Arxiv
8 Dekabr 2014, 10:44 | MÜSAHİBƏ
Keçmiş deputat: “Heydər Əliyevə dedim ki, bizi ailəliklə Sibirə də göndərsəniz gedərik” - MÜSAHİBƏ

Tərlan Musayeva: “Bəzi oğlanlar şanıma-şöhrətimə, qapımdakı maşınıma, evimə görə mənimlə evlənmək istəyirdi”


Modern.az
saytında “Pəncərə” layihəsinin növbəti qonağı SSRİ zamanı qabaqcıl pambıqçı kimi tanınan, SSRİ Ali Sovetinin və Azərbaycan Milli Məclisin sabiq deputatı Tərlan Musayevadır.

- Sizi gənc nəsil tanımasa da, yaşlı və orta nəsil yaxşı xatırlayır. Tarlada pambıq yığan, SSRİ Ali Sovetinin deputatı, eyni zamanda ailədə ana və həyat yoldaşı kimi bu qədər işin öhdəsindən gəlmisiniz. Bir az keçmişə qayıdaq, o illəri necə xatırlayırsınız?

- 15 il SSRİ Ali Sovetinin deputat olmuşam. İşləməsinə, ictimai-siyasi fəaliyyətlə məşğul olmasına baxmayaraq, ailənin də bir çox yükü qadının üzərində olur. Belə vəziyyətdə övlad böyütmək, onun tərbiyəsi ilə məşğul olmaq, ev işlərinə zaman ayırmaq çox çətindir. Bəzən səhər Moskvadan Bakıya gəlib evə baş çəkməyə yarım saat vaxtım olub. Çünki növbəti tədbirdə iştirak etmək üçün dərhal geri qayıdırdım. Xüsusilə, qış aylarında evdə çox az olurdum. Uşaqlarıma anam və nənəm baxırdı.

- Hər halda, ailə qurana qədər tanınırdınız. Sonradan həyat yoldaşınız sizin gərgin iş rejiminizi necə qəbul edirdi?

- O dövrdə tanınmış insan olduğumu doğru qeyd etdiniz. Respublikada hamı məni tanıyırdı. Yoldaşım da məni tanıyıb ailə həyatı qurub. Bizim evlilyimiz kor-koranə olmayıb. Məni sevib- seçən və evlənməyə qərar verən yoldaşım özü olub. İşləməyimi istəməsəydi, mənimlə evlənməyə razılaşmazdı. Bizim uzun müddət ailə qurmağımız sual altında olub. Çünki aktiv ictimai işlərdə çalışan qadınla hər kişi ailə qurmaq istəmir. Ona görə də bizim tanışlığımız 4-5 il çəkib. Üstəlik 2 il də nişanlı qalmışıq. Ailə quranda 29 yaşım vardı. Ailə qurmaq üçün gecikməyimizə səbəb tam qərara gəlməməyimizlə bağlı idi. Respublikanın gənc fəal qızı kimi hər bir təşkilat öz sahəsində  məni görmək istəyirdi. Mənimlə fəxr edirdilər. Yoldaşımla ailə həyatı quranda ikinci dəfə deputat seçilmişdim. Ailə qurmağıma baxmayaraq, işimdən də aralana bilməzdim. Ailə quran insan məni başa düşməli, güzəştə getməli və mənimlə barışmalı idi.

- Həyat yoldaşınız sizinlə ailə qurandan sonra çətin iş fəaliyyətinizdən yorulmadı?..

- Xeyr. Həyat yoldaşım çox alicənab və məni başa düşən insandır. Doğrusu, kişilərin xarakteri haqqında söhbət düşəndə həyat yoldaşımda hər hansı pis cəhət tapa bilmirəm. Mənim həyatda doğmalarım çox azdır. Bacı-qardaş, əmi-dayı olmadığı üçün Allah onu qarşıma çıxarıb. O, mənə həm qardaş, həm arxa-dayaq olub, həm də əzizlərimdən görmədiyim sevgini verib. Həyat yoldaşım ən çətin günlərimdə təsəlli verənim olub. Ailə quranda da şərtləşmişdik ki, məni işimdən ayırmaq söhbəti olmayacaq. Demişdim, ola bilsin ki, günlərlə evdə olmayacağam, səni qadın kimi rahatlaya bilməyəcəm, istədiyin kimi qulluğunda durmayacağam. Gərək bunlara dözəsən. Nə vaxt lazım olacaqsa, o zaman özüm kənara çəkiləcəm. O, bilirdi ki, dövlətin başında dayananlar da mənə inanır, əməyimi qiymətləndirirlər. Birdən-birə əmək fəaliyyətimə nöqtə qoya bilmərəm. Nə vaxt görsəm ki, ailə ilə iş düz gəlmir, o zaman kənara çəkiləcəyəm. O zaman evdə yardım edənim olub. Sadəcə, mənəvi dayağa ehtiyacım vardı. Ailədə gərgin vəziyyətlə üz-üzə qalsaydım, sıxıntılar hər gün baş versəydi, o nailiyyətləri, müvəffəqiyyətləri əldə edə bilməzdim. 13 il ailəmi izolyasiya etmişəm. Həyat yoldaşımın iki ali təhsilinin olmasına baxmayaraq, adi zəhmətkeş insandır. Sadə kolxozçu ailəsində böyüyüb. Elə bir gün olmurdu ki, evimizə qonaq gəlməsin. Qonaqlarım isə tanınmış yazıçılar, şairlər, bəstəkarlar, müğənnilər olurdu.

- Həmin tanınmışlar kimlər idi?

- Mirzə İbrahimov, Nəbi Xəzri,  Nəriman Həsənzadə tez-tez bizə gələrdilər. Nəriman müəllimlə bu gün də əlaqəmiz var.

- Bu qədər şair, bəstəkar və müğənni ilə dostluq sizi həm də öz yaradıcılıqlarında vəsf etməsi ilə nəticələnib...

- Düz deyirsiniz. Yadıcılıqlarında mənə də yer ayırıblar. Məsələn, Nəriman müəllim “Tərlan bacım” mahnısının sözlərini yazıb, Yalçın Rzazadə də oxuyub. Haqqımda olan digər “Tərlanım” mahnısını Nisə Qasımova oxuyub. Həmin mahnını Ələkbər Tağıyev bəstələyib.



- Haqqınızda mahnı ifa edən müğənnilərlə münasibətləriniz hansı səviyyədə olub?

- Nisə xanımla gənc yaşlarımızda əlaqələrimiz çox yaxşı idi. Lakin o, respublikadan gedəndən sonra əlaqələrimiz kəsildi. İncəsənət adamları ilə çox yaxşı münasibətlərim olub. Nəbi Xəzrinin rəhbəri olduğu xarici ölkələrlə əlaqə cəmiyyətinin üzvlərindən biri də mən idim. Kənd təsərrüfatının nümayəndəsi kimi dünyanın 11 ölkəsinə həmin cəmiyyətin xətti ilə getmişəm. Xalq artisti Zeynəb Xanlarova ilə bir çox ölkələrdə bir yerdə olmuşuq. Xarici ölkələrdə Azərbaycanın ədəbiyyat və incəsənət günləri keçirilərdi. Kənd təsərrüfatı sahəsinin yeganə təmsilçisi kimi mənim adımı ora salardılar. Zeynəb xanımın gənclik illəri mənim uşaqlıq illərimə düşüb. Əlaqələrimiz sıx olub. Tədbirlərə bir gedir, bir oteldə qalırdıq. Zeynəb xanımın çox gözəl yoldaşlığı var. Sonradan müstəqillik dövründə Milli Məclisin deputatı kimi Zeynəb xanımla bir yerdə fəaliyyət göstərmişik. Övladının xeyir işində də iştirak etmişəm.  

- Siz müstəqillik dövründə də deputat seçildiniz. O vaxtkı bəzi həmkarlarınız indi də deputatdır. Onlarla əlaqələriniz varmı?

- Eldar İbrahimov, Hadı Rəcəbli, Fəttah Heydərov, Hacı Madər Musayev artıq 4-cü dəfədir deputatdırlar. Mən Eldar İbrahimovun sədr olduğu Aqrar siyasət komissiyanın üzvü idim. Hadı müəllimlə, Eldar müəllimlə bu gün də xeyir işlərdə bir yerdə oluruq. Fəttah müəllimin çox gözəl yol yoldaşlığı var.

Müstəqillik dövründə seçilən ilk parlamentin deputatları arasında elitar insanlar çox idi. İlk parlamentimizin 20 üzvü vəzifəyə görə seçilmişdi. Məsələn, Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyev də Milli Məclisin üzvü idi. Bu gün isə fərqlidir. Milli Məclisdə oturan elə deputatlar var ki, onların nə iş gördükləri bəlli deyil. Amma o zaman deputatların hamısı xalqın arasında tanınırdılar. O vaxt televiziyada parlamentin iclası göstəriləndə hansısa deputatın adı çəkilməsə də, hamı onun kim olduğunu bilirdi.

- Siz ailənin tək övladı olmusunuz. Niyə pambıqçı oldunuz? Adətən, ailədəki tək uşaqlar ali təhsil arxasınca qaçırlar...

- Doğru dediniz. Anamın tək övladıyam.

- Bəs atanızın?

- 2 yaşım olanda atamla anam ayrılıblar. Orta məktəbi şəhər məktəbində fərqlənmə diplomu ilə bitirmişəm. Amma orta məktəbi bitirən kimi pambıqçı olmağa qərar verdim. O zaman da imkanlı ailələr övladlarını ali təhsil almağa göndərirdilər. Mənim isə kirayədə qalmağa, bahalı paltar almağa imkanım yox idi. Uşaqlığım çox çətin keçib. Nənəmin himayəsində böyümüşəm. Atam anamdan ayrılandan sonra Rusiyada yaşayıb. Atamın da, anamın da öz şəxsi həyatları vardı. Atamı 22 ildən sonra gördüm. Təbii ki, o vaxt artıq məşhurlaşmışdım, ailə saxlamaq iqtidarında idim. Doğrusu, atamı xatırlamırdım. Çünki 2 yaşımda çıxıb getmişdi Azərbaycandan. 22 ildən sonra gəlib səni axtarıb tapan atanı, ata kimi qəbul edə bilmirsən. Çünki uşaq olanda mənə ata hislərini yaşatmamışdı. Ona görə də rəhmətə gedənə qədər ona ata kimi yox, ağsaqqal kimi hörmət elədim. Övladlarıma və atalarına baxanda Allaha yalvarıram ki, ona möhlət ver, övladlarımı gəlinlik libasında köçürtsün. Atasızlığın nə olduğunu çox yaxşı bildiyimə görə övladlarımın belə hislərlə qarşılaşmasını istəmirəm.

- Siz ailə həyatı qurana qədər respublikada tanınırdınız. O vaxtlar respublikaya rəhbərlik edən mərhum Heydər Əliyevlə də tez-tez görüşürdünüz?

- Heydər Əliyevlə Azərbaycanda sıx əlaqəsi olan insanlardan biri mənəm. Heydər Əliyev məni xüsusi qiymətləndirərdi. Çox vaxt soruşurlar: “Heydər Əliyev niyə məhz sizi qiymətləndirirdi?” Ona görə ki, işim çox ağır idi. O vaxt bu peşəni seçən, maşınla pambıq yığanlar az olub. Heydər Əliyev məni pisliklərdən, çətinliklərdən qoruyurdu. Bir ata kimi qayğısını məndən əsirgəmirdi. Hətta şəxsi həyatımı da nizamlamağa çalışırdı. İstəyirdi ki, yaxşı insanla qarşılaşdırsın. Toyumuzdan bir ay sonra tədbirlərin birində Heydər Əliyevlə görüşdük. Yeni ailə qurduğumu bilən kimi təbrik etdi. Oturub söhbət edəndə soruşdu: “Ailə qurduğun insan sənə dəyər verirmi?”. Utana-utana başımla razılıq edəndə dedi: “Buna çox sevindim. Sənin yaxşı insanla qarşılaşmağına  övladım qədər rahat oldum”. Zəhmətkeş insanın qədrini zəhmətkeş ailədə böyüyən insan bilər. Ona görə də heç vaxt yuxarı təbəqənin övladları ilə ailə həyatı qurmazdım. Çünki onlar məni başa düşməzdilər. Çünki bəzi oğlanlar mənim şanıma-şöhrətimə, qapımdakı maşınıma, evimə  baxırdılar. Məndəki insani xüsusiyyətlərə diqqət etmirdilər.

- Deyəsən, o vaxtlar əməyiniz müqabilində sizə maşın da hədiyyə edilib?..

- Elədir. O vaxtlar dövlət mənə xidməti “Niva” maşını vermişdi. Onu özüm sürürdüm. 15 il ərzində 9 rayonun deputatı olmağıma baxmayaraq, sürücüm olmayıb. Seçicilərimlə görüşə, tədbirlərə öz maşınımla gedirdim. Amma avtomobili  ailə qurana qədər idarə etdim.

- Səbəb nə idi?

- Ailə qurandan sonra yoldaşım sükan arxasında oturmamağımı xahiş etdi. 30 ildir ailəliyik, bu illər ərzində cəmi 2 dəfə yoldaşımın xahişini nəzərə almamışam. Bu da məndən asılı olmadan baş verib. Bir dəfə yoldaşım möhkəm xəstələnmişdi. Evə həkim çağırsam da, dərman aldırmağa adam tapmadım. Ona görə də özüm sükan arxasına keçməli oldum. İkinci hadisə isə məni Bakıya iclasa çağıranda baş vermişdi.  Rayondan Bakıya gələndə yolda yoldaşımın halı dəyişdi. Təzyiqi aşağı düşdüyünə görə maşını idarə edə bilmədi. Onda da məcbur olub özüm maşını idarə etdim.  



- Heydər Əliyevlə bağlı yadınızda maraqlı hadisə qalıbmı?

- Heydər Əliyevlə bağlı xatirələrim çoxdur. Hər dəfə mənimlə görüşəndə nənəmin əhvalını soruşardı. O, həmişə rayona gələndə proqramında mənimlə görüşmək mütləq olurdu. Bir dəfə protokolda mənimlə görüş olmayıb, o, başqa tarlaya gedib. Geri qayıdanda soruşub:  “İndi hara getməliyik?” Yekun iclas olacağını bildiriblər. Soruşub ki, “bəs, mən Tərlanla görüşməyəcəm?” Protokolda görüş yazılmadığını öyrənəndə deyib: “Dərhal maşını Tərlanın sahəsinə sürün. Onunla görüşməliyəm”. O vaxtlar “Niva” maşınımda hava ilə əlaqə telefonu vardı. Birdən polis rəisi əlaqə saxlayıb Heydər Əliyevin mənimlə görüşməyə gəldiyini xəbər verdi. Düzü, təəccübləndim. O heç vaxt xəbərsiz gəlmirdi. Heydər Əliyev gələndə yolları təmizləyirdik, ağacları əhənglədərdik, bir sözlə səliqə-sahman yaradırdıq. Çünki hesab edirdik ki, ən əziz qonağımızı qarşılayırıq. Biz isə heç nə etməmişdik. Dərhal işə başladıq. Sahə düşərgəsinin ətrafındakı güllərdən tez bir dəstə hazırladıq. Sonra dedim ki, gəlin Heydər Əliyevi bu dəfə fərqli formada duz-çörəklə qarşılayaq. Çantamda lavaş vardı. Bir padnosun içinə təmiz çay dəsmalı sərib lavaşı və duz qoydum. Heydər Əliyev maşından düşüb mənə tərəf gələndə salamlaşdı, dərhal padnosu uzadıb dedim: “Yoldaş Heydər Əliyev, siz bizim kəndimizə qonaq gəlmisiniz. Xahiş edirəm bu duz-çörəkdən kəsin!” Cavabında dedi:  “Hə, bu halal çörəkdir. Bu, kimin çörəyidir, nənən bişirib?”. “Hə” cavabımdan sonra lavaşı götürüb duza batırıb yeyərək dedi: “Naxçıvan lavaşı, Naxçıvan yadıma düşdü. Bunun yanında pendir də olsaydı lap əla olardı”. Dərhal pendir gətizdirdim və pendirlə lavaşı dürmək edib iştahla yedi.

- 1985-ci ildə Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Komitəsinin sonuncu baş katibi seçilən Mixail Qorbaçov  bir neçə ildən sonra Heydər Əliyevi o zamankı hakimiyyətdən uzaqlaşdırdı. Heydər Əliyevə qarşı kampaniya təşkil olunmuşdu. Maraqlıdır, o özü bu haqda nə danışırdı?

- 1989-cu ildən Əliyevlə əlaqəm olmadı. 1990-ci ildən sonra Naxçıvana getdi. O 1987-ci ildə vəzifədən çıxarılsa da, deputatlıqdan geri çağrılmamışdı. Qorbaçov hakimiyyətə gələn vaxtlar onu  Nazirlər Sovetinin müavinliyindən  və Siyasi Büronun üzvlüyündən azad etdi. Bundan sonra Heydər Əliyev Rəyasət Heyətində yox, Azərbaycan nümayəndələrinin yanında otururdu. Azərbaycandan olan 60 nəfərin 15-i İttifaq Sovetinin, 45-i isə Millətlər Sovetinin deputatı idi. O da bizimlə İttifaq Sovetinin tərkibində otururdu. Heydər Əliyev sessiya zamanı mənim yanımda əyləşirdi. Söhbət zamanı baş verənlərdən tutmuş ailəsinə qədər danışırdı. Həmin dövrlərdə həyat yoldaşı Zərifə xanım rəhmətə getmişdi. Zərifə xanımın ölümündən sonra çox sarsılmışdı. Onun haqqında danışanda səsi titrəyirdi, gözləri dolurdu. Deyirdi: “Sağ qolumu elə bil dibindən vurublar, yerə düşüb. Zərifə mənə təkcə həyat yoldaşı yox, həm də arxa idi. O, qayğımı çəkən insan idi. Həkimim idi”.

- Heydər Əliyev Naxçıvana gedəndən sonra artıq SSRİ adlı məkan dağılmışdı. Eyni zamanda, Azərbaycanın daxilində hərc-mərclik hökm sürürdü. 1992-ci ildə AXC hakimiyyətə gələndə Heydər Əliyevə yaxın adam kimi sizə münasibət necə idi?

- 1989-cu ildə 3-cü dəfə namizədliyimi irəli sürsəm də, geri götürdüm. Doğrudan da, 90-cı illərin əvvəllərində Heydər Əliyev Naxçıvana gedəndə onun kadrlarına da təzyiq edirdilər. Hətta bir dəfə mətbuat vasitəsilə Heydər Əliyevin əleyhinə danışmağım üçün çağırış da edilmişdi. Mənim haqqımda belə yazılmışdı: “Bu qəhrəmanlar, bu kadrlar şişirdilmiş kadrlardır”. Yazının başlığı da belə idi: “Ağ pambıq qara ləkəmizdir”. Həmin yazını Məstan adlı şair yazmışdı. Cəbhənin hakimiyyəti dövründə  üzərimə çox gəlirdilər, deyirdilər ki, sən Heydər Əliyevin əleyhinə danışmalısan. Halbuki, mənə çörəyi o insan vermişdi. Onu ata qədər çox istəyirdim. Əməyimi hər zaman qiymətləndirirdi. Məni Tərlan Musayeva edən Heydər Əliyev olub. Təzyiqlər olan vaxt Mərkəzi Komitəyə ünvanladığım məktubda yazmışdım: “Bu yalanların içindəsiniz, siz də o dövrdə yaşamısınız. Niyə o dövrdə yazmırdınız ki, bu kadrlar yalandır?! Kimisə indi ləkələməyə nə var ki!”.  O vaxtlar rayon sovetinin deputatı idim. Mən AXC hakimiyyəti üçün müxalifətçi hesab olunurdum. Ona görə də namizədliyimi geri götürmək istədim. Lakin rayon camaatı razı deyildi. Nəhayət, təklifim səsə qoyulsa da, keçmədi. Məni Bərdə rayon Xalq Deputatları Sovetinin sədri seçdilər. Lakin sənədlərim 4 ay Ali Sovetin sədri İsa Qəmbərin stolunun üstündə qaldı,  o, təsdiq etmədi. 4 ay bir manat da almadan maaşsız fəaliyyət göstərdim.

- Sizin sənədlərinizin Ali Sovetin sədri İsa Qəmbər tərəfindən təsdiqlənməməsi Heydər Əliyevçi olmağınızla əlaqədar idi?

- Çox güman ki, bunun da təsiri olub. AXC hakimiyyəti zamanı kabinetimdən Elçibəyin şəklini götürüb Heydər Əliyevin şəklini asmışdım. Mənə qarşı səmimi münasibəti olan insanlar irad tutub deyirdilər: “Heydər Əliyevin şəklini kabinetinə asmısan. Bundan sənə ziyan gələ bilər”. Dedim ki, heç kim onu götürə bilməz. Mənim evimin hər bir küncündə Heydər Əliyevin şəkli var. Onu kimsə götürə bilməz. O vaxtlar  Heydər Əliyevin respublikaya yenidən rəhbər gətirilməsi üçün rayonda 3600 imza toplamışdım. Bu imzaların bir nüsxəsini Ali Sovetə, birini də Mərkəzi Komitəyə göndərdim. O zamanlar bizi həm də ona görə sıxışdırırdılar ki, yerlərdə Heydər Əliyevçilər kimi fəaliyyət göstərir, mitinqlər keçirirdik. Cəbhəçilər həmin mitinqləri dağıdırdılar. Cəbhəçilər məni çox hədələyirdilər. Çünki Heydər Əliyevin geri qayıtması üçün çağırışlar edirdim.

- Heydər Əliyevin əleyhinə daha nə etməyinizi istəyirdilər?

- O vaxtlar Az.TV-də  215 KL studiyası yarım saatlıq veriliş hazırlayırdı. Həmin studiyanı rəhmətlik Çingiz Mustafayev açmışdı. Studiyanın işçilərindən biri rayona gəlib məni Heydər Əliyevə qarşı danışdırmaq istəyirdi. Məmməd İsmayıl o zaman Az.TV-nin rəhbəri idi. Məmməd İsmayılla uşaqlıqda komsomol mükafatını bir almışıq, komsomolun xətti ilə bütün qurultaylarda, tədbirlərdə bir yerdə olmuşuq. Hətta neçə kitabını öz imzası ilə yazıb mənə verib. Onu da deyim ki, Heydər Əliyevin əleyhinə təbliğat aparan jurnalistlərdən Məmməd İsmayılın xəbəri yox idi. Çünki həmin studiya sərbəst fəaliyyət göstərirdi. Sonra rejissor mənə dedi ki, Heydər Əliyev haqqında danışım. Soruşdum: “Nə danışım?” Dedi: “Nəyi bilirsiniz onları danışın”. Düzü, o vaxtlar Əliyevə qarşı əks-təbliğat aparıldığından onun haqqında dediklərimin olduğu kimi yayılacağına inanmırdım. Bunu nəzərə alaraq “çıxın gedin, mən Heydər Əliyevin əleyhinə heç nə danışmayacam”, - dedim. Qeyd etdiyim kimi, o zaman rayon sovetinin sədri idim. Jurnalist elə bilirdi ki, AXC hakimiyyətdə olduğuna görə, nə desələr onu edəcəyəm. Amma elə olmadı. Mən Əliyev haqqında bütün yaxşı əməllərin hamısını danışdım.

Üstündən bir-iki il keçəndən sonra Milli Məclisin iclaslarının birində ANS-ın keçmiş əməkdaşı Sevil Nuriyevadan həmin müxbir haqqında soruşdum. Dedi ki, “Tərlan xanım, həmin oğlan ANS-in Milli Məclisə ezam olunan müxbiri idi. Sonra onu İsrailə göndərdilər, orda yaşayır”. Həmin jurnalisti axtarmaqda məqsədim 90-cı illərdə efirə gedən kadrlara baxmaq istəyim idi. Çünki Heydər Əliyev haqqında danışdıqlarım o zaman yarım saatlıq efirə getmişdi. Mən Heydər Əliyevin haqqında xoş sözlər danışdığıma görə Məmməd İsmayılı da Az.TV-dən çıxartmışdılar. Sonra danışdıqlarım Heydər Əliyevə çatdırılır. Lakin axşam başı qarışıq olduğundan dediklərimə səhər baxmaq istəyir. Amma həmin süjet səhər təkrar verilmir. Çünki həmin vaxt Heydər Əliyevi tərifləmək çox çətin idi. O vaxtlar ermənilərə əsir düşənlərin iki qohumu Bərdəyə yanıma gəlmişdi. Məndən xahiş etdilər ki, əsirlərin geri qaytarılması üçün Heydər Əliyevə məktub yazım. Doğrudan da Əliyev əsirlərdən birini geri qaytardı, biri isə öldürülmüşdü. Heydər Əliyevə iki nümayəndə ilə məktub göndərmişdim. O, əsirlərin qohumlarını qəbul edərkən demişdi: “Tərlana deyin, mənə görə riskə getməsin. Qadındır, onu ləkələməsinlər, özünü qorusun. Ailəsi, balaları var”. Heydər Əliyev belə insan idi.

- Müstəqillikdən sonra Milli Məclisə keçirilən ilk seçkilərdə deputat seçilmişdiniz. O zaman deputat olmağınız necə baş vermişdi?

- O vaxtlar Heydər Əliyev məni yanına çağırıb Bərdə rayonuna rəhbər təyin etmək istədiyini bildirdi. Dedim ki, uşaqlar körpədir, bunu edə bilmərəm, mənim üçün çətin olacaq. Amma əlimdən nə gəlirsə, həmin icra başçısına kömək etməyə hazıram. Birbaşa rayonun məsuliyyətini üzərimə qoymamağı xahiş etdim. 10 gündən sonra Bakıya çağırtdırdı. Köməkçisi onun istəyini çatdırdı, Heydər Əliyev məndən icra başçısı postuna namizəd verməyimi istəyirdi. 5 nəfərin namizədliyini verdim. Bircə Azay Abiyev uyğun gəldi. Razılaşdılar və onun sənədi təsdiqləndi. Bir müddətdən sonra məni deputatlığa namizəd olmağım üçün çağırtdırdı. Deputat olmaq istəmədiyimi bildirdim. Nə qədər bəhanə gətirsəm də, nəhayət Heydər Əliyevin xahişinə cavab olaraq dedim: “Heydər Əliyev, siz bizi ailəliklə Sibirə də göndərsəniz gedərik”. Beləliklə, 1995-ci ildə deputat seçildim.



Namidə BİNGÖL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstan Patriarxlığından sərhəd açıqlaması 24 May 2019, 01:12 Dünyanın rəqəmsal baxımdan ən inkişaf etmiş ölkəsi seçildi 24 May 2019, 00:36 Fuad Abbasov azadlığa buraxılıb - İddia 24 May 2019, 00:18 Mehriban Əliyeva iftar mərasimində - FOTOLAR 23 May 2019, 23:57 Tovuzda gənc qadın qonşusu tərəfindən döyüldü 23 May 2019, 23:40 “Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq” - İlham Əliyev 23 May 2019, 23:19 Kürdəmirdə 5 yeniyetməni it dişlədi 23 May 2019, 23:06 Yerə metereoid düşdü - VİDEO 23 May 2019, 22:53 İsraildə güclü meşə yanğınları 23 May 2019, 22:30 Məktəblər arasında respublika çempionatı başladı 23 May 2019, 22:14 Zelenski Rusiya ilə danışığa getmir 23 May 2019, 21:57 Kriminal avtoritet saxlanıldı 23 May 2019, 21:43 Güclü zəlzələ Fransanı silkələdi 23 May 2019, 21:27 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Vahid Naxış  yenidən “ANS”də  - FOTO   23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47