Modern.az

“Hamı buna təəccüb edir, dəhşətə gəlir...”

“Hamı buna təəccüb edir, dəhşətə gəlir...”

Təhsil

9 Yanvar 2015, 15:00

“Hər hansı səbəbə görə terrorçulara haqq qazandırmaq olmaz. Bu, çox dəhşətli terror aktıdır. Ümumiyyətlə, baş verən hadisə ilk növbədə azad sözə, mediaya və  cəmiyyətin özünə hücum etmək deməkdir”.

Bunu Modern.az saytına Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücumu şərh edən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri Feyziyev deyib.

Deputatın fikrincə, bu terror Avropa cəmiyyətində, demokratiya olan ölkələrdə dəhşətlə qarşılanıb: “Azad mətbuata hücum etmək həddinə çatmaq... hamı buna təəccüb edir, dəhşətə gəlir. Terroru həyata keçirən adamların motivlərini Məhəmməd Peyğəmbərin ( ə.s) adı ilə, islamafobiya ilə bağlamaq heç də bu hərəkətə haqq qazandırmır”.

Cavanşir Feyziyev baş verən hadisəni sivilizasiya ölkələri üçün mənfi hal hesab edib: “Biz XXI əsirdə qələmlə işləyən adamın yazdığı yazıya, qələmlə çəkdiyi nəyəsə onu həyatdan məhrum edənə haqq verə bilmərik. Bütün sivilizasiya ölkələri bunu həddindən artıq mənfi qarşılayırlar”.

Deputat bunun səbəblərini də şərh edib: “Əlbəttə, bunun səbəbi dini fanatizmin bəzi ölkələrdə möhkəmlənməsidir. Ola bilər ki, bu, bəzi ölkələrdə müxtəlif dini cərəyanlara istiqamətli təmayüllərə həddindən artıq liberal yanaşmanın nəticəsidir.  Hazırda Fransanın dövlət strukturları bu hadisə ətrafında düşünürlər və çox güman ki, gələcəkdə belə halların qarşısını almaq üçün tədbirlər görəcəklər. Bu gün Fransada ən çox fərqlənən fikirlər siyasi partiyaların, hərəkatların ölüm hökmünün yenidən tətbiqini tələb etmələridir. Bu hadisə cəmiyyətlərdə mütləq hər hansı dəyişikliklərin aparılmasını tələb edir”.

Məltəm TALIBZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir