Modern.az

AYB-nin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu: “Buradakı imkanlı soydaşlarımızla ünsiyyət qurmaq çətindir”

AYB-nin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu: “Buradakı imkanlı soydaşlarımızla ünsiyyət qurmaq çətindir”

7 Oktyabr 2009, 12:08

Azərbaycan Yazıçılar Birliyi (AYB) Moskva bölməsinin katibi, şair Nəsib Nəbioğlu ədəbiyyatımızın Rusiyada tanınmış nümayəndələrindəndir. N.Nəbioğlu geniş ictimai fəaliyyətlə də məşğuldur. O, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Mərkəzi Şurasının, “Ocaq” Mədəniyyət Cəmiyyətinin İdarə Heyətinin üzvüdür, Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin qorunub saxlanmasına və inkişafına böyük önəm verir. N.Nəbioğlunun təşəbbüsü və rəhbərliyi ilə Moskvada həm Azərbaycanın, həm də Rusiyanın ədəbiyyat tarixinə düşmüş yazıçı və şairlərin ad günləri və yubileyləri keçirilir. Tanınmış şair Modern.az-ın suallarını cavablandırıb. -Nəsib müəllim sizi salamlayırıq! -Mən də sizi salamlayıram! Modern.az-ın kollektivini saytın fəaliyyətə başlaması münasibətiylə təbrik edirım. İnanıram ki, Azərbaycan gerçəkliklərinin işıqlandırılmasına öz töhfənizi verəcəksiniz.  Tariximizin bu çətin dönəmində, Qarabağ yükü kimi problemimizin həllinin tapılmadığı ,milli mənəviyyatımızın cılızlaşdığı bir zamanda jurnalist kimi sizin də üzərinizə böyük məsuliyyəıt düşür. - Bizə Moskvada yaşayan soydaşlarımızla bağlı olan yeniliklərdən  xəbər verin, son günlərdə hansı tədbirləriniz olub? - Sentyabrın 26-da Moskvada tanınmış yazıçımız Əbdül Hüseynovun «İslam dünyasının cəngəvəri»  adlı romanının  təqdimatını keçirdik. Tədbiri məşhur yazıçımız Çingiz Hüseynov aparırdı. Bu Əbdül Hüseynovun sayca 10-cu romanıdır. Əbdül Hüsenov əsərlərini rus dilində yazdığından ola bilsin ki, Azərbaycan oxucularına bir o qədər tanış deyil.  Rus dilində yazmağına baxmayaraq onun bütün əsərlərinin demək olar ki, mövsuzu Azərbaycanla, Şərqlə, İslam tarixi və mədəniyyətilə bağlıdır. O, «İslam dünyasının cəngavəri» romanını böyük ərəb sərkərdəsi, səlib yürüşlərinin qarşısını almağa müvəffəq olmuş,  dövrünün ağıllı, ədalətli, müdrik adamı, İslamın süqutuna yol verməyən  Səlahəddin Əyyubinin  ömür yoluna, həyatına  həsr edib. Təqdimatda mənimlə yanaşı, islamşünas alim, professor Qasım Kərimov, professor Sabir Həbibov, AYB üzvü Rafiq Qafarov, jurnalist Əliş Əvəz, ÜAK -nin əməkdaşı Manaf Ağayev və başqaları çıxış etdilər. - Yəqin yeni tədbirlər də planlaşdırırsınız. - Əlbəttə, bu il AYB-nin 75 yaşı tamam olur. Bununla bağlı Prezidentimizin xüsusi sərancamı da var. Yazıçılar Birliyi, onun rəhbərliyi bu yübileyi geniş formatda keçirməyi qərara alıb. Yübiley tədbirinin həm Rusiyada, həm də başqa yerlərdə  keçirilməsi dı nəzərdə tutulub. Birliyin Moskva bölməsi olaraq bu yübiley tədbirinin layiqincə keçirilməsinə hazırlaşırıq. Tədbir oktyabrın 22-də Moskvada Millətlər Evinin böyük zalında keçiriləcək. Mərasimə qatılmaq üçün AYB sədri, xalq yazıçısı Anar da Moskvaya gələcək.  Moskvadakı bütün yaradıcı təşkilatlarının, hazırda fəaliyyət göstərən 4 Yazıçılar ittifaqının rəhbərlərini dəvət edəcəyik. Azərbaycanla sıx dostluq, yaradıcılıq əlaqəsi saxlayan rus şair və yazıçıları, tərcüməçiləri də dəvətlilər sırasında olacaq. Bununla yanaşı, Moskvadakı Azərbaycan cəmiyyətlərini, Moskvada yaşayıb,yazıb-yaradan ziyalılarımızı, elm adamlarımızı dəvət etməyi də qərara almışıq. Həmin gün bölməmizin üzvləri olan şair və yazıçıların Moskvada çap olunmuş kitablarının sərgisi  keçiriləcək, tədbir iştirakçılarına həmin kitablardan hədiyə veriləcək. Tədbirimizin maraqlı keçməsi üçün bir neçə müsiqi nömrəsini də proqramımıza daxil etmişik. Planımızda başqa tədbirlər də var. «Ocaq» Cəmiyyətinin ilk idarə heyyətinin üzvüləri olmuş, lakin vaxtsız dünyalarını dəyişmiş iki həmyerlimizin-İranşünas alim, professor Saleh Əliyevin və Burdenko adına Neyrocərrahiyə İnstitunun professoru Svetlana Qasımovanın anım gecələrini keçirəcəyik. Onların Azərbaycan diasporunun yaranmasında və inkişafında böyük  rolu olub. - Moskvada çox samballı azərbaycanlı iş adamları, milyonçuları var. Bu və ya digər tədbirlərinizin həyata keçirilməsində onlardan dəstək görürsünüzmü? - Çox maraqlı sualdır. Maddi imkanı çox geniş olan həmin azərbaycanlıların bizim ziyalıları, şair və yazıçılarımızı yaxından tanıdıqlarına şübhə edirəm. Ola bilsin ki, özlərinin tanıdıqları  kimlərsə var. Amma AYB-nin Moskva bölməsinə dəstək verən, üzvlərimizin kitablarının nəşrinə kömək edən imkanlı soydaşlarımız azdı. Mən iki iş adamının adını çəkmək istəyirəm, Hacı Mirəşrəf Fətiyev və Əzim Bağırov. Bu şəxslər bizim bir sıra tədbirimizin keçirilməsinə, kitablarımızın çap olunmasına yardım ediblər. Bunu onlar könüllü olaraq həyata keçiriblər. Biz onlara müraciət etməmişik. Ümumiyyətlə, iş adamları olan imkanlı soydaşlarımızla ünsiyyət qurmaq, görüşmək çətindir.  Əbdül Hüseynov «Yüz məşhur azərbaycanlı» kitabını nəşr etdirəndə bahalı ensiklopedik lüğətlərini, vaxtilə İranın dövlət xadimi tərəfindən ona verilən «servizi» satmalı oldu. Sonralar Əbdül müəllim mənə deyirdi ki, çay “servizi”ni satdığıma görə arvadı onunla  yarım il danışmayıb. Zəngin iş adamlarımızdan biri Əbdül Hüseynovun kitabının nəşrinə kömək etsəydi belə olmazdı. Bəstəkar Asya Sultanova əsərləri itib-batmasın deyə, onları bir diskə yazdırmaq üçün ata-anasının ona verdiyi gümüş çəngəl-bıçaqları, qaşıqları, özünün qızıl üzüklərini satıb. - Bu günlərdə Moskvada yaşayan Səadət Qədirova adlı politoloq internet qəzetlərin birində Moskvada fəaliyyət göstərən Milli Mədəni Müxtariyyətin- «Azərrosun», ÜAK-nin, «Ocaq»ın fəaliyyətini tənqid edib, onları Azərbaycan üçün ciddi iş görməməkdə qınayıb. - Səadət Qədirovanın dedikləri həqiqətə uyğun deyil. O, haqsız olaraq belə fikir irəli sürür. Moskvadakı Azərbaycan cəmiyyətləri müəyyən işlər görürlər. Ola bilsin ki, bu təşkilatların işlərində bəzi çatışmazlıqlar var. Azərbaycan Milli Mədəni Muxtariyyəti  neçə illərdir fəaliyyət göstərir. Ən azı «Azərros» qəzetini buraxır, müxtəlif tədbilər keçirir. ÜA K «Azərbaycan Konqresi» qəzetini  buraxır. Səadət Qədirova «Ocaq»ın tədbirlərində iştirak etmir. İştirak etsəydi bilərdi ki, cəmiyyət 330-dan çox irili-xırdalı təbir keçirib. Heç olmasa «Ocaq»ın 20 illik fəaliyyəti haqqında çap etdirdiyimiz «Moskvada Azərbaycan ocağı» kitabını oxuyaydı. Moskvada 157 saylı Azərbaycan təmayüllü məktəbin açılması və fəaliyyət göstərməsi məhz «Ocaq» cəmiyyətinin, onun sədri Tofik Məliklinin zəhməti sayəsində mümkün olub. Bütün mili və dini bayramlarımızı 20 Yanvar, Xocalı faciəsinin, 31 mart soyqırımının ildönümlərini, istiqlal günümüzü mütəmadi olaraq qeyd edirik. Bu tədbirlərimizi həyata keçirəndə imkanlı soydaşlarımızdan yardım gprmürük. Səadət Qədirova «YABLOKO» partiyasında çalışmağıyla Azərbaycana hansı xeyri verib? 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...