Modern.az

Cənubi Qafqaz İttifaqı, Ermənistan narahatdır - TƏHLİL

Cənubi Qafqaz İttifaqı, Ermənistan narahatdır - TƏHLİL

10 Dekabr 2014, 12:51


Bu gün Türkiyənin Qars şəhərində Türkiyə, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüşdə tərəflər iqtisadi və siyasi əməkdaşlıq münasibətlərini müzakirə edəcəklər.

Qeyd etmək lazımdır ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında son illər prezidentlər, parlamentlər, baş nazirlər, xarici işlər nazirləri və s. formatlarda üçtərəfli görüşlərin keçirilməsi bir növ ənənə halını alıb.

Siyasi ekspertlər hətta bunu “Cənubi Qafqaz İttifaqı”nın yaranması kimi analiz edirlər. 

2007-c i ilin əvvəllərində Gürcüstana səfər edən Azərbaycan prezidenti İlham Əliyev gürcüstanlı həmkarı Mixail Saakaşvili və Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanla görüş keçirdikdən sonra bu “üçlü” ittifaq formalaşdırmış oldu.

Həmin vaxt regional siyasətlə bağlı bir sıra ortaq sənədlər qəbul olundu.

Ardınca 2012-ci ilin iyununda “Trabzon bəyannamə”si və 2013-cü ilin martında dövlət başçılarının növbəti üçtərəfli görüşü keçirildi.

Bu görüşlər nəticəsində ittifaqın ayaq açıb yeriməyə başladığı son 7 il ərzində birliyin gələcək konturları görünməyə başladı.

Tbilisi, Ankara və Bakı regional geosiyasi və iqtisadi fəaliyyəti koordinə olunmuş şəkildə aparmağa start verdilər.

BMT Baş Məclisi, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq qurumlarda vahid platformalarda çıxış etməyə başladılar.

Separatizmdən əziyyət çəkən Gürcüstan və Azərbaycan biri-birinin ərazi bütövlüyünü hər bir görüşdə rəsmən dəstəklədi.

Bu isə ilk növbədə Ermənistanı rahatsız etməyə başladı.

Bir növ İran və Rusiya ilə Cənubi Qafqazda alternativ siyasi-iqtisadi blok yaradan Ermənistan regionda müşahidə olunan yaxınlşamaya qısqanclıqla yanaşırdı.

Xüsusən, 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsindən sonra Ermənistan qonşu dövlətlər tərəfindən təkləndiyini hiss etdi. Çünki daim başının üzərində dayanan Rusiya müharibə nəticəsində Gürcüstandakı bütün təsir imkanlarını itirdi və regional lider roluna Türkiyə çıxdı.

Təsadüfi deyil ki, Gürcüstanın 2011-ci ildə qəbul etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında Türkiyə regional lider və ölkənin hərbi-siyasi, sosial-iqtisadi həyatında əsas strateji tərəfdaşı kimi təqdim olunub.

Sənəddə Azərbaycan da strateji müttəfiq kimi təqdim olunub. Milli Təhlükəsizlik Konsepsiyasının Ermənistanla bağlı hissəsində isə “strateji” sözündən istifadə olunmayıb.

Gürcüstanın Azərbaycan və Türkiyə ilə sıx münasibətlərinin daha bir göstəricisi isə ölkə prezidentlərinin ilk səfərlərini məhz bu iki ölkəyə etməsidir.

İstər Mixail Saakaşvili, istərsə də Georgi Marqvelaşvili ilk xarici səfərlərini mütəlq Ankaradan başlayıb, Bakı ilə davam etdiriblər.

Separatizmə qarşı siyasi cəbhədə vahid konsepsiya nümayiş etdirən Azərbaycan, Türkiyə və Gürcüstan bir çox ortaq regional iqtisadi layihələr üzərində də çalışırlar.

İlk növbədə bu, Bakı-Axalkalaki-Qars dəmiryolu xətti ilə bağlıdır. İstifadəyə verilmə tarixi bir neçə ildir ki, təxirə salınan layihə Azərbacyan və Gürcüstan nəqliyyat sistemini Türkiyə vasitəsilə Avropaya birləşdirəcək önəmli bir projedir.

Digər bir nəhəng layihə isə TAPTANAP-dır. Azərbacyanın “Şahdəniz-2” qaz yatağaından Türkiyə vasitəsilə Cənubi Avropa ölkələrini qazla təmin etməyi nəzərətə tutan bu proje hər üç ölkəyə böyük iqtisadi dividendlər vəd edir.

İqitsadi əməkdaşlığın digər nümunəsi olaraq Türkiyə və Azərbaycanın Gürcüstanın ən böyük iqtisadi tərəfdaşları olmasıdır. Bu üç ölkə arasında mövcud olan ittifaq gələcəkdə hərbi sahədə də müəyyən birliyin yaranmasına gətirib çıxara bilər.

Təsadüfi deyil ki. 2014-cü ilin avqustunda Bakıda üç dövlətin müdafiə nazirləri səviyyəsində görüşlər keçirildi.

Ancaq regionda baş verənlərdən qıraqda qalmaq istəməyən İran, Rusiya və onların bölgədəki oyunçusu Ermənistan baş verənləri müşahidə etməklə kifayətlənmirlər.

2013-cü ildə Saakaşvili hakimiyyətinin əvəzlənməsi zamanı Rusiyanı Ermənistanla birləşdirəcək Abxaziya dəmir yolu xəttini yenidən gündəmə gətirilməsi məhz bu siyasətə xidmət edirdi.

Gürcüstanla Abxaziya arasında münasibətləri bərpa edəcək bu layihə Rusiya üçün regionda təsirini bərpa etmək məqsədini güdürdü. Bununla Kreml həm Gürcüstanın Azərbaycan-Türkiyə tandemindən çox asılı olan iqtisadiyyatına təsir rıçaqları əldə etmək, həm də nəqliyyat dəhzli hesabına öz forpostu Ermənistanı iqtisadi blokadadan çıxarmağı planlayırdı.

Təbii ki, öz işğalçı siyasəti nəticəsində bütün regional layihələrdən kənarda qalan Ermənistanın bundan faydalanması Azərbaycan Respublikasının regional siyasəti xəttinə zidd idi.

Məhz buna görə Azərbaycan və Türkiyənin təkidi ilə Gürcüstan Rusiyanın təklifinə mənfi cavab vermişdi. Lakin Rusiya hətta prezident Putinin dili ilə belə, israrla Abxaziya dəmir yolu xəttini reanimasiya etməyi planlaşdırır.

Bütün kənar təsirlərə baxmayaraq Azərbaycan, Türkiyə və Gürcüstan arasında iqtisadi-siyasi münasibətlər sürətlə inkişaf edir.

Və bu qarşılıqlı inteqrasiya templərinin qalması halında yeni regional blokun yaranması günü çox uzaqda olmayacaq. Bu əsnada Qarsda hər üç ölkənin xarici işlər nazirlərinin görüşü gələcək perspektiv üçün maraq kəsb edir. 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?