Modern.az

Putinin qaranlıq PLANLARI “Qazaxıstan və Belarus Qarabağa qoşun göndərməyəcək”

Putinin qaranlıq PLANLARI  “Qazaxıstan və Belarus Qarabağa qoşun göndərməyəcək”

Aktual

25 Dekabr 2014, 22:05

 

“Bu gün Ermənistan üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yoxdur, erməni-Rusiya əlaqələri var. Ermənistanda  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaradılması nəzərdə tutulan  humanitar mərkəzinin nəyə xidmət edəcəyi isə bilinmir”. Modern.az saytının verdiyi xəbərə görə bunu Ermənistan mətbuatına açıqlamasında hərbi sahə üzrə rusiyalı ekspert Pavel Felqenhauer deyib. Ekspert hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin KTMT-nın humanitar mərkəzləri yaratması ilə planlarında hansı niyyətlərin durduğu aydın deyil.

O bildirib ki, Kreml başçısı bu mərkəz bəhanəsi ilə nələrisə planlaşdıra bilər.

“Lakin bunun haqqında mən dəqiq bir şey deyə bilmərəm. Bu haqda, yalnız Putin özü bilir. Belə mərkəzlər NATO-da yoxdur. Düşünürəm ki, bu cür humanitar mərkəzlərin altında çox şey gizlənə bilər”.  

Pavel Felqenhauerin sözlərinə  hərbi təyinatlı təşkilat KTMT-nın Ermənistanda  açılacaq humanitar mərkəzinin silah-sursat anbarı kimi istifadə edilməsini ehtimal etmək olar. Ekspertin fikrincə, həmin mərkəzdə tibbi avadanlıq, dərmanlar və ya hər hansı aparatlar da ola bilər.

“Lakin Putinin fikrinin nə olduğunu, onun nəyi nəzərdə tutduğu barədə mən ancaq fala baxa bilərəm”,-deyə ekspert bildirib.  

O, KTMT-nın Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı addım ata biləcəyini ehtimal etmədiyini vurğulayıb. Ekspert buna səbəb kimi Qarabağ münaqişəsinin eskalasiyası halında konfliktə Rusiya və Ermənistanın cəlb ediləcəyini göstərib. “KTMT-ya üzv başqa ölkələr isə bu münaqişəyə qoşulmaq istəmir. Orta Asiya ölkələrinin və Belarusun Dağlıq Qarabağ münaqişəsinə cəlb edilməsi istiqamətində planları yoxdur.  KTMT yalnız Orta Asiyada məna kəsb edir. Lakin bu təşkilat Cənubi Qafqaz regionunda olan problemlərə qarışmayacaq. Bu bölgədə nəsə olsa, Ermənistan və Rusiyaya aid olacaq. KTMT-nın Qarabağ münaqişəsinin həllində iştirak edəcəyini ümid etmək lazım deyil”.


Pavel Felqenhauer söyləyib ki, KTMT-ya üzv olan Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarus eskalasiya zamanı Qarabağa öz qoşunlarını göndərməyəcək.

Məlumat üçün deyək ki,23 dekabrda KTMT-nın Moskvada keçirilən Şura iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin  2015-ci ildə bu təşkilatın Ermənistanda humanitar mərkəzinin açılacağını bildirib. Həmin iclasın yekunu olaraq KTMT-ya üzv ölkələrin prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair bəyanat qəbul ediblər.  

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir