Modern.az

Məhəmməd Əmin Rəsulzadənin həyatı və əsərləri

Məhəmməd Əmin Rəsulzadənin həyatı və əsərləri

Aktual

18 Yanvar 2015, 22:56

I Yazı

Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində ruhani ailəsində anadan olub. Məşhur maarifçi-pedaqoq S.M.Qənizadənin (1866-1942) müdiri olduğu «II müsəlman-rus» məktəbində ilk təhsil alması mütəfəkkirin taleyində böyük rol oynayıb. Sonralar M.Ə.Rəsulzadə təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Onun Bakıda sənət məktəbində bir neçə il oxuduğu da məlumdur.

M.Ə.Rəsulzadənin 17-18 yaşında ikən 1902-1903-cü illərdə Bakıda yaratdığı "Azərbaycanlı gənc inqilabçılar dərnəyi" öz dövrünə görə çox əhəmiyyətli idi. O, ədəbi yaradıcılığa da bu illərdə başlamışdı. Onun ilk qələm təcrübəsi olan «Müxəmməs» adlı şeri «Şərqi Rus» qəzetində 1903-cü ildə Tiflisdə çap olunub.

1904-cü ilin axırlarında Azərbaycanda «Müsəlman sosial-demokrat «Hümmət» təşkilatı» yaradılıb, bu qurumun banilərindən biri də Rəsulzadə olub. M.Ə.Rəsulzadənin həmin dövrdə Ə.Hüseynzadənin redaktor olduğu «Füyuzat» jurnalında, həmçinin Ə.Ağayevin redaktorluğu ilə çıxan «İrşad» və «Tərəqqi» qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. 1906-1908-ci illərdə «Hümmət»çilərin çıxardığı «Təkamül», «Yoldaş» qəzetlərində də Rəsulzadənin məqalələri çap olunub. Müəyyən müddət M.Ə.Rəsulzadə «İrşad», «Təkamül» qəzetlərinin redaktoru da işləyib.

Rəsulzadə ictimai yaradıcılığında tərcüməçiliyə də böyük önəm vermişdi. Ü.Hacıbəyovun 1907-ci ildə çapdan çıxmış «Türk-rus və rus-türk lüğəti» kitabının naşiri də Rəsulzadə olub. Bununla yanaşı, 1907-ci ildə o, A.Blyumin «Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)» kitabını Azərbaycan-türk dilinə tərcümə edib.

1908-ci il dekabrın 5-də Rəsulzadənin «Qaranlıqda işıqlar» pyesi tamaşaya qoyulub. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edir. Bu pyes Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəri kimi qiymətləndirilir. Bu əsərdən başqa Rəsulzadənin həmin ildə yazdığı «Nagəhan bəla» adlı pyesi də vardır.

1908-ci ilin sonu, 1909-cu ilin əvvəllərində M.Ə.Rəsulzadə həm çar üsuli-idarəsi tərəfindən həbs olunmaq təhlükəsi ilə əlaqədar, həm də Azərbaycanın Cənubunda Səttarxanın liderliyi ilə baş qaldırmış milli azadlıq hərəkatında iştirak etmək üçün Bakını tərk edərək Təbrizə, daha sonra Tehrana getmişdir. M.Ə.Rəsulzadə Tehranda Avropa təhsili görmüş bir qrup İran ziyalısı-Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və başqaları ilə birlikdə 1910-cu ilin sentyabrında İran Demokrat Partiyasının əsasını qoyub. O, bu partiyanın əsas orqanı olan «İrani-no» qəzetinin baş redaktoru olub. Bu qəzetin nəşri ilə M.Ə.Rəsulzadə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoyub. M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində "Tənqidi-firqeyi-"Etidaliyyun"" adlı kitabını çap etdirib. 1911-ci ildə isə Ərdəbildə onun farsca «Səadəte-bəşər» adlı kitabı nəşr olunub.

1911-ci ildə çar Rusiyası ilə İran rejimi birləşərək Güney Azərbaycanda Səttarxanın rəhbərlik etdiyi inqilabı məğlub etdi. Bu hadisədən sonra İstanbula gələn M.Ə.Rəsulzadə «Türk ocağı»nda Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ziya Göyalp, Yusif Akçura oğlu və başqa görkəmli türk ziyalıları ilə birgə çalışaraq «Türk yurdu» jurnalında türkçülük ideyalarını inkişaf etdirirdi. Onun bu dövrdə yazdığı «İran türkləri» məqaləsi xüsusi əhəmiyyətə malik idi. Bu məqalə altı hissədən ibarətdir. Məhəmməd Əmin yeni dövrdə Azərbaycanın Cənubunda yaşayan soydaşlarımız haqqında hərtərəfli məlumat verən ilk mütəfəkkirdir. "İran türkləri" məqaləsində o, Cənubi Azərbaycanın coğrafi quruluşu, suları, əhalinin məşğuliyyəti, ticarət, sənətkarlıq məsələləri, təsərrüfat həyatı, ictimai-siyasi vəziyyəti, İran hakimiyyətində türklərin yeri, mövqeyi, siyasi vəziyyəti, məşrutiyyətdə yeri və rolu (konstitusiyalı quruluş uğrunda mübarizədə), ədəbiyyatı, dili və s. məsələlərdən bəhs edir. M.Ə.Rəsulzadə İran azərbaycanlılarının səsini geniş türk dünyasına çatdırmaq üçün əlindən gələni etmişdir. O, müsəlman dünyasının böyük mütəfəkkiri, islam modernizminin banisi C.Əfqanidən milliyyət haqqında yeni fikirlər mənimsəyərək, onun «Milli birlik fəlsəfəsi» əsərini farscadan türk dilinə tərcümə edib «Türk yurdu» jurnalında nəşr etdirmiş, bu əsərin təsiri ilə də xalqımızın məişətindən bəhs edən «Acı bir həyat» əsərini yazmışdı.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə çar tərəfindən elan edilən amnistiya siyasi məhbuslara da aid edildi. Bundan istifadə edən Rəsulzadə Bakıya döndü və "Müsavat"a daxil olaraq tezliklə liderliyi ələ aldı. «Müsavat»ın yaranmasında da M.Ə.Rəsulzadənn müəyyən təsiri rolu olub. M.Ə.Rəsuloğlu bununla bağlı yazır: «1911-ci ilin son baharı idi. Arkadaşların gizli toplantı və müşavirə yeri olan rəhmətlik Kazımzadə Abbas bəyin mağazasının arxa odasında Abbas bəylə bərabər otururduq. Arkadaşlarmızdan mərhum Tağı Nağıoğlu içəri girdi və bizə: «Gürcülərin, ermənilərin və rusların siyasi partiyaları vardır. Bizim nədən bir partiyamız olmasın, biz də bir partiya quralım»- dedi. Bir neçə gün müzakirə və müşavirədən sonra "Müsavat" Partiyasını qurmağa qərar verdik. Zatən mərhum Rəsulzadə Emin bəy də o tarixlərdə, bulunduğu İstanbuldan bizlərə siyasi bir təşəkkülə ehtiyac olduğu haqqında yazılar yazmaqda idi».

1913-1915-ci illərdə Rəsulzadə siyasi fəaliyyəti ilə yanaşı, ədəbi-publisistik yaradıcılığını da davam etdirib. «Yeni lisançılar və türkçilər», «Dil ictimai mühüm bir amil» və başqa məqalələrində o, Azərbaycan-türk dilini göz-bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırıb. Bundan başqa, o, proletar ədibi M.Qorkinin «Ana» əsərindən bir parçanı Azərbaycan dilinə tərcümə edərək çap etdirib.

1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznibin redaktorluğu ilə ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan «Dirilik» məcmuəsinin birinci nömrəsi çapdan çıxıb. 1914-cü ildə yazdığı «Milli dirilik» adlı məqaləsində M.Ə.Rəsulzadə din, dil, mədəniyyət məsələlərinə xüsusi yer ayıraraq onların geniş şərhini verib. M.Ə.Rəsulzadə milli məsələyə dair öz mülahizələrini 1914-1917-ci illərdə çap etdirdiyi «Milli dirilik», «Dirilik nədir?», «Kənd məktəbləri və müəllimsizlik», «Məktəb və mədrəsə», «Getdiyimiz yol», «Bizim ehtiyaclarımız» və b. məqalələrində şərh edib. Bu dövrdə çar Nikolay Qafqaz müsəlmanlarına bir sıra güzəştlərə getdi. Belə güzəştlərdən biri də «Açıq söz» qəzetinin nəşri idi. Qəzetin ilk sayı 1915-ci il oktyabrın 2-də işıq üzü gördü. M.Ə.Rəsulzadə yazır ki, bu qəzet «Müsavat»ın orqanıdır. ««Açıq söz» ilk dəfə olaraq o vaxta qədər Qafqaziya müsəlmanı və yaxud tatar deyilən xalqın türk olduğunu sərahət və israrla meydana atmış və bu xüsusda hərb senzoru ilə mübarizə etmək zərurətində qalmışdı». 1917-ci ildə o, özünün «Cəmaət idarəsi» və «Bizə hansı hökumət faydalıdır?» kitablarını çap etdirib. Həmin il Rəsulzadənin redaktorluğu ilə «Qardaş köməyi» jurnalı çap olunub.

1917-ci il mayın 1-dən 11-dək Moskvada Ümumrusiya Müsəlmanlarının I qurultayı keçirilib. Rəsulzadə Bakıda irəli sürdüyü milli-ərazi federasiya prinsipləri əsasında yaradılmış demokratik respublika ideyasını burada da qaldırıb. Onun irəli sürdüyü milli-məhəlli muxtariyyət ideyası 271 səsə qarşı 446 səslə qəbul edilib. Onun qurultayda etdiyi məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə «Şəkli idarə haqqında iki baxış» adı altında çap olunub.

1917-ci ilin oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən «Türk Ədəmi-Mərkəziyyət Partiyası– Müsavat»ın I qurultayında M.Ə.Rəsulzadə Mərkəzi Komitənin sədri seçilib. 1917-ci ilin payızında o, Azərbaycan və Türküstanı Rusiya parlamentində millət vəkili kimi təmsil edib.

1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Mayın 27-də Seymin fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yarandı. Zaqafqaziya Seymində təmsil olunan Azərbaycanın nümayəndə heyətinə M.Ə.Rəsulzadənin başçılıq etməsinə, Azərbaycanda təmsil olunan bütün milli və onlara yaxın qurumlar, partiyalar razılıq vermişdi. Onun Milli Şuraya sədr seçilməsinə 4 partiyadan yalnız «İttihad» əleyhinə səs verib. «Müsavat», Müsəlman Sosialist Bloku və Müsəlman Sosial-Demokrat-Menşeviklər və "Hümmət" lehinə səs veriblər. «Gizli səsvermə yolu ilə 22 səs çoxluğu qazanan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının başçısı seçilir».

Onun başçılıq etdiyi "Müsavat" Partiyası Azərbaycanın müstəqilliyini birmənalı surətdə irəli sürüb. Azərbaycanın müstəqilliyini bəyan edən Milli Şura Azərbaycan Cümhuriyyəti dövründə də mühüm rol oynayıb. Əslində M.Ə.Rəsulzadənin sədri olduğu Milli Şura öz dövrü üçün ölkənin ən yüksək idarəetmə orqanı rolunu oynayıb. Bu anlamda Rəsuılzadə Azərbaycan Cümhuriyyətinin qurucusu olmaqla yanaşı həm də dövlət başçısı-cumhurbşaqanı idi. Amma o, demokratik bir dövlət başçısı kimi parlamentimizdə millət vəkili və «Müsavat» fraksiyasının lideri kimi fəaliyyət göstərirdi: «… parlament dövrü Rəsulzadənin tərcümeyi-halında xüsusi yer tutur. Onun parlamenti ən mürəkkəb vəziyyətlərdən çıxara bilmək bacarığı, ən vacib məsələlər ətrafında müzakirə apara bilmək qabiliyyəti, rəhbərlik etdiyi «Müsavat» fraksiyası adından təqdim etdiyi qərar və qətnamələri olduğu şəkildə qəbul etdirə bilmək məharəti indi də adamı heyran qoyur». Respublikanın birinci ildönümü münasibəti ilə bağlı çıxışında M.Ə.Rəsulzadəni "sağlar" və "sollar" da hərarətlə qarşılayıblar. «Xalq onu təsvirolunmaz dərəcədə, uzun müddət kəsməyən gurultulu alqışlarla qarşıladı».

Bakı Dövlət Universitetinin yaranmasında da Rəsulzadənin danılmaz xidmətləri var. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan parlamentində çıxış etmiş və universitetin açılmasını qəti surətdə tələb etmişdir. Universitetin ilk rektoru olmuş V.İ.Razumovski xatirələrində yazır: «M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə "Müsavat" Partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar, biz öz tərəfimizdə artıq iki partiyaya malik idik, «Müsavat» və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi».

M.Əliyev yazır ki, 1920-ci ildə aprel hadisələrindən sonra avqustun 17-də Rəsulzadə Lahıcda həbsə alınıb Bakıya gətirildi. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqazda olan İ.V.Stalinə çatdırılıb. «Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XI Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-in Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla, İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda fars dilində dəsr demişdir... Onun oradan Moskvadan rəhmətlik tatar maarifçilərindən Musa Cərullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə qayıqla Fin körfəzi üzərindən keçərək Finlandiyaya qaçırılması təmin edilmişdir».

M.Ə.Rəsulzadənin ailəsi sovet rejiminin qurbanı oldu. «Oğlu Rəsul güllələndikdən sonra M.Ə.Rəsulzadənin bütün ailəsini, əksər qohumlarını Qazaxıstana sürgünə göndərdilər. Sürgündə M.Ə.Rəsulzadənin analığı, həyat yoldaşı vəfat etdi. Bir qızı Lətifə soyuqdan donub öldü. Digər qızı Xalidə isə Bakıya qayıtdıqdan sonra itkin düşdü. Yeganə sağ qaln oğlu Azər isə 1993-cü ildə Qazaxıstanda- Karaqandada vəfat etdi». M.Sadıxlı Rəsulzadənin ailəsinin həbsi haqqında erməni R.Makaryanın belə bir sənəd tərtib etdiyini yazır: «Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı DT-nin 3 ranq komissarı Sumbatov -Topuridze Yuveoyan Davidoviçə DT-nin 7-ci bölmənin rəisi baş leytenant Makaryandan təqdimat: «M.Ə.Rəsulzadənin və M.Ə.Rəsuloğlunun həbs olunmuş ailələri Bayıl həbsxanalarına salınıblar. İndiki halda şərait daxilində onların deyilən həbsxanada qalmasını arzuedilməz sayıram və xahiş edirəm ki, siyahıda adı olanların (siyahı əlavə olunur) Kirovabad həbsxanalarından birinə göndərilməsinə icazə verəsiniz. Onlar oradan Qazaxıstan SSR-in Çimkənd vilayətinə göndəriləcək və orada, xüsusən M.Ə.Rəsulzadənin ailəsi ciddi nəzarətdə saxlanılmalıdır. Bununla əlaqədar Qazaxstan SSR-in XDİK-ni, DT-nin əməkdaşlarına məlumatlandırmağı lazım bilirəm».

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır