Modern.az

“Məşhur tələbə yoldaşım” - “İzzət tələbəlik vaxtı dindən uzaq idi, indi dindar olub” - İzzət Bağırovun dostları

“Məşhur tələbə yoldaşım” - “İzzət tələbəlik vaxtı dindən uzaq idi, indi dindar olub” - İzzət Bağırovun dostları

Mədəni̇yyət

13 Dekabr 2014, 12:05


Modern.az saytının “Məşhur tələbə yoldaşım” rubrikasının budəfəki qonaqları
əməkdar artist, prezident mükafatçısı, Akademik Milli Dram Teatrının aktyoru Elşən Cəbrayılov və əməkdar artist, prezident mükafatçısı, Musiqili Komediya Teatrının aktyoru Əkbər Əlizadədir. Onlar tələbə yoldaşları, əməkdar artist, müğənni İzzət Bağırov barədə danışırlar:

“İmtahanı bir yerdə verdik”

İzzətlə mən Mədəniyyət və İncəsənət Universitetində birgə təhsil almışıq. Hətta təsadüfən test imtahanını belə, bir məktəbdə vermişdik. İzzətlə ilk dəfə o  imtahanda tanış olmuşuq. Mən rəhmətlik atamla (aktyor Şahin Cəbrayılov), o isə səhv etmirəmsə, Qorxmaz Əlili ilə gəlmişdi. İndiyə kimi yadımdadır. İzzət ilk baxışda mənə sadə insan təsiri bağışladı. İnanın ki, dedim, yəqin özündən razı olar, amma əksinə idi.

Mən Dram və kino aktyorluğu fakültəsində, İzzət isə Musiqili teatr aktyorluğu fakültəsində oxuyurduq. Demək olar ki, sənət dərslərindən başqa, bütün dərsləri bir yerdə keçirdik. Hər bir ifaçı musiqili aktyorluğu bitirmək istəyər. Yəqin, İzzət də ona görə aktyorluq fakültəsinə sənəd verib. Mən isə teatrda böyümüşdüm. Qanımda sənət sevgisi var. İncəsənətə daxil olanda atam çox məyus oldu. İstəmirdi. Çünki sağlamlığı getdi bu yolda, sonda da ölüm...

Biz Universitetə daxil olanda İzzət “7-17” televiziya müsabiqəsi və bir çox konsert, çəkilişlərdən müğənni kimi yetərincə tanınırdı. Universitetdə onu çox sevirdilər. Tələbələr arasından fanatları vardı, İzzətdən imza da alanlar olurdu. Belə olanda gülürdü. Bir az da utancaqlığı var, yəqin bunu hiss etməmisiniz.

Universitetə gələndə hamı ona baxardı. O vaxt İzzətə populyar ifaçı kimi təlabat çox idi: məclislər, tədbirlər... İşləri çox olanda dərslərə gələ bilmirdi. Müəllimlər onu başa düşürdü, axı bura İncəsənət Universiteti idi. Onlar da İzzəti tanıyırdı”.



“Özünü İbrahim Tatlısəsə oxşadır, onun kimi geyinirdi”

“İzzət heç kimə qarşı bir kobudluq etməzdi. Təmkinli insandı. Ağıllı idi, dost qədri biləndi. Həyatda hər bir şeyin yaxşısını istəyərdi və əldə edirdi. Əvvəllər də, indiki kimi yerini bilən insan olub. Bir sözlə, hamının hörmətini qazanmışdı.

O, İbrahim Tatlısəsin vurğunudur. İnanmıram ki, İzzət qədər Tatlısəsi sevən olsun. Hamı deyirdi ki, İzzət özünü ona oxşadır, onun kimi geyinir. Bir dəfə İzzətin qanı qara idi. Soruşdum: “Nə olub?”. Dedi: “Bir pencək var, ondan axtarıram. Tapşırmışam, bilmirəm, gətirəcəklər, ya yox”. Mən də dedim: “Tatlısəsin pencəyindən?”. Güldü,  bir az da ciddi cavab verdi: “Sən də başladın. Bir sən deməmişdin”. Bilmirəm, İzzət indi bunları xatırlayır, ya yox, amma mənim yadımdadır.

Aktyor səhnədə çirkin görünməkdən utanmamalıdır, bunu sənət dahiləri deyib. Amma mənə elə gəlir ki, İzzət səhnədə nəsə artıq hərəkət etməyi belə, özünə sığışdırmır. O özünəməxsus səliqə və səhnə mədəniyyəti ilə də sevilir. Mən onu həmişə müğənni kimi görürəm. Aktyor kimi nəsə qəbul edə bilmirəm, amma bu onda gözəl alınır. Universitet vaxtı da İzzətin müğənni kimi fəaliyyətini davam edəcəyini gözləyirdim. Gözəl sənətini niyə atsın ki... O artıq tamaşaçı tərəfindən elə qəbul olunmuşdu.

Ən çox “Yaşım yolun yarısı”, “Bir dənəsən” mahnılarını bəyənirəm. İnanın ki, məclisdə olanda “Yaşım yolun yarısı” mahnısını həyat yoldaşımla mütləq oynamalıyam. İkimiz də bu mahnını sevirik.

İzzət çox yeniliklər edə bilər. Axır vaxtlar da şou aləmindən uzaqdı”.

“İzzət çox dəyişib...”



“İzzətlə tələbəlik dövründən dostluq edirik. Gözəl münasibətimiz vardı, elə indi də var. O yaxşı dostdur, gözəl insandır. Əvvəllər bunu o dərəcədə hiss etməsəm də, indi görürəm ki, həlim insandı, heç kimlə işi yoxdur. İzzətin dostları çoxdu. Mən də onu həmişə dost sanmışam. Hətta uzun illər şou-proqramlarda bir yerdə çalışmışıq. Səhnəyə gec dəvət edəndə deyirdi, “buna, bax e, bu da özümünkü”.

İndiyə qədər də dostluğumuzu qorumuşuq. Amma tez-tez görüşə bilmirik. Başımız ailələrimizə qarışıb. Maşallah, onun 3 oğlu, mənim isə 1 oğlum və 1 qızım var. Görüşəndə uşaqlardan danışıb, o ki var gülürük. Oğlum mərhum atam Şahin Cəbrayılovun adını daşıyır.

İndi İzzət çox dəyişib. Dini sevir, “Quran” oxuyur. Bir dəfə ona dedim ki, arzumdu, Həcc ziyarətinə gedim. Dedi, “inşallah, Allah qismət etsin, bir yerdə gedək”. Hələ ki imkan olmayıb. İzzət tələbəlik vaxtı dindən uzaq idi, sonralar başladı. Dindar olandan sənətdən bir az uzaqlaşıb. Hər bir şəxsiyyət özü üçün istədiyi vaxt istədiyi yolu seçə bilər. Dinə bağlıdı, bunu alqışlayıram. Çünki özüm də namaz qılıram.

İzzətin ailəsi çox gözəldi. O, həyat yoldaşına dəyər verən ailə başçısıdır. İnanın səmimiyyətimə, o övladlarını o qədər sevir ki. Elə yoldaşını da. Yoldaşı gözəl qabiliyyətli xanımdı. Həyat yoldaşı da onu çox istəyir. İzzətə arzum həmişə ailəsinin yanında olsun, bu onda həmişə olub. Allah onun canını sağ etsin, övladlarını böyütsün, onların toyunu görsün”.

Əkbər Əlizadə: “Populyar olduğu üçün hər dəqiqə dönüb İzzətə baxırdım”



“1998-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin bakalavr şöbəsini, 2000-ci ildə isə magistraturasını bitirmişəm. İzzətlə bir “potokda” oxumuşuq. Onlar Musiqili teatr aktyorluğu, mən isə Dram teatrı və kino aktyorluğu fakültəsində təhsil almışıq. Ümumiyyətlə, tək İzzət deyil, Sevda Ələkbərzadə, Kənan M.M, Vəfa Zeynalova və başqa məşhurlarla bir “potokda” olmuşuq.
Hər Novruz bayramında, Yeni ildə - əlamətdar günlərdə bir yerə yığışırdıq. Sadə idik, hamımız danışırdıq, gülürdük. Yəni heç kəs özünü dağ başına qoymurdu. İndiyə qədər də xatırlayırıq, video görüntülərimiz də var, həmin illərdən yadigar saxlamışıq.

İzzət o vaxt hamıdan çox populyar idi. Biz onu “7-17” müsabiqəsindən tanıyırdıq. Bir dəfə “potokda” onunla bir yerə düşdük. Deməli, İzzət arxa partada, mən qabaqda oturmuşdum. Populyar idi deyə, hər dəqiqə dönüb İzzətə baxırdım. O da göz-qaş edirdi, yəni narahatçılığını bildirirdi ki, nə baxırsan? Üçüncü dəfə baxanda dedi: “Qabağa bax da”, narazıçılığını bildirdi. Elə “qabağa bax” deməklə illər keçdi, aylar ötdü, qismət elə gətirdi ki, biz qohum olduq. Qohumluğumuz lap yaxşıdı. Mən ailə həyatı quranda heç bilmirdim ki, onlara qohumluq çatır. Qohum olandan sonra bildim ki, İzzətlə qohum olmuşam. Amma toyumda oxumayıb. Tələbəlik dövründə başıaşağı gəlib, başıaşağı gedirdi. Ağır oğlandır da. İzzətlə münasibətimiz yaxşı olub, indi də əladır.

Tələbəlik illərində əlbəttə ki, İzzətin aktyorluq qabiliyyəti hiss olunurdu. Hiss olunmasaydı, onu aktyorluğa götürməzdilər ki. Yaşar Nuri, Şəfiqə Məmmədova onların kurs rəhbərləri olub. Onlar gəlib bizim kurs tamaşalarımıza baxırdı, biz də onların, maraqlı idi. İzzətin aktyorluğa meyli var idi, oynayırdı. Yəqin ki, müğənnilik həvəsi aktyorluğunu daha da üstələyib deyə bu gün müğənnilik fəaliyyətindədir”.











Misranə Həsənzadə
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu