Modern.az

Ucqar kəndə göndərilən gənc müəllim danışdı:“Maaşlar artırılsın”

Ucqar kəndə göndərilən gənc müəllim danışdı:“Maaşlar artırılsın”

20 Dekabr 2014, 11:22

Bu gün cəmiyyətimizdə bəzi gənclər peşə vəzifələrini ən ucqar kəndlərdə yerinə yetirilər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, şəhərdə fəaliyyət göstərənlərdən daha çətin işlə məşğuldurlar. Elə bizim növbəti müsahibimiz kimi.

Peşə vəzifəsini hazırda ən ucqar kənddə yerinə yetirən  gənc müəllim Emin Həmidli Modern.az-ın suallarını cavablandırıb.

- Əvvəlcə sizi tanıyaq...

 -  Həmidli Emin Ədalət oğlu 1992-ci ildə Lənkəran rayonunun Liman şəhərində anadan olmuşam. Orta təhsilimi Liman şəhər 1 saylı tam orta məktəbində almışam. 2010-cu ildə 582 bal toplayaraq Lənkəran Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşam. 

- Müəllim olmağı, xüsusən də tarixçi olmağı öncədən planlaşdırmışdınız, yoxsa bu seçiminiz təsadüfən etdiniz? 

- 11-ci sinfə qədər hansı ixtisası seçəcəyimi bilmirdim. Daha doğrusu, dəqiqləşdirə bilmirdim. III  qrup üzrə hazırlaşırdım. 11-ci sinifdə tarixçi olmaq istədim. Bu, həm istəkdən, həm də reallıqdan irəli gəlirdi. Çünki məktəb illərində dərslərimi yaxşı oxusam da, tarix fənninə daha çox diqqət ayırırdım. 9-10-11-ci siniflərdə tarix fənni üzrə keçirilən rayon olimpiadasının hər iki turunun qalibi olaraq, respublika olimpiadasında iştirak etmişəm və qalib olmuşam. İxtisas seçimində birinci Lənkəran Dövlət Universitetinin tarix ixtisasını yazdım.  Həmin ixtisasa dövlət sifarişi əsasında daxil oldum.

 - Sizcə, niyə məhz müəllimlik?

- Bilirsiniz, insanların xarici görünüşü fərqli olduğu kimi onların daxili aləmi də, bacarıqları da fərqlidir. Hər hansı bir işlə bütün insanlar eyni keyfiyyətlə məşğul ola bilməzlər. Hər bir insanın daxilindəki bacarıq və qabiliyyətlər fərqlidir. Sadəcə, biz həmin bacarığı aşkar etməliyik. Belə olduğu təqdirdə, hesab edirəm ki, insanın həyatda özünə layiqli mövqe tutması ehtimalı artır. Yəni  hansı sahədə özünü görürsənsə, sənin bu sahədə mövcud olan nərdivanın pillələri ilə irəliləmək ehtimalın çox olur. 

- Gənc yaşda  müəllimlik fəaliyyətinə şəhərin ən müasir məktəblərində yox, kənd yerində başlamısınız? Maraqlıdır, bu seçiminizin səbəbi nələr olub? 

- Şübhəsiz ki, şəhər məktəblərində işləmək daha rahatdır. Kənd məktəbində işləməyimə gəldikdə, Lənkəranda tarix müəlliminə cəmi 1 məktəbdə - Şağlaser kənd orta məktəbində ehtiyac vardı. Yəni 1 vakant yer mövcud idi. Bu vakant yerə  çoxlu iddia edən namizədlər də var idi. Çox şadam ki, 34,08 bal toplayaraq vakant yeri tutmaq hüququnu əldə etdim. Qeyd edim ki, şəhərdə də işləmək imkanım olub. olub. Amma bu işlərin bitirdiyim ixtisasa uyğun gəlməməsi, digər tərəfdən əmək haqqının qaneedici olmaması həmin imkanlardan imtina etməyimə səbəb olub.

- Əsas məsələyə qayıdaq. Sizcə, Şağlaser kənd orta məktəbindəki şərait qaneedicidirmi? 

- Şağlaser kənd orta məktəbi 2014-2015-ci tədris ilində yenidən inşa edilən məktəblərdən biridir. Üçmərtəbəli məktəbdə 360 şagird oxuyur. Məktəbdə kimya, biologiya laboratoriyaları, informatika və hərbi kabinet, idman zalı, akt zalı var.  Şagirdlərin normal təhsil alması üçün, hesab edirəm ki,  hər cür şərait var. 

 - Güman ki,  pedaqoji təcrübənizi şəhər məktəblərində keçmisiniz. Şəhər məktəbi ilə kənd məktəbi arasında hansı fərqliliklər var?

- Bəli, pedaqoji təcrübəni Lənkəran şəhərində yerləşən məktəblərdə keçmişəm. Hazırda ölkəmizdə təhsil müəssisələrinin inşası və yenidən qurulması prosesi sürətlə davam edir. Ən ucqar kənd yerlərində müasir tələblərə cavab verən, hər cür şəraiti olan məktəblərin tikintisi nəticəsində şəhər məktəbi ilə kənd məktəbi arasında olan fərqlər demək olar ki, aradan qalxıb. Yəni kənd məktəbində də şəhər məktəbindən heç də fərqlənməyən şərait yaradılıb. Şagirdlərin keyfiyyətli təhsil alması, müəllimlərin öz fəaliyyətini normal təşkil etməsi üçün şəraitin olduğu bir vəziyyətdə bu fərqlər o qədər də nəzərə çarpmır. 

- İndi isə şagirdlərin tədrisə münasibətindən danışaq. Çox vaxt deyirlər ki, kənddə oxuyan uşaqların dünyagörüşü az olur və dərslərə həvəslə yanaşmırlar. Bir neçə aydır kənddə dərs deyirsiniz. Sizcə, bu iddialar nə qədər doğrudur?..  

- Kənddə oxuyan şagirdlərin dünyagörüşünün aşağı olması və dərslərə həvəssiz yanaşmaları fikri ilə razılaşmıram. Doğrusu, müəllimlik fəaliyyətimə başlayana qədər mən də bu fikirdə idim. Amma dərslərin başlanmasından keçən qısa bir zamanda fikrimin yanlış olduğunu gördüm. Dünyagörüşlərində, həyata baxışlarında müəyyən fərqlərin olması fikri lə razılaşmaq olar. Amma “kənddə oxuyan uşaqlar dünyagörüşsüz” olurlar fikri ilə qətiyyən razılaşmıram. O ki qaldı, dərsə həvəssiz yanaşmağa, bir neçə faktı demək istəyirəm. Çox vaxt 5 dəqiqəlik tənəffüsü edə bilmirəm. Çünki şagirdlər maraqlı suallar verirlər. Bir dəfə bir qrup şagird əlavə dərs keçməyimi xahiş etdilər. Sözsüz, buna qanunvericiliyə uyğun münasibət göstərildi və şagirdlərin arzusu reallaşdı. Kənd həyatı, hesab edirəm ki, şəhərdə yaşayanlar üçün ağır görünə bilər. Amma  kənddə yaşayanlar üçün normal həyat tərzidir. Yəni kənd həyatının tədrisə mənfi təsir etdiyi fikri ilə razı deyiləm.

 - Hansı məsələlər həll olunsa, kənddə təhsilin keyfiyyəti daha da yüksələ bilər?

- Təhsilin keyfiyyətli olmasında kadr potensialı mühüm rol oynayır. Müəllim öz peşəsini sevməli və ixtisasını dərindən bilməlidir. Bu 2 amil keyfiyyətli təhsili təmin edən vacib komponentlərdir. Müəllimlərin attestasiyası da, hesab edirəm, doğru addımdır. Bir klubun bütün futbolçularına eyni vəsaiti versən, komandanın nəticələri uğurlu olmaz. Yəni bir növ rəqabət mühiti olmalıdır. Daha səylə çalışan müəllimlə, bir qədər az səy göstərən müəllim arasında fərqin qoyulmasını daha ədalətli hesab edirəm. Mən ümumi danışdım. Amma güman edirəm ki, bu amillər şəhərlə yanaşı, kənddə də təhsilin keyfiyyətinə bilavasitə  müsbət təsir göstərəcək.

 - Maaşınız sizi qane edir? 

- Bu suala müsbət cavab versəm, yalan danışmış olaram. Məlumat üçün bildirim ki, işlədiyim kəndə getmək üçün yaşadığım Liman şəhərindən Lənkərana 14, oradan da kəndə 18 kilometr yol getməli oluram. Yəni  gün ərzində 64 kilometr yol qət edirəm. Bu, məndən günün 4 saatını yolda keçirməyi tələb edir. Göründüyü kimi, heç də asan proses deyil. Ona görə də aldığım əməkhaqqını qaneedici hesab etmirəm.

-Uzun müddət kənd məktəblərində müəllim işləmək fikriniz var?

- Fikrimcə, uzun müddət eyni vəzifədə və eyni yerdə işləmək doğru deyil. Belə olduqda, insan passivləşir. Yəni  daim öz üzərimizdə çalışmalıyıq, günün tələblərinə cavab verən bir işçi kimi aktuallığımızın itməsinə yol verməməliyik.

 - Gənc müəllim kimi kənddə sizə münasibət necədir? 

 - Şagirdlər gənc müəllim kimi məni çox maraqla qarşıladılar. İndi də şagirdlərim tarix fənninə çox səylə hazırlaşırlar. Şağlaser Lənkəranda tarixi, ənənələri ilə fərqlənən kəndlərdən biri hesab olunur. Kəndin 5 minə yaxın əhalisi var. Kənddə 2 orta məktəb fəaliyyət göstərir. Lənkəran-Boradigah avtomobil yolunun üzərində yerləşir. Son zamanlara qədər kəndin yolu bərbad vəziyyətdə olub. Lakin Vilvan-Zövlə-Boladi avtomobil yolu artıq təmir olunub.

Məltəm TALIBZADƏ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir