Millət vəkili Qənirə Paşayeva Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında 300-400 arası bal toplayan tovuzlu gənclərlə görüş keçirib. Modern.az-ın məlumatına görə, görüşdə 150-dən artıq gənc iştirak edib. Millət vəkili tovuzlu gəncləri təbrik edərək, onlara qiymətli hədiyyələr təqdim edib.
“Bu gün dövlətimizin bütün sahələrdə yüksək səviyyəli kadrlara böyük ehtiyacı var və ona görə siz bütün imkanlarınızı səfərbər edərək ancaq gücünüzü yüksək səviyyəli təhsil almağa yönəltməlisiniz. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2007-2015-ci illər azərbaycanlı gənclərin xaricdə təhsili üçün Dövlət Proqramı çərçivəsində gənclərin xaricdə təhsilinə geniş şərait yaradılıb. Siz də bu imkanlardan yararlana bilərsiniz”- deyə millət vəkili vurğulayıb.
Tovuz rayonunun hər bir kənd orta məktəbinə Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlıqlarını əks etdirən lövhə və stendlərin paylandığını vurğulayan millət vəkili deyib ki, gənclər bu cür igidlərdən örnək götürməlidirlər. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri də iştirak edib.
Xatırladaq ki, millət vəkili avqust ayının əvvəlində 400-dən çox bal toplayan 151 nəfər, Ali Hərbi Məktəblərə qəbul olunmuş 29 nəfər, C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuş 31 nəfər tələbə gənclə görüşərək onları təbrik etmiş, hədiyyələr vermişdi. Onların da 14 nəfəri 600 baldan yuxarı nəticə göstərən gənclər idi.
Modern.az