Modern.az

Türkiyə parlamentindən Modern.az-a AÇIQLAMA: “Fürsət verməliyik”

Türkiyə parlamentindən Modern.az-a AÇIQLAMA: “Fürsət verməliyik”

12 Dekabr 2014, 17:11

Türkiyə siyasi səhnəsindəki rəngarənglilikdə ideoloji təzahürləri qabarıq şəkildə müşahidə etmək olur. Türkiyədə istər hakim partiya,  istərsə də müxalif partiyalar ideoloji prinsiplər üzərində fəaliyyət göstərir və özlərinin mübarizələrini də bu kontekstdə aparırlar.

Türkiyədə sivil və demokratik təməllər üzərində siyasi mübarizə aparan partiyalar mövcud olsa da,  PKK terror təşkilatına meylli qüvvələr də az deyil.

Məsələn, HDP (Xalqların Demokratiya Partiyası) və BDP (Sülh və Demokratiya Partiyası)  kimi təşkilatların öz təməl prinsiplərini PKK-dan aldıqları məlumdur. Bu partiyaların PKK-nın həbsdə olan lideri Abdulla Öcalanla əlaqələrinin olduğu və onun iradəsi ilə addımlar atdığı iddia edilir.   Belə bir situasiyada Türkiyədə Kürdüstan Azadlıq Partiyası (PAK)  adlı yeni bir təşkilat qeydiyyatdan keçib. Partiyanın sədri isə Mustafa Özçelikdir.  

Məlum Kobani aksiyalarından sonra adında “Kürdüstan” sözü olan partiyanın fəaliyyətə başlaması rəsmi Ankara üçün hansısa yeni separatizm təhlükəsi yaradırmı?  

Mövzu barədə Modern.az saytına Türkiyə Böyük Millət Məclisinin (TBMM) Aparat rəhbəri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) aparıcı fiqurlarından biri Mustafa Kabakçı açıqlama verib.  

Türkiyə parlamentinin rəsmi nümayəndəsi bildirib ki, Türkiyə demokratik ölkədir və “Siyasi Partiyalar Haqqında” qanunun tələbləri çərçivəsində fəaliyyət göstərən hər bir partiyaya lazımi şərait yaradır. Mustafa Kabakçı vurğulayıb ki, özünün fəaliyyətində cinayət tərkibi olan və qeyri-qanuni addımlar atan istənilən partiya Türkiyə qanunları ilə cəzasını alacaq.   “Bu cür partiyaların cinayət əməli varsa, aidiyyatı qurumlar onu nəzarətə alır. Onlar qeyri-qanuni hər bir şeyin qarşısını alırlar”,-deyə Mustafa Kabakçı söyləyib.  

TBMM təmsilçisinin sözlərinə görə Türkiyə dövləti hüquq çərçivəsində fəaliyyət göstərəcək hər bir siyasi təşkilata fürsət verir.   “Qeyri-qanuni olmayan hər bir partiyaya fürsət verməliyik ki, özlərini göstərə bilsinlər və demokratik üsullarla mübarizələrini davam etdirsinlər”,-deyə Mustafa Kabakçı şərh edib.  

Aqşin Kərimov    


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi