Modern.az

Partiyalar parlament seçkilərində necə iştirak edəcək? - Proporsional sistemi istəyənlər çoxdur - SORĞU

Partiyalar parlament seçkilərində necə iştirak edəcək? - Proporsional sistemi istəyənlər çoxdur - SORĞU

5 Yanvar 2015, 15:10

2015-ci ilin noyabr ayında Azərbaycanda növbəti parlament seçkiləri keçiləcək. Siyasi partiyalar parlament seçkilərində hansı formatda iştirak edəcəklər?  

Partiyaların təmsilçiləri Modern.az saytına parlament seçkilərində iştirakdan danışıblar.

Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa deyib ki, Azərbaycanda keçilən bütün seçkilərdə həmişə aktiv iştirak ediblər: “Parlament seçkilərində də qanun çərçivəsində iştirak edəcəyik. Proporsional seçki sistemi bərpa olunacaqsa, seçkilərə partiya siyahısı ilə gedəcəyik. Əgər bu baş verməsə, seçkilərdə fərdi namizədlərimizlə iştirak edəcəyik”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)  sədrinin müavini Razi Nurullayev bildirib ki, partiya parlament seçkilərinə Milli Şura çərçivəsində qatılacaq.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının sözlərinə görə, partiyanın sonuncu Məclisində parlament seçkiləri ilə bağlı xüsusi qərar qəbul olunub:
“Partiyanın seçkilərdə hansı formada iştirakı ilə bağlı müzakirələr davam edir. Seçki qanunvericiliyinin təkmilləşdirməsi və proporsional seçki sisteminin tətbiqi istiqamətində ilkin işlərin görülməsi ilə bağlı ictimaiyyətlə,  siyasi partiyalarla məsləhətləşmələr aparılacaq. Partiyamızın seçkilərdə hansı formada iştirakı ilə bağlı yaxın vaxtlarda məlumat veriləcək”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin müavini Elşən Mustafayev bu il seçki sistemində dəyişikliklərin olacağına ümid edir: “Proporsional seçki sisteminin bərpa olunmasını istəyirik. Bu, siyasi partiyaların inkişafına və ölkədə siyasi hadisələrə daha doğru, daha ciddi yanaşmaya yardım edir”.
Onun sözlərinə görə, partiya seçkilərə hazırlıqlara ilin əvvəlindən başlayır: “Parlament seçkilərinə partiyanın hansı şəkildə qoşulması seçki öncəsi yaranan vəziyyətlə bağlıdır. Hazırda əsas məqsədimiz münbit seçki şəraitinin yaradılmasıdır”.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib ki, bu həftənin şənbə günü partiyada məsələ ilə bağlı geniş mətbuat konfransı keçiriləcək.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı deyib ki, seçkilərdə partiya ciddi şəkildə iştirak edəcək: “Bunun hansı formada olacağı isə qanuna uyğun həyata keçiriləcək”.

Məltəm TALIBZADƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu