Modern.az

Telekanalların “debat problemi” - “Tamaşaçılara debat proqramları lazımdır”: Media mütəxəssisləri

Telekanalların “debat problemi” - “Tamaşaçılara  debat proqramları lazımdır”: Media mütəxəssisləri

18 Dekabr 2014, 11:54


Son dövrlərdə Azərbaycan telekanallarında verilişlərin sayı artıb. Doğrudur, bu verilişlər sırasında tok-şou və debatları görə bilmirik. Halbuki, tok-şou və debatlar həmişə ciddi auditoriyanın diqqətini cəlb edib.
Bəzən cəmiyyətdə tok-şou verilişləri ilə debat proqramların eyni olduğu anlayışı da yaranır. Nəzərə almaq lazımdır ki, tok-şou həm də əyləncəli proqramdır, debatlar isə sırf maarifləndirmə istiqamətinə yönəlmiş verilişlərdir.

Azad cəmiyyətdə tamaşaçılar debat verilişləri axtarır. Nəzərə alsaq ki, əksər xarici  kanallarda debat verilişləri cəmiyyətin yaşam tərzinə çevrilib. Elə götürək  “Euronews” kanalını... Bu kanalda efirə gedən debat verilişləri cəmiyyət tərəfindən  maraqla qarşılanır. Belə verilişləri daha anlayışlı və maraqlı edən isə hətta prezidentliyə namizədlərin də universitet tələbələrinin qarşısına debat mövzusunda iştirak etmələri, sualları cavablandırmalarıdır. Lakin belə hallara Azərbaycan telekanallarında rast gəlmirik.  

Media mütəxəssisləri mövzu ilə bağlı Modern.az-a danışıblar.

Media mütəxəssisi Zeynal Məmmədli deyir ki, debat danışıq janrlarının bir növüdür və onun sırf jurnalistika növü var. Z.Məmmədlinin sözlərinə görə, hazırda yerli televiziyalarda  jurnalistika debatı heç başlanğıc səviyyəsində də deyil.

“Debatda 2 tərəf olur və onlar bir mövzuya etirazlarını bildirir və ya mövzu ilə razılaşırlar. Debatın mövzusu əvvəlcə müzakirə olunmuş hər hansı bir mövzudan yaranır. Məntiqlə yanaşsaq, debatın mövzusu  zamanla getmiş diskussiya proqramlarının nəticəsi kimi ortaya çıxmalıdır”.

Zeynal Məmmədli qeyd edir ki, bizim televiziyaların debat praktikası olsa da, belə verilişlər formalaşmayıb. 

“Bu gün televiziyalarda debata oxşayan , özünü debata bənzədən saxta sürətləri görürük. Debatın məqsədi cəmiyyətdə demokratik dialoqa yol açmaq, yaranan bəzi qarşıdurmaları azaltmaqdır. Lakin hazırda televiziyalarda  “debat” kimi təqdim olunanlar dəvənin üstünə ceyran yazıb , onu yalnız üstündəki yazıya görə ceyran hesab etmək kimi bir şeydir”.

Qulu Məhərrəmli isə “debat” adını eşidəndə ANS televiziyasını xatırlayır və bildirir ki, bu kanal bir neçə debat proqramı ilə yadda qalıb.

“ Bu verilişlərin fərqli cəhəti, qoyulan mövzuya təsdiq və inkar formasında münasibətin bildirilməsidir. Bu bir texnologiyadır. Əsas iştirakçılar sual verir. Qoyulan mövzunun müxtəlif aspektləri açılır. Bu gün belə verilişləri olması bir növ  televiziyanın bəzəyi ola bilər. Yerli kanallardakı bəzi  səviyyəsiz, bayağı şoular insanları bezdirib. Tamaşaçılara  debat proqramları lazımdır ki, olar yeni biliklər alsınlar, müqayisə, mübahisə mədəniyyətlərini  formalaşdırsınlar. Bu baxımdan  televiziyalarda debat verilişlərinin olması çox vacib məsələdir”.

Qeyd edək ki, mövzu ilə bağlı bəzi televiziya kanallarından münasibət  öyrənməyə çalışdıq. Kanallar  mövzuya  münasibət bildirməkdən yayındılar.

Məltəm TALIBZADƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər