Modern.az

Siyasi ədavətdən saxta təbəssümə keçid

Siyasi ədavətdən saxta təbəssümə keçid

Təhsil

9 Yanvar 2015, 13:24

Parlament seçkiləri ilinə atılan ilk qədəmlər bütün siyasi düşərgədə  vacib hərəkətlənmənin, mühüm siyasi proseslərə hazırlığın bünövrəsini qoymağa başlayır. 2015-ci ilin ilk günlərindən, birgə mübarizə strategiya və taktikasına yönəlik variantlar səslənir, kimin kiminlə bərabər şəkildə bu mübarizə yolunda yürüyəcəyi arzuları və ehtimalları diskussiyalar üçün predmetə çevrilir.

Hakimiyyət çevrələrinin nöqteyi-nəzərində bu tezliklə parlament seçkilərinə hazırlaşmaq erkən addım ola bilər. Çünki bütün resurslara sahib olduğu üçün o, seçki prosesinə siyasi,  maddi, mənəvi baxımdan, bəlkə də tam hazırlıqlıdır. Kimlər parlamentin qapısını son dəfə görür, kimlər bu qapıdan ilk dəfə içəri keçəcək, 15-20 il kiminə bəs, kiminə qeyri-bəs ediləcək, hansı təzə adlar parlamentin nüfuzunu artıra bilər,- ola bilsin, bütün məsələlərin konturları bəllidir. Beynəlxalq müşahidə faktında xarici mövqelərin  qeyri-müəyyənliyi istisna olmaqla, iqtidar üçün gərginlik yaradan, onu tələskənliyə vadar edən  nüanslar bol deyil.

Müxalifət üçünsə əksinə. Yanvar ayının özü, gec bir başlanğıcdır. 2013-cü ilin prezident seçkilərindən başlayan siyasi əzmkarlıq tempi, vahid qüvvəyə çevrilmə görüntüsü,   əgər sabit şəkildə  2014-cü ilin bələdiyyə seçkiləri ilə daha da yüksələn xəttə keçsəydi- lap bu seçkilər mənasız və maraqsız  hesab olunsa da; ən azından fəaliyyətin ardıcıllığı ilə yaxınlaşmanı qoruyub saxlamaq mütləq şərt  idi - 2015-ci ildə o, artıq siyasi səhnənin söz sahibi, hesablaşılan qüvvəsi imicinə yiyələnmiş  olmalıydı.

Siyasi birliyini, vahid komanda prinsiplərini  seçki ilə çərçivələndirən, gah sönən, gah da alovlanan qüvvə kimi davranış sərgiləmək, fəallıq dinamikasındakı zənciri qırmaq, gah dost olub, gah düşmənə çevrilməklə,  müxalifət hər dəfəsində sıfır vəziyyətinə qayıtmalı və onun sıfırdan başlayan yolu, təmizlənməsi müşkül maneələrlə dolu olur.   

Başqa sözlə, hakimiyyətdən fərqli olaraq, müxalifət üçün indilikdə  hər şey qaranlıqdır; xarici maliyyə və siyasi dəstək ciddi qadağalar altındadır; beynəlxalq güc opponentlərin seçki yarışındakı nəticələrinə necə reaksiya verəcək-bunlar  dumanlıdır. Necə ki, 2003, 2005, 2010- cu illərdə xarici mövqelərin hakimiyyətin maraqlarını qoruması müxalifətə sarsıdıcı zərbə vurdu. Beynəlxalq təşkilatların hakimiyyəti bu günkü tənqid ritorikasının müxalifətin xeyrinə işləyəcəyini düşünmək də aldadıcı bir jest ola bilər.  Bu mənada  prosesin əngəlləri yetərincədir, üstəgəl, seçki situasiyasında üzərinə götürdüyü rolun öhdəsindən gəlmək nəhəng bir potensial tələb edir  ki,  indi söhbət bu potensiala güvənməkdən yox, tükənmiş gücün hansı metodlar, hansı addımlarla bərpasından gedir.

Axı müxalif cinaha təkcə hakimiyyətin üstünlüyü, onun imkanları ilə zərbələr dəyməyib. Ən böyük zərbə ayrı-ayrı partiyaların, hətta müttəfiqlərin arasında heç vaxt ortadan qalxmayan ixtilaflar, qisasçılıq, qarşılıqlı zərbə vurmaq ruhu sayəsində dəyib.  Arzuolunmaz trasferlər, istefalar, dəstə ilə qopma faktları, bütövlükdə hərtərəfli imkanlar nöqteyi- nəzərindən pozulmuş balans güclü hakimiyyəti alternativsiz, ya da çox zəif alternativlə qarşı-qarşıya gətirib ki, belə qeyri-bərabərliklə, nə demokratik mücadiləni başa çatdırmaq, nə seçki prosesini əhəmiyyətli hadisə səviyyəsinə yüksəltmək olar. Amma bir halda ki, siyasətdəki debütantlar siyasi səhnədə uğur qazana bilmir, o zaman Qərbin də, iqtidarın da, cəmiyyətin də əsl alternativə xas olan parametrləri itirilmiş klassik müxalifəti qəbul etməkdən başqa çarəsi qalmır.     


Əlbəttə, müxalifəti ictimai və beynəlxalq  rəyin gözündə müəyyən qədər böyüdə biləcək tək  variant konsalidasiyanın özülünü atmaq üçün hamının siyasi ədavəti, qara piarı, kompromat həvəsini, bölücülüyü bir kənara buraxıb,  təmərküzləşməyə sarı qətiyyətli, səmimi  addımlar atmasıdır. İş ondadır ki, birləşmə cəhdləri müxalifətin mətbəxinə hər dəfəsində xaricdən gələn təlimat əsasında baş verir və könüllü iradənin bəhrəsi olmayan əməkdaşlıq formatları sonradan siyasi qüvvələrin əzrayılına çevrilir, onları epizodik ictimai yüksəklikdən bir anlıq yerə doğru çırpır.

Azərbaycanda vətəndaş cəmiyyətləri, dolayısı ilə onların söykəndiyi siyasi cinahlarla işləyən beynəlxalq təşkilatların missiyaları ifşa olunandan sonra əlaqələrdə zəifləmə yaransa da, xarici ölkə səfirliklərinin fəaliyyətinə heç bir qınaq yoxdur, onların bəziləri müxalifətlə təmaslara girə bilir.  Əgər müxalifət spontan şəkildə hansısa bir adda əməkdaşlıq formatında mübarizə aparmaq qərarı verəcəksə, bu qərara təsiri həmin görüşlərin məxfi müzakirələrində, yenə də xarici sifariş faktorunda axtarmaq lazımdır.

Çünki indidən birgə mübarizə, seçki blokları ilə bağlı verilən suallar xoş cavablar almır. AXCP öz ətrafındakı, içində özündən başqa heç kimsə olmayan Milli Şuranın çəkisini şişirdərək, bu formatı nə hansısa formata dəyişəcəyini, nə də özünü, iqtidara işləyən damğası vurduğu Müsavatla eyni formatda görmək istədiyini ifadə edir. Halbuki, qopa-qopa bir ovuc insan qalan, illər ərzində yetişən, cəmiyyətdə populyarlıq qazanan insanların arxa çevirib tərk etdiyi partiyaların bu gün təklikdə Azərbaycan coğrafiyasında seçki yarışı aparmaq, onu izləmək, ardınca razılaşmadığı məqamlara görə kütləvi etirazları ssenariləşdirmək potensialı olduqca aşağı səviyyəyə enib.    

Köhnə təcrübəyə istinadsa siyasi ədavət aparan tərəflərin seçki sezonu üçün heç nə olmamış kimi necə xoş mimika ilə, “yüksək” dostluq, qardaşlıq davranışları ilə bir araya gəlməsinə dair kifayət qədər misalları özündə saxlayır. Beynəlxalq aləmi bu əməkdaşlığın saxta təbəssüm üzərində qurulub-qurulmaması yox, tendensiyanın məhz zahiri tərəfi- ortaya güc çıxarıb, ondan hakimiyyətə təzyiq kimi yararlanmaq maraqlıdır. 

Azərbaycandakı elektoratın səviyyəsi isə illər ərzində elə formalaşıb ki, müxalifət nəhəng bir qala qurub, o qalaya sayılıb-seçilən aydınları toplasa belə, prosesin sonunda bu qalanın primitiv və kobud bəhanələrlə uçurulacağını, bu bünövrənin zəifliyində isə  müxalifət rəhbərlərinin arasındakı saxta rəftarın, bir-birinə güvənsizliyin, bir-birini vahid komandada görməməsinin təsirini anlayacaq qədər arifləşib.   

Siyasi ədavətdən saxta dostluğa, zahiri qardaşlığa transfer edib, sonra yenidən ədavətə, kinə sarılmaqla, əslində ictimai rəyin gözündən düşən müxalifətin yarıtmaz alternativliyindən, cəmiyyətin sərbəst -heç bir tərəfə bağlı olmayan, problemlərə dürüst, ədalətli baxışı olan müstəqil  ünlu  insanlarının bir alternativ kimi obrazı və onların nəzəri seçki bloku   daha cəlbedicidir. Əgər cəmiyyətdə belələri barmaqla sayılacaq qədər varsa da...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi