Modern.az

“Namizədliyim mütləq olacaq”

“Namizədliyim mütləq olacaq”

20 Avqust 2010, 14:02

Modern.az saytının suallarını Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev cavablandırır

- Musa müəllim, parlamentin 5 illik fəaliyyətini necə qiymətləndirirsiniz?
- Yaxşı qiymətləndirirəm.                 
- Hansı arqumentlərlə?
- Birinci növbədə parlamentin əsas funksiyası olan qanun yaradıcılığı prosesi uğurla həyata keçirilir. İstər qanunvericilik təşəbbusu ilə cənab Prezidentin imzası ilə gələn qanun layihələri, istərsə də parlamentin ayrı-ayrı komitələrində hazırlanmış qanun layihələri çox ətraflı şəkildə müzakirə olunaraq qəbul olunub. Azərbaycanda bu gün ictimai-siyasi, sosial-iqtisadi həyatımızın o sahəsi yoxdur ki, o sahədə baza qanunları fəaliyyət  göstərməsin, o sahədə yoxdur ki, orada qanunvericilik ildən-ilə təkmilləşməsin. Bu mənada parlamentin fəaliyyətini yüksək qiymətləndirirəm. Digər tərəfdən, parlament beynəlxalq siyasətdə, beynəlxalq əlaqələrin qurulmasında, möhkəmlənməsində, dünya parlamentarizmin ənənələrinin öyrənilməsində, Azərbaycanda geniş şəkildə tətbiq olunmasında, bir sıra Avropa ölkələrinin parlament mədəniyyətinin daha dərindən mənimsənilməsində, Azərbaycanla bu ölkələr arasında qarşılıqlı işgüzar əlaqələrin qurulmasında və möhkəmləməsində böyük uğurlar əldə edib. İstər parlamentlərarası işçi qrupları səviyyəsində, istərsə də Milli Məclisin rəhbərliyi, Milli Məclisin  sədri, onun muavinləri, ayrı-ayrı komitə sədirləri səviyyəsində müxtəlif görüşlər, səfərlər gerçəkləşdirilib. Digər tərəfdən,  Azərbaycan parlamenti 6-7 beynəlxalq parlament qrupları ilə əməkdaşlıq edir. Digər tərəfdən, parlamentin özünün daxilində demokratiyanın inkşafı, söz, fikir azadlığının inkşafı, parlamentdaxili mədəniyyətin yüksək səviyyədə formalaşması və davam etdirilməsi, bunların hamısı dövlət quruculuğu prosesinin Azərbaycanda sürətlə getdiyini göstərən faktorlardır. Ümumiyyətlə, Azərbaycan parlamenti 3-çü çağırışda üzərinə düşən butun vəzifələri tamamilə yerinə yetirdi. Parlament binasının təmiri , avadanlıqların dəyişdirilməsi və digər texniki məsələlər də göz qabağında olan uğurlardandır.
- Milli Məclisin beş illik fəaliyyətində sizin komitənizin yeri hardadır?
- Mən düşünürəm ki, bizim komitənin yeri birinci də olmasa ikincidir. Ola bilər bu, başqa komitələr tərəfindən bir az qısqanclıqla qarşılansın. Hər halda, düşünürəm ki, bu iddia 4-cü çağırışda yenidən seçilməyimizə, daha fədəkarlıqla, daha çalışqanlıqla işləməyimizə stimul olan bir iddiadır. Amma bu iddiada bir həqiqət var ki, sosial problemlər,  sosial siyasət butun dövlətlərdə cəmiyyəti düşündürən, maraqlandıran sahələrdən biridir. Bizim komitə o sənədi müzakirəyə çıxarır ki, bütövlükdə ölkə əhalisinin marağına səbəb olsun. Bu mənada Sosial siyasət komitəsinin işi həm ağırdır, həm çətindir və həm də gözə görünəndir. Pensiya, tibb sahəsi ilə bağlı, Əmək Məcəlləsilə bağlı, ailə, gənclər, idman məsələsi, turizmlə bağlı müzakirə etdiyimiz bütün layihələr maraqla qarşılanır. İctimai müzakirələrə səbəb olur, ictimai əhəmiyyət kəsb edir. Bu mənada Sosial siyasət komitəsini Milli Məclisin ən fəal və işləyən komitələrdən biri hesab edirəm. Söhbət ondan getmir ki, o komitədə biz  varıq, o komitədə hansı deputatlar olsa belə, o komitənin funksiyası elədir ki, ən çox işləyən, ən çox işgüzarlığı ilə fəaliyyət göstərməyə borclu olan, eyni zamanda ən çox tənqidlərlə üzləşən bir komitədir.
- Bir məqam var, 10 il əvvəl pensiyaya çıxanlar indikilərdən az pensiya alırlar. Bu isə insanları dəhşətli dərəcədə narazı salır. Sizcə, bu, komitəyə nə gətirir?
- Bu, təzə məsələ deyil, əslində 2005-ci ildə “Əmək pensiyaları haqqında” yeni qanun müzakirə olunanda bu problemin, çətinliyin olacağını göz önünə gətirmişdik. Bu, nə qanunvericilik problemidir, nə komitənin problemi, nə də əmək pensiyaları sahəsində qanunların qeyri-mükəmməlliyi. Bu, sadəcə olaraq pensiya ödənişinin bir sistemdən digər sistemə keçməsində yaranan obyektiv bir problemdir. 2005-ci ilə qədər Azərbaycanda pensiyaların və muavinətlərin ödənilməsi sosializmdən doğan prinsiplərə əsaslanırdı. Bu, həmrəylik  prinsipidir. Amma 2005-ci ildə çox doğru olaraq qərar verildi və umumiyyətlə, Azərbaycanda pensiya islahatlarına başlanıldı. Pensiya islahatlarının tərkib hissəsi olaraq “Əmək pensiyası haqqında” qanun qəbul olundu. Bu qanunda isə pensiyaların həmrəylik prinsipindən sığorta prinsipinə keçməsi əsas yer tutur. Mahiyyətcə əsas dəyişiklik bundan ibarətdir. Yəni hər kəs öz işlədiyi dövrdə öz pensiyasını da özü müəyyənləşdirəcək. Bunlar keçid dövrünün problemləridir və 2015-ci ilə qədər bu problemlər davam edəcək. Bu problemləri yüngülləşdirməkdən ötrü Dövlət Sosial Müdafiə Fondu düşünürəm ki, adekvat addımlar ata bilər. Bunlardan biri pensiyaların baza hissəsinin qaldırılması, pensiyaların müəyyən bir peşə sahələrinin iş stajlarına uyğun olaraq müvəqqəti bərabərləşdirilməsi ola bilər, hətta yüngülləşdirici addımlar ata bilər, amma 2015-ci ildə bu problemlərin heç biri olmayacaq.
- 2015-ci ilə qədər köhnə pensiyaçılar öləcək deyə, belə deyirsiniz?
- Yox, belə deyil. On illik bir dövr lazım idi ki, pensiya islahatı tam qurtarsın.
- Sizcə, əvvəlki pensiyaya çıxanlarla sonrakı pensiyaya çıxanların aldıqları pul arasında olan fərq sosial ədalətsizlik deyilmi?
- Bu sahədə həmişə problem olur. Müəyyən qədər bunu sosial ədalətsizlik kimi də qiymətləndirmək olar.Amma bunun yeni pensiya sisteminə keçidin obyektiv problemləri kimidə qəbul eləmək lazımdır.
- Ünvanlı sosial yardımla bağlı qanun layihəsi sizin komitəniz tərəfindən hazırlandı . Bu barədə cəmiyyətimizdə çox mənfi düşüncələr var?
- O mənfi düşüncələr nədən ibarətdir?
- Məsələn, heç bir yerdə işləməyən məcburi köçkünlərə bu müavinət verilmir...
- Bu barədə məndə də müəyyən məlumatlar var. Doğurdan da bu, arzuolunmazdır. O vaxt “Ünvanlı sosial yardım haqqında” qanunun qəbul edilməsi də birmənalı qarşılanmadaı. Bu, əslində dövlətin özünün aztəminatlı insanlarına böyük bir sosial müdafiə sistemidir, sosial müdafiə resusudur. Azərbaycanda artıq bu beş ildir tətbiq olunur və kifayət qədər də uğurla tətbiq olunan bir modeldir. Sonuncu dəfə Dunya Bankın apardığı sorğuya görə Azərbaycanın nümünəsi başqa ölkələrə model nümünə kimi təqdim olunub. Amma ayrı-ayrı hallarda ayrı-ayrı şəxslər tərəfindən bu qanunun icrası ilə bağlı subyektiv xarakterli və bəzən hətta cinayət xarakterli pozuntuların olması barədə təssüflər olsun ki, məlumatlar da var. Bu məlumatların bütövlükdə aşkarlanması, əlaqadar təşkilatlara göndərilməsi bütövlükdə ictimayyətin vəzifəsidir. O cümlədən də jurnalistlərin  vəzifəsidir. Ümumiyyətlə, bu, dövlətin ünvanlı sosial siyasətinə kölgə salan bir məsələdir. Bunu mən ancaq təssüflə qarşılayıram. Amma bütövlükdə götürəndə isə bu, çox gərəkli və uğurla  həyata keçirilən bir layihədir. Azərbaycanda artıq 700 mindən çox vətəndaşımız unvanlı sosial yardımla təmin olunub. Bu, kiçik bir göstərici deyil. Şübhəsiz ki, ən azı 1 milyon adam müraciət edib ki, bunlardan 700 min nəfərə ünvanlı sosial yardım verilir. Ola bilsin ki, o 1 milyonun içərisində 10 mininə qarşı müəyyən ədalətsizliklər, haqsızlar olub. Bu da olmalı deyil, bunu da  nəzərə almaq lazımdır. Bütövlükdə götürəndə, bu, çox böyük bir sosial müdafiə strategiyasıdır və uğurla həyata keçirilən bir strategiyadır. Amma təssüflər olsun ki, bu strategiyaya kölgə salan məqamlar da var, bundan ötrü əlaqadar təşkilatlar xüsüsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ciddi tədbirlər görməkdə davam etməlidir.
- Musa müəllim, əhali Sosial siyasət komitəsinə sosial güvənc yeri kimi baxır. Komitə bu güvənci doğrulda bilirmi?
- Əhalinin nə cür baxmasından asılı olmayaraq Milli Məclisin, o cümlədən onun strukturlarının və Sosial siyasət komitəsinin öz fünksiyaları var. O fünksiyalardan kənara çıxa bilməz. Sosial siyasət komitəsi qanun yaradıcılığı prosesilə, qanunların təkmilləşdirməsi ilə məşğuldur. Bütövlükdə həm icra orqanlarının, həm nəzarət orqanlarının funksiyalarını bizdən istəmək düzgün deyil. Bu, səlahiyyətimizdən kənar olan bir məsələdir.
- On il olur ki, Milli Məclisin deputatısınız. Bura isə bir siyasi ailədir. Bu muddət ərzində özünüzə dost tapa bildinizmi?
- Ağzında siyasi ailə deyirsən, siyasi ailədə ancaq siyasi dost olacaq.
- Azərbaycanda dərman pereparatları tez-tez bahalaşır. Bunun səbəbi nədir?
- Əslində, “Dərman pereparatları haqqında” qanun da kifayət qədər mükəmməl bir sənəddir. O qanunun hazırlanmasında mən də çox yaxından iştrak etmişəm, bir millət vəkili olaraq məclisə bunu mən təqdim etmişəm. Qanun əsas hüquqi prinsipləri, hüquqi əsasları, hüquqi istiqamətləri müəyyən edir. Dərmanların bahalaşması ilə bağlı məsələni vurğuladınız. Bu məsələni  Milli Məclisdə qaldırmışam, başqa deputatlar da qaldırıb, burada çox ciddi bir məsələ var, dərmanların vergi rüsumlarından, vergilərdən azad olunması...
Dünyanın bir çox ölkəsində dərmanlara tətbiq olunan vergi rüsumları ya tətbiq olunmur, ya da olduqca aşağı faiz tətbiq olunur. Azərbaycanda isə 18 faiz Əlavə Dəyər Vergisi dərmanların üzərinə qoyulur. Bu da dərmanın ən azı 50 faiz, 70 faiz, bəzən də iki dəfə bahalaşmasına səbəb olur. Ona görə də təklif etmək lazımdır ki, dərmanlar vergidən azad edilməsə də, ən azı Gürcustanın variantını tətbiq edə bilək. Gürcüstanda dərmanlara qoyulan ƏDV 6 faizdən çox deyil, Rusiya 8 faizə endirib, Azərbaycanda bu hələ 18 faiz olaraq qalmaqdadır. İkinci bir məsələ, yeni qanun qəbul olunandan sonra qeydiyyatsız dərmanların Azərbaycana gətirilməsinə qəti qadağa qoyuldu, ona qədər çox ölkələrdən qeydiyyatsız dərmanlar gətirilirdi və onların bəziləri hətta çox ucüz qiymətə başa gəlirdi. Xüsusilə, Hindistan, Pakistan və şərq ölkələrindən ölkəmizə dərmanlar gətirilirdi. Bu dərmanların çoxu “kustar” şəraitdə hazırlanmış, bəzən keyfiyyətsiz şəkildə və çox şübhəli laboratoriyalarda hazırlanmış dərmanlar idi. Səhiyə Nazirliyi çox ciddi nəzarətə götürərək bütün bu dərmanların Azərbaycana gətirilməsinin qarşısını aldı. İndi Azərbaycan bazarında satışda olan dərmanların tam böyük əksəriyyəti Avropa Birliyi ölkələrində istehsal olunan və Avropa Birliyi ölkələrinin istifadə etdiyi dərmanlardır. Bu keyfiyyət baxımından yaxşıdır. Təhlükəsizlik baxımından  arxayınçılıq deməkdir. Digər tərəfdən, təbii ki, Avropa dərmanının qiyməti ilə Hindistan dərmanının qiyməti bir olmayacaq. Yaxud Rusiya, Ukrayna dərmanının qiyməti bir olmayacaq. Bu mənada bahalaşmanın iki obyektiv səbəbi var, subyektiv səbəbləri axtarsaq çox olar.
- Siz ixtisasca həkimsiniz, müşahidələr göstərir ki, Azərbaycanda insanların ən çox növbədə dayandığı yerlər apteklər və xəstəxanalardır. Sizcə, bu, nəyin göstəricisidir?
- Mən düşünürəm bu düzgün olmayan müşahidədir. Mən ümumiyyətlə Azərbaycanda növbə olan yer görmürəm. Apteklərdə növbə görməmişəm. Ola bilsin ki, dövlət klinikalarına pulsuz tibbi yardımla bağlı çox adam müraciət edir. Amma o demək deyil ki, Azərbaycanda əhalinin sağlamlıq vəziyyəti o dərəcədədir ki, insanların hamısı xəstəxanalara və yaxud apteklərə axışır.
- Seçkilərlə  bağlı nə fikirləşirsiniz?
- Mən son iki çağırışda Yeni Azərbaycan Partiyasının nümayəndəsi olaraq deputat seçilmişəm. Partiyanın Siyasi Şurasının üzvüyəm, hazırda partiyada müəyyən məsləhətləşmələr aparılır. Təbi ki, mənim namizədliyim olacaq. İnşallah, partiya xeyir-dua verər, biz də yenidən seçilərik. Düşünürəm ki, seçicilərin də dəstəyi olacaq. Amma əgər partiya rəhbərliyinin ayrı fikri olacaqsa, onu da hörmətlə qarşılayacayıq.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər