Modern.az

Türkiyəli deputat Fransadakı terror BARƏDƏ: “Türkiyə və Azərbaycanı qara günlər gözləyir” - EKSKLÜZİV

Türkiyəli deputat Fransadakı terror BARƏDƏ: “Türkiyə və Azərbaycanı qara günlər gözləyir”  - EKSKLÜZİV

10 Yanvar 2015, 12:02

Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən azərbaycanlılar bu ölkəyə Türkiyə sərhədindən gedirlər.

Türkiyə hökuməti isə Bəşər Əsədə müxalif qüvvələrə dəstək verdiyindən Suriya hakimiyyətinə qarşı döyüşlərə qatılmaq istəyənlərin öz ərazisindən keçməsinə şərait yaradır. Azərbaycanlılar da daxil olmaqla Suriyadakı “cihad”a qatılan radikal dindar qruplaşmalar Yaxın Şərq regionu, o cümlədən Azərbaycan və Türkiyə üçün potensial terror mənbəyi olaraq qalır. Rəsmi Ankara Suriya üsyançılarına dəstək versə də, hər halda ekstremistlərin Türkiyə və bölgə üçün təhlükə yaratdığını anlayır.  

Mövzu barədə Modern.az saytına danışan Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyası (CHP)  başqanının beynəlxalq məsələlər üzrə müavini, millət vəkili Faruk Loğoğlu deyib ki, rəsmi Ankaranın Suriya siyasəti region üçün əlavə  qarşıdurmalara gətirib çıxaracaq.

Türkiyə parlamentinin deputatının fikrincə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Suriya ilə bağlı atdığı addımlar bölgə ölkələrinə yeni təhdid yaradır. Faruk Loğoğlunun sözlərinə görə "İslam dövləti" (əvvəlki adı İraq Şam İslam Dövləti - İŞİD) kimi terror təşkilatları məhz Türkiyənin apardığı siyasət nəticəsində güclənib.

“Türkiyənin Suriyadakı müxaliflərə dəstəyi olduqca bəsit və yanlış siyasət olduğundan terrorçulara yardım edirdi. Türkiyə hökuməti elə başa düşürdü ki, Bəşər Əsədə qarşı döyüşən hər bir qruplaşma dəstəyə layiqdir. Nəticədə isə İŞİD  kimi terrorçu qruplaşma regionda güclənməyə başladı”,-deyə o bildirib.  

CHP rəsmisi hesab edir ki, Türkiyənin başqa ölkənin daxili işlərinə qarışmağa, Suriya lideri Bəşər Əsədin devrilməsində iştirak etməyə haqqı yoxdur. O, azərbaycanlıların Türkiyə vasitəsi ilə Suriyaya gedərək orda döyüşməsini, bunun region üçün yaratdığı təhdidi,  Parisdə törədilən məlum terror aktını belə şərh edib:  

“Türkiyə sərhədlərindən Azərbaycan, Avropa vətəndaşları Suriyaya gedərək orda döyüşürlər. Türkiyənin özündən də xeyli sayda insan Bəşər Əsədə qarşı savaşmaq üçün Suriyaya yollanır. Bütün bu amillər onu göstərir ki, Türkiyə və Azərbaycan başda olmaqla, region dövlətlərini qara günlər gözləyir. Çünki Suriyadakı ekstremistlər öz ölkələrinə qayıtdıqdan sonra terror fəaliyyətlərinə davam edəcəklər. Fransadakı törədilən terror aktı da yeni ekstremist dalğanın digər dövlətlərə də sıçrayacağına işarədir. İŞİD tərkibində döyüşənlərin perspektiv planı vətəndaşı olduğu ölkələrdə şəriət dövləti qurmaqdır”.  

Türkiyə və Azərbaycanın birlikdə terror təhlükəsinə qarşı atacağı addımlardan söz açan Faruk Loğoğlu düşünür ki, bu, iki dövlət arasındakı münasibətləri də aşan məsələdir. “Türkiyə və Azərbaycanın birgə görə biləcəyi işlər var. Birinci olaraq, Türkiyə hökuməti azərbaycanlıların Suriyaya getməsini əngəlləməlidir. Digər tərəfdən, hər iki dövlət terrorçuların geriyə, öz ölkələrinə döndükdən sonra onların fəaliyyətini nəzərətə almalıdır.

Problemin qarşısının alınması üçün Türkiyə və Azərbaycan arasında danışıqlar intensivləşməlidir. Lakin belə bir şeyin yaxın gələcəkdə reallaşmasına inanmıram. Çünki Türkiyə hökumətinin Suriya siyasəti buna imkan verməyəcək”,-deyə Faruk Loğoğlu söyləyib.    

Aqşin KƏRİMOV  


Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir