Modern.az

Allahsızlar mühitindən sağ qurtulan Şeyxülislam

Allahsızlar mühitindən sağ qurtulan Şeyxülislam

9 Yanvar 2015, 14:31

Azərbaycan Jurnalistlər Birliyin üzvü, publisist,
peqaqogika üzrə fəlsəfə doktoru


Şeyxülislam Möhsüm Həkimzadənin əziz xatirəsinə...

 “İnsanların ən yaxşısı camaatın xeyrinə çalışandır”.
Həzrəti Mühəmməd (s)

“İslamdan yüksək şərəf yoxdur”.
Həzrəti Əli (ə)

Son zamanlar milli-mənəvi dəyərlərə, dini inanclara, xüsusilə, İslami dəyərlərə böyük önəm verilir. Ümumimilli Lider Heydər Əliyevin İslam dininə bəslədiyi məhəbbətin, diqqət və qayğının sayəsində respublikada bu sahədə aparılan mühüm işlər - ziyarətgahların və məscidlərin bərpası, yenidən qurulması, təmiri bunun bariz nümunəsidir. Respublika Prezidenti, Zati-aliləri cənab İlham Əliyev bu ənənəni şərəflə davam etdirərək Azərbaycanda dinin inkişafına böyük töhfələr verməkdədir. Məhz, onun xüsusi diqqət və qayğısı nəticəsində neçə-neçə yeni məscid tikilmiş, bərpa edilmiş və  dindarlarımızın istifadəsinə verilmişdir. Elə bu günlərdə Bakının Binəqədi rayonunda Qafqazda ən böyük məscidlərdən biri  sayılan Heydər Məscidinin açılışı və onun yüksək dünya standartları səviyyəsində inşa edilib dindarların istifadəsinə verilməsi dediklərimə parlaq misaldır. Dövlət başçısının insanların dini etiqadına hörmətlə yanaşaraq onların öz ayınlərını yerinə yetirmək, islami biliklərini artırmaq üçün müəyyən islahatlar aparması təqdirə layiqdir.

Son zamanlar Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin yenidən təşkili, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin yaradılması da buna bariz nümunədir. Bu isə Azərbaycanda həm də tolerantlığa xidmət edir.

Azərbaycan Respublikasının hər bir vətəndaşı bu gün Azərbaycan Konstitusiyasina uyğun olaraq azad şəkildə öz dini etiqadına, vicdan azadlığına malikdir. Bunun üçün hər cür şərait vardır...

Mən dindar bir ailədə, dini etiqadın hər zaman  möhkəm mövcud olduğu Bakının dağlı məhəlləsində dünyaya göz açmışam. Nənəm Azadə xanım hədsiz dindar olub. O, daim namaz qılar, oruc tutardı. Baxmayaraq ki, təhsili yox idi, Yasın surəsini və Quranın başqa surələrini əzbər bilirdi.

Sovet rejiminin islam dininə qoyduğu qadağalara,basqılara,yasaqlara baxmayaraq bizim məhəllədə, bizim evdə dini ayinlər həmişə icra olunardı. Xatırlayıram ki, hər il Məhərrəm ayında evimizdə 15-20 gün Məhərrəmlik təziyəsi keçirilər, Quran oxunar, mərsiyələr deyilərdi. Məhz, bunun nəticəsində mən özüm də namaz qılar, mərsiyələr əzbərləyərdim. Yeri gəlmişkən, Yasın surəsini, Tilavəti, Fatihə surəsini də məhz nənəmdən öyrənmişəm.

Nənəm məni daim məscidlərə, pirlərə, digər ziyarətgahlara aparardı. Peyğəmbərimiz haqqında, Həzrəti Əli və 12 imam haqqında böyük ehtıramla, hörmətlə, sevgi ilə ürək dolusu danışardı. Hətta İslam dininin təbliği və inkişafı uğrunda fədakarlıqla mübarizə aparmış Şeyxülislam Möhsüm Həkimzadə, Axund Zəki, Axund Əlibəndə və s. haqqında söz açardı.

Bu yazımda belə fədakar, həyatını bütünlüklə İslam dininə, xalqına həsr etmiş, şərəfli və pak həyat yolu keçmiş Şeyxülislam Şeyx Möhsüm Həkimzadə haqqındadır.


Böyük bir ruhani nəslinə mənsub olan Şeyxülislam Şeyx Möhsüm Həkimzadə 1882-ci ildə dövrünün çox tanınmış din xadimlərindən olan Şeyx Əli Həkimzadənin ailəsində, Azərbaycanın qədim mədəniyyət mərkəzi, böyük ədiblər, qüdrətli və cahansümul sənətkarlar yetirən Şamaxının İmamlı məhəlləsində dünyaya göz açmışdır.  

Xorasanda və Nəcəfdə ali ruhani təhsili almış atası Şeyx Əli Həkimzadə dövrünün mütərəqqi fikirli ziyalılarından, din xadimlərindən biri olub. O, həmçinin, Şamaxıda “İmamlı” məscidinin axundu, şəhər şiə icmasının başçısı idi. Belə bir şəxsiyyətin ocağında, daim Qurani-Kərimi görən, atasından   gözəl, ilahi bir səslə müqəddəs kəlamları eşidən balaca Möhsüm təbii ki, belə bir  mühitdə bu ecazkar səsin möcüzəsini duyur, qəlbən hissə, duyğulara köklənərək, haqqın dərgahına üz tutur. Möhsüm ilk ibtidai təhsilini məhz evdə atasından alır. Möhsümün çalışqanlığı, iti zəkası, Quran ayələrini aydın, səlis, avazla oxuması çoxlarının diqqətini cəlb edirdi. Mollaxanada təhsilini başa vuraraq, ərəb və fars dillərinə dərindən, mükəmməl yiyələnən Möhsümü ali ruhani təhsili almaq üçün Məşhəd şəhərinə yollayırlar. Burada 7 il mükəmməl təhsil alan Möhsüm Həkimzadə Xorasanın məşhur üləmaları, din xadimləri qarşısında müvəffəqiyyətlə imtahan verərək əvvəlcə axundluq, sonralar isə şeyxlik rütbəsinə qədər şərəfli bir yol keçir.

Şeyx Möhsüm çox ağır, məşəqqətli, lakin son dərəcə şərəfli, qibtə ediləsi həyat yolu keçmişdir...

1918-ci ildə mart qırğınları nəticəsində erməni-daşnak-bolşevik quldur dəstələrinin Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə türk-müsəlmanları soyqırıma məruz qoymaları zamanı insanların kütləvi şəkildə qətlə yetirilmələrindən sarsılan Şeyx Möhsüm yas mərasimlərində onların ruhuna dua etməklə kifayətlənmir, ədiblərin bu mövzudakı əsərlərinə də  müraciət edirdi. Belə ki, bu hadisələr zamanı böyük dramaturq Cəfər Cabbarlının Mart faciəsi qurbanlarının xatirəsini anmaq üçün həsr etdiyi “Dur, ey xar olan millət” sərlövhəli mərsiyəsinin məscidlərdə, küçələrdə oxunmasına rəvac verən Şeyx Möhsüm həm də C.Cabbarlıya həmfikir olaraq günahsız qurbanlar üçün göz yaşı tökmək, əslində isə xalqı maskalı düşmənə qarşı səfərbərliyə cağırırdı:

Gülzari-vətən soldu,
Millət xari-zar oldu.
Hamı payımal oldu,
Dur, ey xar olan millət.

Bir yanda ədu cəllad,
Bir yan naləvi-fəryad,
Ol bu zülmdən azad,
Dur, ey xar olan millət.

Əl çək bu həqarətdən,
Qurtar bu əsarətdən,
Xar ol bu xəcalətdən,
Dur, ey xar olan millət.

Bu qanlı  hadisələrin ağrı-acılarını, məşəqqətlərini yaşamış Şeyx Möhsüm güc-bəla ilə, bir təhər ailəsini erməni cəlladlarının əlindən xilas edərək, böyük çətinliklərlə indiki Sabirabadda məskunlaşa bildi...

Yerli adamlar Şeyx Möhsümün dərin zəka sahibi, ilahiyyat elminin mahir bir bilicisi olduğunu gördükdən sonra ona hörmət –izzətlə yanaşaraq Sabirabad şəhər məscidində axund vəzifəsinə dəvət etdilər. O, burada çox böyük hörmət qazandı.

Ağır repressiya illəri bu hörmət edilən din xadimindən də yan keçmədi. Allahsızlar mühitində saysız, seçilən din xadimlərinin gecə ilə evlərindən aparılaraq gedər-gəlməzə göndərilməsi, məscidlərin, ziyarətgahların, müqəddəs ocaqların dağıdılmasından dərin sarsıntı keçirən Şeyx Möhsüm həbs olunmaması üçün şəhərdən Sabirabad rayonunun Qaralar kəndinə köçərək sadə bir həyat tərzi keçirməyə, külfətini saxlamaq üçün bir parça çörək pulu qazanmağa məhkum olundu.

İkinci dünya müharibəsinin başlanması da Şeyxin gün – güzəranına öz mənfi təsirini göstərmişdir.

Lakin, bütün məhrumiyyətlərə, işgəncələrə, məşəqqətlərə,  basqı və təzyiqlərə baxmayaraq, o öz mətinliyini, iradəsini, qürurunu möhkəm saxladı, sınmadı. Öz dini etiqadından, inancından  dönmədi. Günbəgün biliyini artırdı. Şeyx Möhsüm ali ruhani təhsilli olmasına baxmayaraq, həm də dünyəvi elmlərə həvəs göstərmiş və onlara yiyələnmişdir. Ədəbiyyata, mədəniyyətə də böyük maraq göstərmişdir. Daim mütaliə edən Şeyx Möhsümün dövrünün tanınmış şair  və ziyalıları ilə o cümlədən, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Tərrah ilə dostluq əlaqələri olmuşdur.

Ərəb və fars dillərini mükəmməl bildiyindən Azərbaycan klassik əbəbiyyatının baniləri- Nizami, Xaqani, Nəsimi, Füzuli və digərlərinin külliyatının çox hissəsini orijinaldan əzbər bilirdi. Şeyx Möhsümün biliyi, dindarlar və əhali arasında hörmət və ehtiram qazanması diqqətdən kənarda qalmadı. Belə ki, Qafqaz müsəlmanlarının 1954-cü ildə keçirilən qurultayında Şeyx Möhsüm Şeyx Əli oğlu Həkimzadə Qafqaz müsəlmanları ruhani idarəsinin sədri vəzifəsinə seçildi. Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Nikita Xruşovun rəhbərliyi dövrünü əhatə edən bu illərdə protokola əsasən bütün rəsmi tədbirlərdə Şeyx Möhsüm də iştirak etmişdir.

Bir çox dövlət başçısının, o cümlədən, İran şahı Rza şah Pəhləvi, Misir Ərəb Respublikasının Prezidenti Camal Əbdül Nasir, İndoneziya və Yəmən Ərəb Respublikasının Prezidentlərinin Bakıda hava limanında qarşılanması və yola salınması mərasimlərində  də Şeyx Möhsüm şəxsən iştirak etmişdir. İşlədiyi müddətdə Şeyx Möhsüm bir çox xarici ölkələrdə Azərbaycanı, azərbaycalı dindarları layiqincə təmsil etmişdir.

Qafqaz müsəlmanları ruhuni idarəsinə başçılıq edərkən o, şəxsən, əhali arasında dini maariflənməyə, mollaların, imamların savadlı olmasına, İslamı olduğu kimi təbliğ etməyə var-qüvvəsini səfərbər etmişdir. Neçə-neçə gənc ilahiyyatçının yetişməsində onun xüsusi rolu, xidmətləri olmuşdur.

1967-ci  ilin sentyabr ayının 15-də Şeyxüislam Şeyx Möhsüm Həkimzadə ömrünün 85-ci ilində Bakıda vəfat etmişdir.

Ş. M. Həkimzadənin pak, parlaq əməlləri ondan sonra da yaşadı və yaşayır.

Neçə-neçə davamçısı bu işıqlı yolu şərəflə davam etdirib. Hətta onun ailəsində də bu yolu davam etdirənlər olmuşdur. Oğlu Əliağa Həkimzadə də bu sahədə öz sözünü deyən, savadı, hörməti ilə seçilən ilahiyyatçılardan olub. Tale elə gətirib ki, mən Ə.Həkimzadə ilə qonşu olmuşam. Oğlu və nəvəsini şəxsən tanıyıram. Nəvəsi Azadbəy mənim gənc dostumdur.Odur ki, bu ailəni müəyyən qədər tanıdığımdan qətiyyətlə deyə bilərəm ki, bu ocaq Şeyxülislam Şeyx Möhsüm Şeyx Əli oğlu Həkimzadənin adına layıq şəkildə onun xeyirxah əməllərini davam etdirir. Quranı-Kəimdə (əz.Zilzad-7) deyilir:

“Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyirini) görəcəkdir  ( mükafatın alacaqdır)”.

Yəqin ki, bu deyilənlər inşaallah Sizə də şamil olunacaq.

Belə bir parlaq, nurlu simanı yad eləmək mən bəndənin boynuna düşdü. Ruhun şad olsun ya Şeyx!            







Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu