Modern.az

Xankəndi - Tarixin sınaq burulğanına düşən şəhərin 23 il öncəki İŞĞALI

Xankəndi - Tarixin sınaq burulğanına düşən şəhərin 23 il öncəki İŞĞALI

27 Dekabr 2014, 21:37


Azərbaycanın bənzərsiz şəhərlərindən biri olan Xankəndinin işğalından 23 il ötür. Düz 23 ildir ki, tarixin sınaq burulğanına düşən Xankəndi düşmən tapdağı altındadır.

Modern.az saytı yaddaşımızın bu qanlı tarix günündə Xankəndi şəhərinin tarixini səhifələyir.

Qarabağ xanlığını Rusiya imperiyasına birləşdirən 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq Qarabağ xanlığı başçılarının, xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşıb. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələr kimi Xankəndinin də taleyinə ciddi təsir edib. Əvvəlki həyat tərzi dağıdılaraq hər şey imperiyanın maraqlarına tabe etdirilib. Eyni zamanda keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün ərazi boyu Rusiya imperiyası tərəfindən hərbi hissələr yerləşdirilib. Hərbi hissələrin biri də Xankəndində olub. Xankəndi hərbi hissə üçün çox əlverişli olduğundan buradan çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı digər yaşayış məskənlərini nəzarətdə saxlamaq daha asan olub. Digər tərəfdən Rusiya imperiyasının Xankəndinə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı da nəzərdə tutulub. Bu planın reallaşması nəticəsində çar çinovnikləri digər bölgələrdə olmasa da, Xankəndində etnik proporsiyanı müəyyən qədər poza biliblər. 1813-cü ildə Xankəndində heç bir erməni və rus ailəsi yaşamadığı halda, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev olub.

Rusiya işğalından dərhal sonra Xankəndində çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirilib. Ermənilər və rus zabitləri yaşayış məskənini “qərargah” adlandırsalar da, 1847-ci il çar Rusiyası xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşüb. Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilib, etibar qazandıqlarına görə onlar çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin ediliblər. Xankəndində iki sinifli məktəb də fəaliyyət göstərib. Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirilib. Rus hərbi kontingentinin Xankəndində yerləşdirilməsi ilə əlaqədar burada hərbi kazarmalar, xəstəxana, inzibati binalar tikilməyə başlanıb və bölgənin hərbi qərargahı buraya köçürülüb. Bundan sonra Xankəndinə ermənilərin köçü daha da artmağa başlayıb.



Erməni millətçiləri tərəfindən həyata keçirilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndində erməni və rus əhalisinin sayı xeyli artıb. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayıblar.

19-cu əsrin ortalarında rus hərbi hissəsinin komandanlığının təşəbbüsü ilə Qarabağda ilk hərbi yunker məktəbi Xankəndində fəaliyyətə başlayıb və ora ancaq bəy uşaqları qəbul olunub.

“Hərbi şəhərciyə” yaxın ərazidə hərbi şəxsi heyətin ət və yağ məhsullarını saxlamaq üçün iri anbar otaqları olan buzxana tikilib. Xankəndinin intensiv tikilən evlərini kərpiclə təmin etmək üçün şimal tərəfdə kərpic zavodu inşa olunub. Onun ətrafındakı yaşayış sahəsi “kərpicxana” adlandırılıb.

Xankəndi bir tərəfdən ətraf azərbaycanlı əhalisi olan kəndlərdən köçənlərin və hərbi xidmətdən tərxis olunan kazakların hesabına böyüyüb, inkişaf edib və abadlaşıb. Belə ki, Xankəndində yerləşən “Hərbi şəhərcik”də 25 illik qulluğunu başa vuran Don kazaklarının bir hissəsi vətənlərinə dönmyərək Qarabağda qalmağa üstünlük veriblər.

XX əsrin ilk onilliklərində Türkiyədə qırğınlar törədən və buna görə cəza alacaqlarından yaxa qurtarmaq üçün Qərbi Azərbaycana (Sisyan, Zəngəzur və s.) qaçan və sığınacaq tapan, türklərin qatı düşməni olan erməni daşnakların bir qismi də Xankəndində yerləşdirilib. Onlar özlərinə yer etdikdən sonra yerli azərbaycanlıları təqib etməyə və zorakılığa məruz qoymağa başlayıblar. 1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan ötməyib. XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına yerləşdirilmiş İran erməniləri orada Ermənistan dövləti elan ediblər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başlayıblar. Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə, Zəngəzur qırğınlarına aid tarixi arxiv sənədləri bunu bir daha sübut edir. Həmin dövrdə qanlı qarşıdurmalar eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən Xankəndində də baş verib. Erməni millətçiləri vaxtilə qulluq etdikləri Xankəndində yerləşən çar ordusu hərbi hissəsinin imkanlarından da geniş istifadə ediblər. Məhz neçə onilliklərdən sonra - 1992-ci il fevralın 26-da da onlar bu metodu təkrarlayaraq Xankəndində yerləşən, dağılan Sovet Ordusunun 366-cı alayından istifadə edərək Xocalı soyqırımını törədiblər.


Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf edib. Bu işə daim Azərbaycanın hakimiyyət dairələrindən böyük dəstək verilib. Bu səbəbdən də onun bütün sahələr üzrə inkişafı digər Azərbaycan şəhərlərindən daha sürətlə gedib. Bu, böyüməkdə olan şəhərin əhali artımında da özünü göstərib. 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşayıb. Bu rəqəmlər Dağlıq Qarabağ regionunun sosial inkişafdan geri qalması barədə erməni millətçilərinin 1988-ci ildə ortaya atdıqları iddianı tamamilə rədd edir. Çünki hər 20 ilə əhalisinin sayının iki dəfə artması istənilən əyalət şəhəri üçün böyük inkişaf göstəricisidir. Artan əhali üçün nəinki mənzillər inşa edilib, həm də müvafiq sosial və kommunal infrastruktur yaradılıb, eyni zamanda onlar üçün iş yerləri olacaq müasir müəssisələr tikilib. Belə göctəricilər təkcə Xankəndi üçün deyil, bütün Dağlıq Qarabağ üçün xarakterik olub. Və təbii ki, bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətinin deyil, onilliklərlə Azərbaycanın maliyyə-texniki resursları və iradəsi hesabına yaradılıb.

Sovet dövrünün son illərində Xankəndində bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərib. Elektrotexnika zavodunun, mebel fabrikinin, tikinti materialları kombinatının, asfalt-beton zavodunun məhsulları Azərbaycanın daxili bazarında özünə müştəri tapıb. Xankəndinin sürətlə böyüməsi və inkişafı nəticəsində 1978-ci ilin may ayında Xankəndi şəhər statusunu alıb. 1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başlayıblar. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olunub. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırıb. Bu, Dağlıq Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb olub. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların hərbi qulluqçularını göndərib. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlanıb. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd ediblər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlanıb. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndinə yürüş ediblər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsilib. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetrilib, çoxlu sayda insan isə yaralanıb. Bu gənclər sonradan illərlə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları, şəhidləri olublar.



May ayının 25-dən etibarən isə Vilayət Partiya Komitəsində məsul vəzifədə çalışan azərbaycanlılar işdən çıxarılıb. İlk dəfə olaraq ermənilər 1988-ci ilin 18 sentyabrında Xocalıya hücum ediblər. Güclü müqavimətlə rastlaşdıqdan sonra onlar Xankəndində olan azərbaycanlıların evlərinə basqınlar etməyə başlayıblar. Mayor Şahbazyanın başçılığı altında həm yerli milis idarəsində, həm də Ermənistanda çalışan milis işçilərindən ibarət sözün əsl mənasında silahlı quldur dəstələri yaradılıb.

1991-ci il dekabr ayının əvvəlindən başlayaraq erməni silahlıları 366-cı motoatıcı alayla birləşərək Kərkicahan qəsəbəsi üzərinə güclü hücumlara başlayıblar, dekabr ayının 28-də isə ermənilər 366-cı alayın döyüş texnikaları və əsgərlərinin köməyi ilə Kərkicahanı işğal ediblər. Qəsəbə talan edildikdən sonra yandırılıb, 4-cü Kərkicahan rotası döyüşçülərinin, Kərkicahan Polis Bölməsi əməkdaşlarının və qəsəbə könüllülərinin böyük fədakarlığı nəticəsində dinc əhali təhlükəsiz olaraq meşə yolu ilə çıxarılıb. İşğal zamanı 18 nəfər şəhid olub, 1 nəfər itkin düşüb, onlarla dinc sakin isə müxtəlif dərəcədə xəsarət alıb. Bir ailə tamamilə məhv edilib.

Beləliklə, 1991-ci il dekabr ayının 28-də Kərkicahan qəsəbəsi zəbt edilməklə Xankəndi bütövlükdə erməni silahlıları tərəfindən işğal olunub.

Bu gün Xankəndi şəhərinin 10 mindən artıq azərbaycanlı sakini respublikanın ayrı-ayrı şəhər və rayonlarında məskunlaşıblar. Xankəndililər bir-birlərindən ayrı düşsələr də onları bir-birlərinə daha yaxın edən sabaha inamları, yenidən doğma torpaqlarına dönmək ümidləridir.

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir