Modern.az

Gəlin birgə lənət oxuyaq o baiskarlara!

Gəlin birgə lənət oxuyaq o baiskarlara!

19 Yanvar 2015, 10:09

jurnalist, Prezident təqaüdçüsü

 “Ağla, qərənfil, ağla!” – 25 il bundan əvvəl böyük də, kiçik də təsəllini bu sözlərlə tapırdı. Hələ Şəhidlər xiyabanı salınmazdan əvvəl ziyarət yerləri şəhidlərimizin güllələndiyi küçələr, meydanlar idi. Abşeronda min bir əzabla qərənfil yetişdirənlər qazanclarından keçərək gülləri əhaliyə pulsuz paylayırdı. Bir gün, yeddi gün, qırx gün ... qərənfillər məzarların üstünə düzüldü. Bu gün də belədir. O al-qırmızı qərənfillər sanki matəm üçün becərilir, hüzn tədbirlərinin rəmzinə çevrilib. Allah bəlasını versin bizə bu günləri yaşadanların!

Kimlər idi onlar?!

O dəhşətli gecənin bir təsəlliverici amili vardı: heç kim inanmırdı ki, dünənə kimi “qızıl ordu”  adlandırdığımız “xilaskarımız” quzğuna dönəcək, qarşısına çıxan əli-yalınlara– avtobus, tramvay sərnişinlərininə, eyvanlarda ətrafı seyr edənlərə ... snayperlərdən atəş açacaq, minik avtomobillərini, sərnişin daşıyan nəqliyyat vasitələrini, təcili yardım maşınlarını güllə-baran edəcək. Axı, buna necə inanasan, ona yetmiş il qızıl ordu demişdik. Sən demə, qızıl ordu nədir, heç alüminium ordu da deyilmiş.

Həmin gecədən sonra o vaxtkı iqtidar da, sonrakı xalq cəbhəsi hökuməti də bizi inandırmağa çalışırdılar ki, bizə hücum edən ordu düşmən ordusu deyilmiş, imperiya, sovet ordusu imiş. Rus ordusu deyə təsəvvürə gətirmək olmazdı! Yox, yox, rus ordusu deyildi, heç rus ordusu da belə hərəkət edər? O, 70 il bizi qoruyub. Kimdən? Nədən? Əslində “Sovetlər birliyi” deyilən qurum əhalisini ölkəni tərk etmək fikrindən əl çəkdirmək vəzifəsini  yerinə yetirib. Bir vaxtlar SSRİ-ni həbsxana sayanlar yaxşı bilirdilər ki, ordu həqiqətən bu qurumun vətəndaşlarını qoruyurmuş ki, xaricə getməsinlər. Dövlət sərhəddindən quş belə keçə bilməzdi. Həyatlarını bu cəmiyyətdən xilas etmək məqsədilə sərhədi keçənləri lap yarım, bir kilometr kənarda da  yad torpaqda vurub sürüyə-sürüyə “vətənə” qaytarırdılar. Bu idimi xilaskar ordu? Hələ şərəfinə Bakıda nəhəng abidə də ucaldılmışdı.


Neçə-neçə ölkəyə təcavüz edən ordu necə adlanırdı? Pribaltika ölkələrində, Çexoslovakiyada, Əfqanıstanda, Gürcüstanda, elə Ermənistanda ona “rus ordusu” deyirdilər. Biz isə öyrəşmişdik: rus ordusu xilaskar ordudur. Kimi kimdən xilas edirdi bilmirdik. Əslində bilirdik, səsimizi çixara bilmirdik. Deyir, başına gələn başmaqçı olar. O gecə gördük və inandıq ki, nə imperiya, nə sovet ordusu, əsil qorbaqçov ordusu idi günahsız insanları qıran. Ola bilərdi ki, tərkibində rusdan başqa daşnaq qanından olanlar da vardı ...

Bu gün açıq demək lazımdır: başımıza gətirilən bəlalar  rus ordusu tərəfindən törədilmişdi, cani isə qorbaçov (soyadını böyük hərflə yazmaq günahdır) və onun komandası idi, indi şad-xürrəm ömür sürənlər idi. Bəs deyirlər beynəlxalq təşkilatlar var (AŞ, ATƏT, Haaqa məhkəməsi). Bəs onlar kimdən, nədən çəkinirlər?

... “Ağla, qərənfil, ağla!” Nə edək, başqa təsəllimiz yoxdur. Birgə lənət oxumalıyıq o baiskarlara! Vallahi-billahi, istər adı imperiya, sovet ordusu olsun, heç o yan bu yanı yoxdur, adı rus ordusu idi. Özü də qorbaçovdan “xəlvəti” girmişdi Azərbaycana ...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir