Modern.az

Ürəyimi məşəl kimi qaldırıram göylərə

Ürəyimi məşəl kimi qaldırıram göylərə

Ədəbi̇yyat

23 Dekabr 2014, 13:43

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
publisist, Pedaqogika üzrə fəlsəfə doktoru


Məmməd Rahimin hələ lirik şerləri aydın göstərir ki, onun bədii ilham mənbəyi öz ölkəsinin tarixi və həyatı, Azərbaycanın gözəl təbiətidir. Şair öz xalqının ruhu ilə, öz doğma torpağının ümid və arzuları ilə yaşayır və nəfəs alır.                
Səməd Vurğun

Mən istərəm şerimin təravəti duyulsun
Baxçaların, bağların çiçəyində, gülündə.
Gəlsin əks-sədası yazdığım nəğmələrin
Vətənin çağlayan gur çağında, zilində.
Xatırlasın gələcək nəsillər məni daim
Xəzərin bu çıraqban, sevdalı sahilində.
Məmməd  Rahim

Yazdığı nəğmələrin əks-sədasını arzulayan, “Biz gedərik, qoca dünya qalandır”-deyib misralarını qoca dünyaya vəsiyyət edən bir şairimiz vardı-xalq şairi, Dövlət mükafatı laureatı  Məmməd Rahim.

Ədəbiyyata keçən əsrin 20-ci illərinin ortalarında “Gördüm” şeiri ilə gəlmişdi. Ustad  sənətkarlar Süleyman Rüstəm, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Osman Sarıvəlli ilə birgə qələm çalmışdı. Akademik Məmməd Arifin təbiri ilə desək: “Öz şerləri, nəğmələri, poemaları ilə şerimizə yeni hiss, duyğular, yeni motivlər gətirmişdir: ”

Məndən ayrı gəzən yardan,
Ürəyimi üzən yardan,
Kəklik kimi süzən yardan,
Könül gəlmiş, zara gözlər,
Qara gözlər, qara gözlər.

Azərbaycan ədəbiyyatı tarixinə daha çox lirik şair kimi daxil olan Məmməd Rahim bu səpkidə çox maraqlı, rəngarəng sənət inciləri yaratmağa müvəffəq olub. Dərin lirizm, hiss və duyğular onu səciyyələndirən meyarlardandır. Məmməd Rahim yaradıcılığının ən fədakar tədqiqatçısı, filologiya elmləri doktoru, professor İfrat xanım Əliyevanın təbiri ilə desək: “Rahimin lirikası əlvan və çoxçeşidli xalıya bənzəyir. Onun ilham rübabı həm çoşğun, həm də təntənəli, əzəmətli səslənir, yəni dünyamızı bir rəssam kimi təsvir edir”.

Məmməd Rahim yaradıcılığını tədqiq edəndə onun nə qədər böyük, vətənini hədsiz sevən, təpədən dırnağa qədər vətənpərvər şair olduğunu görmək mümkündür.

Keçən əsrin əvvəllərində, epik şerə yenicə meylin hiss oluduğu bir vaxtda Məmməd Rahim yaradıcılığında epik poeziyaya diqqətin yetirilməsi özünü tam açıqlığı ilə büruzə vermişdir. Lirik poeziyaya, bitkin bədii təcrübəyə yiyələnən    M. Rahimin poemaları da dövrün epik şerinin inkişaf təmayülü, onun siqlət və miqyası ilə çulğalaşırdı. Şairin “Döyüş günləri”, “Şairin xəyalı”, “Arzu qız”, “Qırx qız”, “Ölməz qəhrəman” və s. epik şerin inkişaf mənzərəsini əks etdirir.  

Xalq şairi Qabilin dediklərindən: “Bizim Azərbaycan şerimizin, ədəbiyyatımızın, xalqımızın Məmməd Rahim adlı bir xalq şairi olub. Mübaliğəsiz deyə bilərəm ki, nəinki gənc nəsl, hətta 50 yaşı olanlar belə Məmməd Rahimi bəlkə də görməyib, tanımır, heç xatırlamır da. Məmməd Rahimə böyük bir şair, ustaq kimi baxırdıq. O, otağa on dəfə də daxil olsa biz ayağa durar, ona öz hörmət və ehtiramımızı bildirərdik. Mən onu lirik bir şair kimi yüksək dəyərləndirirəm        M. Rahimin “Ögey ana”, “Natəvan” poeması, İkinci dünya müharibəsi zamanı bir dəstə şairlə İranda, Cənubi Azərbaycanda  olarkən, “Vətən yolu” qəzetində çalışarkən qələmə aldığı Cənub mövzusu əsərlərini xüsusi qeyd etmək istəyirəm. O, orada ictimai içşi kimi fəaliyyət  göstərək, ana dilimizin saflığı uğrunda mübarizə aparırdı. Balaş Azəroğlu, Hökumə Bülluri, Mədinə Gülgün,Əli Tudə  və s. kimi şairlərin inkişafında, yetişməsində, formalaşmasında, kamilləşməsində M.Rahimin xüsusi rolu olmuşdur. M. Rahimin “Nənəmin ulduzları”, Cənubda yazdığı “Şatır” şerləri, müharibə illərində yazdığı “İkiqat cinayət” şerini şer xəzinəmizin inciləri kimi dəyərləndirirəm:

O kişilər ki, alır əsgər arvadını,
Qoy yaxşıca qorusun öz təzə arvadını.
Səngərdəki əsgərə göstərməyən sədaqət,
Onun da sevgisinə bir gün eylər xəyanət.

Heç bir şairin yazdığı bütün əsərlər yadda qalmır .Füz uli kimi dahinin geniş xalq kütləsinin dilində təkcə bir “Şəbi-hicran” şeri əzbərdir .Təbii ki, mən Füzulişünas alimləri, Füzulini bilənləri nəzərdə tutmuram. M.Rahimin də bəzi şerləri oxucuların yaddaşında əzbərdir.

M. Rahimin ən yaxşı insani keyfiyyətlərindən biri o idi ki, o, çox qayğıkeş, kövrək qəlbli, ürəyi təmiz idi. Ürəyindən keçəni deyərdi. Şöhrət də, şan da istəyirdi. Hətta sağlığında özünə heykəl qoyulmasını da görmək istəyirdi. Nə qədər gülünc də olsa bu bir həqiqətdir. Hər adamın bir xasiyyəti, bir xarakteri olur. İnsanlar konveyerdən çıxan konserv  qutuları deyildir…

M. Rahim çox əla, peşəkar redaktor idi. Zərgər dəqiqliyi ilə bizim nöqsanlarımızı göstərərdi. Şerlərimizə qeydlər edər, kitablarımızı redaktə  edərdi. Uşaq kimi qarşımıza çıxıb iş görərdi. Yaxşı xatırlayiram, mənim rus dilində “Nəsimi” poemam çıxmalı idi. Mənə Mətbuat Komitəsində dedilər ki, Yazıçılar İttifaqından məktub gətirməlisən. Mən gəldim Mirzə İbrahimovun yanına. O, Yazıçılar İttifaqının  sədri idi. Nə isə qəribə bir söz deyib, mənə imtina etdi. Çox məyus, kor-peşman halda oturdum Yazıçılar İttifaqının dəhlizində. Birdən dəhlizdə Məmməd Rahim göründü. O, mənə yaxınlaşıb dedi: “ Qabil, sənə nə olub belə məyussan, fikirlisən. Nə olub de, bəlkə köməklik etdim sənə”. Mən də hadisəni olduğu kimi ona danışdım. M.Rahim getdi, 10 dəqiqədən sonra əlində möhürlü məktubla mənə yaxınlaşıb, təqdim etdi və dedi: “Qabil, apar, xeyirli olsun ”. Bəli, Məmməd Rahim belə xeyirxah, alicənab şəxsiyyət, gözəl lirik şair idi…”



Lirik duyğu və hisslər, gözəl musiqi duyumu onu nəğməkar şair kimi də şöhrətləndirib. Təsadüfi deyildir ki, Məmməd Rahimin həddən artıq axıcı, həzin lirikasına zamanəmizin görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Cahangir Cahangirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları dönə-dönə müraciət edib. Onun şux, gözəl nəğmələri Zeynəb Xanlarova, Elmira Rəhimova, Məmmədbağır Bağırzadə və başqa müğənnilərimizin, xanəndələrimizin repertuarını bəzəyir.

Böyük bəstəkarımız Fikrət Əmirov şairin yaradıcılığını bele qiymətləndirib: “Mən Məmməd Rahimin poeziyasında iki xüsusiyyəti görürəm.1-cisi epik vüsət, 2-cisi lirikadır, nəğməkarlıqdır. Onun elə lirik şerləri vardır ki, o başdan-başa musiqidir.

Deyirəm ki, səni gördüyüm zaman
Üstünə gül-çiçək səpəcəyəm mən.
Deyirəm ki, səni görəndə canan
Söz açaram təmiz məhəbbətindən.

Sən bahar çağında yaşıl çəməndə
Ətir saçan zaman qızılgül kimi,
Coşmaq istəyirəm fərəhlə mən də,
Baharın aşıqi şən bülbül kimi.

Elə ki, qarşımda görürəm səni,
Tutuluram yaman niyə bilmirəm?!
Nədənsə bu sadə bircə kəlməni-
Sevirəm sözünü deyə bilmirəm.

Mütərəqqi dünya və rus poeziyasına yaxından bələd olması, onu mükəmməl, dərindən  bilməsi Məmməd Rahimi ədəbi mühitdə bədii tərcümənin mahir ustadı kimi də tanıda bilib.O, Nizami, Nəvai, Şiller , Biranje, Lermantov, Puşkin, Nekrasov, Şota Rustaveli əsərlərindən nümunələri dilimizə çevirib. Puşkinin “Ruslan və Lyudmila”, “Qafqaz əsiri”, Lermantovun “Qonşu qız”, “Mtsıri”, “Tacir Kalaşnikov haqqında nəğmə” və s. M. Rahimin tərcümə incilərindəndir.

Böyük əsərlər yaradan şair uşaq ədəbiyyatımızda yadda qalan sənət inciləri yaratmışdır. Uşaq psixologiyasına, onun mənəvi dünyasına dərindən bələd olan, onları böyük məhəbbətlə sevən şair qələmini balaca uşaqlar üçün çox sadə, uşaqların anladıqları bir dildə əsərlər yazmaqla da sınayıb. “Tonqal başında”, “Balaca bağbançılar”, “İldırımın kitabı”, “İki qardaş”, “Quzu” və s bu qəbildən olan qiymətli sənət incilərindəndir.

M. Rahim çox cəsarətlə qələmini satira və yumor sahəsində də məharətlə sınamışdır.

M.Ə.Sabir ənənələrinə sadiq qalaraq, qələm dostları Cəfər Cabbarlı və Süleyman Rüstəmin bu sahədə təcrübəsindən bəhrələnərək, Məmməd Rahim tüfeyliləri,  pulgirləri, tamahkarları, bürokratları, mənsəbpərəstləri və s öz kəskin qələmi ilə qamçılayırdı.

Lakonikliyə, fikrin yığcam şəkildə ifadə etmək bacarığına malik olması Məmməd Rahimin satiralarında da özünü büruzə verir. “Maral və qurbağa”, “Qarğa və göyərçin”  və s. şerlərində bu fikirlər öz əksini tapır.

Vətən oğlu öz canını
El uğrunda qurban eylər.
Aşıq coşar məclislərdə
Bu şöhrəti dastan eylər.

Gəlmə düşman ,gəlmə düşman,
Məndən sənə olmaz aman.
Hər daşımda var bir aslan,
O, qalxanda tufan eylər.

Çala bilməz sər tərlanı,
Bu elləri yaxşı tanı.
Gəl başına gen dünyanı
Məğrur ordum zindan eylər.

Çox güvənmə, gəl özünə
Mil salaram cüt gözünə.
Bir damcı qan əvəzinə
Qoç Koroğlum min qan eylər.

Ağır müharibə illərində qələmlərini süngü ilə əvəz edən ədiblər arasında Məmməd Rahim də olub. O da qələmdaşları kimi xalqı düşmənə qarşı amansız olmağa səsləyən səfərbəredici şerlər yazıb. Tez-tez cəbhələrdə olub, döyüşçüləri igidliyə, qəhrəmanlığa həvəsləndirib.

Epik bir əsər olan “Leninqrad göylərində” poemasında şairin çox dərin və mənalı lirizmini hiss etmək olur. M.Rahim lirikadan məharətlə, ustalıqla istifadə edərək, məzmunlu lirik-dramatik əsər yaratmağa müvəffəq olmuşdur. Özündə həm lirizmi, həm də epizmi ehtiva edən poemada şair öz gözəl, səmimi hisslərini, duyğularını yüksək səviyyədə ifadə edə bilmişdir.

“Leninqrad göylərində” poemasında təkcə qırıcı-təyyarəçi, həmyerlimiz Hüseynbala Əliyevin deyil, bütövlükdə Azərbaycan xalqının igidliyini, şücaətini tərənnüm edib. Ümumiyyətlə, M.Rahimin qəhrəmanlıq şerləri bü gün ölkəsində müharibə gedən vətən oğulları üçün bir örnək, bir çağırışdır.

Cənub ağrısı, bütöv, bölünməz Vətən həsrəti, Araz dərdi Məmməd Rahim yaradıcılığından da yan keçməyib. Bir müddət Cənubi Azərbaycanda yaşayan şair qan bir, can bir bacı-qardaşlarımızın bütün ağrı-acılarını, nisgilini, bir-birinə qovuşmaq arzusunu “Arazın şikayəti”, “Xalçaçı qız”, “Qara daşın həsrəti” şerlərinə köçürüb:

Arazla bu səhər gəldim üz-üzə
Axıb gedən zaman yaşıl bir düzə,
Dedi: “Şairlərdən şikayətim var.
Mənim çox qəribə hekayətim var”
Dedim ki: “Nə olub”?
                          Qövr etdi dərdi,
Dedi: - El bir zaman mənə deyərdi:
“Arazım, Arazım, axan Arazım!
Sinəsi yadlara qalxan Arazım
Çağla ki, sən mənim öz vüqarımsan,
Sevincim, fərəhim, iftixarımsan”!
Dedim ki : “Elədir.”
                          Gəldi hiddətə:
“Elədirsə, nədən bəs qana-qana
Şairlər salırlar məni böhtana!
Qalır bir tərəfdə zülmkar, yağı,
Deyirlər sən böldün ana torpağı”.
Ayrıldığım zaman kədərli çaydan,
Gördüm ki, qardaşım baxır o taydan.

Tarixi mövzular da Məmməd Rahim yaradıcılığından yan keçməmişdir. “Xaqani” məzmun dramı, “Natavan”, ”Qaçaq Nəbi” əsərləri bu qəbildən olan sənət inciləridir.



Məmməd Rahimin əsərləri arasında bir poema diqqəti daha çox çəkir. Bu “Ögey ana” poemasıdır. Belə ki, bu dünyanı düşündürən ən ciddi problemlərdəndir. Çünki dünyada ögey analara ikili münasibət vardır. Müsbət və mənfi. Şair poemada “Ögey ana”sı tərəfindən əzilən, həyatı zillətdən dözülməz hala gələn bir qızın faciəsini təsvir edir. Əsərdə ailə münasibətləri, tərbiyə, övlad məhəbbəti, “ögey analar”ı məzəmmət, balaca övladlara sevgi, alicənablıq, mərhəmət, xeyirxaxlıq göstərilməsi öz əksini tapmışdır:

Çox əsər yazılıb ögey anadan,
O, məncə dərdidir, bəşəriyyətin.
Belə deyirlər ki, başdan – binadan
O, bir düşmənidir bəşəriyyətin.

Şairin bacısı Xeyransa Hüseynovanın xatirələrindən:“Məmməd Rahimdən savayı mənim beş qardaşım vardı. Ancaq evimizin əziz-xələf oğlu məhz Rahim idi. Onu çox sevirdik. Babamın adını daşıyırdı. Rahim özü nə qədər desən çox xeyirxah idi. Bacıların arasında məni çox istərdi, mən də onu çox sevər, başına pərvanə kimi dolanardım.

Rayondan gələn bir çox şair, yazıçı bizim evdə qalardılar.

Yazıçı Əbülhəsən ailəsi ilə evi olmadığına görə bizim həyətimizdəki evdə qalırdı. “Dünya qopur” romanını Əbülhəsən məhz bu evdə yazıb. Şair Süleyman Rüstəm həmişə bizə gələndə Əbülhəsənə sataşardı ki, ay Əbülhəsən, dünya nə zaman qopacaq?.Romanı nə vaxt bitirəcəksən?...

Gəncədən Mikayıl Rəfili də öz ailəsi ilə bizim evə pənah gətirmişdi. Həyətimizdə 1-2 otağı Rahim onların istifadəsinə vermişdi.Onlar bir müddət özlərinə ev alana kimi orada qaldılar.

Mikayıl Müşfiq də tez-tez bizə gələrdi. Rahimlə bir yerdə institutda təhsil alırdılar. Anamın dayısı məşhur minasaz idi. Onlar üçün qızıldan medalyon düzəltmişdi. Yaxın dost idilər...

M.Rahim çox gözəl bacı-qardaş, ailə qədri bilən idi. Bir dəfə Rahimin yeni kitabı çıxmışdı. O vaxtlar subay olduğu üçün qonaqlığı anam verdi, gözəl süfrə açdı. O zaman S.Rüstəm, R.Rza, M.Rəfili və digər ədiblər öz həyat yoldaşları ilə bizə gəlmişdilər. Qonaq əlindən evdə iynə atmağa yer yox idi. Qonaqlardan biri anama dedi ki, ana, hamı evlidir, təkcə Rahim subaydır. Onu hökmən evləndirmək lazımdır. S.Rüstəm çox zarafatcıl idi. O, anama dedi ki, burada olanlardan birini bəyənin, Rahim üçün alaq. Anam da bir xanımı bəyəndi. Bu zaman Rahim anama dedi ki, ay məmə, sən nə danışırsan? Onun nişanlısı yanındadır ee...

Əksər ədiblər Rahimin evindəki çox qonaqlıq məclislərinə gələrdilər, tez-tez ondan borca pul alardılar. Çox zaman imkanları olmadığına görə borcları geri almazdı. Rahim əliaçıq idi. Rayondan gələn gənc şair, yazıçılara həmişə öz evinin qapısını açardı. Bizim evin birinci  mərtəbəsi sanki mehmanxananı xatırladardı...

Bir gün Məmməd Rahim Hindistana gedir. Orada bir qızla rastlaşır. Qız ona baxmır, yan keçir. Onun bu hərəkəti Rahimə pis təsir göstərir. Bu təsirdən aşağıdakı şeir yaranır:

Saldı qara gözlərin, neçə aşiqi dərdə,
Qız xalıqın öləydi, səni xəlq eyləyəndə.
Kamına çatmayaydı,
Səni yaradırdısa, məni yaratmayaydı...
Nə ad verim hüsnünə?
Sənə axar su desəm,
Suyu dayandırarsan,
Alov desəm, alovu da yandırarsan...

Məmməd Rahim eyni zamanda çox mehriban, qayğıkeş, diqqqətcil ata, qardaş, ailə başçısı, həyat yoldaşı, baba, dost idi. O, həyat yoldaşı Mələk xanım xəstəxanada yatarkən, bir yalvarışla həkimə müraciət edərək, özü xəstə yatmasına rəğmən həyat yoldaşına baş çəkməyi rica edirdi:

Sən əlac eləyirsən gözlərimə,ey həkim!
Nə olar bir qulaq as sözlərimə,ey həkim!
Heç bir zaman, bir kimsəyə belə yalvarmadım mən,
Deyirlər Mələkxanım gedir daha əlimdən.
Onsuz bu dünya mənə qatı zülmət gecədir,
Burax gedim, baş çəkim, görüm halı necədir?
Dünyanı tərk eləyib gedəsidirsə Mələk,
İtirirəmsə, əgər o səmimi xilqəti
Görməyimin qalmayır daha bir məziyyəti.
Qoy kor olum, qalım qoy dünya üzünə həsrət.
Gərək deyildir onsuz mənə bir naz - nemət.
Öz dərdimi yadımdan çıxarmışam, ey həkim!
Qoy həyat loğmanına gedim bir yol baş çəkim.

“Hər aşıqin dövranı var”- deyərdin ustad, belədir! “Bizim eldə hörmət olar sənətkara”- deyərdin ustad, bu da doğrudur! Nə qədər ki, şeir, sənət var,qədirbilən xalqımız var, sənətə, sənətkara hörmət var, deməli, Məmməd Rahim də var. Nə qədər ki, yüzlərlə ailədə Rahimlər yaşayır, deməli, Məmməd Rahim də yaşayır, yaşayacaq, xatırlanacaq o daim ürəklərdə, nəğmələrdə.

Ruhun şad olsun ustad!

Şairin aşağıkı qəzəlini oxuculara təqdim edirəm

Keçdi

Yenə gülşəndən ötüb gözləri afət keçdi.
Yenə şahanə xuram etdi, qiyamət keçdi.

İzlədim sayə kimi yar baxıb güldü qəşəng,
Göstərib aşıqinə xeyli nəzakət keçdi.

Coşdu şaxlardakı bülbül onu gördükdə yenə,
İlk baharım verərək bağə təravət keçdi.

Unudub yar məni zənn eyləyəcək küsmüşdüm,
Onu gördükdə sönüb cümlə ədavət keçdi.

Ahu gözlüm yenə səyyad kimi gəlsin Rahim,
Aşıqin günləri ol şux ilə şərbət keçdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır