazırlar. 1920-ci ildə sovet ordusu Azərbaycana daxil olarkən Xəlil paşa da onlarla birgə Azərbaycana gəlmişdi. Ancaq Nuru paşa onlara qarşı çıxmışdı. Bu məsələ bir az aranı qarışdırdı. Bu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə Xəlil paşanın fəaliyyəti haqda düşüncələriniz nədir?

- Mənim üçün mühüm məsələ Azərbaycana verilən əhəmiyyətdir. Ənvər paşa ordu göndərir, başında qardaşı Nuru paşa, yanında isə Xəlil paşa olur. Sonradan Xəlil paşanın öz məmləkətinə girməyi qadağan olunur. Qara dəniz sahilində xəstələnir, orada yaşayır. Ənvər paşa gedib onu tapır. O insanlar hamısı gənc idi. Ancaq savaşaraq və yaşayaraq təcrübə toplayırdılar. Həmin ərəfədə Xəlil paşanın 31 yaşı var idi.

- Maraqlı bir məqama toxundunuz. Türkiyədə bəzi yazarlar Xəlil paşanın kommunistlərlə işbirliyində olduğunu yazırlar. O zaman Atatürk solçu idi. Solçularla kommunistlərin bir əlaqəsi də var idi. Bəlkə məsələnin kökündə bu dayanırdı?

- Kommunistlərlə işbirliyi ilə bərabər, Qurtuluş savaşı başlayanda Türkiyənin təchizata, silaha, maddi yardıma ehtiyacı var idi. Ənvər paşa müdafiə naziri ikən Qurtuluş savaşının olacağını anladığı üçün bəlkə də Türkiyənin müxtəlif yerlərinə silah basdırmışdı. Onlar istifadə olunurdu. Lenindən tüfəng, pul köməyi alırdı. Ona görə də özünü kommunizmə yaxın göstərmiş ola bilər. Hər halda Leninə “mənə kömək et, ancaq mən kommunistlərə nifrət edirəm deyə bilməzdi”.

 - Bakını işğaldan azad etmək üçün o zaman Osmanlıdan gələn ordunun başında Nuru paşa dururdu. Ənvər paşa bilirdi ki, bu, çətin olacaq. Ancaq qardaşını Azərbaycana göndərdi. Doğrudanmı bu onun Azərbaycana olan sevgisindən irəli gəlirdi? Bəlkə burada başqa məsələlər var idi?

- Ənvər paşanın ailəsinin kökü Rumıniyaya söykənir.Babası İstanbula köçür. Ənvər paşa İstanbulda dünyaya gəlir və orada böyüyür. O zaman Osmanlı bir imperatorluq idi. Millətçilik altında bunu qoruyub saxlamaq çətin idi. Ənvər paşa yeri gələndə turançı, yeri gələndə islamçı ola bilirdi. İdeoloji baxımdan islam imperatorluğu quracağından başqa, “əlimdəkiləri necə xilas edə bilərəm?” kimi düşünürdü.

Azərbaycana öz məmləkətləri kimi baxırdılar. İnsanlar arasında böyük uzantı var idi.

Demək istəyirəm ki, Ənvər paşanın, Nuru paşanın Azərbaycan sevgisi onların Azərbaycan kökənli olması anlamına gəlməməlidir. Milli təəssübkeşlik, milli istək, müsəlmançılıq bu qardaşlara hakim kəsilir. Mən hesab edirəm ki, məsələnin başında bu dayanıb. Hər halda onların Azərbaycanı xilas etmələri tarixə həkk olunub. 

- Osman bəy, bilmək istərdik, Ənvər paşanın, Nuru paşanın, Xəlil paşanın ermənilərlə münasibəti necə olub. Heç bunu araşdırdınızmı?

- Ermənilər Osmanlıda yaşayıb, həm ticarət, həm də mədəni baxımdan Osmanlıdan yararlanıblar. Amma sonradan xəyanət etdilər.
Ruslar hər zaman boğazı və İstanbulu istəyiblər. 1908-ci ildə ingilislər deyiblər ki, boğazları və İstanbulu ruslara verməyin vaxtı gəldi. Amma o zaman Osmanlı torpağında yaşayan rus yox idi, yəni əcnəbilərin bu ideyası daxildə dəstək almayacaqdı. Osmanlını işğal etmək üçün bir səbəb lazım idi. Bunun üçün də erməni azlığını seçdilər. Dedilər ki, “biz erməniləri qurtarmağa çalışırıq. Çünki ermənilər bərbad vəziyyətdədirlər”. Bir tərəfdə çökmək üzrə olan Osmanlı imperatorluğu, digər tərəfdə yüksəlməkdə olan Rus imperatorluğu, ingilis imperatorluğu və fransızlar var idi. Onlar Osmanlını yox etmək istəyirdilər. Ermənilərə də deyəcəklərdi ki, “buyurun, bura sizindir”. Belə bir ideya var idi ortada. Təəssüf ki, bu oyuna ermənilər girdilər. Osmanlının ermənilərlə heç bir birliyi olmayıb. Çünki ermənilər Osmanlının tərkibində çox kiçik idilər. Nuru paşa da, Ənvər paşa da ermənilərin arxadan oyun oynadıqlarını bilirdilər.

 - Uzun illər xaricdə yaşamısınız. Sərhəddən kənardan baxanda necə görünür bu erməni məsələsi?

- Erməni diasporu çox güclüdür. Baxın, görəcəksiniz, 2015-ci ildə nələr olacaq. Ermənilər yalandan bunu dünyada sübut etməyə çalışacaqlar ki, türklər barbardırlar. Türkiyədə bundan 20 il əvvəl soyqırımı demək ayıb idi. İndi elə bir vəziyyət yaranıb ki, sanki “soyqırımı etmədim” demək ayıb olacaq. Haradadır soyqırımı, bizə göstərin? Soyqırımı bir milləti qəsdən yox etmək deməkdir.

 - İndi Türkiyədə və Azərbaycanda Ənvər paşaya, Nuru paşaya münasibət sizi qane edirmi?

- Nə qədər xatırlanır, o mənə maraqlıdır. Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov idi. O Ankaraya gəlmişdi. O zaman bizim mədəniyyət nazirimiz Namiq Kamal Zeybək idi. Bizi tanış etdi. Məni tanış edərək Ənvər paşanın nəvəsi, Nuru paşanın qardaşı nəvəsi olduğumu söylədi. O zaman Türkiyənin prezidenti Süleyman Dəmirəl də məni Mütəllibova təqdim etdi. Ancaq Ayaz Mütəllibovun üz ifadəsindən belə başa düşdüm ki, Ənvər paşa ilə Nuru paşanın kim olduğunu bilmədi. Çox kədərləndim. Mən gözləyirdim ki, məmnunluq hissi duyacaq.
Mərhum Heydər Əliyev isə onun əksinə olaraq, məni qucaqladı. Dedi ki, gəl, sənin ailən sayəsində bu gün ölkəmiz var. 

 - Türkiyədən danışmadınız...

- Türkiyədə uzun müddət Ənvər paşa, Nuru paşa unutdurulmağa çalışıldı. Sanki yoxmuş kimi. Son 15 ildir geriyə dönüş yaranıb. İnsan keçmişini, tarixini inkar edirsə, o heç millət deyil. Son zamanlarda xeyli irəliləyişlər oldu. 

 - Sizdən başqa bu nəslin davamçılarından varmı?

- Ondan bir o qədər də əmin deyiləm. Məndən sonra nə olacaq bilmirəm. Qızım var. 

 - Azərbaycana gəlmək haqda düşünürsünüz?

- Tam olaraq bilmirəm, ancaq istəyərəm. Heç olmasa həyatda ikən bir dəfə gəlim görüm. 



Elşad EYVAZLI

Layihə Bakcell-in maliyyə dəstəyi ilə gerçəkləşib 

***

“Anam fabrikdən çıxandan 2 dəqiqə sonra partlayış olur, Nuru paşanın meyiti tapılmır” - MÜSAHİBƏ-I Hissə
//modern.az/articles/68377/1/

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir