Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Amerikalı professor Tomas Qolds və “Tomas Qoldsun yay məktəbi” layihəsinə qatılmış tələbələr Tovuz rayonuna səfər edib.
Qonaqların Tovuzla tanışılığı tayonun girəcəyində ucaldılmış qala abidəsindən başlayıb. Qənirə Paşayeva qala divarlarında əks olunan Azərbaycanın tarixi xəritələri və müasir xəritələri əsasında tarix boyu xarici dövlətlərin təsiri altında imzalanmış müqavilələr barədə qonaqlara məlumat verib. O, Azərbaycan torpaqlarının parçalanaraq digər dövlətlərin ərazisinə qatılmasından, həmçinin erməni işğalçılarının Dağlıq Qarabağla yanaşı Dağlıq Qarabağa aid olmayan Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunun sərhəd kəndlərini mütəmadi olaraq atəş altında saxlamalarından danışıb.
Tomas Qolds və “Tomas Qoldsun yay məktəbi” layihəsinə qatılmış tələbələr Tovuz rayonunda Şəhidlər Xiyabanını ziyarət edib.
Qonaqlar millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Hacıalı və Ağdam kəndlərində olub. Millət vəkili qonaqlara Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonunun sərhəddə yerləşən kəndlərini mütəmadi olaraq atəş altında tutduqları barədə ətraflı məlumat verib.
Ağdam kəndində olarkən qonaqlar ermənilərin su anbarı yaxınlığında yerləşən kənd məzarlığı və neytral ərazilərdə otlaq sahələrini yandırdıqlarının şahidi olublar. Burada millət vəkili Qənirə Paşayeva “Tomas Qoldsun yay məktəbi” layihəsinə qatılmış tələbələrə ermənilərin bu yanğınları kənd sakinlərinin əkinlərinə ziyan vermək üçün küləkli havada qəsdən törətdiklərini, əkinlərini suvarmaq üçün su anbarından su açmağa gedən sakinlərə mütəmadi olaraq atəş açılması barədə məlumat verib.
Jurnalistlərin suallarını cavablandıran Qənirə Paşayeva tədbirin vacibliyindən danışıb; “Ermənistanın Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlaması, bu işğal nəticəsində 1 milyondan çox qaçqınımızın olması və Ermənilərin Dağlıq Qarabağa aidiyyəti olmayan digər sərhəd bölgələrində tutduqları hündür mövqelərdən istifadə edərək mütəmadi olaraq atəşkəsi pozmaları, məzarlığın, ərazilərin yandırılması, içməli su mənbələrindən istifadə edən insanların və məktəbə gedən vətəndaşlarımızın hədəfə alması faktlarını bu gənclərin yerində görməsi çox önəmlidir. Eyni zamanda Azərbaycanın inkişafını və bu bölgədəki böyük rolunu, Azərbaycanın bu bölgədə nə qədər önəmli bir ölkə olmasını, dünya ictimaiyyəti, qərb üçün önəmini, həm də Qərb sivilizasiyası ilə Şərq sivilizasiyası arasında bir körpü olması faktını yerində görmək çox vacibdir. Bu faktları yerində görmələrinin vacibliyi ondan ibarətdir ki, bu gənclər öz ölkələrinin ictimai-siyasi həyatında fəal iştirak etməyi qarşılarına məqsəd qoyublar. Ən əsası odur ki, bu gün onlar Azərbaycanı tarixi keçmişi ilə, yaşadığı işğallarla, əldə etdiyi uğurlarla tanıyır”.
Xarici qonaqlar Tovuz rayonunun Göytəpə kəndinə gələrək burada aparılan arxeoloji qazıntılarla tanış olublar. Burada qonaqlara arxeoloji qazıntılar zamanı tapılmış Qafqazın ən qədim eradan əvvəl 6-cı minilliyə aid yaşayış məskəni barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Amerikanın Montana Ştatından olan professor Tomas Qolds təkcə öz tələbələri ilə deyil, Amerikadan, Türkiyə, Azərbaycan və Gürcüstandan topladığı tələbələrlə “Tomas Qoldsun yay məktəbi” layihəsi çərçivəsində Azərbaycanda olan bütün strukturlarla yaxından tanış olub. Layihədə iştirak edən 24 tələbədən 9-u ABŞ-dandır.