Modern.az

Prezident təqaüdçüsü: “Azərbaycanın ən reytinqli Ali Məktəbində oxumaq çox qürurvericidir” - MÜSAHİBƏ

Prezident təqaüdçüsü: “Azərbaycanın ən reytinqli Ali Məktəbində oxumaq çox qürurvericidir” - MÜSAHİBƏ

Müsahibə

5 Yanvar 2015, 15:53

Rəmziyyə Elnur qızı Qarazadə 30 iyul 1996-cı  ildə Beyləqan şəhərində anadan olub. 2003-cü ildən ibtidai təhsilini Bakı şəhəri Binəqədi rayonu 115 saylı orta məktəbdə başlayıb. 2007-ci ildə Bakının  Nəsimi rayonundakı 16 saylı Texniki-Humanitar Liseyinə qəbul olunub. 2010-cu ildən təhsilini Nərimanov rayonu  “Ankara məktəbi” məktəb-liseyində davam etdirib. 2014-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirərək, TQDK-ın keçirdiyi qəbul imtahanlarında respublika üzrə ən yüksək bal – 687 bal yığaraq, Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinə yüksək balla qəbul olub, Prezident təqaüdçüsüdür.

Modern.az saytı onunla müsahibəni təqdim edir.

- Rəmziyyə, Bakı Ali Neft Məktəbinə yüksək balla daxil olan Prezident təqaüdçülərindən biri sənsən. Yəqin ki, orta məktəbdə nailiyyətlərin olub…

- Bəli, 2007-2008-ci illərdə keçirilən Bilik yarışında  riyaziyyat fənnindən məktəb üzrə 1-ci yer tutmuşam. 2012-ci ildə Ətraf Muhitin Muhafizəsi 6-cı Beynəlxalq Layihə Olimpiadasında (INEPO) 2-ci yer tutaraq gümüş medala layiq görülmüşəm. 2012-ci ildə “Nizami Gəncəvi-870” İnşa Musabiqəsində 3-cü yeri qazanmışam. 2014-cü ildə 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda keçirilən Inşa Yazı müsabiqəsində fərqlənmə diplomuna layiq görülmüşəm. 2014-cü ildə Məktəblilərin 8-ci Ətraf Muhitin Muhafizəsi Beynəlxalq Layihə Olimpiadasında 2-ci yer tutaraq gümüş medala layiq görülmüşəm. 2014-cü ildə “Heydər Əliyev 91” Inşa Musabiqəsində 4-cü yer tutmuşam. İyul ayında TDQK-nın keçirdiyi qəbul imtahanlarında iştirak edərək I qrup üzrə 687 bal toplamışam və arzuladığım Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakultəsinə daxil olmuşam.

- Qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra sənin üçün hansı təəssüratlarla yadda qalıb?

- Əlbəttə ki, bir qədər həyəcanlı idim. İmtahandan əvvəl çox çalişmağıma və sınaqlarda topladığım ballara baxmayaraq,  hələ də qorxu ve şübhə hissi var idi. Imtahan başlayandan 5-10 dəqiqə sonra tədricən həyəcanımın azaldığını hiss etdim, çünki sual kitabçasındaki suallar mənə içimdəki qorxu və şübhə hissinin gərəksiz olduğunu gostərdi. İmtahandan sonra etdiyim iki səhv cavabın  ən yaxşı bildiyim mövzulara aid olduğuna əvvəlcə təəsüfləndim, amma sonra bunun bir qismət olduğunu anlayıb topladığım bala görə Allahıma şükür  etdim. Arzuladığım Ali Məktəbin arzuladığım fakültəsinə daxil olduğumu ve Prezident təqaüdünə layiq görüldüyümü oyrəndikdən sonra tam 700 bal toplamaq üçün çatmayan 13 balın arzularımın qarşısında sədd olmadığını anladım, bu, məni çox sevindirdi.

- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir?

- 600-dən yüksək bal toplamaq üçün abituriyent var gücü ilə çalışmalı, müəllimin verdiyi tapşırıqları tam yerinə yetirməli, özünü bəzi əyləncəli məşğuliyyətlərdən məhrum etməlidir və ən əsası, iradəli olmalıdır. Əlbəttə ki, hər şeydən öncə yüksək balı toplamağı ürəkdən arzulamalı, buna inamı olmalı və Allaha dua etməlidir. İxtisas seçimini edərkən təbii olaraq böyüklərlə, müəllimlərlə məsləhətləşməli və öz biliklərinə, bacarıqlarına, ən əsası da, müasir dövrün tələblərinə uyğun ixtisas seçməlidir.

- Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun? 

- Bu ixtisası seçməyimə səbəb texniki fənlərə, proqramlaşdırmaya olan həvəsimdir. Məktəb illərindən bu günədək kompüteri və proqramları dərindən öyrənməyi, bilməyi arzulamışam. 11-ci sinifdən muəllimlərim mənə BANM-i məsləhət görüblər və mən özüm də, bu Ali Məktəb haqqında ətraflı məlumat əldə etmişdim. Burada yüksək səviyyəli və müasir tələblərə uyğun ingilis dillində  təhsil verildiyini bilərək, ailəmlə birgə məhz bu Ali Məktəbin mənim gələcəyim üçün uğurlu olacağına əmin olduq və çox düşünmədən Bakı Ali Neft Məktəbini seçdim.

- Adətən deyirlər ki, texniki sahə və ya mühəndislik peşəsi kişilərə aid sənətdir. Sən bu barədə nə  düşünürsən və bu sahəyə marağın hardan yaranıb?

- Əksər hallarda qadına məsləhət görülən həkimlik və müəllimlik peşələrinə marağım və həvəsim heç vaxt olmayıb. Həmişə düşünmüşəm ki, həyatda elə bir qanun yoxdur ki, qadın ancaq müəllim və ya həkim olmalıdır. Bir az öncə qeyd etdiyim kimi, kompüter biliklərinə olan marağım mənim bu seçimi etməyimə səbəb oldu.  

- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Buradakı təhsili necə dəyərləndirirsən? 

- BANM-da oxumağı arzulayan abituriyentlər bu Ali Məktəbə daxil olmağın çətinliyini dərk edərək çoxlu çalışmalıdırlar. BANM-da oxumaq çox gözəl bir hissdir. Burada təhsil almaq çətin olduğu qədər, həm də çox maraqlıdır. Şəxsən mən bu çətinliklərdən zövq alıram, çünki bilirəm ki, hər bir çətinliyin sonunda böyük bir uğur dayanır. Bu da ondan irəli gəlir ki, mən həmişə çətinlikləri və onlarla mübarizə apararaq həll etməyi sevirəm. Bu Ali Məktəb həm savadlı, həm də geniş dunyagörüşünə və yüksək mədəni-əxlaqi dəyərlərə malik olan, ingilisdilli, yüksək ixtisaslı mühəndislər yetişdirilir. Azərbaycanın ən reytinqli Ali Məktəbində oxumaq, gələcəyin mühəndisi kimi yetişmək mənim üçün çox qürurvericidir.

- Özünü gələcəkdə harda görürsən və hansı planların var?

- Gələcək haqqında planlar qurmaği sevmirəm. Lakin gələcəkdə böyük nailiyyətlərə sahib olmaq uğrunda mübarizə aparmaği sevirəm. Ən böyük arzum isə öz pəşəmin yüksək səviyyəli  mütəxəssisi olaraq ən böyük zirvələri fəth etməkdir. Gələcəkdə Azərbaycanın Dövlət Neft Şirkətində və yaxud xarici neft-qaz şirkətlərinin Azərbaycan nümayəndəliklərində çalışaraq, bununla da Azərbaycanın neft-qaz sektoruna faydalı töhfələrimi vermək istərdim.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir