Modern.az

Ötən 5 ilin "əritdiyi" siyasətçilər

Ötən 5 ilin "əritdiyi" siyasətçilər

20 Avqust 2010, 12:17

Dünyanın demokratik ölkələrində belə bir ənənə var: siyasətdə uğur qazana bilməyənlər, daha dəqiqi seçkilərdə bir neçə dəfə uduzan siyasətçilər siyasətə əlvida deyirlər. Azərbaycanda da buna bənzər bir tendensiya var. Hər prezident və parlament seçkisindən sonra cəmiyyətdə siyasətçi kimi tanınan bir sıra şəxslər siyasətdən çəkilib şəxsi həyat yaşamağa başlayırlar.

Sonuncu parlament seçkisindən keçən müddətdə də Azərbaycan siyasəti bu cür "itkiləri" yaşayıb. Xüsusən, müxalifət düşərgəsi ötən 5 ildə sayseçmə simaları ilə sağollaşıb. Biz hələ partiyaları tərk edən sıravi üzvləri hesaba almırıq.

Apardığımız araşdırma ortaya maraqlı nəticələr çıxardı. Beləliklə...



Araşdırmamız zamanı bəlli oldu ki, ötən parlament seçkisindən sonra ən çox itki ilə üzləşən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olub. Mərhum lideri Əbülfəz Elçibəyin vəfatından sonra 2000 və 2002-ci illərdə böyük parçalanmalara məruz qalan AXCP ötən parlament seçkisindən üzübəri ayrı-ayrı vaxtlarda olsa da, bir sıra tanınmış simalarını itirib. Daha doğrusu, siyasətə əlvida deyənlərin çoxu bu partiyanın payına düşür. Bu sırada xüsusilə professor Kamil Vəli Nərimanoğlunu, dinşünas alim Nəriman Qasımoğlunu, politoloq Xaləddin İbrahimlini, tanınmış müğənni Akif İslamzadəni qeyd etmək olar. Partiya yetkililərindən İsaq Əvəzoğlu, Asif Kərimov və Rasim Niftəliyev də siyasəti atmış durumdadırlar. Siyasətdən gedən sonuncu tanınmış cəbhəçi isə Fuad Mustafayev olub.



Müsavat Partiyasının "kisəsindən" gedənlərdən siyasi şərhçi İlham İsmayılın hazırda ABŞ-da yaşadığı bildirilir. Daha bir tanınmış müsavatçı, partiyanın keçmiş baş katibi Vurğun Əyyubsa işləmək üçün yaxın vaxtlarda ölkəni tərk edəcəyini bildirib.

Ötən parlament seçkisinin siyasətdən çəkindirdiklərindən biri də Demokrat Partiyasının simalarından sayılan Qurban Məmmədovdur. O, indi başını aşağı salıb vəkilliklə məşğul olur.

Əvvəlcə Demokrat Partiyasından ayrılıb Açıq Cəmiyyət Partiyasına gedən Akif Şahbazov, oradan da siyasətdən ayrıldı. Vaxtilə kolxoz sədri çalışmış Şahbazovun indi Biləsuvar rayonunda təsərrüfatla məşğul olduğu bildirilir.

Beşillikdə siyasətə əlvida deyənlərindən biri də Milli Demokrat (Bozqurd) Partiyasının sədri İsgəndər Həmidov oldu. 60 yaşına çatanda siyasətdən gedəcəyi haqda nə zamansa özü-özünə söz verdiyini deyən keçmiş daxili işlər naziri zamanı çatanda vədinə əməl etdi.

Qarabağ müharibəsindən siyasətə gəlmiş daha bir hərbçi Arif Paşa AXCP-dən ayrıldıqdan sonra əvvəl BAXCP-də, bir müddət "Ədalət"də, daha sonra isə Ümid Partiyasında təmsil olundu. Keçmiş səhra komandirinin də artıq siyasətlə qurtardığı gerçəkliyi ortadadır.

"Hərbçi-siyasətçi"lərdən Fəhmin Hacıyev həbsdən çıxdıqdan sonra gündəmə gəlmək üçün bir-iki təşəbbüs göstərsə də, ciddi nəticə əldə etmədi. Ona görə də, həm siyasətə, həm də vətənə "əlvida" deyib, mühacirətə yollandı. 

Sonuncu parlament seçkisində Asim Mollazadənin rəqibi olan hüquq müdafiəçisi Murad Sadəddinov (həmçinin xanımı Rəna Sadəddinova) siyasi həyata nöqtə qoyub mühacirətə gedənlər sırasındadır.

Vaxtilə "keçmiş polis zabiti" kimi mətbuata açıqlamalar verən Mahmud Hacıyev Müsavatdan BAXCP-yə transfer etdikdən bir müddət sonra siyasətdən tamam çəkildi.

AXCP-dən BAXCP-yə gedib sonra siyasəti atanlardan biri də Məhəmməd İmanlıdır. O, indi BDU-nun hüquq fakültəsində dekan müavinidir.

Əli Məsimovla birgə Klassik Xalq Cəbhəsi Partiyasını tərk edən Əli Mustafayev və Namiq Həsənov sonrakı dönəmlərdə siyasətdə görünmədilər. Bu partiyanın daha bir fəalı - uzun illər Ə.Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov da ötən müddətdə siyasətə "yox" dedi.

Azərbaycan Demokratik İstiqlal Partiyası isə rəhbərsizlik ucbatından özü siyasətdən getməli oldu. Partiyanın lideri Vaqif Kərimov qurumu Şöhrət İsmayıla təhvil verib, birdəfəlik Moskvaya köçmüşdü. Sonuncu parlament seçkisində iştirak edəndən sonra isə Şöhrət İsmayıl ADİP-i başsız qoyub siyasətə "əlvida" söylədi. İndi o, ali məktəblərin birində müəllim kimi gənc nəslə elm öyrədir.



Zamanında Azərbaycan Milli İstiqlal Partiyasının aparıcı simalarından olmuş Firidun Cəlilov, Nazim İmanov, Vaqif Musayev, Pərviz Bənənyarlı da "siyasətdən təqaüdə çıxanlar"ın sırasını zənginləşdirirlər. 

Bir müddət Ayaz Mütəllibovun tərəfdarı kimi siyasətə atılan Şeyx Əbdül Mahmudbəyov indi "öz məcrasına" qayıdıb. ATV-də milli-mənəvi dəyərlərimizi təbliğ edən veriliş aparır.

A.Mütəllibovun ən qızğın tərəfdarı Hacı Əbdül də siyasətə "tövbə" deyib...

Yəqin ki, bu siyahını yenə də uzatmaq olar. Amma kiçik bir ölkə üçün 5 il müddətində bu qədər üzdə olan insanın siyasətdən çəkilməsi də elə-belə nəticə deyil. Siyasət bir fəaliyyət növü kimi doğrudanmı Azərbaycanda əhəmiyyətini itirir? Bax, bu suala noyabrda keçiriləcək parlament seçkisindən sonra daha aydın cavab vermək olacaq.

Aqil Camal

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi