Modern.az

“Hacıbala Abutalıbov uşaq bağçalarından danışmağa icazə vermir”

“Hacıbala Abutalıbov uşaq bağçalarından danışmağa icazə vermir”

6 Yanvar 2015, 13:48


Hər birinizin nə vaxtsa bu problemlə qarşılaşdığını, yaxud hazırda həmin problemlə qarşı-qarşıya qaldığını, gələcəkdə qarşılaşacağını nəzərə alıb yazmaq istədim.

Bilirsiniz nədən, uşaqların məktəbəqədər tərbiyəsi, təhsili ilə məşğul olan uşaq bağçalarından.

Öncə problemləri sadalayaq. İlk problem elə ilk andan, uşağı bağçaya aparanda yaşanır. İstənilən halda bu cavabı alacaqsınız: Bağçada yer yoxdur.

Bundan sonra “Get yanvarda gəl, mayda gəl” və s. və ilaxır. 

Uşağı bağçaya yerləşdirmək üçün edilən təkidlərdə qərarlı və bir qədər də “arxalı” olsanız, alınacaq.

Çox yox, bir uşaq üçün cəmi 250- 300 manat. Özü də dövlət nəzdində fəaliyyət göstərən bağçalara.

Şəhərimizin icra başçısı Hacıbala Abutalıbovun hər zaman israrla “bağçalar ödənişsizdir” deməsinə baxmayın, bağça müdirələri özlərinin müəyyən etdiyi qiymətləri “oxuyurlar”.

Bir uşağın aylığı üçün isə 20-30 manat tələb olunur. Səbəbini soruşanda bildirirlər ki, “yuxarıdan, yəni icra hakimiyyətindən belə tapşırıblar”.

Təbii ki, buna inanmaq istəyirik . Amma gerçəklik başqa şey deyir.

Elə biz də o müdirələrin dedikləri “yuxarılarda” vəziyyətin necə olduğunu, problemin nədən qaynaqladığını aydınlaşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin bağçalara baxan müvafiq şöbəsilə əlaqə saxladıq.

Şöbənin əməkdaşı Tamilla Allahverdiyeva “sualları yazılı şəkildə gətirməlisiniz” deyə bildirdi.

Mən də Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusova ünvanlanmış sulları yazılı şəkildə Bakı Şəhər İcra Hakimiyyətinə apardım. Sualları məndən təhvil alan xanım yaxın 2-3 gün ərzində cavablandırılacağını bildirdi.

2-3 gün keçdi. Sualları özü məndən təhvil almasına baxmayaraq, Eldar Yunusovun köməkçisi olan xanım mənə Tamilla Allahverdiyevaya müraciət etməyimi tövsiyyə etdi.

Etdim və “cavab” da aldım: “Eldar müəllim suallarla tanış oldu. Bildirdi ki, Hacıbala Abutalıbov bu sualları cavablandırmağa icazə vermir”.

Əgər cavab verə bilməyəcəkdinizsə, niyə mənim vaxtımı alırdınız, Tamilla xanım? Çoxmu çətindir, o sualları cavablandırmaq, hörmətli Eldar Yunusov?!

Suallardan qaçmanız sadaladığımız problemlərin bağça müdirələrinin deyimi ilə desək, “yuxarı”dan qaynaqlandığını sübut edir.

Artıq qış mövsümüdür. Heç maraqlanmısınızmı bağçalar nə ilə isinir?

Mən sizə cavab verim: Valideynlərdən uşaqlar üşüməsin deyə qızdırıcı, xalça almaq üçün pul yığılır. Yəqin xəbəriniz yoxdur.

Hər ay uşaqlar üçün valideynlərdən maye və quru sabun, nəm və quru salfet alınmasından, bağçaların təmirinə kömək etməsindən də əlbəttə ki, xəbəriniz yoxdur.

Çünki, siz 300-400 manat maaşa baxmırsınız. Sizin uşaqlarınız, nəvələrinizin getdiyi bağçaların aylıq ödənişi elə 300-400 manatdır. 

Gülşən RAUFQIZI 

P.S Dəfələrlə suallarımızı cavabsız qoyan BŞİH-in Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən son olaraq bir xahişimiz var. Bu yazını hazırlayana qədər susduğunuz kimi, yazıdan sonra da susqunluğunuzu “qoruyun”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?