Modern.az

Məmməd Aslan: “Atamdan 12 yaş böyüyəm”

Məmməd Aslan: “Atamdan 12 yaş böyüyəm”

Ədəbi̇yyat

23 Dekabr 2014, 11:51

Bu gün Azərbaycanın qocaman şairlərindən olan, ana dilinin keşiyində hər zaman dayanaraq onu həm mühafizə edən, həm də inkişaf etdirən şair, publisisit Məmməd Aslanın 75 yaşı tamam olur. Məmməd Aslan 1939-cu il dekabrın 23-də Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Kəlbəcərdə orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı “Yenilik” qəzeti redaksiyasında məsul katib işləyir.

Daha sonra Bakıda “Ulduz”, “Azərbaycan təbiəti” jurnallarında, “Azərbaycan gəncləri”, “Ədabiyyat və incəsənət” qəzeti redaksiyalarında çalışıb.

Uzun illər müxtəlif telekanallarda müəllif verilişləri aparan böyük türkçü Məmməd Aslan yalnız Azərbaycanda deyil, bütün Türk dünyasında barmaqla göstərilən aydınlar siyahısındadır.

Çox uzatmayaq, çünki Məmməd Aslandan danışası olsaq günlər buna bəs etməz.

Kəlbəcər işğal olunandan sonra qürbətdə hər bir kəlbəcərli üçün Kəlbəcər olan Məmməd Aslanın bu gün 75 yaşı tamam olur.

“Mən elə bir nəslin övladıyam ki, bizim nəsildə çox uzun yaşayanlar olmayıb. Atam 63 yaşında dünyasını dəyişib. Bu da bir peyğəmbər yaşıdı. Mən bəlkə də məndən qabaq ölən qardaşlarımın, ata-babamən yerinə yaşayıram. Təsəvvür edin ki, mən atamdan 12 yaş böyüyəm. Bu da Allahın verdiyi bir paydır. Bir də 75 yaş olmayacaq. 75-dən sonra xeyirli bir ömür, dini görüşlərimizə uyğun bir ömür olacaqsa, mən özüm özümə can sağlığı arzu edirəm. Olmayacaqsa nə təhər deyim, biməna yaşamaqdan bir şey çıxmaz”-deyir böyük sənətkar..

Davam edir: “Allaha şükür 75 yaşımda da yazıb-yaradıram. Yazmağın özü də bir vərdişdir. Amma mən hər zaman məhsuldar olmuşam. Bu yaşımda da hər gün yazıram. Son beş ildə yazdıqlarım “Şair səlahiyyəti” adlı bir kitabda çap olunacaq. Bunu bir dəfə sizə də demişəm. Bizim rayondan olan bir alim var, İlham Məmmədli, o, kitabın redaktorudur. İnanıram ki, insaflı oxucular tərəfindən qarşılanan bir kitab olacaq. Bizim dilə aid olan kitabımız isə hələ tam hazır deyil. Mən də məqamını gözləyirəm. Deyəsən, Mədəniyyət Nazirliyi ona sahib çıxacaq. Vaxtilə televiziyaların birində apardığım veriliş var idi. Kitab da elə eyni adda olacaq “Sözün özü”. Təxminən 450 səhifə olacaq. Hazır bir kitabdır. Bu kitab məndən də çox bu millətə mal olacaq bir kitabdır. Mən o kitabın sözün doğrusunu desək, zəhmətkeşiyəm, ləzzətini isə millət çəkəcək. Elə proqramda necədirsə, kitabda da o cür saxlamışam. Sadəcə oradakı “siz” müraciətinin yerinə kitabda oxucu deyə müraciət etmişəm. Qalan nə varsa hər şey yerindədir.”

Sizə can sağlığı arzulayırıq BÖYÜK SƏNƏTKAR!

Allah Sizi Kəlbəcərinizə qovuşdursun!!!

Elmin NURİ

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!