Modern.az

Cəbrayıllı jurnalistlərin Cəbrayıl haqda düşüncələri...

Cəbrayıllı jurnalistlərin Cəbrayıl haqda düşüncələri...

Media

23 Avqust 2010, 13:43


Azərbaycanın Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 17 il keçir. Cəbrayıl 1993-cü il avqustun 23-də işğal edilib. Bu gün müxtəlif mətbuat oqranlarında Cəbrayıldan olan xeyli jurnalist çalışır. Onlardan bəziləri Cəbrayılla bağlı hiss və düşüncələrini  Modern.az-la bölüşüblər.

Beyəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Laura Cəbrayıllı:
“...Bir-iki gün qabaq qəribə bir yuxu gördüm. Gördüm ki, Hacı Qaraman ocağının ziyarətinə gedirik. Tanış torpaq yollardan keçib üzü dağlığa qalxırıq. Daşlı-kəsəkli, dar yolları burula-burula ocağa çatırıq. Dönüb gəldiyimiz çöl yoluna baxıram, böyür-başda nə ağaclıq görünür, nə bir ins-cins. Heç bir nişan olmasa da, bu çöllüyün tanış, doğma nəfəsi məni vurur. İnanın ki, bu doğmalığın istisini bütün varlığımla hiss edirəm. Yumru daşlarla hörülmüş hasardan içəri keçirəm. Hacı Qaramanın məzarına yaxınlaşıram. Məzarın düz böyründə dayanan çəlimsiz, cavan oğlan ziyarətgahın yiyəsi kimi bizi saxlayır. Bizi deyəndə ki, ziyarətə kimlərləsə gedirik, amma onların heç birinin üzünü görmürəm. Hər halda doğma adamlarla ocağa gəlmişik. Amma ocaq başında gördüyüm bu oğlanın  sifəti gözümün qabağındadı: dalğalı saçı düz gözünün üstünə tökülüb, arıq, qarayanız üzü var. Bizim yerlərdə belə saç düzümü görməmişik deyə, onun gözünün üstünə tökülən saçına diqqətlə baxıram. O bu ocağın bizim üçün nə demək olduğunu soruşur, mən də cavab verirəm ki, bura qızdırmalı gələn deyə-gülə geri qayıdır, ümidsiz gələn özünə bir pənah tapır... Sözüm bitməmiş, oğlan  şaqqanaq çəkib gülür ki, bura qızdırmalını nə təhər sağalda bilər axı? And-aman eləyirəm ki, belədi, niyyəti düz olmayan bu çöllükdə azıb qalır, bütün günü üzü dağa qalxan bu yollarda fırlansa da, ocağı tapa bilmir. O mənə bir avam kimi baxıb gülür... Məəttəl qalıram ki, bu ocağın yiyəsi olasan, özü də onun gücünə inanmayasan. Amma Hacı Qaramanın kərəmətindən danışmaqda davam edirəm, o da eləcə qəhqəhə çəkib gülür...

Gözümü açanda birinci yadıma düşən o tanış çöllük, bu çöllüyün göz oxşayan genişliyi oldu. Təəssüratım o qədər qüvvətliydi ki, bütün bunların yuxu olduğu heç ağlıma da gəlmədi.  Sonra Hacı Qaraman ocağına gedən yol gözümün qabağında canlandı, bu yuxudan qabaq soruşsalar, mən oranı heç cür xatırlaya bilməzdim. İndi bu yolu bütün xırdalığıyla təsvir edə bilərəm. Ocağın istiliyi də varlığıma hopmuşdu, birdən  məzarın başında gördüyüm o oğlan yadıma düşdü. Yarıyuxulu-yarıoyaq onun kimliyini yozmaq istədim, gülüşünün mənasını anlamağa çalışdım... Bilmirəm, hər halda soyuq ağılla mən bunu belə yozuram ki, bizim inam yerimiz, müqəddəs ocağımız  bu gün ona inanmayanların əlindədi...  Məni daha çox düşündürən başqa məsələdi, çünki nə illah eləsəm də, heç cür xatırlaya bilmirəm ki, mən Hacı Qaraman ocağına hansı niyyətlə getmişdim. Biz bu ağır ocağa elə-belə, hər saat getməzdik, xırda-para işdən ötrü adını çəkməyə ürək eləməzdik. Məni yuxuda bu ziyarətə aparan hikməti tapmağa çalışıram, tapa bilmirəm.

Hələ uzun müddət bu yuxunu düşünəcəm, bu ağır ocaqdan nə dilədiyimi axtarıb tapmağa çalışacam.

Torpağı işğal altında qalan adamların günü belə keçir. Bizim uşağımız da belədi, böyüyümüz də. Bir gün ayılıram ki, yuxuda Qartalın ətəyindən düşüb bizim Dəyirman Dərəsinə gedirəm, Qalalını adlayıb Çinara baxıram... Səhər yuxumu anama danışanda tezcək soruşur , Çinarın suyu qurumamışdı ki? Deyirəm, yox, yenə də göz yaşı kimi dupduru axırdı...

Bir gün görürəm ki, Qurban Təpəsinə qalxıram, Mazan nənə pirini  ziyarət edirəm, onun daşa dönmüş kündələrinə, oxlovuna, dördayağına baxıram... Danışan kimi bacım soruşur ki, xəstəxana, məktəb yerindəydi? Deyirəm, o tərəfə baxmadım.

Səkkiz il əvvəl, avqust ayında bir yazı yazmışdım – “Allahın əsir mələyi”. Yazmışdım ki, Cəbrayıl- Allahın əsir mələyi, Azərbaycanın işğal ərazisi, Xudafərinin bu tayı... O vaxt peyğəmbərimizə vəhy gəlib ki, cənnət anaların ayaqları altındadı. Səndən ayrılalı, iki dünyanın ikisində də ayağının altını axtarırıq, hələ tapdım deyən yoxdu – eşidirsənmi?!

İndi, səkkiz il sonra, avqust ayında əminəm ki, əslində əsir torpaq deyil, bizik. Torpağı işğal olunan camaat yuxularının, xatirələrinin əsiridir. Gözünüz görənə inanmayın, güzəranından, yaşından asılı olmayaraq, torpağı işğal olunanların hamısının günü bax belə bir əsirlikdə keçir... Allah bu günü, bu dərdi heç kimə göstərməsin, bu əsirliyin də zülmü yaman ağırdı...”.

 “İki Sahil” qəzetinin əməkdaşı Orxan Əliyev:
“Cəbrayıldan çıxanda 7-8 yaşım vardı. Birinci sinifdə oxuyurdum. O vaxtı yadımdadır ki, axşam idi. Ağır toplardan atırdılar. Bizim qonşuluqdakı evlərə də mərmi düşmüşdü. Kənddən avqustun 21-də axşam çıxdıq. Maşın da yox idi, arabayla, atla, piyada çıxırdı camaat. Hamı pərən-pərən düşmüşdü.

Rayon mərkəzindəki məşhur kəhriz, onun yanındakı çinar, çinarın üstündə restoran yaxşı yadımdadır. Bir dəfə məktəbdən gələndə möhkəm susamışdım. Qaça-qaça gəldim kəhrizdən su içəm düşdüm onun içinə. Təxminən bir metr dərinliyi olardı, suyu da buz kimi soyuqdu. Iki nəfər məni çıxartdı.

Həyətimizdə böyük bir tut ağacı vardı, altında da stollar. Həyətimiz həmişə  qonaq-qaralı olurdu. Cəbrayıl sanki digər rayonlardan fərqlənirdi.  Hər halda mənə belə gəlir. Oranın insanları da, mühiti də tamamilə fərqli idi. Bizim kəndimiz İranla sərhəddə yerləşdiyindən tez-tez gedib Araza, tikanlı məftillərə baxardıq. Heyf o günlərdən...”.

“Bizim Yol” qəzetinin əməkdaşı Natiq Cavadlı:
“Ağlım kəsəndən Sumqayıtda yaşasam da, hər yay Cəbrayıla doğma kəndimizə-Doşuluya gedərdim. Bir ay, ay yarım qalardıq orda. Cəbrayıl mənə böyüyüb boya-başa çatdığım Sumqayıtdan daha əzizdir. O kənd mənim yuxumdan həftələrlə çıxmır. O kəndin bulağı, dağı, dərəsi, evləri... İndi oralar dağıdılıb yəqin. Orada yaşılıqlar yox olub.

Cəbrayılı tərk edəndə beş-səkkiz yaşı olan uşaqlar indi ailə həyatı qurublar. Bəlkə də doğulduğu yerlər o zamanın uşaqlarından kimlərinsə  yaddaşından silinib. Amma çinar ağacları, bulaqlar, təbiətin gözəlliklərini unutmaq günahdır.
Bu yaxınlarda jurnalist Seymur Verdizadənin bir yazısında oxudum ki, Cəbrayıldakı məşhur çinar ağacını kəsiblər. Onu eşidəndə dəli kimi oldum. Elə bizim kəndə də bir çinar vardı. Ağırdı danışmaq”.

“Zaman” qəzetinin əməkdaşı Əli Çərkəzoğlu:
“Cəbrayılda doğulmuşam. Qarabağın qızğın döyüşlərində iştirak etmişəm. Hərbi hissə komandiri olmuşam. O günləri xatırlamaq ağırdı. Anam, bacım, qardaşım Biləsuvar rayonunda köçkün düşərgəsində yaşayırlar. 23 avqust tarixi məni çox kövrəldir. Cəbrayıl mənim üçün dünyanın ən şirin, ən gözəl yeridir. O torpaq sanki insanı özünə çəkir. Mazan nənə, Qız qalası, Xudafərin körpüsü, Xan çinar, kəhriz, Hacı Qaraman ziyarətgahı bənzərsiz edirdi Cəbrayılı...”.

Modern.az saytının redaktoru Əfqan Qafarlı:
“İnana bimirsən ki, bu 17 il nə tez keçdi. Cəbrayılın tanıdığım hər dağı, dərəsi, kəndi, obası, bağı, bağatı, yolu, cığırı bir kino lenti kimi tez-tez gözlərimin önündə canlanır. 17 ildir əlimiz, ünümüz yetmədiyi doğma rayonumuzla bağlı acılı-şirinli xatirələri xatırlamaq çox ağırdır. Doğma yurdun müsibəti barədə danışmaq çox əzablıdır, hamımızın günahı var.

Cəbrayılın zəbt olunduğu son anın şahidlərindən biriyəm. Rayon mərkəzi avqustun 23-də işğal olunsa da, Araz çayı boyunca, İranla həmsərhədd kəndlərimiz düz iki ay təslim olmadı. O iki ayda çox şey eləmək olardı... Amma eləyə bilmədik.
Oktyabrın sonlarında rayonun şimal, qərb və şərq istiqamətlərindəki yaşayış məntəqələrini tutmuş erməni silahlı qüvvələri bizi cənuba – İranla sərhəddə doğru sıxışdırmaqla mühasirə həlqəsini daraltı.

Mühasirəyə düşən dinc sakinlərin bircə çıxış yolu qalırdı: Araz çayından İran ərazisinə keçmək.
O mühasirə həlqəsindəki döyüşdə çox oğlanlar həlak oldu, çoxlu dinc sakin öldürüldü, əsir düşməmək üçün özünü Araza atanlardan hamısı xilas ola bilmədi. Oktyabrın 23-də Arazboyu kəndlərimizi də tutan düşmən Cəbrayılın işğalını başa çatdırdı.

O son anları yada salmaq adama zor gəlir. Od vurulan evlərin ərşə dirənən tüstüsü, tar-mar olunan əmlak, yaralıların, ölənlərin, itkin düşənlərin yaxınlarının ah-naləsi, arvadların qışqırığı, kişilərin heç nə edə bilməməsi....

Cəbrayılın işğalından sonra mənim tanıdığım çox ellilərim gerçəkdən bu dərdə tab gətirə bilmədi, neçələrinin ürəyi partladı, neçələri vərəm xəstəsi oldu, çox yaşamadı. 

Hələ nə qədər Cəbrayıllı günlərin həsrətini çəkəcəyik, məlum deyil. Kim bilməsə də, cəbrayıllılar yaxşı bilir Xudafərin körpülərinin, Diridağın, Qız qalasının, Gəyən düzünün, Ziyarət dağının, Hacı Qaraman ocağının, Çoban bulağının, Divlər sarayının, Xan Çinarın, Cəbrayıl kəhrizinin, Mərcanlı stansiyasının qan ağladığını. Düz 17 ildir mühasirədə qalan dağların, dərələrin, çöllərin, dədə-babalarımızın məzarları - nigaran ruhları üzü bəri baxır, qisasa çağırır.
Bizlərin də borcu doğma torpaqlarımıza sahib durmaqdır..”.

“Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə:
“Həyatımın ən gözəl, qayğısız çağları Cəbrayılla bağlıdır. Dayanmağı, müqavimət göstərməyi, dirənməyi Cəbrayılda öyrənmişəm. Cəbrayıl işğal olunanda ali məktəbin 1-ci kursunda oxuyurdum. Cəbrayılın işğalı mənim üçün çox ağır oldu. Valideynlərimin arzularımdan biri tələbə yoldaşlarıma öz həyətimizin məhsullarından və toyuq-cücəsindən qonaqlıq vermək idi. Amma bu arzu onların gözündə qaldı. Mən 1-ci  kursu bitirib yay tətilinə çıxanda Cəbrayılın başını qara buludlar aldı.

Doğma yerlərimiz hər gecə mənim yuxuma girir. Cəbrayılla bağlı xatirələrim çoxdur. Yaradıcı adam olduğum üçün Cəbrayılla bağlı bir çox yazılar yazmışam. Bir yazım “Media açarı” mükafatı alıb. “Babalar və nəvələr” adlı bir yazım da başqa bir mükafata layiq görülüb.

Cəbrayılda əsirlikdə olan adam mənə bir hadisə danışmışdı. Deyirdi ki, Cəbrayıl işğal olunandan sonra orada olan itlər sahiblərindən ayrı düşəndən sonra özlərini güllə-mərmi yağışınan altına verirmişlər. Sanki heyvanlar da düşmən əsarətində qalmaq istəmirmişlər.
İşğal cəbrayıllılara çox pis təsir edib. Torpağa bağlı cəbrayıllılar doğma yurd-yuvadan uzaqlarda çox qala bilmirlər, indi də çoz əziyyət çəkirlər”.

Müstəqil junalist Elza Alışova:
“İnsan övladi ocağına, doğulub böyüdüyü el-obasına getdiyində sanki yendən doğulur, bütün pisliklərdən arınır, rahatlayır. Təəssüf ki, cəbrayıllılar illərdir bunun həsrətindədirlər. Şəxsən mən kəndimizin həsrətini çəkirəm.

Cəbrayil deyəndə gözümün önünə Çinar ağacı gəlir. Valideynlərimlə hər dəfə rayon mərkəzinə gedəndə Çinar restoranda çay icərdik. Bir dəfə  Maksim Qorki adına məktəbə olimpiyadaya getmişdim. O zaman bütün rayon mərkəzini gəzmişdik. Hələ də gözümün önündədir.

Cəbrayılı xatirlamaq mənim üçün çox ağırdir. 15 yasım vardı. Ucqar dağ kəndləri işğal olunanda yerli əhali bizim kəndə sığınmışdı. Atam evin böyük oğlu olduğu üçün Balyand və Qaracallı kəndində yaşayan qohmlarımız ilk olaraq bizə sığındı. 20-yə yaxin ailə vardı evimizdə. Bir anda  bütün kənd insanları bizə gəldi.  Böyük bir  səfərbərlik, insanlıq, yardım etmək istəyi vardı  hər kəsdə sanki. Hamı gələn köçkünləri öz evində saxlamaq istəyrdi. 40 gün o insanlar bizim kənddə qaldı. Hər kəs böyük bir qonaqpərvərliklə onlara xidmət etdi. Bizim evdə 3 ailə qalırdı.  Geniş bir süfrə açılırdı, qonşular yemək bişirib bizə gətirirdi. Biz də qaçqınlığın astanasındaydık. Ancaq heç kim buna inanmırdı.
Sonra şəhidlərimizin sayı artdı. Bir gundə 4 qonşumuza şəhid gəldi. Sonra dəhşətli  gecə yaşandı. Bir anda bütün kəndimiz boşaldı.
Qonşumuz Kamal yaralı halda kəndə gəldi, “Cəbrayılı işğal etdilər” dedi. Onun bu kəlməsini hələ də unuda bilmirəm.. Yaralıydı. Anam yarasını təmizləyb sarıdı.
İnsalarn can qurtarmaq ucun savaşdığı o gecə gözümün önündən getmir. Atam evdə olmadığı üçün   kəndi o gecə tərk edə bilmədik. Onda anam İran sərhəddindəki sərhəd zastavasına getməmizi təklif etdi. Babamın eşşək arabasına minib zastavaya endik.
İndi belə düşünəndə türklərim biz-biz olur. Bomboş evlərin arasıynan zastavaya getdik. Dəhşət dolu bir gecə  idi. Sabahadək yatmadıq. Dan üzü atam maşın tapdı və biz də kənddən çıxdıq. Anam evdən hec nə almadı. Toyuqalara  3 günlük yem tökdü. Onsuz da qayıdacağıq deye....
Yol boyu  insanlar və  heyvan sürüləri bizi muşayiət edirdi. Birdən-birə daha kəndimizə dönməyəcəyimizi hiss etdim. Son dəfə baxım yadımda qalsın deyə,  gozümü  qırpmadan  ətrafa seyr etdim.  İndi belə usaqlıq hissiyatıımın bu qədər güclu olmasına təəccüb edirəm.  Beyləqan rayonunun Daşburun kəndinə gəldik. Sonra isə əzablı günlərimiz başladı.
Sadəcə doğulduğumuz toprağı deyil, özümüzü də orda qoyub gəldik elə bil...
Danışacaq  xatirələr çoxdur, ancaq çox ağır xatirələrdir. Kimsəyə ağır xatirə arzu etmirəm”.

Vüqar Ağamalıoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi