Modern.az

“Rusiyadan hər zaman hər şey gözləmək mümkündür”

“Rusiyadan hər zaman hər şey gözləmək mümkündür”

12 Dekabr 2014, 12:43

Vahid Əhmədov: “Xaricdən Azərbaycana daxil olan hər bir maliyyənin mənbəyi, hara xərclənməsi bilinməlidir”


Neftin dünya bazarında ucuzlaşması iqtisadiyyatının əsasını neft gəlirləri təşkil edən Azərbaycana da öz təsirini göstərməkdədir. Üstəlik, bu ilin son ayında bahalaşmanın artan xətt üzrə getməsi hər bir Azərbaycan vətəndaşının da yaşayışına təsir etməkdədir.

Bəs, 2015-ci ildə bizi nələr gözləyir? Baş nazirin keçmiş birinci müavini, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bu və digər məsələlərlə bağlı “Yeni Müsavat” qəzetinin əməkdaşına müsahibəsində danışıb. Modern.az həmin müsahibəni təqdim edir.

- Büdcəsinin əsasını neft gəlirləri təşkil edən Azərbaycan üçün indiki situasiya nə vəd edir?

- Neftin qiymətinin kəskin aşağı düşməsi, əlbəttə, neft ixracatçısı olan ölkələr üçün müsbət heç nə vəd etmir. Azərbaycan da neft ixrac edən ölkə olduğu üçün bu vəziyyət ölkə iqtisadiyyatına müəyyən təsir göstərəcək. Düzdür, Azərbaycanın 2015-ci il üçün qəbul edilən dövlət büdcəsində birbaşa neftdən gələn gəlirlərin payı yüksək deyil. Çünki gələn il büdcəyə təxminən 2 milyard manata yaxın neft gəlirləri təsir edəcək ki, bu da dövlət büdcəsinin 11 faizini təşkil edir. Neftin qiymətinin dəyişən hər 10 dollarına görə büdcəyə təxminən 50 milyon manat təsir etməsi deməkdir. Üst-üstə 250 milyonluq kəsir yarana bilər. Yəni bu, çox böyük rəqəm deyil. Biz Dövlət Neft Fondundan büdcəyə 10,3 milyard manat transfert edirik, təxminən büdcənin 50 faizdən çoxu deməkdir. Ona görə də ucuzlaşmanın büdcəyə ciddi təsiri gözlənilmir. Amma ümumi götürəndə Azərbaycan iqtisadiyyatına təsir edəcək. Çünki neftdən gələn gəlirlər Neft Fonduna yığılaraq istifadə edilir. Bizim büdcəmiz neftdən çox ciddi asılı olmasa da, ölkə iqtisadiyyatının inkişafı neftdən asılıdır, ixracatımızın əsas hissəsini neft təşkil edir. Mənim proqnozuma görə, 2015-ci ilin birinci yarısında da neftin qiymətində enmə prosesi davam edəcək. Ona görə də büdcə müzakirələrində neftin qiymətini büdcədə aşağı götürməyi təklif etmişdim ki, problemlər yaranmaması üçün xərc hissəsini müəyyən qədər azaldaq. Büdcədə neftin qiymətini 70-80 dollar da götürmək olardı. Bu zaman ola bilər ki, 750 milyon manat xərcdə azalmalar baş verərdi. 

- Real durumu nəzərə alıb 2015-ci ildə hansı layihələrin icrasından imtina etmək olar ki, böhran ölkəyə ciddi təsir göstərməsin?

- Büdcədə 7 milyard manata yaxın investisiya layihələri nəzərdə tutulub, ona müəyyən qədər baxmaq olardı. Düzdür, əsas layihələrə toxunmaq olmaz. Məsələn, 1,3 milyard manat Avropa Oyunları əlaqədardır, bu layihə mütləq icra olunmalıdır. Azərbaycanın tanınması üçün bu layihənin çox böyük əhəmiyyəti var. TANAP, TAP layihəsi üçün 980 milyon manat vəsait ayrılıb, bu da lazımdır. Qazın ixracı baxımından bu kəmərin çox böyük siyasi və iqtisadi əhəmiyyəti var. Digər layihələrə isə yenidən baxmaq olardı, amma hökumət hesab edir ki, neftin qiyməti 90 dollardan aşağı olmasın. Neftin qiymətinin aşağı düşməsi ABŞ və Səudiyyə Ərəbistanı arasında danışıqlar əsasında baş verir.

Amma Səudiyyə Ərəbistanı onu da başa düşür ki, neftin qiymətini aşağı salmaq da olmaz, çünki xərclərini ödəmək imkanı olmayacaq, neftdən əsas gəlir götürən dövlətlərdəndir. Fikir verdinizsə, OPEK sutkalıq istehsalı təxminən 30 milyon barel səviyyəsində saxladı, yəni ciddi dəyişiklik etmədi. Mən hesab edirəm ki, neftin qiyməti təxminən 80 dollar səviyyəsində olacaq. Ancaq 2015-ci ilin ikinci yarısından qiymətdə artım ola bilər. Neft qiymətlərinin enməsi, məncə, Rusiyaya təzyiqlərdən ötrüdür. İstəyirlər ki, Ukrayna məsələsində Rusiya geri çəkilsin.  

- İndiki situasiyada Rusiya-Türkiyə yaxınlaşmasını necə dəyərləndirirsiniz?

- Mən bir dəfə də demişəm, Azərbaycan TANAP, TAP layihələrini imzalayanda Rusiyanın qaz ixrac etdiyi bölgəyə toxunulmadı. Amma birdən-birə Rusiya qazının Türkiyə vasitəsilə Avropaya çıxarılması gözlənilən addım deyildi. Rusiyanın başqa yolu da yox idi. Çünki artıq Bolqarıstan Rusiya qazının ixracına razılıq verməmişdi, ona görə də Rusiya belə bir addım atdı. Ümumiyyətlə, son vaxtlar Türkiyənin  atdığı addımlar siyasi cəhətdən diqqətçəkəndir. Çünki Türkiyə bir tərəfdən NATO ilə müttəfiqdir, siyasi cəhətdən də Amerika və Avropa dövlətləri ilə sıx əlaqələrə malikdir. Faktiki olaraq Türkiyənin bütün texnologiyası Avropadan gətirilib. Düzdür, Avropa İttifaqı Türkiyəni yaxın buraxmır, Avropa Birliyinə qəbul olunmasına razılıq vermir, müəyyən şərtlər qoyur. Amma Türkiyə son vaxtlar dünya arenasında öz sözünü deyən dövlətlər sırasına daxil olmaq, sərbəst siyasət yürütmək istəyir. Rusiya ilə qaz müqaviləsinin imzalanması da bundan xəbər verir. Avropa və Amerika da başa düşür ki, Türkiyə artıq bölgədə güclü və sözünü deyən dövlətlərdən biridir, onunla hesablaşmaq lazımdır. Digər tərəfdən, hesab etmirəm ki, Türkiyə Avropa və Amerikanın mövqeyinə ziyan gətirə biləcək addımları atmaq imkanına malikdir.

- Ankara və Moskva arasındakı anlaşmanın Azərbaycan üçün mənfi tərəfləri varmı?

- Azərbaycan öz qazını ixrac edəcək, burda ciddi problem olan deyil. Bizim ölkədə haradasa 15-20 milyard kubmetr qaz ixracından söhbət gedir. Amma Avropanın tələbatı həddən artıq böyükdür. Ona görə də bu anlaşma TAP, TANAP layihəsinə ciddi problem yaratmayacaq. Hətta ola bilər ki, bu layihə ilə biz Türkmənistan, hətta İran qazının müəyyən hissəsini Avropaya ixrac etmək imkanı qazanaq. Bu, siyasi və iqtisadi cəhətdən “Əsrin kontraktı”na bərabər bir layihədir.  

- Bu gün Azərbaycanın demək olar bütün qonşularında milli valyuta dəyərdən düşməkdədir. Yaxın dövr üçün Azərbaycan manatının taleyini necə görürsünüz?  

- Son vaxtlar Rusiyaya qarşı qəbul olunan embarqolar bütün qonşu dövlətlərə təsir edir. Rusiyada azərbaycanlıların da sayı çoxdur, hesablamalarımıza görə, onlar hər il Azərbaycana 2 milyard rubla yaxın vəsait göndərirlər. İndi isə rubl 1,8 dəfə ucuzlaşıb. Bu ucuzlaşma həmin insanların da əmək haqqına təsir edib, ölkədə yüksək inflyasiya yaradıb. Yəni azərbaycanlılar üçün də çox ciddi problemlər yaranıb. İkinci tərəfdən, biz Rusiyadan müəyyən məhsullar idxal edirik, bu sahədə də müəyyən problemlər yarana bilər. Həmçinin dolların rubla dəyişdirilməsində də ciddi problemlərin yaranması realdır. Düzdür, iqtisadi cəhətdən qiymətlərdə enmələr baş verməlidir. Amma hələlik bunu hiss etmirik, hətta bəzi məhsulların qiyməti qalxır. Azərbaycan manatı isə öz məzənnəsini 2015-ci ildə də qoruyub saxlayacaq. Manatın səviyyəsinin saxlanılması əhali və iqtisadiyyat üçün çox vacibdir.

- Bəlkə indiki ucuzlaşma zamanında neftin istehsalını azaltmaq daha düzgün qərar olardı, necə bilirsiniz?

- Bəzi dövlətlər neftin qiyməti aşağı düşəndə konservansiya edirlər, hasilatı azaldırlar, yalnız əsas xərclər üçün hasilatı saxlayırlar. Yəqin Azərbaycan hökuməti bu barədə də düşünür. Dövlət başçısı Rusiya telekanalına müsahibəsində də dedi ki, neftin qiymətinin aşağı düşməsi ilə bağlı bir neçə variantımız var. Bu variantlardan biri də sizin dediyinizdir, yəni qiymət kəskin şəkildə aşağı düşsə, istehsalı azaltmaq olar. Amma 2015-ci ildə Azərbaycanın iqtisadi həyatında elə bir ciddi problem olmayacaq.

- Dünya reallıqlarında siyasi münasibətlərin iqtisadiyyata nə dərəcədə ciddi təsir göstərdiyinin şahidiyik. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsində də xeyli tənqidi notlar var idi. Bu münasibətlər Azərbaycan üçün nə deməkdir?

- Ramiz Mehdiyevin məqaləsini oxumuşam. Bundan əvvəlki yazısını da oxumuşdum. Onun yazısı reallıqları tam əks etdirir. Orda Amerika-Azərbaycan münasibətlərinə toxunulur, müəyyən problemlərin olduğu qeyd edilir. Amma mən hesab etmirəm ki, strateji perspektivdə bu münasibətlər ciddi bir gərginliyə gətirib çıxartsın. Çünki faktiki olaraq Azərbaycan Amerikanın istədiyi bütün enerjidaşıyıcıları ilə bağlı məsələləri həll edib. ABŞ-ın əsas tələb etdiyi vətəndaş cəmiyyəti ilə əlaqədar məsələlərdir. Mən QHT-lərlə bağlı bir məqama toxunum. Milli Məclisdə son vaxtlar prezidentin təklifi əsasında QHT-lərlə əlaqədar bir sıra qanunlara dəyişiklik etmişik. Biz 23 ildir müstəqil dövlətik və istəyirik ki, müstəqilliyimiz əbədi, daimi olsun.

Bunun üçün daxilimizdə bir sıra məsələləri həll etməliyik. Mən Milli Məclisdəki həmin müzakirələrdə çıxış etdim və qanunu müdafiə etdim. Azərbaycana daxil olan hər bir maliyyənin mənbəyi, hara xərclənməsi bilinməlidir. Yox, əgər o maliyyənin hardan gəldiyi, hara getdiyi, hara xərclənməsi bilinmirsə, o maliyyə istənilən məqsədlər üçün istifadə oluna bilər. Son vaxtların hadisələri bunu bir daha sübut edir. Azərbaycanda da marağı olan dövlətlər çoxdur, bura maliyyə ayırır, müəyyən insanlarla danışıqlar aparırlar. İndi xarici dövlətlərin agentləri olanlar haqda söhbətlər gedir. Tarix boyu belə hallar olub.

İstənilən xarici dövlət digər dövlətdə maraqlarını qorumaq üçün müəyyən insanlarla işlər aparıblar, maliyyə xərcləyiblər. Ona görə də bizim qəbul etdiyimiz qanunlar tamamilə təqdirəlayiqdir. Biz istəyirik ki, Azərbaycana daxil olan valyuta, maliyyə yardımları aşkarlıq, şəffaflıq prinsip ilə xərclənsin. Ədliyyə, ya Daxili İşlər nazirlikləri, digər orqanlar bilsin ki, bu maliyyə hara xərclənir və hesabat tələb olunsun. Heç kim demir ki, ABŞ burda QHT-yə yardım eləməsin.

Gəlsin, nə qədər istəyir, 1, 2, yaxud 5 milyon yardım eləsin. Amma bu fəaliyyət şəffaf olsun, cəmiyyət də, hökumət də bilsin ki, maliyyə hara xərclənəcək. Bu maliyyə dövlətin, millətin, vətəndaş cəmiyyətinin inkişafı üçün xərclənirsə, burda problem yoxdur. Ramiz müəllim də bu məsələyə toxunub.

- İndiki situasiyada Rusiya ilə yumşalan münasibətlərin fonunda Azərbaycanla ABŞ arasında gərginliklərin yaşanması diqqət və fərqli yozumlar doğurur...

- 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal etdi, heç bir müqavimət görmədi. 2014-cü ildə Ukraynaya müdaxilə edib Krımı ilhaq elədi, yenə problemlə üzləşmədi. İndi də Donetsk və Luqanskda gərginliklər davam edir. Yəni Rusiya nüvə dövlətidir, üstəlik, qonşumuzdur. Mən həmişə demişəm ki, bu dövlətlə ehtiyatla dolanmaq lazımdır. Elə etmək lazımdır ki, bizim Rusiya ilə iqtisadi, siyasi, humanitar, mədəni əlaqələrimiz yüksək səviyyədə olsun, aramızda heç bir problem olmasın. Bu problemlərin də olmaması üçün onlarla çox ciddi işləməliyik. O cümlədən biz də öz maraqlarımızı Rusiyada qoruyub-saxlamalıyıq, insanlarımızın maraqlarını müdafiə etməliyik. Amma Rusiya elə bir dövlətdir ki, ondan istənilən vaxt hər şey gözləmək mümkündür, bu mənada öz ehtiyatımızı da əldən verməməliyik. Bu mənada təqdir olunandır ki, dövlət başçısı ordunun gücləndirilməsinə çox böyük diqqət yetirir. Həmçinin Azərbaycanda güclü vətəndaş cəmiyyətinin yaradılması vacibdir. Bunun üçün də ölkədə müəyyən demokratik prinsiplərlə bağlı məsələlər öz həllini tapmalıdır.

- İlin sonunda ölkə daxili məsələlərlə bağlı nə gözləyirsiniz? Gələn il ölkədə ciddi islahatlara başlanılacağı haqda proqnozları bölüşürsünüzmü?

- Güman edirəm ki, ilin sonu, yaxud gələn ilin əvvəllərində dövlət başçısı tərəfindən müəyyən addımlar atılacaq, müəyyən problemlər həllini tapacaq. Həm həbsdəki insanlar, həm də digər məsələlərlə əlaqədar addımların atılacağını gözləyirəm. Hesab edirəm ki, islahatlara getmək lazımdır. Həm normal vətəndaş cəmiyyətinin yaradılması, həm siyasi plüralizmin daha da genişlənməsi, ölkə iqtisadiyyatının inkişafı və Azərbaycanı xarici müdaxilələrdən qorumaq üçün belə addımlara böyük ehtiyac var. Bu mənada Ramiz Mehdiyevin qoyduğu prinsipial məsələlərin tamamilə düzgün olduğu qənaətindəyəm, bu məsələlər öz həllini tapmalıdır.

Bir vaxtlar dünya iki qütbdən ibarət idi. İndi SSRİ yoxdur, amma Amerikanın özündə də ciddi problemlər yaşanmaqdadır. ABŞ-da bir qaradərilinin öldürülməsi ilə əlaqədar çox ciddi hadisələr baş verir. Bu mənada hər şeyin ABŞ-dan idarə olunduğunu demək də düzgün deyil. Dünya düzənində ciddi təlatümlər yaşanır. Bu təlatümlərin necə bitəcəyini demək çətindir. Kim desə ki, bir həftə sonra heç nə baş verməyəcək, yanılır. Hesab edirəm ki, Azərbaycanın dövlət başçısının apardığı siyasət, Ramiz Mehdiyevin dediyi fikirlər tamamilə doğrudur. Özümüzü, dövlətimizin müstəqilliyini qoruyub saxlamaq üçün Avropanın, Amerikanın, həmçinin Rusiyanın səhvlərini də, onların bizə müsbət münasibətini də açıq deməliyik. Baxın, 2014-cü ildə Qarabağ məsələsində heç nə edə bilmədik. ABŞ, Rusiya, Fransa irəliləyişdən danışır. Əgər torpaq işğaldadırsa, nə irəliləyiş? Ancaq inanıram ki, 2015-ci il Azərbaycan üçün uğurlu olacaq...

Elşad PAŞASOY

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər