Modern.az

Sənə gəldim, qapını aç...

Sənə gəldim, qapını aç...

3 Yanvar 2015, 11:06

“Qapını aç, qapını aç... Sənə gəldim, qapını aç...
 Bu dünyadan, o dünyadan aldım boyum ölçüsünü...
 Əzəl-əbəd arasında, necə əyyam gəzib-tozdum...
 Sığammadım dü-aləmə, sənə gəldim, qapını aç...
 Yoldaşım var, iki nəfərik – günah məndən heç ayrılmaz...
 Tək deyilsəm noolur, sanki? – Yer-göy sığmış o qapıya...
 Bizi də al… qapını aç, qapını aç, qapını aç...”
Samiha Ayverdi

Konyanın o şaxtalı günlərində, soyuğun əl-ayaq kəsən zamanında, günəşin qürub cağında... üz-üzə qalmışdıq. Heç birimiz danışmırdıq... Səssizlik içində sükut danışırdı... Eynən “qoy, sükut danışsın, ikimiz susaq” misalı... Bu qədər soyuq olmasına baxmayaraq, heç üşümürdüm – bir qədər öncəki üşütməm səssizcə çəkilib getmişdi. Həzrəti Şəmsin – Eşq Günəşinin yanında idim – həm bu üzdən, həm də iç dünyamın aydınlanması, öz durumumun özümə bəlli olması səbəbindən, yəqin...

 Bilirdim, Ona nəyisə uzun-uzun izah etməyə ehtiyac yoxdur. O, mənim niyə gəldiyimi bilirdi, gələcəyimi bildiyi kimi. Heç bir şey hiss etmirdim, heç bir şey duymurdum, onun söylədiklərini qulaqlarımla eşitmirdim, təbii. Qəfildən qeyri-ixtiyari ağlamağa başladım. Özüm də səbəbini bilmədən hönkür-hönkür ağlayırdım... Dayanmadan ağlayırdım. Sanki illərlə bu gün üçün içimə yığılmış gözyaşı vardı da, indi ağzı açılmışdı. Ağlayaraq pıçıltı ilə nəsə söyləyirdim, deyəsən. Amma sonralar nə söylədiyimi heç cür xatırlaya bilmədim...

 O isə... o isə susurdu, susurdu...

 İlahi, sükut da danışa, anlada, duyula, eşidilə bilərmiş...

 İlahi, sükut da insana hüzur verə bilərmiş...

 Sükut, sükut mənə nələrisə söyləyirdi...

 Sanki mənə “neyçün can və könül aynasına baxıb da özünü axtarmırsan, aramırsan?” – deyə bir şeylərdən sual edirdi...

 Nə qədər belə davam etdi, nə qədər ağladım bilmirəm. Amma artıq gecə idi, qaş qaralmış, şər düşmüşdü. Sürücünü xatırladım. Bu soyuqda məni gözləyirdi. Elə bir az toxtamışdım ki, onun pıçıltılarını eşitməyə başladım.

-    Agla – deyirdi - Ağla...

 Ağla ki, durulsun, təmizlənsin o ürək...

 Ağlayan tək gözlərin deyil... Könlün ağlayır... Ağla!..

 ...

 Nəfs-i Ləvvaməyə keçid daxili etirafdan, etirafla axıdılan göz yaşlarından keçir. Ağla. Özünə yolçuluq üçün təmizlənənə qədər ağla... Bu göz yaşların, cavan ömründə çəkdiyin bütün əzab-əziyyətlər, yaşadığın ağrı-acılar, çətinliklər səni Rəbbinə daha da yaxınlaşdıracaq. Utanma. Qorxma. Ağla. Etiraf et. Səmimi ol. Təmizlən. Durul!

 Ağlayırdım... Etiraf edirdim... O-na edirdim... Şahidim isə Şəms idi...

 O-na yalvarırdım, şükür edirdim... El sözü ilə desəm, Şəmsin üzü hörmətinə, mənə Həqiqətə gedən yolun ikinci mərtəbəsinin qapısını açdığı, Nəfs-i Ləvvaməyə daxil olma niyyəti, gücü, izni verdiyi üçün...

 Çünki oxumuşdum, bilirdim ki, dünyada insanların azı bu mərtəbəyə keçə bilir...

 Ona görə də göz yaşları ilə dayanmadan O-na şükür edirdim...

 Mənə Nəfs-i-Əmmarədən xilas olmağa yardım etdiyi üçün...

 Bilirdim ki, İnsan ondan o zaman xilas olmağa başlayır ki, nəfsinin qəzalarını, çatışmazlıqlarını, yanlış vərdişlərini ayırd edir və onları düzəltmək niyyətinə düşür. Yalnız bundan sonra daxili yolçuluğa çıxmanın Nəfs-i Ləvvamə mərhələsinə daxil olur.

 Mən özümə yol(çuluğ)a başlamışdım və Şəms mənə çox şey öyrədə bilərdi.

– Ağır olacaq bu Yol... - deyirdi Şəms  sükut dili ilə...  Dinlə, Daxili Yol(çuluq) çox ağır bir Yoldur... Dayanmadan özünlə, nəfsinlə amansız mübarizə aparmalısan. Sənin əsl mübarizə Yolun indi başlanır. Yavaş-yavaş, addım-addım. Böyük çətinliklər qorxutmasın səni.

 Onun pıçıltı içində səsini eşidirdim – getdikcə daha aydın, daha təsirliydi. O deyir, mən cavab vermədən dinləyirdim:

 - Artıq gözlərin bayıra deyil, öz içinə baxmağa başlayıb.. Nəfs-i Ləvvamədəsən... Nəfs-i Əmmarədən fərqli bir həyata başlamısan...

 - ...

 - Daim başqalarını günahlandırmaqdansa, daim özündə qüsur tapmaq asan deyil...

 - ...

 - Olub-keçən və ya yaşadığın hər şeydə həmişə başqalarını deyil, özünü ələk-vələk, çək-çevir eləyib tənqidə tutmaq asan deyil...

 - ...

 - Hər zaman nəfsini qınamaq və günahlandırmaq asan deyil...

 - ...

 - Yorulmadan özü ilə mübarizə etmək, nəfsin ilə savaşmaq asan deyil...

 - ...

 - Qorxma – deyirdi Eşq günəşi... Deyirdi: “Bəzən xətalar, yanlışlıqlar da edəcəksən, amma dərhal üzülüb, Allahın hüzurunda peşman olub, ağlayarsansa, nəfsini ləvm edərsənsə, sorğulayar, qınayarsa bir daha geri – Nəfs-i Əmmarəyə geri dönməyəcəksən... Qorxma. Bu halları sıx-sız özündə görməyə başlayacaqsan. Amma Haqqa qarşı məhcubiyyət duyub, gözyaşı tökərək həmin xətaları, yanlışlıqları təkrar etməyəcəksənsə Kamilliyə, Həqiqətə, Haqqa gedən yolun digər mərtəbələrinə qalxa biləcəksən...”

 - ...

 - ...Amma Ona getmək istəyirsənsə, Həqiqəti, Haqqı tapmaq istəyirsənsə bundan başqa Yolun yoxdur... Gerçək İnsan olmaq istəyirsənsə bundan başqa Yolun yoxdur...

 Nəhayət, bir cümləlik sual verdim:

 - Səncə, bu Yolu gedə biləcəmmi? – Yalvarırcasına soruşdum...

 - Özündən sor... – dedi Eşqin günəşi.

 - ...

 - Amma heç zaman unutma, haraya dönərsən dön, Allahın üzü ordadır...

 - ...

 - ...

 ...Beləcə - sükutla başlayan söhbətimiz sonunda yenə sükutla tamamlandı, sükuta döndü. Ancaq Eşqin günəşi içimdəki buzları əritmiş, küllər altındakı qoru qığılcımlandırmış, alovlandırmışdı...

 (ardı var)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü