Modern.az

“Qürbətin doğma məzarları” - Abdulla Gülün evinə qonaq gədiyi azərbaycanlı çekist...

“Qürbətin doğma məzarları” - Abdulla Gülün evinə qonaq gədiyi azərbaycanlı çekist...

29 Dekabr 2014, 14:43

Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat tarixi demək olar ki, bu şəxsin adı ilə bağlıdır. Həm Cumhuriyyət tarixində, həm də mühacirətdə olduğu zaman Azərbaycan üçün yorulmadan çalışan maarifpərvər kəşfiyyatçı ömrünün sonuna qədər bu missiyasına sadiq qalıb.

Modern.az saytının “Qürbətin doğma məzarları” rubrikasında bu dəfə Azərbaycan Xalq Cumhuriyyətinin Əksinqilabla Mübarizə Təşkilatının (indiki MTN) sədri, Azərbaycanın ilk çekistlərindən biri olmuş Nağı bəy Şeyxzamanlı haqqında danışılacaq. O, 1957-ci ildə Türkiyədə vəfat edib. İstanbulun Feri Köy məzarlığında dəfn edilib.

Öncə mətbuat tarixi üzrə araşdırmaçı Nəsiman Yaqublunun Nağı bəy haqqında Modern.az-a söylədiyi qısa anketi diqqətinizı çatdıraq:

Nuru paşa və Abdulla Gülün qonaq olduğu adam

“Nağı Şeyxzamanlı 1883-cü ildə Gəncədə anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründən təhlükəsizlik orqanlarında çalışıb. Əksinqilabla  Mübarizə Təşkilatının rəhbərlərindən biri olub. Qardaşı Məmmədbağır Şeyxzamanlı ilə birlikdə 1918-1920-ci illərdə Əksinqilabla Mübarizə Təşkilatı yaradıb. Milli Təhlükəsizlik Nazirliyinin ilk forması belə olub. Nağı Şeyxzamanlının Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında da böyük rolu olub. Türkiyə ilə ilk danışıqları aparanlardan biri idi. Qafqaz İslam Ordusunun Azərbaycana dəvət edilməsində böyük səy göstərib. Nuru paşanın qardaşı Ənvər paşa ilə görüşüb.

Sonradan məlum səbəblərdən Türkiyəyə gedib və siyasi mühacirət həyatı yaşayıb. Avropa ölkələrində yaşasa da, əsas yaşayış yeri Türkiyə olub. Nağı Şeyxzamanlı çox zəngin irs  qoyub gedib. Türkiyədə “Xatirələrim” adlı kitab yazıb. Bu kitabında XX əsr Azərbaycan istiqlal mücadələsi tarixi ilə bağlı çox zəngin məlumatlar var. Xüsusən də Qafqaz İslam Ordusunun, Nuru paşanın Azərbaycana dəvət edilməsi ilə bağlı həmin kitabda çox ciddi məqamlara rast gəlmək olar. Nağı Şeyxzamanlının evi  hazırda Gəncə şəhərində qalır və qorunur. Türkiyənin əvvəlki prezidenti Abdulla Gül də Azərbaycana gələndə Nağı Şeyxzamanlının evini ziyarət edib. Qafqaz İslam Ordusunun komandiri Nuru paşa 1918-ci ildə Gəncəyə gələndə Nağı Şeyxzamanlının evində qalırmış. Həmin otağı indi də muzey kimi qoruyub saxlayırlar. Nağı Şeyxzamanlının bir əqidəsi olub. O da Azərbaycanın müstəqilliyi, Azərbaycan xalqının azad yaşaması və bunun uğurda apardığı mübarizədən ibarətdir. Bu gün onun nəslindən çox dəyərli insanlar qalır. Onlardan biri də Amerika Birləşmiş Ştatlarında yaşayan Tomris Azəridir. Tomris xanım Nağı Şeyxzamanlının fəal davamçısıdır. Nağı Şeyxzamanlının yazılarına ən çox Türkiyədə 50-ci illərdə “Mücahid ” jurnalında rast gəlmək olardı. Çünki, o jurnalın redaktoru Çingiz Göygöl idi. O da əslən Gəncədən idi. Nağı Şeyxzamanlının da yaxın dostu idi. “Mücahid” jurnalında Nağı Şeyxzamanlının hələ də öyrənilməyən, toplanılmayan maraqlı yazıları, məqalələri dərc olunub. Nağı bəy 1967-ci ildə də İstanbulda dünyasını dəyişib”.

Nəsiman müəllimin tanıtımı Nağı bəy Şeyxzamanlı haqqında səthi də olsa, məlumat toplamağa imkan verdi. Buradan öyrəndik ki, həm Nuru paşa, həm də eks-prezident Abdulla Gül ayrı-ayrı vaxtlarda Azərbaycanın ilk xüsusi xidmət orqanı zabitinin evində qonaq olublar. Təbii ki, biri həqiqi, ikincisi isə məcazi mənada. Amma oxşar cəhət də ondan ibarətdir ki, hər iki məqamda Nağı bəy Türkiyə ilə Azərbaycan arasında yaxınlıq əlaqələrinin daşıyıcısı olub. O, Nuru paşa hələ Yevlaxa gələrkən komandanı qarşılamayan ilk 3 nəfərdən biri idi. Nuru paşa da Cumhuriyyətin başqa liderlərinə nisbətən Nağı bəyə daha çox inanırdı. Həm Nağı bəy, həm də qardaşı Məmmədbağır bəy möhkəm xarakterli əks-kəşfiyyatçı kimi Nuru paşanın rəğbətini qazana bilmişdilər. Bu iki qardaşın əsasını qoyduğu Əksinqilabla Mübarizə Təşkilatının kəşfiyyat və əks-kəşfiyyat komandası min bir əziyyətlə formalaşmışdı. Çünki onun işi hökumətin yerləşdiyi Bakıda separatçılıq işləri aparan bolşevik və ermənilərlə mübarizə idi. Odur ki, müəyyən xarici qüvvələr onların fəaliyyət göstərməsini qəti istəmirdi. Amma Şeyxzamanlı qardaşları nəhayət ki, 1919-cu ilin yayında bu təşkilatı yarada bildilər. İlk sədri də Məmmədbağır bəy oldu. Amma o, bir neçə aydan sonra könüllü olaraq istefa verdi və qardaşının bu vəzifədə daha bacarıqlı olacağını vurğuladı.

Bu iki qardaş arasındakı qarşılıqlı hörmət hər zaman heyrətamiz səviyyədə olub. Nağı bəyin Türkiyədə yaşayarkən yazdığı “Xatirələr” kitabında qardaşı ilə son görüşü çox kədərli şəkildə əks olunub: (Ümumiyyətlə, yazının əvvəlində Nəsiman Yaqublunun da bəhs etdiyi “Xatirələrim” əsəri o dövrün ictimai-siyasi xarakterini öyrənmək üçün çox dəyərli əsərdir. Kitab bir neçə dəfə Bakıda nəşr olunub).

“Həbs olunduğunun ertəsi gün xəbər tutdum. Onu qurtara bilmək barədə düşünürdüm və çalışırdım. Öyrəndim ki, onu həbs edən “ÇK” (Çerezvıçaynaya Komissiya – Fövqəladə Komissiya) mənsubları “qardaşın gəlsin, səni buraxaq” deyiblər. Bunun üçün həmin gün üzə çıxıb “ÇK”ya getdim. İdarənin qapısına yaxınlaşanda böyük qardaşım saxlanıldığı nəzarət otağının kiçik pəncərəsindən mənim gəldiyimi görərək, qışqırdı:

- Niyə hələ bir tərəfə getməyibsən?!

Mən elə oradanca yavaşca ona nə üçün gəldiyimi söylədim. O, mənə:

- Çıx get, mənə heç bir şey etməyəcəklər. Əgər məni eşitməyib qapıdan içəri girsən, özümü pəncərədən atacam! Tez uzaqlaş burdan, Gəncəyə get. Burda qalma”.

Bu, onun  qardaşı ilə son görüşü olur. Tiflisə gedərkən Gəncədə eşidir ki, bolşeviklər qardaşı Məmmədbağır bəy Şeyxzamanlını güllələyiblər.

Nağı bəyin sıravi işçilərindən biri – Lavrenti Beriya

Yenə əsl qızıl mənbə rolunu oynayan “Xatirələrim”ə müraciət edək:

“Beriyanı Hümmət Partiyasının tövsiyəsi ilə işə götürdüm. Bilirdim ki, Beriya bir sosialist kimi Çar rejiminin düşməni idi. Bizim işimizə yarayacağını bildiyimdən qəbul etmişdim. O, son dərəcə məsuliyyətli bir işçi kimi görünürdü. Onu senzura şöbəsinə işə götürdüm, qısa müddət ərzində özünü çalışqan işçi kimi göstərdi. Mən də onu şöbənin rəisi təyin etdim. Anası ilə çox ehtiyac içində yaşadığını mənə demişdi. Vicdanla çalışması, enerjisi, qafqazlı, gürcü olması və ruslara qarşı vuruşması ilə özünü mənə sevdirmişdi. Beriyanın Xəzər dənizi ilə limanımıza üzən gəmilərin sərnişinlərindən ələ keçirdiyi çox maraqlı və təşkilatımıza lazım olan məlumatlara sahib ola bilirdik.

Bolşeviklər Qafqazda çarizmi yenidən bərpa etmək istəyən general Denikinin ordusunu məhv etdikdən sonra bizim üçün “ağların” təhlükəsi qalmadı. Ancaq Denikinin yerinə Moskvaya arxalanan çox təhlükəli bir qüvvə var idi - bolşeviklər. Artıq biz də fəaliyyətimizi bolşeviklərə qarşı yönəltmişdik. Mən bununla bərabər Beriyanı işdən azad etməmişdim. Yerli bolşeviklər bizə qarşı fəaliyyətə keçmişdilər. Biz də onları hər yerdə sıxışdırır, göz açmağa fürsət vermirdik. Bu vaxt Beriya aradan çıxdı. Çox axtardım. Nəhayət, belə qənaətə gəldim ki, Azərbaycandan çıxıb gedib. İki ay ərzində onun maaşını anasına göndərdim”.

Söhbət Stalinin vuran əllərindən biri olan Baş Dövlət Təhlükəsizlik komissarı, Sovet İttifaqı marşalı Lavrenti Beriyadan gedir.
Həmin kitabdakı fakta görə, ömrünün sonunda İstanbulda əntiq əşyalar satan Nağı bəyə bir rus yaxınlaşır. İki dəfə dialoqdan sonra onun kim olduğunu öyrənir. Bundan sonra isə qəribə bir xahişdə bulunur. Belə ki, o zaman 1953-cü il idi. Həmin rus ondan bu xahişi edir:

“Siz dünya barışığının olmasını istərdinizmi? Bilirsiniz ki, Stalin öldükdən sonra SSRİ-ni üç nəfər idarə edir: Beriya, Molotov və Malenkov. Eşitdiyimə görə, Beriya Müsavat dövründə Azərbaycanda sizin məmurunuz olub və bu gün Beriya Moskvada fikir cəhətdən başqalarından seçilən yeganə insandır. Stalindən sonra Beriya SSRİ-də kolxoz təsərrüfatının dağıdılmasının tərəfdarıdır...
Siz indi Beriyaya bir məktub yazın və orada ikinizin də bildiyiniz hadisələrdən bəhs edin ki, məktubun sizdən olmasını anlasın. Mən də məktubu kuryer ilə ona göndərərəm”.

Nağı bəyin cavabı isə konkret olur:

- Mən Beriya kimi adama heç nə yazmaram.

Feri Köydə iki məzar

İstanbulun Feri Köy məzarlığında iki qərib məzar var. Sağlıqlarında mühacirətdə olduqları kimi bir-birlərinə necə sığınmışdılarsa, öləndən sonra da bir-birlərini yalnız buraxmırlar. O məzarladan biri AXC naziri Xəlil bəy Xasməmmədovun, o biri isə Nağı bəyindir. Xəlil bəy 1945-ci ildə vəfat edib. Nağı bəy 1957-ci ildə öləndə onun yanında dəfn olundu. Xəlil bəyin nəvəsi Toğrul Cuvarlı o məzarlıqda babasının qəbrini axtararkən Nağı bəyin məzarına rast gəlib:

“Məzarlıqda çalışan adamlar mənə dedilər ki, məzar ya 22, ya da 23-cü cərgədə ola bilər. Getdim,  amma  tapa bilmədim. Araşdırmaçı Xanlar Bayramov da bu istiqamətdə işlər görüb. Amma o, Nağı bəy Şeyxzamanlının qəbrini tapıb şəklini çəkmişdi. Mən Nağı bəyin qəbrinin yanına gedib Xəlil bəyin məzarını tapa bilmədim. Deyilən işarələrlə də tapılmadı. Bu dəfə istəyirdim ki, gedim, anamı sevindirim. Deyim ki, Xəlil bəyin məzarını ziyarıt etdim. Amma mümkün olmadı. Mən Türkiyədə yaşayan azərbaycanlı tələbələrlə, orada çalışanlara deyirəm ki, onlar da Feri Köy məzarlığına gedib ya 22, ya da 23-cü cərgədə Xəlil bəyin məzarı üçün bir daha baxsınlar”.

Tomris Azəri 

Nağı bəyin yadigarı Tomris xanım hazırda Amerikada yaşayır və orada Amerika Azərbaycanlıları Cəmiyyətinun prezidenti kimi fəaliyyət göstərir. Azərbaycan diaspor hərəkatının demək olar ki, ən aktiv xanımıdır. Bu da gendən gələn bir ənənədir. Vaxtilə Nağı bəy Cumhuriyyət daxilində erməni təxribatının qarşısını almağa çalışdığı kimi Tomris Azəri də bu gün Amerikada həmin işləri görür.

Elmin NURİ 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi