Modern.az

Dədə Qorqudu düşünərkən - IV hissə

Dədə Qorqudu düşünərkən - IV hissə

Ədəbi̇yyat

13 Dekabr 2014, 00:06


1219-cu  ilin  yazında  Çingizxan  bu  böyük imperiyaya  hücum  edir. Və  tezliklə - cəmisi  bir  il, il  yarım  ərzində  o  boyda  imperatorluq  moğal  atlılarının   tapdağı  altında qalır. Buxara, Səmərqənd, Ürgənc  kimi  böyük  şəhərlər  dağıdılır, şahın  özü  isə  qorxusundan İran  tərəfə  qaçsa  da  onu  qovan  Subuday  bahadırla  Cebe  noyonun  əlindən  qurtara bilməyəcəyini  görüb  Xəzər  dənizindəki  bir  adada  gizlənir, orada  da  ölür. Beləcə, Türküstan yenə  də  türk  oğullarının, amma  bu  dəfə  qeyri-islami  türklərin  hökmü  altına  keçir. Moğallar  İç  Oğuza  -  “Üçok”lardan  törəyən  bu  insanlara  toxunmurlar;  moğal  şahzadələrinin  də sadaxlarında  / oxqabılarında /  yalnızca  üç  qırmızı  ox  olardı!  Digər  tərəfdən,  Çingizxan   imperiyasının  “Gökordu” adlanması  onların  Bozoklara - Oğuz  xanın  səma  qızından  olan oğullarından  törəyənlərə  də  yad  olmadıqlarının  göstəricisi  idi. / “Gök”  kəlməsi  ruscaya yanlışlıqla  göy  rəng  mənasında  “siniy”  deyə  tərcümə  olunmuşdur, əslində  isə  “gökordu”   səma  ordusu, göylər  ordusu  deməkdir /. Ölümündən  azca  əvvəl  Çingizxanın  oğullarına vəsiyyəti  də  Oğuz  xandan  bir  xatirə  idi;  xaqan  onlara  bir  ox  verərək  deyir  sındırın. Tək oxu  asanlıqla  sındırırlar. Sonra  isə  bir  dəstə  ox  verib  deyir  ki,  indi  də  bunu   sındırın. Təbii  ki  heç  birisi  onu  sındıra  bilmir. Və  xaqan  onda  vəsiyyət  edir ki, görürsünüzmü, təklikdə  sizi  asanlıqla  məhv  edə  bilərlər, amma  bu  oxlar  kimi  bir  yerdə  olsanız  heç  kimsə sizə  bata  bilməz. Oğuz  xan  bu  vəsiyyəti  həzrət  Nuhdan  sonrakı  ilkin  çağlarda  öz  altı  oğlu üçün  etmişdi, üstündən  nə  qədər  uzun  bir  müddət  keçmiş  olsa  da  moğallar  da  bunu unutmamışdılar. Ümumiyyətlə , qıpçaklardan  başqa  moğalların  nə  İç  Oğuz, nə  də  Dış  Oğuz türkləri  ilə  heç  bir  ədavətləri  yox  idi.  Xarəzm  imperiyasına  hücum  isə  Çingizxanın  böyük ticarət  karvanının  Otrarda  qəsb  edilməsi  və  450  tacirin  də  edam  olunması  səbəbindən  baş vermişdi. Qıpçaqlar  moğal  hücumlarına  davam  gətirə  bilməyərək  Xəzərin  şimalından  keçib Kiyev  Rusu  ilə  Qara  Dəniz  arasşndakı  əzəli  qıpçaq  çöllərinə - Dəşti  Qıpçağa  və  indi Tatarıstan, Başqırdıstan   adlanan  torpaqlara  qaçırlar. Digər  hissə  Xəzərin  cənubu  ilə  İran-İraq  yoluyla  Misirə  qədər  gedib  orada  hakimiyyəti  ələ  alırlar. Üstəlik,  həmin  bu  cənub yolu  ilə  çökmüş  Xarəzmin  soylu-köklü  türkimanları  da  elliklə  moğallardan  qaçaraq  iki  yüz  il  əvvəllərdən  Səlcuklu  türklərinin  köç  etdikləri  İraq  və  Anadolu  tərəflərə  pənah gətirirlər. İndi  diqqət  edin; onuncu  əsrin  sonlarında  Bizanslıları  Anadoludan  qovan türkimanlar  kimi  bu  türkimanlar  da  o  coğrafiyaya  xalq  yaddaşında  Dədə  Qorqud hekayələrini  gətirməmişlər. Bu  da  o  deməkdir  ki, dastandakı  hadisələr,  həqiqətən  də  , Xarəzmin  çökməsinə  qədər  də  mövcud  olmamışdı.

Çingizxan  1224-cü  ildə  Hindistana  yürüşünü  bərk  istilərə  görə  təxirə  salıb Hind-kuş  dağlarının  ətəklərindən  geriyə, moğal  çöllərinə  qayıdır. Xarəzmə  hücum  zamanı moğallar  əsasən  Türküstanın  Amudərya  ilə  Sırdərya  arasında  olan  hissəsini --- Mavəraünnəhri  tar-mar  edib  xarabazarlığa  çevirmişdilər. Amma,  dediyim  kimi, İç  Oğuza toxunulmamışdı,  İç Oğuz  bəyləri  yerlərində  idilər. Öz  ata-baba  yurdlarında, Altaydan  Aral gölünə  qədərki  torpaqlarda. Artıq  tabe  olduqları  Xarəzmşahlar  yox  edilmişdilər, o  şah nəslindən  bir  tək  sultan  Cəlaləddin  qalmışdı, o  da  Azərbaycanda  hökmranlıq edirdi. Çingizxan  isə  uzaqlarda, moğal  çöllərində  idi, Tanqut  padşahlığı  ilə  müharibəyə  hazırlaşırdı.

 Kalka  çayı  ətrafındakı  vuruşmada  Subuday  bahadırla  Cebe  noyonun  birləşmiş rus  qüvvələrini  ağır  və  biabırçı  məğlubiyyətə  uğratmalarını  bu  günə  qədər  də  heç  cür həzm  edə  bilməyən  bəzi  saxtakar  rus  tarixçilərinin  “qondarma”  əhvalatlarla  bu  utancın heyifini  o  məşhur  sərkərdələrdən  “çıxmaq”  istəmələri  boşuna  zəhmətdir;  güya  Xəzərin şimalı  ilə  Çingizxan  ordugahına  geri  döndüklərində  qəfildən  onların önünə Volqaboyu bulqarları çıxır  və  guya  o  bulqarlar  moğalları  ağır  məlubiyyətə  uğradırlar, Subuday bahadırın  özü  ağır  yaralanır, bir  gözünü  itirir. Kalka  vuruşmasından  utanmaq  lazım deyil, əsil  utanılası  şey  tarixi  saxtalaşdırmaqdır. Hamı  bilir  ki, moğallar  Volqaboyu  bulqarları  ilə  sonrakı  xaqan  Uqedey  xanın  zamanında  vuruşmuşlar; vuruşmuşlar  sözü  əslində  doğru səslənmir  o  savaş  üçün, çünki  moğallar  onları  böyük  bir  axınla  əzib  keçmişdilər, bir  zaman  onlardan  qaçan  qıpçaqlara  qucaq  açdıqları  üçün  qəzəblərindən, el  deyimi  ilə  desəm, “dədələrini  yandırmışdılar”. Subuday  bahadırın  ağır  yaralanması  və  sağ  gözünü  itirməsi  isə Xarəzm  savaşından  əvvəlki  Çin  savaşı  zamanı  olmuşdu.

 Saysız  döyüşlərdə  bərkdən-boşdan  çıxmış, yenilmək  nə  olduğunu  bilməyən  bu iki  məşhur  sərkərdənin  tümənləri  önündə  bulqarların  “qəfildən  peyda  olması”  məsələsinin  özü  belə  tənqidə  davamsızdır. Hər  bir  moğal  sərkərdəsi  hərbi  yürüş  zamanı  Çingizxanın əmrinə  diqqətlə  riayət  edirdi; qoşun  dayandıqda  da, hərəkət  etdikdə  də  çoxsaylı  kəşfiyyat dəstələri  qoşunu  üzük  kimi  əhatəyə  almalı  idi, həm  də  kəşfiyyatçılar  halqası  bir-birindən xeyli  aralı  üçqatlı  olmalı  idi. Bunlar  tümənbaşçılarının  görən  gözləri, eşidən  qulaqları idi. Yalnız  və  yalnız  onlara  istinad  edərək  moğallar  özləri  ya  düşmən  qoşunu  önündə  qəfildən peyda  olar, ya  da  hərəkət  marşrutlarını  dəyişərdilər. Bunları  deməkdə   məqsədim  odur  ki, nə  1223-cü  ildə  Subudayla  Cebe  Xəzərin  şimalı  ilə  Çingizxan  ordugahına  qayıtdıqları zaman, nə  onlardan  əvvəl, nə  də  onlardan  sonra  ta  1230-cu  illərin  birinci  yarısına  qədər  Aral  dənizi  ilə  Xəzər  dənizi  arasındakı  əarzilərdə  yaşayan  yerli  Dış  Oğuz  bəylərinin  sakit həyatını  moğallar  tərəfindən  pozan  olmamışdı. Çünki  Xarəzmin  çökməsindən  ta  Uqedey xanın  zamanında  moğalların  Volqaboyu  qıpçaqlarının  “dədələrini  yandırması”  üçün  bu  yerlərdən  keçib  getmələri  arasındakı  on  üç-on  beş  il  ərzində  Subudayla  Cebenin tümənlərindən  başqa  bu  həndəvərlərdə  bir  moğal  tüməni  belə  görünməmişdi. Məlum  olduğu  kimi  böyük  xaqan  Amudəryadan  o  yana, qərbə  keçmir, şahın  ardınca  sonbeşiyi  Tuli  xanı  yetmiş  minlik  qoşunla  Xorasana  göndərir. Xorasan  isə  Xəzərin  cənub tərəflərindədir.

Bax  məhz  həmin  bu  on  üç-on  beş  il  ərzində  İç  və  Dış  Oğuz  bəylərinin yenidən  birləşməsinə  tarixi  fürsət, Volqaboyu  qıpçaqlarının  talanları  burulğanına düşməmək, ayaqda  dura  bilmək, başsız  qalmamaq  üçün  tayfalar  birliyinə  əsaslanan  bir  dövlət qurmalarına  tarixi  zərurət  yaranır. Məhz  bu  zaman  İç  Oğuzun  Üçoklarından  on  iki tayfa, Dış  Oğuzun  Bozoklarından  da  on  iki  tayfa  Qam  Ğan  oğlu  Bayındır  xanın  bayrağı  altında birləşərək  iyirmi  dörd  tayfadan  ibarət  Oğuz  dövlətini  qururlar. Bu  köçərilər  dövlətinin mərkəzi  Altay  dağlarının  ətəklərində, Balxaş  gölünün  şərq  ucu  ilə  Altay  dağlarının arasındakı  yerdə  idi. Bayındır  xanın  böyük  xan  çadırı  da  burada   qurulardı.

 Deyə  bilərlər  İç  Oğuz  tayfaları  da  artıq  İslamı  qəbul  etmişdilərsə  niyə  adları ərəb  adları  deyildi?  Yaxşı  sualdır?  Amma , məsələn, Böyük  Səlcuklular  dövlətini  quran hökmdarın  adı  Toğrul  idi, yəni  əsl  türk  adı  idi, özü  müslim  deyildimi? Və  ya  onun  babası Arslan, Səlcukluların  son  sultanı  Səncər  müsliman  deyildilərmi?  Onların  adları  niyə  ərəb adlarından  deyildi?  Oğuzlarda  ad  insan  yetkinlik  yaşına  çatdıqdan  sonra  qəhrəmanlıq göstərərkən  verilirdi. Əlbəttə, hamı  qəhrəmanlıq  edə  bilməzdi, amma  bu o  demək  deyildi ki, qəhrəman  olamaynlar  ömürlük  adsız  qalırmışlar. Xeyr. Belələrinə  də həyatlarına, xarakterlərinə, ya  da , sadəcə , bədən  quruluşlarına  görə  müəyyən  ləqəblər  verilirdi  el tərəfindən, o  ləqəblə  də  adı  imiş  kimi  ölüncə  yaşayırdı. İslam  dinində  qınanan  ləqəb  adəti indiyədək  də  kənd  yerlərimizdə  yaşamaqdadır; hətta  çox  vaxt  öz  adı  ilə  tanınmayan  birisini  ləqəbini  söylərkən  dərhal  tanıyırlar; ”Hansı  Yarməmməd?  Eşşək  Yarməmməd?”, deyə  soruşana  “Yox, obiri, Malbaş  Yusifin  qardaşı, Qapıdiş”  deyən   kimi  o  adam   söhbətin  kimdən  getdiyini  o  saat  anlayır. İç Oğuzlar  İslamı  daha  yenicə  qəbul  etmişdilər, təbii ki, neçə  minilliklərdən  süzülüb  gələn  bir  çox  adətləri  qısa  bir  zamanda  yox  etmək  o  qədər  də  asan  məsələ  deyildi. Bu  günün  özündə  belə  kənd  yerlərimizdə  darvazalarının  üstündən qurumuş  öküz  kəlləsi, pas  atmış  at  nalı  asanlarımız, ziyarətgahlarımızdakı  ağacların  budaqlarına  əlvan  rəngli  bez  qırıqları  bağlayanlarımız, fala  baxdıranlarımız, dua-cadu yazdıranlarımız , boylu  olmaq  üçün  fındıq  topası  ətrafına  dönənlərimiz , köhnə  qəbirin  ayaq tərəfinə  paslı  mismar  basdıranlarımız  azmı  yəni? Baxmayaraq ki,  İslamı  qəbul  etməyimiz  minilliyi  aşıb  hələ  də  o  böyüklükdə  Allahı  qoyub  hansısa  dindarın  qəbrinə  əllərini, üzlərini  sürtüb  ölüdən  yardım  istəyənlərin  beyinlərində  bütpərəstlik  çağlarının  işartıları dolaşmaqda  deyilmi?  Elliklə  ərəb  adlarına  keçmək  üçün  müəyyən  bir  zamana  ehtiyac  var  idi. Əslində  oğlan  uşaqlarına  əski  türk  adətincə  yalnız  qəhrəmanlıq  göstərərkən  ad  vermək  adəti  məhz  həmin  dövrdə  Oğuzlara  hava  kimi, su  kimi  lazım  idi. Ox  atmağı, qılınc tutmağı, hünər  göstərməyi  bacaranlar  olmadan  bu  gənc  dövlətin  ayaqda  dura  bilməsi mümkünsüz  idi. Məclislər  gəzərək  yeni-yeni  qəhrəmanlara  ad  verən  xalq  aşıqları --- ozanlar   digər  adsız  yeniyetmələri  də  hünər  göstərməyə  ruhlandırmaqla  bərabər  qeyri-adi  igidlik göstərərək  xüsusilə  fərqlənənlər  haqqında  üstəlik  hekayələr  də  düzüb  qoşurdular. Dədə Qorqud  həmin  ozanlardan  birisi, həm  də  ən  yaşlısı  və  ən  hörmətlisi  idi./ həmin dövrdəmi, yoxsa  xalq  yaddaşındamı --- az  sonra deyəcəyəm /. Onu  qeybdən  xəbər  verən  şamanlarla  qarışdırmaq  olmaz. Ümumiyyətlə , dastanda  nə  xalq  arasında, nə  də  xanların  məclislərində  bir  şamana  belə  rast  gəlinmir. Əgər  Bayındır  xan  İslamı  qəbul  etmiş  olmasaydı  onun  yanında  Çingizxanın  yanındakı Gökçü  kimi  bir  baş  şaman  olmalı  idi. Həm  də  mütləq  olmalı  idi;  çünki  baş  şamanın  hökmdar  yanında  olması  onun  hakimiyyətinin  göylərdən  gəldiyinin  təsdiqi  idi. Hakimiyyətinin  Göy  Tanrıdan  gəldiyini  təsdiq  etməyən  hökmdarın  qanuniliyini  türk  dədələrimiz  heç  zaman  qəbul  etməmiş, beləsinə  boyun  əyməmişdilər. Çingizxanın  da hakimiyyətinin  Göy  Tanrıdan  gəldiyinə  xaqan  seçildiyi  qurultayda  baş  şaman  şahidlik  etmişdi, yəni  xaqan  onilliklər  boyunca  qolu  gücünə  qazandığı  hakimiyyətə  baş  şamanın  təsdiqi  ilə  qanunilik  statusu  verdirmişdi. / Xalqın  “qeybdən  xəbər  verən”  bu  adamlara  inamı  nə  qədər  güclü  imiş  ki, Çingizxan  kimi  qorxunc  bir  adamın  baş  şamanı  belə  bu  böyük  inamdan  çaşır, qurultaydan  sonrakı  ilk  vaxtlarda  hər  yerdə  danışırmış  ki, Temuçini  mən  xaqan  etmişəm, mənim  təsdiqim  olmasaydı  o,  xaqan  ola  bilməzdi, günün  birində  də  daha  da  irəli  gedərək  xaqanın  ögey  qardaşı  Xutuxu  noyonu  çadırına  çağırıb  önündə  diz  çökdürür. Qüruruna  toxunulmuş  Xutuxu  noyon  bunu  Çingizxana  söyləyəndə  xaqan  əvvəlcə  nə edəcəyini  bilmir, amma  ağıllı  arvadı  deyəndə  ki, o  qudurğan  Gökçü  sən  hələ  sağ  ikən  belə  edir, bir  gün  sən  olmasan  oğullarının  axırı  necə  olar, xaqan  anlayır  ki, Gökçü  cəzalanmalıdır. Amma  necə? Çox  götür-qoy  edəndən  sonra  “qoy  bu  təhqiri  qardaşım  ilə  Gökçünün  təkbətək, mərdanə  döyüşü  həll  etsin”, deyir. Diqqət  edin; hətta  qardaşının  təhqir  olunduğunu  bildikdə  belə  xaqan   baş  şamanı  edam  etdirməkdən  çəkinir, xalq  etiraz  edə  bilər  deyə. Amma  iki  kişinin  öz  şəxsi  münasibətlərini  aydınlaşdırmaq  üçün  təkbətək  döyüşünə  kim  nə  deyə  bilərdi?  Xutuxu  noyon  döyüşlərdə  bərkimiş  birisi  idi, təbii  ki, ilk  anlardanca  Gökçünü  öldürür, meyitini  isə  köpəklərə  tullayırlar. Yeni  baş  şamanı  isə  nə  qədər  desən  şamanlar  içindən  seçmək  olardı /..

 Amma  İç  Oğuzlar  artıq  islami  olduqlarına  görə  şamanlıqdan  uzaq  idilər, çünki  qeybin  açarları  yalnız  Allahın  əlindədir, gələcəkdən  xəbər  vermək  insanoğlunun  işi  deyildir.

  1235-ci il... Çingizxanın  nəvəsi  Batı  xan  babasının  vəsiyyət  etdiyi  şimal  torpaqlarını --- Rus  şəhərlərini   tutmaq  üçün  yürüşə  hazırlaşır. Atası  Cuçi  xan  öldürüldükdən  sonra  əsl  hərbçi  kimi  böyütmək  üçün  onu  qəyyumluğa  götürmüş  Subuday  bahadırla  indiki  Qazağıstanın  Sığınaq  şəhərinə  gəlir. Böyük  xaqan  Uqedey  xanın  əmrilə  bütün  digər  moğal  şahzadələri  də  tümənləri  ilə  birlikdə  bu  yürüşdə  Batı  xanın  ixtiyarına  verildiyi  üçün  hər  tərəfdən  moğal  qoşunları  dəstə-dəstə  oraya  toplaşır. Qısa  müddətdə  iyirmi  dörd  tayfanın  möhkəm  birliyinə  nail  olmuş  Oğuzlar  bu  yürüşdə  moğalların  müttəfiqinə  çevrilirlər; yürüş  üçün  moğal  qoşununu  onbaşısından  tümənbaşçısına  qədər  təşkil  edən  Subuday  bahadırın  əmrilə  İç Oğuz  igidlərinə  də  bu  yürüşdə  iştirak  etməyə icazə  verilir. Beş  min  nəfərdən  ibarət  olan  bu  igidlərin  başında... Bayındır  xan  dururdu! Bəli, bəli, Dədə  Qorqud  dastanından  tanıdığımız  həmin  o  xanlar  xanı, Qam  Ğan  oğlu  Bayındır xan. Subuday  bahadır  bu  beş  minlik  qoşunu  moğal  ordusunun  önünə  kəşfiyyat dəstəsi  kimi  təyin  edir.

Bu  yürüş  qısa  bir  zamanda  rus  torpaqlarının  fəthi  ilə  bitir. Əsas  rus  şəhərləri, o cümlədən  də  Moskva  yandırılıb  dağıdılır. Sit  şəhərində  rusların  son  və  qəti  hücum  üçün  toplaşmış   birləşmiş  qüvvələri  elə  acı  məğlubiyyətə  uğrayır  ki, bu  savaşdan  sonra  iki  yüz  ildən  də  artıq  müddətdə  bu  millət  ağır  moğal  boyunduruğundan  qurtula  bilmir. Batı  xan  yalnız  Aleksandr  adlı,  bığ  yerləri  yenicə  tərləyən, yeniyetmə   Novqorod  knyazına  ehtiram  göstərir;  digər  knyazlar  vətənin  müdafiəsinə  qalxdıqları  halda  bu  gənc, qədd-qamətli, yaraşıqlı  knyaz  özü  Batı  xanın  yanına  gələrək  onun  itaətinə  keçdiyini  bildirmişdi. Subuday bahadırın  ondan  xoşu  gəlməmişdi, ona  satqın, xain  kimi  baxırdı, öz  vətənlərinə  xain  çıxanların  isə  Çingizxandan  qalma  bir  tək  cəzası  vardı --- belini  qırıb  köpəklərə  atmaq!   Amma  Batı  xan  gənc  knyaza  çox  yaraşıqlı  olduğuna  görə  toxunmur;  əksinə, knyaz  isveç  və  alman  deyilən  tayfaların  onların  torpaqlarına  tez-tez  basqınlar  düzənlədiklərindən  şikayət  edib  ondan  yardım  istədikdə  Batı  xan  onun  ixtiyarına  moğal  tümənlərindən  birini  verir, o  da  bu  tümənlə  gedib  Neva  çayı  üzərində  isveç  tayfalarını  darmadağın  edib  elə  parlaq  qələbə  çalır  ki,  “ Nevski”  ləqəbi  ilə  rus  xalqının  böyük  milli  qəhrəmanı  kimi  tarixə  düşür.  Bunlar  danılmaz  faktdır,  əziz  oxucum, on  minlərlə  türk  oğlu  türk  Neva  çayı  üzərində  isveçliləri  darmadağın  edir, amma  bu  qələbə  qələmlərin  ucunda  rus  xalqının  möhtəşəm  qələbəsi  kimi  tarixə  soxuşdurulur. /  Baxın  görün  rus  tarixinə  görə  məsələ  necə  olub?  Olduğu  kimi  deyirəm: ” Aleksandr  Nevski  Rusiya  torpaqlarını  işğal  etmək  istəyən  isveç  və  alman  feodallarına  qarşı  mübarizədə  rus  qoşunlarına  başçılıq  etmişdir. 1240-cı  il iyulun  15-də  isveçliləri  Neva  çayı  üzərində  darmadağın  etmiş, 1242-ci  il  aprelin  5-də  Çud  gölü  üzərindəki  Buz  döyüşündə  alman  cəngavərlərini  məğlubiyyətə  uğratmışdır... Onun  bacarıqlı  siyasəti  nəticəsində  tatarların  rus  knyazlıqlarına  hücumunun  qarşısı  alınmışdı. Bir  neçə  dəfə  Altın  Orduya  getmiş, tatar  xanlarının  başqa  xalqlarla  müharibələrdə  ruslardan  qoşun  toplamamasına  nail  olmuşdur.”

Əhsən! Tarixi  hadisələr  elə  ustalıqla  təhrif  edilmişdir  ki, nə  şiş  yanmış, nə kabab. Hanı  Batı  xan?!  Hanı  Aleksandra  verilmiş  moğal  tüməni?!  Bir  soruşan  varmı  ki, moğalların  hücumuna  qədər   isveçlilərin, almanların  əlindən  dinclikləri  olmayan   insanlar  necə  oldu  da  torpaqları  moğal  tapdağı  altında  olduğu  halda  qoşun  toplayıb  birdəncə  həm  isveçliləri, həm  də  almanları  məğlub  etdilər?!

Soruşmağın  mənası  varmı?  Əsas  məsələ  beyinlərə  yeritməkdir. Beyinlərə  bir yapışdısa  nə  illah  etsən  də  ordan  qopan  deyil. /

 Sonra  moğal  qoşunları  yenidən  toparlanıb  1237-ci  ildə  bu  dəfə  Şərqi Avropaya  hücum  edirlər. Şərqi  Avropa  məmləkətlərini  ard-arda  işğal  edə-edə  İtaliyaya  qədər  gedirlər. Və  1242-ci  ildə  Triyest  şəhərindən  geri  dönürlər. Bu  yürüş  nəticəsində  Altın  Ordu  / qızıl  ordu /  adlı  ikinci  böyük  moğal  imperatorluğu  yaranır. Və  artıq  İç  Oğuzlar  Gökordu  və  Altın  Ordu  imperatorluğunun  təsiri  içində  qaldıqlarından  müstəqilliklərini  itirirlər. Amma  müstəqilliyin  itirilməsi  tayfalararası  birliyin  də  itirilməsi demək  deyildi. Sayca  az  olan  moğalların  imperiyalarının  çox  böyüklüyü  onlarda  hər  zaman  əlavə  hazır  əsgəri  qüvvəyə  ehtiyac  yaradırdı,  Rus  və  Avropa  yürüşlərində  qəhrəmanlıq  və  sədaqət  göstərən  Oğuzların  birliyinin  pozulması  bu  səbəbdən  moğal  xaqanlarının  işinə   yaramırdı;  gərək  olduğu  halda  Bayındır  xan  moğal  qoşununa  hazır  nizami  əsgəri  qüvvə  verə  bilərdi. Sadəcə  olaraq , Oğuz  qoşunu  nə  moğal  imperatorluğu  içində  digər  tayfalarla, nə  də  imperiya  sərhədləri  xaricindəki  digər  xalqlarla  müstəqil  savaşa  girişə  bilməzdi. Bir  sözlə, Xarəzm  boyunduruğu  moğal  boyunduruğu  ilə  əvəz  edilmişdisə  də  Oğuzlar  iç  işlərində  müstəqilliklərini  saxlayırdılar. Demək, bu  dövlət  tam  müstəqilliyini  1220-21-ci  illərdən  1242-ci  ilə  kimi  saxlamışdır.

(ardı  var)

Mirzə Hacıyev

***

Dədə Qorqudu düşünərkən - I Hissə
//modern.az/articles/68656/1/

Dədə Qorqudu düşünərkən - II Hissə
//modern.az/articles/68751/1/

Dədə Qorqudu düşünərkən - III Hissə
//modern.az/articles/68823/1/

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu