Modern.az

Səfir: “ Rusiyanın sanksiyalara məruz qalması Azərbaycan üçün də pisdir” - MÜSAHİBƏ

Səfir: “ Rusiyanın sanksiyalara məruz qalması Azərbaycan üçün də pisdir” - MÜSAHİBƏ

Müsahibə

29 Dekabr 2014, 14:22

 
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Space” televiziyasına  müsahibə verib. Modern.az saytı onunla müsahibəni təqdim edir:

- Cənab səfir, bir çoxları Azərbaycan və Rusiya arasındakı əlaqələrin etimad, inam, qarşılıqlı maraq və bir-birinə qarşı hörmətə əsaslandığını bildirirlər. Siz necə hesab edirsiniz? Bu inam və qarşılıqlı maraqda həlledici rolu nə oynayır : - coğrafi qonşuluq, siyasi maraqlar yoxsa iki ölkə arasındakı mədəni yaxınlıq?

- Mən düşünürəm ki, hamısı. Mən üstəlik buraya iqtisadi maraqları, tarixi fenomen olan qarşılıqlı hörməti də əlavə edərdim. 200 ilə yaxın biz bir dövlətin tərkibində olmuşuq. İndi ayrılmışıq. Amma müsbət olanı odur ki, biz hörmətlə ayrılmışıq. Bilirsiniz, Rusiya Azərbaycan münasibətlərinin qurulması yuxarıdan hökm olunub. Bu tanrının iradəsidir ki, bizim iki dövlət tarixən dostcasına birlikdə qonşuluq etsinlər. Tanrı ilə  isə  mübahisə etməsək daha yaxşı olar. Onun iradəsini yerinə yetirməliyik.  

- Hazırda Azərbaycan keçmiş Sovet Ittifaqı ölkələri arasında az sayda  dövlətlərdən biridir ki, burada rus dilinə xüsusi hörmət var. Azərbaycanda rus dili təkcə ünsiyyət vasitəsi yox, tam səmimi desək, həm də mədəniyyət daşıyıcısıdır. Cənab səfir bizim bu fikirlə razısınızmı?

-Mən sizin fikrinizlə əlbəttəki razıyam. Rus dilinin Azərbaycandakı yeri unikaldır. Azərbaycan cəmiyyətinin  və hökumətinin rus dilinə münasibəti təqdirəlayiqdir. Hökümət rus dilinə marağın artması üçün əlindən gələn hər bir addımı atır. Bu müdrik bir addımdır. 200 il biz birlikdə olmuşuq. Və Azərbaycan üçün rus dili həm də  dünyaya, dünya elminə və mədəniyyətinə açılan bir pəncərə olub. Sizin hökümət də çox düzgün addım atır ki, bu pəncərəni bağlamır. Əksinə yaranmış imkanlardan daha geniş istifadə etməyə çalışır. Əlbəttə? bundan ilk olaraq Azərbaycan qazanır. Bu bizim iki ölkə arasında çox vacib bir faktordur. Bəzi dövlətlərlə bizim aramızda məhz rus dilinə yanaşma ilə bağlı münaqişələr var. Burada isə bu faktor bizim sizinlə mövqelərimizi birləşdirməyə, sizə qarşı xüsusi simpatiya yaranmasına  səbəb olur.  

- Rusiya – fövqəlgüc, dünya siyasi arenasında əsas dominant ölkələrdən biridir. Onun böyük ərazisi, çoxmilyonlu əhalisi, güclü müdafiə kompleksi, tükənməz elmi potensialı, zəngin mədəniyyəti və  şanlı tarixi var. Amma bəzi dövlətlər var ki, onlar Rusiyadan ehtiyatlanır, onda yalnız hərbi gücü görürlər. Siz bir professional diplomatsınız. Rusiya diplomatik səviyyədə hansı addımları atır ki, ondan ehtiyatlanmasınlar, əksinə onu başa düşüb sevsinlər?

- Əgər hər şeyi öz adı ilə adlandırsaq, indi Rusiyaya qarşı əsl müharibə gedir. Konkret bir qrup dövlət Rusiyaya qarşı diplomatik, siyasi, iqtisadi və informasiya müharibəsi elan edib. Bu ölkələr özləri üçün belə bir vəzifə müəyyən ediblər ki, sanki məhz bu dövlətlər digər dövlətlərin necə yaşamasına qərar verməlidirlər. Öz maraqlarına uyğun yol təklif edirlər. Və dövlətləri də iki qrupa bölürlər bu yolla getməyə hazırdır və kim buna qarşıdır. Rusiya məhz bu siyasətə qarşıdır. Çünki onların bu yanaşması beynəlxalq hüquqa və bizim milli maraqlarımıza ziddir. Bizə qarşı əsl informasiya müharibəsi gedir. Bizi terrorist dövlət adlandırırlar. İşğalçı adlandırıb, bütün günahları bizim üzərimizə yıxırlar. Nə edə bilərik ? Biz əlbəttə ki, təslim olmayacağıq. Öz yolumuzla gedəcəyik. Çünki onun düzgün olduğuna inanırıq. Bizə qarşı olan addımlara qarşı da mütləq cavab verəcəyik. Öz arqumentlərimizi göstərəcəyik, mövqeyimizi nümayiş etdirəcəyik. Çətindir əlbəttə... Biz dünya miqyasında informasiya müharibəsində çox geri qalırıq. Dünyaca məhşur media nəhəngləri olan CNN, BBC-nin etdikləri yanında biz uşaq kimi görünürük. Onlar söz azadlığından danışırlar. Amma biz də görürük ki, bizə qarşı kampaniya  əmrlə başlayır, əmrlə də bitir. Bununla belə biz də boş dayanmırıq.

Öz kanallarımızı yaradırıq, informasiya müharibəsində öz addımlarımızı atırıq. Buna davam edəcəyik. Diplomatlarımız da bu işə qoşulurlar. Biz də gərək öz imkanlarımız ilə mövqeyimizi dünyaya şatdıraq. Bakıda mənə bu işi görmək çox asandır. Çünki Bakıda Rusiyanın siyasətini başa düşürlər. Üstəlik mənə elə gəlir ki, düzgün başa düşürlər. Amma mən də tək deyiləm. Dünyanın ən müxtəlif ölkələrində olan həmkarlarım oxşar vəziyyətdədirlər. Yaranmış vəziyyətə rəğmən tam əminliklə deyə bilərəm ki, Rusiya heç də tək qalmayıb. Bizim çoxlu dostlarımız var. Bu da bizə güc verir. Bundan sonra da öz mövqeyimizi əlimizdə olan bütün mümkün imkanlarla qoruyacayıq.     

- Cənab səfir? son aylar Rusiya Qərbin sanksiyaları üz-üzədir. Bu vəziyyətdə həm Rusiya, həm də qərb ciddi iqtisadi itkilərə məruz qalır. Sizcə sanksiyalar fonunda qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla hansı iqtisadi sahədə əlaqələr artırıla bilər?

- Sanksiyalar çox pisdir. Özü də bu həm bu sanksiyaları tətbiq edən, həm sanksiyalara məruz qalan, həm də digər dövlətlərə də çox pis təsir edir. Çünki bütün iqtisadi münasibətlər, əlaqələrin qurulduğu atmosfer dəyişir. Rusiyanın sanksiyalara məruz qalması elə Azərbaycan üçün pisdir. Düzdür, bu zaman müvəqqəti imkanlar yaranır ki, bu və ya digər dövlət bu imkanlardan istifadə etsin. Amma o da həqiqətdir ki, uzunmüddətli əlaqələri gərək pozitiv əhvalda yaradasan. Misal üçün Azərbaycanla münasibətlərdə deyə bilərəm ki, sanksiyalar tətbiq olunmağa başlayandan Azərbaycan məhsullarının Rusiyaya ixracı artıb. İlin sonuna bu təxminən 20 faizlik artım deməkdir. Amma bu sanksiyalardan əvvəl də biz Azərbaycanla müzakirələrdə demişdik ki, xüsusilə aqrar sahədə əməkdaşlığı gərək yeni strateji bir səviyyəyə çatdıraq. Bu gün Azərbaycan Rusiyaya ildə 300 milyonluq məhsul ixrac edir. Biz isə hazırıq bu rəqəmi 3 milyard dollara qədər yüksəldək. Bunu üçün əlbəttə dövlət səviyyəsində işlər aparılmalıdır. Siz aqrar sahədə imkanlarınızı genişləndirməli, biz isə bu məhsulları alacağımıza təminat verməliyik. Strateji xətt budur. Məncə sanksiyalar gec-tez bitəcək. Kimsə onlarla qazanacaq, kimlərsə uduzacaq. Amma prinsipcə, biz Azərbaycanla əlaqələrimizi  uzunmüddətli maraqlar baxımından qurmalıyıq. Əminəm ki, Azərbaycanla bu istəyimiz alınacaq.    


- Sizinlə müsahibənin bayram əhval-ruhiyyəsində olmasına rəğmən, Azərbaycan üçün ağrılı bir məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual verməyə bilmərəm. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi  bu münaqişənin tənzimlənməsi prosesində uzun müddətdir ki, iştirak edir. Sirr deyil ki, münaqişənin həlli üçün Rusiyaya böyük ümidlər bəslənilir, bu ölkənin üzərinə ciddi məsuliyyət düşür. Siz necə düşünürsünüz, bu münaqişəni həll etmək üçün Rusiyanın rolu nədən ibarətdir?    

- Rusiyaya böyük ümid bəslənilməsi həqiqətdir. Mən də bunu hiss edirəm. Üstəlik bu ümidlər həm də əsaslandırılmışdır. Çünki Rusiya bu münaqişənin yarandığı dövlətin bir üzvü olub. Digər dövlətlərin heç birinin  Rusiya qədər münaqişə ölkələri ilə xüsusi münasibətləri yoxdur. Biz bu münaqişə haqqında çox bilirk. Və müəyyən addımlar da ata bilərik. Amma Rusiya da hər bir addımı atmaq iqtidarında deyil. Bizim kiməsə təzyiq göstərəcəyimiz, əmr edəcəyimiz, 15 dəqiqə ərzində münaqişənin həllinə nail olacağımızla bağlı fikirlər düzgün deyil. Əslində vəziyyət çox mürəkkəbdir. Razılıq yalnız münaqişə tərəfləri arasında olmalıdır. Biz sadəcə kömək edə bilərik. Kömək etmək də istəyirik. Buna da can atırıq. Siz ola bilsin ki, diqqət yetirmisiniz, münaqişənin tənzimlənməsi prosesinə bizim prezident şəxsən qoşulub. Bu məsələni üç dəfə sizin prezidentlə görüşüb müzakirə edib. Bizim xarici işlər naziri də böyük nikbinlik nümayiş etdirir. Mən sizi əmin etmək mistəyirəm ki, Rusiya əlindən gələni edəcək ki, bu münaqişə ədalətlə həll olunsun.    

- Və sonda, köhnə ili başa vururuq. Yeni il gəlir. Bu yeni ildə siz Azərbaycana nə arzulayardınız?

- Azərbaycan da hər şey var. Azərbaycanda resurslar var. O cümlədən belə vəziyyətdə həm ölkədaxili, həm də ölkə xaricində necə davranacağını yaxşı bilən savadlı  hökumətiniz var. Siz azərbaycanlılar  zəhmətkeş, sülhsevər , qonaqpərvər  xalqsınız. Bu sizə imkan verir ki, çox yaxşı nəticələr əldə edəsiniz. Bu 20 il ərzində əldə etdikləriniz də, kifayət qədər müsbət, təqdirə layiq nəticələrdir. Təsəvvür edin ki, sizinlə eyni vaxtda müstəqillik qazanan elə dövlətlər var ki, hələ də onların bundan sonra da müstəqil olub-olmayacaqları böyük sual altındadır. Siz böyük addımlar atmısınız. Biz də Rusiya olaraq sizə yardım etməkdə maraqlıyıq. Biz də istəyirik ki, cənub qonşumuzda sabitlik hökm sürsün. Sizə yalnız bu yolda uğurlar arzu edirəm.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir