Modern.az

Dözümlü zümrə qurunun oduna yanan yaş kimi...

Dözümlü zümrə qurunun oduna yanan yaş kimi...

29 Dekabr 2014, 12:35

Xatırlayırsınızsa, 2013-cü ilin sonu, 2014-cü il müəllim və həkim kateqoriyası üçün uğurlu başlamışdı. Dövlətlə pul-para davası aparmayan, valideynin diqqəti hesabına susan müəllim, xəstənin səxavəti sayəsində dözümlülük öyrən həkimin sosial vəziyyətinin nəhayət, ölkənin maliyyə resursları ilə diqqətə alınması üçün, ən azından müxtəlif ideyaların əsas tribunalara gəlməsi və sistemli ictimai müzakirələrin dövriyyəyə girməsi baxımından.  

Ölkədə müəllim  və həkimin nüfuzunun artırılması yollarından biri olaraq “dövlət qulluqçusu” statusu məsələsi də ortaya atılmışdı. Bu təklifin şüurlara tam oturmasından, sonra da geri çəkilməyin mümkünsüzlüyündən qorxanlar mərdiməzarlıq edib, dərhal pozitiv ideyanı gündəmdən çıxardılar.

Ölkədə neftin faydasını bir sıra  kateqoriyalar az-çox dərəcədə görürkən, müəllim və həkim də qara sərvətin bəhrəsini nə vaxtsa öz üzərində hiss edəcəyinə ümidlənirkən, dünya bazarında neftin qiyməti kəskin aşağı düşdü ki, beləliklə,  bu böhran da başqa bir istiqamətdən,  birinci olaraq, cəmiyyətin savad və sağlamlıq durumuna məsul sosial sektoru vurur. Yoxsa ki, neft gəlirlərinin dadını görmək, bəlkə heç olmasa, qarşıladığımız  ildə bu zümrənin gözünə işıq gətirə bilərdi (?!).    

2015-ci il  müəllim və həkimlər üçün heç də sevindirici başlamır. Bir neçə gündən sonra icrası yerinə yetiriləcək dövlət büdcəsində bu kontingenti ruhlandıracaq yaxşı xəbərlər yoxdur. 2013-cü il sentyabrın 1-də müəllimlərin əmək haqqı 10 faiz artıb, beləliklə, 130 manatdan başlayaraq,  200-300 manat əmək haqqı ilə bu təbəqə hələ də dövlət işində çalışan müxtəlif ixtisaslı işçilərdən, həmçinin, polisdən, məhkəmə işçisindən çox geri qalır, əlinə çatan vəsaitin məbləğı ilə yalnız  təqaüdçüylə yanbayan dayana bilir. Həmçinin, həkimlər.    

Məsələ büdcənin insafsızlığında, maliyyə qurumlarının qeyri-comərdliyində, təhsil, səhiyyə strateqlərinin bacarıqsızlığında deyil. Məsələ müəllim və həkimlərin babat maaşla təmin olunması təkliflərinə  ictimai polemikalarda, qanunverici orqanda alternativ fikirlərdəki absurd, qəbuledilməz  arqumentlərin də ortaya çıxmasındadır.

Nədən ibarətdir həmin arqumentlər?  

Birinci arqument kimi,  müəllim və həkimlərin sayının yetərincə çoxluğu, əmək haqlarının artırılmasının böyük vəsait tələb etdiyi, üstəlik, bu qədər insanın “dövlət qulluqçusu” statusu almasının qeyri-mümkünlüyü əsas gətirildi.

Halbuki, ilin müəllimi, yaxud,  fəaliyyəti boyu seçilən təcrübə bazası olan  müəllimlər üst-üstə elə də böyük rəqəm təşkil etmir; məhdudlaşdırıcı bir mexanizmlə  fərqlənən müəllimləri dövlət himayəsi, imtiyazlar altına almaqla büdcəmiz üçün elə də iri bir məsrəf yaranmazdı. Lakin nə edəsən ki, optimal mexanizmlər bəhanəsi ilə illər ötürülür, işlənən konsepsiyalar faydalı reseptə çevrilə bilmir,  bu şəkildə  müəyyən bir qrup öyünməli müəllim kəsiminin  ömrü çürüyür, “dövlət qulluqçusu” statusunun  üstünlüklərini yaşamaq, yaxud, statussuz-filansız, babat maaşın ləzzətini çıxarmaq  nəsibi ildən-ilə onlardan uzaqlaşır.

İkinci arqument olaraq, ölkədə müəllim və həkim savadsızlığı nəticəsində ali məktəblərin aşağı bal toplamış tələbələrlə, qəbiristanlıqların isə  ana və uşaq meyidləri ilə dolması, İran xəstəxanalarına axın faktları, ölkədə səhiyyənin səviyyəsinin aşağı düşməsi   əsas göstərilir ; yanaşmanın   məntiqindən  belə anlaşılır ki, bir dananın bir naxırı korlaması məsəlinə oxşar tərzdə sadalanan neqativ hallara görə müəllim, o cümlədən, həkim əmək haqlarının qaldırılmasını yuxuda görməlidir. Hərçənd belə problemlərdə elə çevik mexanizmlər tələb olunmalıdır ki, yaxşı pisin güdazına getməsin,  layiqsizə görə layiqlinin haqqını alması  ədalətsiz şəkildə təxirə düşməsin.    

Əvvala, həm səhiyyə, həm təhsil sahəsində işçilərin sayının çoxluğu qul əməyi ilə işləyən  müəllimin və xəstə səxavətindən asılı olan  həkimin təqsiri deyil. Hər ikisinin işə qəbulu savad, təcrübə, pedaqoji keyfiyyətlər, tibbi səriştə  parametrləri ilə deyil, daha artıq dərəcədə himayədar, ya da sadəcə, rüşvət meyarı ilə reallaşır. Bu cür ucdantutma kəmiyyət artımının  keyfiyyətə təsirini qabaqcadan düşünmək lazım olduğu halda,  bugünkü sınaq qiymətləndirmə, attestasiya kimi məsələlərə ələk funksiyası olaraq yanaşmaq da problemlərin çözümünü tezləşdirmir. Yoxsa ki, Təhsil Nazirliyi tərəfindən Bakı şəhər məktəbləri üzrə sınaq qiymətləndirmənin nəticələrinə uyğun əmək haqlarının müəyyənləşdirilməsi layihəsinin müvafiq qurumların razılığı ilə bu ildən startına başlanardı. Belə çıxır, ya yazılan konsepsiyalar mənasız bir kağız parçasıdır maliyyə qurumlarını inandırmır,  ya keyfiyyətsiz kadrlar o qədərdir ki, ələyib qurtarmaq mümkün deyil, ya da bu canfəşanlıq müəllimə qayğı görüntüsü, onun başının altına yastıq qoymaqdır. İstənilən halda  onlara yönəlik sosial siyasət məsələsi, ənənəvi olaraq yenə də daşa dirənir.

Həkimlərin attestasiyası isə, ümumiyyətlə, gündəmdə olmadığından,  digər tərəfdən, ana, uşaq ölümləri ilə səhiyyəni gözdən salan səriştəsiz, layiqsiz həkimlərin,  eləcə də ali təhsil pilləsinə nadan, zəkasız  gənclər yetişdirən bir qrup savadsız müəllimin cəzasını yerdə qalan bilikli, mükəmməl səviyyəli personal çəkməlidir! Buna deyirlər, qurunun oduna yaş da yanır!

Hələ onu demirik ki, rayon məktəbləri sınaq qiymətləndirmə və attestasiyanın nə zaman onun səmtinə gəlib çatacağını gözləməklə, əmək haqları artımına olan ümidlərini  mücərrəd gələcəyə saxlamalıdır.

Digər tərəfdən, gənclərin bal göstəricilərində olan nəticələri müəllimin ayağına  yazmaqla onu əmək haqqı artımına layiq görməmək, müəllimə olan ən böyük haqsızlıq və yanlışlıqdır. Çünki biz cəmiyyətdəki xaotikliyi, əyləncə düşkünlüyünü, elm, dərs həvəssizliyini, ailələrdə təhsilə qeyri-düzgün yanaşma metodlarını, laqeydliyi gözəl görə bilirik ki, bunun da müəllimlərə dəxli yoxdur.  İrəli sürülən bütün meyarlarla, doğrudan da, müəllimin  və həkimin durumu qurunun oduna yanan yaş kimidir.

O qədər qarmaqarışıq bir sistemin içərisindəyik ki, əgər ali məktəblərdə müəllimlik və həkimlik üzrə tələbə kvotasını aşağı endirsək, auditoriyalar boş qalacaq, ali məktəb professorunun işi qəlizləşəcək. Durumu indiki kimi saxlasaq, əlinə hər diplom alan verəcəyi rüşvətə, möhkəm “arxa”sına güvənərək, təhsil və səhiyyə müəssisəsinin qapısını rahatlıqla açacaq. İş yerləri kvotası aşağı salınanda isə , digər problem-işsizlik ortaya çıxacaq. Yalnız keyfiyyətli kadrları seçmək istəsək, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycandakı gənc kadrların səviyyəsi haqqında həyəcan təbilini çalıb ki, bu həyəcan təbili təkcə dövlət qulluqçularına aid deyil,  müəllim  və həkimləri də istisna etmir.       

O qədər qarmaqarışıq bir sistemin içərisindəyik ki, qanunverici orqana töhvə verməyən, bir qanunu düz-əməlli oxuyub müzakirəyə qoşulmayan, bütün illəri susmaqla keçirən deputat üçün, dövlətçilik təfəkkürü bəsit, işində yarıtmaz olan dövlət qulluqçusu üçün,  hüquqi prinsipləri tapdalayan, hüququ gözdən salan məhkəmə işçiləri üçün əmək haqqı məsələsində meyarlar tətbiq etmirik, müəllimi, həkimi meyar prinsipləri ilə maliyyələşdirmək  prosesini isə mürəkkəb metodlar içərisinə salırıq... 

Yenə də ən  doğru mexanizm, əlbəttə ki,  ələkdir, amma bu ələnmə prosesinin ləngliyi, bütün ölkə üzrə eyni vaxtda, üstəlik, həkimlərin sınaq qiymətləndirmə və attestasiyasının müəllim zümrəsi ilə niyə   paralel aparılmaması başadüşülən deyil. Görünür, həkimlərin məsələsinin aktiv formada gündəmə gəlməsi müəllimləri xilas konsepsiyalarının eksprimentinə bağlıdır.  Müəllim və həkimlərə layiqli diqqət , onları aşağılayan gülünc əmək haqqı reallığını dəyişdirəcək, ictimai nüfuzunu artıracaq, rüşvət bəlasından xilas edəcək konsepsiyaların uğurlu taleyini isə,  bu asta templə Bakı-Tiflis-Ceyhanın  yox, TANAP kəmərinin səfasına aparıb çıxaracaqlar...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir