Modern.az

Beş yaşlı televiziyada beş saat.....

Beş yaşlı televiziyada beş saat.....

27 Avqust 2010, 11:38

İctimai Televiziya və Radio Yayımları Şirkətindən reportaj

Modern.az-ın “Redaksiyalardan reportaj” layihəsinin budəfəki ünvanı İctimai Televiziya və Radio Yayımları Şirkəti oldu. Seçimimiz təsadüfi deyildi. Bu il İctimai Televiziyanın yaradılmasının 5 ili tamam olur. 2005-ci ildə yaradılmış televiziya bu illər ərzində özünəməxsus  telekanal olaraq cəmiyyətə özünü təqdim edə bilib.

Qısa arayış - İctimai Teleradio 29 avqust 2005-ci ildə yaradılıb. İctimai Teleradionun yaradılması Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öydəliklərdən biri olsa da, bu, həm də ictimi rəyin efirdə əks olunması istəyindən irəli gələn bir addım kimi əhəmiyyətli idi. İctimai Televiziyanın əsas missiyası ölkədə vətəndaş cəmiyyətinin və siyasi plüralizmin bərqərar olmasına yardımçı olmaqdır.
İctimai Televiziya və Radio Yayımları Şirkəti 2007-ci ildən dünyanın ən nüfuzlu teleradio qurumu olan Avropa Yayımları Birliyi EBU-nun Azərbaycandan yeganə üzvüdür. Bu üzvlük Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində iştirakını mümkün edib.
Macarıstan, Türkiyə, Polşa, Koreya, Gürcüstan, Almaniya, Fransa, Rusiya, Belorus və digər ölkələruin ictimai yayımçıları ilə sıx əməkdaşlığın nəticəsində bu ölkələrlə müxtəlif telekörpülər qurulub, müxtəlif layihələr həyata keçirilib.
İctimai Televiziya və Radio Yayımları Şirkəti bir sıra beynəlxalq telelayihələrin Azərbaycanda eksklüziv yayımçısıdır. Kann kinofestivalı, Vyana Filarmoniya orkestrinin konserti, “World Music Awards” kimi bütün dünyada izlənən böyük mədəniyyət layihələrini, möhtəşəm idman yarışlarını Azərbaycan auditoriyasına məhz İctimai Televiziya çatdırıb.
Uzun illərdir İctimai Teleradionun reallaşdırmaq istədiyi Türkdilli ölkələrin ortaq televiziyası TRT Avaz 2009-cu ildən etibarən fəaliyyətə başlayıb. İlk olaraq İctimai Televiziya və Türkiyə Radio Televiziya qurumu TRT-nin başladığı ortaq yayımların uğurla aparılması nəticəsində bu möhtəşəm layihəyə artıq Orta Asiya ölkələri də qatılıb. 

Böyük, şüşəli binanın şən xəbərçiləri!

Tamaşaçı həmişə TV “mətbəxi”nə maraq göstərib və “ekrandan o yanda” kimlərin çalışdığını bilmək istəyib. Biz də bu bayram günlərində İctimai Televiziyanın əməkdaşları ilə görüşərək oxuculara onların peşə fəaliyyəti, iş şəraiti və iş günləri ilə bağlı yazı hazırlamaq qərarına gəldik.

Qeyd edək ki, Modern.az bununla mediada ilk dəfə olaraq televiziya “mətbəxinə” daxil olub oradan reportaj hazırlayan portal oldu.

İctimai Televiziyanın hündür binasına çatıb mühafizəçilərin otağlna girəndə Televiziyanın İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı, həm də köhnə dostumuz Mais Piriyev artıq orada bizi gözləyirdi. Məzuniyyətdən yeni qayıtmış Piriyev bizdən fərqli olaraq çox enerjili və  işgüzar görkəmdə idi. “Hamısını sizə göstərəcəyəm” deyərək bizi İctimai Televiziyanın böyük meydanı xatırladan həyətinə dəvət etdi.

Televiziya studiyalarına xas olan tələsiklik və qaçhaqaç burada nədənsə müşahidə edilmirdi. Binaya daxil olub səssiz pillələrlə hərəkət edərkən Piryev bunun səbəbini bizə anlatdı. “Əksər işçilər məzuniyyətdədirlər. Yoxsa başqa vaxt burda belə sakitlik olmur” deyən  bələdçimiz  bizi ilk olaraq İnformasiya və Analitik Proqramlar Departamentinə apardı.
İkinci mərtəbədə yerləşən “Xəbərlər”in otağı tünlük idi.  Səliqəli şəkildə düzülmüş stolların arxasında oturan jurnlaistlərin diqqəti internetdə idi. Məlum oldu ki, departamentin rəhbəri Anar Yüsifoğlu tədbirdədir və bizimlə görüşə bilməyəcək. Baş direktor İsmayıl Ömərov da bəxtimizdən işdə deyilmiş. Dedilər ki, həmin gün ATƏT-in tədbiri olduğundan İTV-nin əsas rəhbərliyi orada iştirak edir, gec gələcəklər. Eybi yox. 
Əvəzində bizi kollektivlə departamentin rəhbərinin müavini Telman bəy tanış etdi. İctimai Televiziyanın “vuran qolu” olan  xəbər jurnlistləri ilə söhbətləşə bildik.

Çoxdan bəri görə bilmədiyimiz jurnalist Esmira Namiqqızı da burda imiş... Həmişəki kimi çox şən və dinamikliyini saxlayan Esmiraya “ Niyə İctimai Televiziya?” sualını ünvanladıq.
Sualın cavabı orjinal oldu; “Burda işlməkdən çox xoşbəxtəm. Xəbərsiz qala bilmirəm”. Esmira xanımın İctimai Televiziyaya  məhəbbəti o qədər böyük imiş ki, o, yubley tədbirləri ilə bağlı məzuniyyətini yarımçıq qoyub işə gəlmişdi.
“Çöx yaxşı kollektivimiz var. Xəbərlərimiz dinamikdir. İki-üç kollektivdə işləmişəm, amma bura mənim ən çox sevdiyim kollektivdir. Uşaqların hər biri öz işini bilir”. Esmira xanım xəbərin çadırılması üçün vacib olan bütün texniki imkanların bu TV-də olduğunu bildirdi. “Azərbaycan TV-ləri içində İctimai Televiziya malik olduğu texniki avadanlıqlara görə birinci yerdədir”. Öz iş yerindən razı olan E.Namiqqızı fikrini belə yekunlaşdırdı; “Qovsalar da burdan gedən deyiləm”.

Digər müxbir Mais Ağayevin “çörəyi” kriminal xəbərlərdən çıxır. Arada hərbi məlumatları da işləyir. İşindən narazı görünməyən Mais əvvələr “Lider” TV-də işləyib. Hərbi xidmətdən qayıtdıqdan sonra burada fəaliyyət göstərir. 
“Burada jurnalistlərin işləməsi üçün əlverişli şərait var”-deyən Ağayev rəhbərliyin münasibətindən razılıq etdi. Sabirabadda daşqınlar olan zaman bir ay fəlakət bölgəsində qalan Mais rəhbərliyin diqqətini daim üzərində hiss edib.

İctimai Televiziyanın rus dilində xəbərlərinin aparıcısı, hamının “Toma” deyə çağırdığı Tamilla Şirinova efirə hazırlaşırdı. Odur ki, əvvəl danışmaq istəmədi. Lakin bir neçə yüngülvari isrardan sonra Tomanı danışdıra bildik. Aparıcılara xas olmayan utancaqlıqla danışan Tomadan güc-bəla ilə olsa da, bir neçə kəlmə qoparda bildik. Tamilla xanım İctimai Televiziyaya  gələndə efirdə ilk olaraq ingilis dilində xəbərləri oxuyub.
“İndi həm rus, həm də Azərbaycan dilində xəbərləri oxuyuram. Hər şey yaxşıdır” dedi.
“Problem olurmu” sualına “problem hər yerdə olur. Biz çalışırıq ki, bunu vaxtında aradan qaldıraq” kimi diplomatik cavab verdi.

İctimai Televiziyanın tanınmış aparıcılarından  olan Hüseyn Azəri telekanal açılandan burdadı. Ali təhsilli hüquqşünas olan Hüseyn məhkəmlərdə işləməyi deyil, medianı üstün tutub. “Amma işimi jurnalistika fakültəsini bitirənlərdən pis bilmirəm”-deyən Hüseyn İctimai Televiziyanı özü üçün jurnalistikanın “ali məktəbi” sayır.
Xəbər aparıcısı kimi burada işə başlayan Hüseynin xəbərə münasibəti özəldir. Onun fikrincə, efirdən xəbər oxumaq asan, onu  tapmaq isə çətin məsələdi.
“Çoxları bizi diktor hesab edir. Amma biz xəbəri tapır, redaktə edir, sonra oxuyuruq”- deyən H.Azərinin sözlərinə görə, digər televiziyalardan fərqli olaraq İctimai Televiziyada sensasiya dalınca qaçmırlar.
“Hər şeyi şişirtmirik. Xəbər çatdırırıq”. Daşıdığı milli “Azəri” soyadının qəribə tarixçəsi var. “İnternyus”da işləyəndə hazırladığı süjetin sinxronunda soyadını yazmağı unudub. Hüseyni tapa bilməyən redaktor naəlac qalıb və titrin sonuna “Azəri” yazıb və bu titr dəyişmədən saxlanılıb. Beləcə Hüseyn Əzizov Hüseyn Azəri olub.

İctimai Televiziyanın gənc jurnalistlərə də  yer tapılıb. Ştatdankənar müxbir kimi çalışan Orxan Hacıyev əvvələr qəzetdə işləyib. “Reytinq” qəzetində bir qədər “külüng” vuran Orxanı fevral ayında unversitetdən buraya praktikaya göndəriblər. TV-də işi diqqəti cəlb edib. Onu burada saxlayıblar. “Qoca müxbirlərin” onu ora-bura qaçırmaqlarında pis bir şey görmür. “Ora-bura qaçırmaları yaxşıdı. Onda daha da püxtələşirəm” deyir. Və əlavə edir ki, burda işçilərə yuxarıdan-aşağı baxmaq prinsipi yoxdu. Hələlik sosial xəbərlər hazırlayan Orxan daha çox “siyasi mətbxədə bişmək” istəyir.

Vaxtı ilə yazılı KİV-də çalışan, parlament müxbiri (keçmiş PJB-çi) Jalə Sabirqızı da indi İctimai Televiziyanın işçisidirr. TV-də iqtisadiyyat xəbərlərini hazırlayan Jalə burda çalışan jurnalistlərin iqtisadi vəziyyətinin yaxşı olduğunu deyir.  “İctimai Televiziya peşəkarlardan ibarət vahid komandadır”-deyən Jalə xanım bacarığı olan üçün burada çalışmağın heç bir problemi olmadığı qənaətindədir.  Jalə hesab edir ki, bu TV onun jurnalist kimi püxtələşməsində çox böyük rol oynayıb.

İnformasiya Departamentində “Ortaq Məxrəc” verilişinin aparıcısı Vəsilə xanımı da danışdırdıq.
“Kolektivi ortaq məxrəcə gətirmək olurmu?” sualına cavabı  müsbət oldu. Şərhçi kimi xəbərlərin hazırlanmasında iştirak etdiyini bildirən Vəsilə xanım yarızarafat-yarıgerçık dedi ki, analitik proqramlarda ortaq məxrəcə gəlmək daha asandır, nəinki xəbərlərdə...
“Xəbərlər balanslıq baxımından məni qane edir. Ətrafdan gələn reaksiyalara əsaslansaq, deyə bilərəm ki, buna nail olmuşuq”. İctimai Televiziyanın işindən Vəsilə xanım çox razıdır. Özü deyir ki, buranı ən yaxşı iş yerlərindən biri hesab edir. “İsmayıl müəllimin jurnalist olması, peşəkarlığı bizə xeyli kömək edir. O jurnalist işinin incəliyini bildiyi üçün fəaliyyət prosesində müsbət aura yarada bilir. Biz rəhbərlklə ortaq məxrəcə gələ bilmişik”- deyə zarafatla danışan Vəsilə xanım bu baxımdan rəhbərliyin ona xeyli kömək etdiyini vurğulayır. Vəsilə Vahidqızı əminliklə deyir ki, İctimai Televiziyada inzibatçılıq hiss edilmir və bu baxımdan özlərinin müstəqil seçim imkanlarına malikdirlər.  

“Yeni Gün” yeni dizaynda!

Bu şən “xəbərçilərlədən” ayrıldıqdan sonra bələdçimiz Piriyevin bizi apardığı növbəti ünvan “Yeni Gün”ə apardı. Bir-birinə bitişik bir neçə otaqda xeyli adam var idi.
“Gedirik”, “maşın hanı?” kimi hövlnak səslərdən sonra içəridən bir dəstə əməkdaş çıxdı. Bəlli oldu ki, bu hay-küylü dəstənin önündə bizimlə üz-üzə gələn şəxs TRT-Avaz-ın apacılarından olan Cüneyt bəymiş...
Nə xoş təsadüf! Elə qapının ağzındaca onu yaxaladıq. Cüneyt bəy “Avaz”ın İctimai Televiziya ilə birgə fəaliyyətinin müsbət inkişafından danışaraq fəxrlə bildirdi ki, TRT-Avaz türk dünyasının ortaq səsi olaraq yayınlanlır.
“İctimai Televiziyanın bütün verilişlərini izləyirəm”-deyən türkiyəli aparıcı TRT-Avaz-ın bu mövsümdə də proqramlarının yayımını İctimai Televiziya ilə birgə davam etdirəcəyini bildirdi.

“Yeni Gün” proqramının tanınmış aparıcısı Salehlə söhbət daha maraqlı oldu. İncəsənət Universitetinin aktyorluq fakultəsini bitirən Saleh 2005-ci ildən burada çalışır. Özünün etiraf etdiyinə görə, burada çalışmaq onu həyatında köklü dəyişiklik yaradıb. “Mən İctimai Televiziyanın ilk aparıcısı olmuşam. Bununla da qurur duyuram” deyən Saleh hesab edir ki, səhər efirində işləyən aparıcı üçün cürbəcür mövzularda müzakirə açmaq vacibdir. Çünki qonaqlar müxtəlif olur. Odur ki, gərək siyasətdən də, iqtisadiyyatdan da baş çıxarasan.
“Aparıcı bir yöndə ixtisaslaşmamalıdır. Əlbəttə ki, hazırlaşmaq vacibdir”-deyən Saleh canlı səhər efirinin çətinliyini də etiraf edir. Bəzən kuryozlardan qaçmaq da olmur.  
Saleh başına gələn belə əhvalatı da danışdı. Belə ki, bir dəfə “Yeni Gün”də süjetlərin yerini dəyişiblər. Hansısa iqtisadi süjeti sonraya saxlayıb, Mömünə Xatun türbəsi barədə süjeti əvvəl veriblər. Və rejissor Salehin qulaqcığına deyib ki, “tez Mömünə Xatın türbəsi  haqqında süjeti elan elə”. Karıxıb qalan Saleh “indi isə Mömünə Xatın torbasının çəkilməsi barədə süjetə baxın” deyib.
“Canlı yayımı əldə saxlamaq çətin məsələdi”-deyən Saleh bununla yanaşı, işini dəlicəsinə sevdiyini vurğuladı: “İctimai Televiziyada deyil, əksinə, məzuniyyətədə darıxıram”.

Qafqazın ən böyük studiyası İctimai Televiziyada yerləşir

Daha sonra İctimai Televiziyanın Qafqazda və Azərbaycanda ən böyük studiyası ilə tanış olduq. Bələdçimiz Mais Piriyev bildirdi ki, buranın sahəsi 600 kv.metrdir. Doqurdan da bu nəhəng otaqda biz özümüzü “Qulliver və liliputlar” əsərinin qəhrəmanları kimi hiss edirdik. Tavandan sallanan böyük projektorlar, iri kranlar, onların üzərində başımız üzərində dövrə vuran kameralar və gur rəngbərəng işıqlar bizi Conatan Sviftin qəhrəmanlarına çevirmişdi. Bu işıqlar və projektorlar arasından üzü parlyan Mais “görürsünüz, belə studiya heç yerdə yoxdur” deyib qürrələnirdi. Bəli, biz razı...
Osmanlılar demiş “başqa nə var bakalım” deyərək Piriyevin ardınca yola düzəldik. Və.... gözlənilmədən İctimai Televiziyanın mətbəxinə düşdük.
Bu televiziyanın yeməkxanasından bəlkə də heç bir KİV-də və elektron mediada yoxdu. Şadlıq evlərinin zalına oxşayan yekə yemək zalının divarları qədim Roma saraylarında olduğu kimi, milli etüdlərin əks olunduğu freskalarla bəzənib. Günorta olmasına baxmayaraq stolların arxasında tək-tük adam oturmuşdu. “Əcəba, “obed” deyilmi?” deyə sualedici nəzərlərlə bələdçimizə baxanda o, tələsik “bizdə işçilərin əksəriyyəti oruc tutur. Odur ki, belə seyrəklikdi” dedi.
Bufetçi Natiq (nədənsə bufetçilərin əksəriyyətinin adı bakısayağı Natiq olur-X.S.) bizə bildirdi ki, təbiətən “kaprizni” olan jurnalistlər burda verilən yeməklərdən narazılıq etmirlər. Natiq jurnalistlərin quru yeməyə üstünlük verdiyini deyərək bunun mədəyə ziyanlı olduğunu vurğuladı.

“Teatr qarderobdan, televiziya proqramdan başlayır”

Ləzzətli iylərin bir-birinə qarışdığı bu məkandan çıxıb proqram redaksiyasına gəlirik. Yox, qoy adını tam yazaq. Beləliklə, biz İctimai Televiziyanın Proqram və Koordinasiya Direktorluğunun direktoru (bəli əziz oxucular bu post elə belə də adlanır-X.S.) Rafiq Nəbiyevin otağındayıq.
Rafiq müəllim efirdə gedən proqramların koordinasiyasına baxır. Deyir ki, bu, çox çətin işdir. Hətta Stanislavskinin məşhur  deyimini müasir varianta salaraq “teatr qarderobdan, televiziya proqramdan başlayır” kimi müdrik bir məsəl çəkdi.

İctimai Televiziyanın proqram “setka”sından danışan cənab koordinator bildirdi ki, müxtəlif verlişlərdə eyni müsahiblərin olmasına imkan vermirlər. Əsas məsələlərdən biri verilişlərin düzülüşüdür. İctimai Televiziyanın özünün proqram siyasəti var. “Hər verilişin öz saatı, hər tamaşaçının da öz saatı var” deyə bir qədər fəlsəfi notlar üzərində cümlələrini quran Rafiq müəllimin fikrincə, İctimai Televiziya “maarifçilik, millilik, operativlik” prinsiplərinə əsaslanır. Verilişlər Direktorlar Şurasında müzakirə olunduqdan sonra müvafiq departamentlər verilişlərini hazırlamağa başlayırlar.
İctimai Televiziyanın proqram “setkası” tutularkən “olar, olmaz” kriteriyaları olmur. “Nə olarsa, bu, Direktorlar Şurasında müəyyən olunur”- deyən Rafiq müəllimin sözlərinə görə İctimai Televiziyanın yeganə yeridir ki, onlarda tərəf yoxdur: “Biz həmişə hakimiyyət və müxalifət məsələsində balansı qoruyuruq. Bizim efirdən müxalifət nümayəndələri daha çöx görünür”.
30 ildən artıqdır TV-də çalışan Rafiq müəllim bildirdi  ki, sovet dövründə bir televiziya olub. Amma indi vəziyyət tamamilə fərqlidir: “İndi sərbəstlik və rəqabət var”. Onun fikrincə, İctimai Televiziya digər TV-lərdən verilişlərin sayına və təzəliyinə görə fərqlənir.

İTV-nin “beyin mərkəzi” sayılan texniki şöbəyə keçirik. Xeyli sayda, son texnoloji avadanlıqların qurulduğu bu məkandan bütün TV proqramlar efirə gedir və nəzarət altında saxlanılır. Növbə rəisi Çingiz Əhədov bizə deydi ki, yaxın gələcəkdə İctimai Televiziya daha yeni avadanlıqlarla işləyəcək. “İctimai Televiziyada sırf televiziya üzrə ixtisaslaşan mühəndislər çalışır”-deyən Çingiz özü televiziya mühəndisidir. Onun sözlərinə görə, Azərbaycanda televiziyanın texniki personalı baxımından kadr problemi var. “Amma İctimai Televiziyanın texniki personalının işini qanedici saymaq olar”-deyə növbə rəisi vurğuladı.  

Ciddi baş rejissor və məzuniyyətdən imtina edən aparıcı xanım

İctimai Televiziyanın müsiqi verilişlərinin aparıcısı Hüsniyyə xanım üçün televiziya çox şey deməkdir. İşinin çoxluğundan məzuniyyətə belə çıxmağa macal tapmayan aparıcı xanımın qənaətincə, iş adama zövq verəndə dincəlmək heç yada düşmür. “Məzuniyyətə qışda gedəcəyəm” deyən Hüsniyyə xanım da bu telekanalın “pionerlərindən”dir. Televiziya açılandan buradadır.  Bacarıqlı tərpənib iki ali məktəbi –Konservatoriyanı və İncəsənət Universitetini bitirən Hüsniyyə nə aktyor, və nə də müsiqçi olmaq istəyib. Özü üçün “hökmən TV-də işləmək və aparıcı olmaq” qərarını verən xanım müsabiqə yolu ilə televiziyaya qəbul edilib. Hazırda müsiqi proqramı  aparıcısı olaraq çalışır. Tamaşaçılar “Eurovision” müsabiqəsindən onu yaxşı tanıyırlar yəqin...
İctimai Televiziyanın müsiqi siyasəti onu tam qane edir. Ötkəm tərzdə - “Bizdə heç bir müğənni deyə bilməz ki, mən pul verib efirə çıxmışam” deydi. Nə qədər qəribə olsa da “çörəyi” yerli müsiqiçilərdən “çıxan” Hüsniyyə milli pop müsiqimizin dinləyicisi deyil. Dinlədiyi xalq havaları və Alim Qasımovun müğamlardır. Dünya TV-lərinin müsiqi diceyləri arasında kumirləri yoxdur, İvan Urqantın zarafatları xoşuna gəlir. Kseniya Sobçakı bəyənir. MTV-nin və Avropanın müsiqi verilişlərinin apacılarının o qədər də yaxşı olmadığı qənaətindədir.
“Bəs bizim milli TV-dəki müsiqi proqramlarının aparıcıları necə” kimi hiyləgərcəsinə verilmiş sualı isə  diplomatik qaydada cavablandırdı: “Hamı ilə münasibətim yaxşıdır. Ümümiyyətlə, sülhsevər insanam”.
Beləcə, qısa və heç kimi incitmədən İctimai Televiziyada demokratik münasibətlərin olduğunu deyən aparıcı xanım vaxtilə “Qaraj” verilişinin taleyini nümünə gətirdi. İctimai Televiziyanın populyar “Qaraj” proqramında rok müsiqisinə yer vermək ideyasını irəli sürərkən onu qorxudublar ki, verilişin taleyi yaxşı olmayacaq. “İctimai Televiziya hara, rok hara” deyiblər... “Amma tamaşaçının Maştağadan verilişə zəng edib roka qulaq asdıqlarını deyəndə, başa düşdülər ki, veriliş uğurlu alınıb”-deyə Hüsniyyə gülə-gülə danışdı.

İctimai Televiziyanın baş rejissoru Orman Çingizoğlu gənc olmasına baxmayaraq, ciddi təsir bağışladı. İxtisasca televiziya rejissorudur. Fəxrlə deyir ki, Tariyel Vəliyevin tələbəsi olub. Adətən rejissor deyəndə göz önündə əsəbi, hay-küy dolu bir insan canlanır. Orman bəy qismən bu fikirlərlə razıdır. “Bu sənətdə normal insan da bir qədər əsəbi olur. Çünki bu sənət böyük əsəb tələb edən işdir”.
“Verilişin məsuliyyəti kimdən asılıdır” sualına cavabı birmənalı olmadı. “Bu bölgü şərtidir. Elə veriliş var ki, əsas qəhrəmanı aparıcı olur. Bu zaman rejissor arxa plana keçir. Və ya əksinə, parlaq rejissor işi daha çox diqqəti cəlb edir”.
Orman bəy yaxşı işin ərsəyə gəlməsi üçün komandanın vacib olduğu fikrindədir. Belə yaxşı komandanın işlərini sadalayan baş rejissor İctimai Televiziyanın populyar layihələri olan “Qaraj”, “Bir mahnının tarixçəsi”, “Bakinskiye taynı (Bakının sirləri”) verilişlərini nümunə çəkdi.
Orman bəyin sözlərinə görə, İctimai Televiziyada görmək istədiyi işləri görə bilib. “Həm sənədli filmlərdə, musiqi verilişlərində... İndi televiziyanın yeni tərtibatı ilə məşğulam.. İctimai Televiziyanın yeni simasını yaradırıq”.

Danışır İctimai Radio

İctimai Radio da TV ilə bir yerdə yerləşir. Kollektivlər bir-birindən fərqlənmir. Rəqabət və sair məsələlər arxa plandadır. Hərə öz işini bilir. Radioda musiqi diceyi olan Şəfiqə Əfəndiyeva dedi ki, radio efirində bütün yaşlı insanlar üçün proqramlar var. Şəfiqə radio fəaliyyətə başlayandan mikrofon arxasınandır. İşindən razıdır. Xanım aparıcı radio ilə bərabər televiziyada da proqram aparır. Proqramlar bir-birinə mane olmur. O hesab edir ki, İctimai Radionun aparıcısının digər radiostansiyaların diceylərindən fərqi çoxdu:  “Mən başqa radioda çalışmışam və bu fərqi görürəm. Bizim aparıcılar özlərinə qarşı daha tələbkardılar. İntellektual səviyyə və düzgün danışıq tərzi. Əsas olan budur”. 

Xəbər redaktoru Eldəniz Sücəddinoğu da xeyli vaxtdır burda işləyir. “Burda yaradıcılıq üçün münbit şərait var”-deyə bir qədər asta danışan Eldəniz  radioda xəbərin operativliyini vacib sayır.

 İctimai Televiziyada Qonaq evi tikilir....

İctimai Televiziyanın təsəsrüfatı da böyükdü. Jurnalistlərin boş vaxtlarda idman etməsi üçün böyük trenajor zalı fəaliyyətdədir. Burada İctimai Televiziyanın Qonaq evi də tikilir. Müasir dizaynla tikilən binada televiziyanın qonaqları qəbul ediləcək. Üstəgəl İctimai Televiziyanın Qubada pansionatı da varmış. İşçilər hər həftənin sonunda gedib orada istirahət edir, ailəvi pulsuz dincəlirlər.

Beləcə, biz sizi İctimai Televiziyanın gündəlik iş rejimi və daxili mühiti ilə tanış etməyə çalışdıq.

Müasir maddi-texniki baza, Qafqazda ən böyük studiyalar, müasir tələblərə cavab verən səyyar televiziya stansiyaları, işçilərin rahat çalışması üçün bütün şəraitlə təmin olunan iki inzibati bina! Fikrimizcə, bütün bunlar tamaşaçı marağının efirdə təmin olunması üçündür. Reportajda beş illk fəaliyyətə toxunarkən yaradıcı kollektivin əhvalından yazdıq. Hər gün efirdən gördüyünüz, səsini eşitdiyiniz jurnalistlərin işləri haqqında fikirləri bizcə maraqlı olacaq. İctimai Televiziyanın 5 illik yübleyini Modern.az olaraq biz də təbrik edirik. Qoy necə deyərələr, yaxşı xəbərlər sizdən əskik olmasın.
Bir də “Qarabağ azad edildi” xəbərini sizdən gözləyirik...
Bayramınız mübarək!

 

İTV-nin möhtəşəm binası...

Televiziya həyatı bu qapıdan başlayır...

"Xəbərçi"lər iş başında....

İTV-nin ciddi görkəmli baş rejissoru Orman Çingizoğlu: “Bu sənətdə normal insan da bir qədər əsəbi olur”.

 
 Proqram direktoru Rafiq Nəbiyev üçün teatr qarderobdan, televiziya proqramdan başlayır.
 
 Vəsilə Vahidqızı: “Kollektivi otraq məxrəcə gətirə bilirəm”.
 
 İTV-də adi iş günü...
 
 "Xəbərlər"in müdir müavini Telman bəy: "Bizdə kollektiv çox mehribandır".

Esmira Namiiqızı: “Burdan heç yerə gedən deyiləm”.

İTV-nin ilk aparıcısı Saleh: “Canlı efir çətin məsələdi”.

 “Üçdilli Toma” - Tamilla Şirinova...

Mais Ağayev Sabirabbadda daşqınları və rəhbərliyin diqqətini unuda bilmir.

Gənc staşçı Orxan Haçıyev:  “Ora – bura qaçırmaları yaxşıdı. Onda daha da püxtələşirəm”.

Müsiqi verilişlərinin aparıcısı Hüsniyyə xanım məzuniyytdən imtina edib.

Telejurnlaistliyi seçən keçmiş hüquqşünas - Hüseyn Azəri.

Cüneyit bəy: "TRT-nin “Avazı” hələ çox gələcək”.

TRT Avaz-ın yaradıcı kollektivi.

İqtisadiyyat xəbərlərinin aparıcısı Jalə Sabirqızı...

İTV-nin “beyin mərkəzi”.

İş başında...

İTV-nin bərkgedən operatoru Zeynal Zeynalov: "Mənimki çəkməkdi, danışmaq yox".

Veteran operator

Radio aparıcısı Şəfiqə: “Bizim aparıcılar özlərinə qarşı daha tələbkardılar”.

Növbə rəisi Çingiz Əhədov: "Bizdə əsl mütəxəssslər çalışır".

Xəbər redaktoru Eldəniz Sücəddinoğu: “Əsas olan opertaivlikdi”.

Radio aparıcısı Qabil Babayev: "Xəbər operativ olmalıdır".

Operator çəkilişə tələsir.

"Yeni Gün”ün könhə studiyası.

"Yeni Gün”ün studiyasının yeni dizaynı – sentyabrdan belə olacaq.

İTV-nin ikinci binası.

Tikilməkdə olan Qonaq evi.

Bura operatorların "silah otağı"dır.

İTV-nin konfrans zalı.

Jurnalistlər boş vaxtlarında idmanla məşğul olurlar.

İTV-nin mükafatları...

Əməkdaşlar oruc tutub, yeməkxanada seyrəklikdi.

Aşpaz Natiq “Jurnalist gərək quru yemək yeməsin”.

Televiziyanın həyəti. Yayda bu çayxananın əvəzi olmur.

Bələdçimiz və köhnə dostumuz Mais Piriyev: "Deyəsən hamısını göstərə bildim".

Xaqani Səfəroğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi