Modern.az

Bakıda iqtidar-müxalifət dialoqu keçirilib - FOTOLAR - YENİLƏNİB

Bakıda iqtidar-müxalifət dialoqu keçirilib - FOTOLAR - YENİLƏNİB

13 Dekabr 2014, 11:33


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrlərinin təşəbbüsü ilə iqtidar-müxalifət dialoqu keçirilib.

Modern.az saytının APA-ya istinadən verdiyi məlumata görə, görüşdə iqtidar nümayəndələrindən - Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak edirlər.  

Müxalifət tərəfdən isə ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qatılıb.  

Görüşdə müxalifət partiyaları ilə münasibətlər, onlarla əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunacaq.   Ə. Həsənov giriş nitqi ilə çıxış edib.  

Sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib.

***

“Azərbaycan hakimiyyəti 1993-cü ildən bəri həmişə dialoqa hazır olub və dialoq əhval-ruhiyyəsi ilə fəaliyyət göstərib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün ölkədəki əksər müxalifət partiyalarının sədrləri ilə keçirdiyi görüşündə deyib.

Şöbə müdiri xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə Azərbaycanda iqtisadi rifahın yüksəlməsi, iqtisadi islahatlarla yanaşı davamlı olaraq siyasi islahatların da  aparılmasının zəruriliyini vurğulayıb: “Biz daim siyasi sistemimizin təkmilləşdirilməsinə də diqqət yetiririk. Çünki modernləşmə prosesi dövlətin iqtisadi-sosial sahələrdəki uğurları ilə yanaşı siyasi cəhətdən dünyada təcrübədən keçmiş, özünü doğrultmuş islahatları tətbiq etməsi və həyata keçirməsindən ibarətdir”.

Ə. Həsənov deyib ki, Azərbaycan cəmiyyətinin daxili idarəçiliyi mətbuat, söz və məlumat azadlığı, həmçinin  vətəndaş cəmiyyəti institutlarının və siyasi partiyaların opponentlik fəaliyyəti olmadan qeyri-mümkündür: “Ona görə də biz davamlı olaraq mətbuatla, siyasi partiyalarla, qeyri-hökumət təşkilatları ilə görüşlər keçirmişik. Bugünkü görüş də Azərbaycanın bir qrup müxalifət partiyasının təşəbbüsü ilə reallaşdırılıb. Biz partiyaların qaldırdığı məsələlər ətrafında fikir mübadiləsi aparacağıq, fikirləri dinləyəcəyik, ümumiləşdirəcəyik. Mən də Azərbaycan hakimiyyətinin nümayəndəsi kimi nəticələri Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Prezident Administrasiyasına və müvafiq strukturlara çatdıracağam”.

PA rəsmisi bir daha qeyd edib ki, Azərbaycan hakimiyyəti siyasi opponentləri ilə konstruktiv əməkdaşlığa, dialoqa həmişə açıq olub: "Bundan sonra da açıq olmağa davam edəcəyik”.










Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar