Modern.az

Füzulidən olan jurnalistlərin Füzuli haqda düşüncələri...

Füzulidən olan jurnalistlərin Füzuli haqda düşüncələri...

23 Avqust 2010, 12:59


Azərbaycanın Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 17 il keçir. Füzuli 1993-cü il avqustun 23-də işğal edilib. Bu gün müxtəlif mətbuat oqranlarında Füzulidən olan xeyli jurnalist çalışır. Onlardan bəziləri Füzuli ilə bağlı hisslərini Modern.az-la bölüşüb.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Xalid Kazımlı:  “Sanki dünən baş vermiş əhvalat kimidir. Hər şeyi açıq-aydınlığıyla xatırlayıram. O, vaxt elə evlər var idi ki, orada heç adam da yaşamırdı. Kəndə 25 – 30 ev qalmışdı. Yığışırdıq kəndən beş-altı nəfərlə bir yerə, söhbət edirdik dünyanın gəliş-gedindən, müqavimət göstərməkdən. O gün bizə görə dünya bizim kənddən ibarət idi. Onda indiki kimi, yadımdadır, heç vaxt bir evdə daimi qalmırdıq. Hamı yığışırdı bir evdə yaşayırdı. Biz onda dost-tanışlarla gah bu evdə gecəliyirdik, gah da başqa bir evdə. Çöldə dəmir çarpayıların üstdə oturub 2-3 saat söhbət edərdik. Sonra durub yenə başqa yerə gedirdik. Və özümüz-özümüzə yemək bişirirdik, çay qoymağa çalışırdıq. İşğal dövrü idi, çox ağır zaman idi. Amma belə bir ümid vardı, ordu gələcək ermənilər geri qayıdacaq. Bir dəfə belə günlərin birində dayanmışdıq, yanımda da 20-25 adam. Bizim aramızda döyüşçü olmuş bir nəfər də vardı. Mən zarafatla dedim ki, ermənilər hücuma keçməzdən əvvəl kəşfiyyat tağımı, bölüyü adam göndərir?
O müharibə görmüş adam dedi ki, adətən hücuma keçməzdən əvvəl 10-15 km-i yoxlayırlar, sonra da hücuma keçirlər. Gecəydi soruşdum hansınızda silah var? Məlum oldu ki, heç kimdə bıçaqdan başqa silah yoxdu. Onda hamı bir-birinə baxdı. Doğurdan da belə bir təhlükə vardı, ermənilərlə aramız 3 km olardı. Azərbaycan ordusu isə bizdən çox uzaqda idi. Gecənin birində gəlib bizim hamımızı gülləliyə bilərdilər, ya da öldürə bilərdilər.
O günlərlə bağlı ürəkaçan heç bir xatirə yoxdu”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Məhəbbət Orucov: “O torpaq, o yer mənim üçün həmişə əziz olub, əziz də qalacaq. Heç vaxt ağlıma gəlməzdi ki, Bakıya gəlib çıxaq. Tale bizi Bakıya gətirdi. Amma yenə o yurd bizi çağırır.  Füzulili günləri hər an xatırlayırıq. 1993-cü ilin bizim əsir-yesir olduğumuz o günü heç vaxt yaddan çıxara bilmərik. O dövrdən danışanda özümü çox pis hiss edirəm. Danışdıqca, ağrılar, qaysaqlamış yaralar tərpənir. Ümumiyyətlə, bu məsələ barədə çox danışa bilmirəm”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Zamin Hacı: “Mən bu mövzuya qayıtmaq istemirəm. Bu mövzu mənim üçün çox çətindir. Mən istəmirəm o xatirələri çevirəm. O xatirələrə, o yerlərə qayıtmaq istəmirəm. O ağlaşmaya qayıtmaq istəmirəm. Bu hisləri mən digər insanlar kimi dilə gətirə bilmirəm. Mənə çox çətindir o xatirələrə qayıtmaq. O haqda elə şanlı tariximiz də yoxdu ki, onu xatırlayasan”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Samir Kazımlı: “Füzuli işğal olunanda 5-ci sinifdə oxuyurdum.  Bizim kəndə ümumi hamam olurdu. Əsgərlər gəlirdi ora. Bizim yəni uşaqların, bir əsgər dostumuz vardı. Onlar hamama gələndə biz həmişə onlara çörək yeməyə nəsə gətirirdik. Onlar da bizə əsgər ləvazimatları, xüsusilə də papaq verirdilər. O vaxt müharibə ab-havası vardı. Bütün uşaqlar başında əsgər papağı gəzərdilər, hətta dərsə də əsgər papağı ilə gedərdik. Bir dəfə 3-cü mərtəbədə dərsdə oturmuşduq, bizim məktəbin yaxınlığına mərmi düşmüşdü. Müəllimə istədi qapını bağlasın ki, uşaqlar məktəbdən qaçmasın. Amma elə oldu ki, hamı qaçıb çıxdı.
Top səsin tank səsin o qədər eşitmişdik ki, demək olar ki, müharibə içində yaşayırdıq. Kənimizə şəhidlər gətirirdilər. Belə şeyləri o qədər görmüşdük ki, artıq  onlar biz uşaqlara adi gəlirdi, yəni uşaq olsaq da qorxmurduq.
O vaxt ən çox istədiyim şey Azıx mağarasına getmək idi. Amma müharibə şəraiti olduğundan bizi hələ aparmırdılar. Deyirdilər aparacaqlar. Oranı çox görmək istərdim”.


Vüqar Ağamalıoğlu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir