Modern.az

Ərdoğan-Gülən mübarizəsinin yeni mərhələsi BAŞLANDI: “Samanyolu” HƏDƏFDƏ

Ərdoğan-Gülən mübarizəsinin yeni mərhələsi BAŞLANDI: “Samanyolu” HƏDƏFDƏ

14 Dekabr 2014, 11:20

 

Ötən ilin dekabrın ayının 17-də Türkiyədə başlayan böyük rüşvət və korrupsiya əməliyyatlarından sonra Rəcəb Tayyib Ərdoğanla nurçu camaatın ABŞ-da yaşayan lideri Fətulla Gülən arasında qarşıdurma açıq müstəviyə keçdi. Hakim Ədalət və İnkişaf Partiyasına (AKP) ciddi zərbə vuran həmin əməliyyatları Fətulla Güləndən asılı qrupların həyata keçirdiyi bildiriləndən sonra Türkiyə siyasi səhnəsində Ərdoğan-Gülən mübarizəsi kontekstində qarşılıqlı ittihamlar səslənməyə başladı. (Ərdoğan həmin vaxt baş nazir idi-red.)  

Həmin əməliyyatların keçirilməsinin ildönümü ərəfəsində isə Türkiyədə Fətulla Gülənə məxsus media qurumları prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən yenidən hədəfə alınıb.  

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan nurçu camaata qarşı yenidən əməliyyatlara başlayacağına işarə edib. Türkiyə rəhbəri bildirib ki, dövlət daxilində “paralel təşkilatlanma” yaradan nurçu camaatın yaşadığı hizmət evləri də hədəfə alınacaq.

Artıq bu sabah saatlarına “Şafak” adlı  əməliyyatlara start verilib. Türkiyənin İstanbul və başqa şəhərlərində eyni vaxtda aparılan polis əməliyyatları zamanı içərisində keçmiş  polis əməkdaşları da olmaqla bir neçə nəfərin həbs olunduğu bildirilir. İstanbul terrorla mübarizə idarəsinin keçmiş rəisi Tufan Ergüderin də tutulduğu qeyd edilir. Məlumata görə polislər “Zaman” qəzetinin İstanbulda yerləşən ofisində də axtarışlara başlayıb.  

Yerli medianın məlumatına görə “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlının evində də axtarış aparılıb. Əməliyyatlar çərçivəsində,  “Saman yolu” televiziyasının Yayın Qrupunun başqanı Hidayət Karacanın da saxlanıldığı və polis bölməsinə aparıldığı məlum olub.

Bununla yanaşı, Əskişəhərdə  “Saman yolu”nun prodüseri Salih Asan, “Sunqurlar” və “Tək Türkiyə” seriallarının rejissoru Əngin Koç da saxlanılıb. Hazırda əməliyyatlar davam edir.  

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında dəfələrlə bəyan edib ki, keçmiş müttəfiqi Fətulla Gülənə aidiyyatı olan və dövləti parçalamağa çalışan şəxslərin axırına çıxacaq.  

Aqşin Kərimov     


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir