Modern.az

“Pakistan Qarabağ məsələsinin həlli üçün özünün ordusu ilə kömək etməyə hazırdır”

“Pakistan Qarabağ məsələsinin həlli üçün  özünün ordusu ilə kömək etməyə hazırdır”

19 Avqust 2010, 14:53

Milli Məclisin bir qrup YAP-çı deputatı Pakistan İslam Respublikasında baş vermiş təbii fəlakətlə əlaqədar olaraq bu ölkənin Azərbaycandakı səfirliyində olub. Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Hadi Rəcəbli, deputatlar Mübariz Qurbanlı, Siyavuş Novruzov, Musa Quliyev və Cavanşir Paşazadə Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyəti səfiri Abdul Həmidi ilə görüşüblər.

Modern.az Milli Məclisin Azərbaycan – Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimovla səfirlikdə keçirilən görüş haqqında, o cümlədən iki ölkə arasında olan münasibətlər barədə müsahibə götürüb.

Komitə rəhbəri bildirib ki, Pakistan tarixində belə daşqın olmayıb. Beş böyük çay birləşərək böyük daşqınlar yaradıb. 20 milyon adam evsiz qalıb.

- Bu cətin günlərdə Pakistan xalqına dəstək olmaq və dərdələrinə şərik çıxmaq üçün dünən Yeni Azərbaycan Partiyası və Milli Məclisin Azərbaycan-Pakistan parlament qrupu ilə bir yerdə Pakistan səfirliyinə başsağlığı verməyə getdik. Qeyd edim ki, Prezident İlham Əliyev artıq fəlakətlə bağlı Pakistana bir milyon manat yardım edib. Eyni zamanda, biz də YAP və Milli Məclis adından səfirliyə müəyyən miqdarda yardım apardıq. Mən fürsətdən istifadə edib Azərbaycanın imkanlı adamlarını Pakistanlı qardaşlarımıza kömək etməyə çağırıram. Bunun üçün bank hesabı açılıb. Bizimlə Pakistan arasında olan sıx əlaqələr çox az-az ölkələr arasında mövcuddur.  Dövlət müstəqilliyimizi Türkiyədən sonra tanıyan ikinci dövlət Pakistan olub. Biz bu ağır gündə onlara kömək etməliyik. Səfir ziyarətimizdən çox razılıq etdi. Biz ora getməyimizi özümüzə borc bildik.
- İki ölkə arasında olan münasibətlərin vəziyyəti barədə hansı qənaətləriniz var?
- Azərbaycan və Pakistan yeganə ölkələrdir ki, onların arasında olan siyasi-iqtisadi-mədəni münasibətlər çox yüksək səviyyədədir.  Pakistan dəfələrlə, hələ Pərviz Müşərrəfin vaxtından Dağlıq Qarabağla bağlı münasibəti birmənalı olub. Pakistan konkret olaraq bəyan edib ki, Qarabağ məsələsinin həlli üçün  özünün ordu və silahı ilə kömək etməyə hazırdır. Azərbacan da öz növbəsində Pakistanla dost münasibətini dəfələrlə sübüt edib. Bir neçə il bündan əvvəl Pakistanda güclü zəlzələ olmuşdu. O zaman prezident İlham Əliyev ora yardım etdi. Sonra Heydər Əliyev Fondunun xətti ilə orada qızlar məktəbi tikildi.  İki dövlət arasında isti münasibətlər iki xalq arasında da mövcuddur.  Hətta Pakistanda əslən Azərbaycandan olan bir sıra sülalələrin olduğunu da sonradan bildim. Məsələn, Pakistanda Naxçivanilər sülaləsindən olanlar varmış...
Bizi yaxınlaşdıran həm də müsəlman olmağımızdır. Pakistan Dağlıq Qarabağ problemində bizi dəstəkələyən ölkədir. Biz də eyni problemi yaşayan Pakistanı Kəşmir məsələsində  dəstəkləyirik. Birmənalı olaraq Pakistan bütün tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
- Pakistan parlamentində və ictimai rəyində Azərbaycanla və Qarabağla bağlı həqiqətlər necə əksini tapır?
- Biz Pakistanın parlamentində dəfələrlə olmuşuq. Münasibətlər həmişə yüksək səviyyədə olub. Onlar çalışırlar ki, Dağlıq Qarabağ problemi dinc yolla həll edilsin. Əgər dinc yolla həll edilməsə, o zaman Pakistan özünün ordusu, silahı ilə Azərbaycana  kömək etməyə hazırdır.  Pakistan yeganə dövlətdir ki, işğalçı Ermənistanın dövlət müstəqilliyini tanımır və onunla heç bir diplomatik münasibət saxlamır. Pakistan bunu Azərbaycana görə belə edib.
- Pakistan iş adamlarının Azərbaycan biznes mühitində varmı?
- Müəyyən pakistanlı sahibkarlar Azərbaycanda fəaliyyət göstərir. Amma onların dəqiq sayını deyə bilmərəm. Amma hesab edirəm ki, onların sayı o qədər də çox  deyil. Son zamanlar təyyarə reysi açıldı. Amma gediş-gəliş az olduğuna görə reys işləmədi. Amma buna baxmayaraq biznesmenlər var. Bakıda Pakistan mağazaları var.     

Amin Səfərli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub