Modern.az

Ermənistan Rusiyadan qurtulmaq üçün, gərək 20 yanvardan "keçsin"...

Ermənistan Rusiyadan qurtulmaq üçün, gərək 20 yanvardan "keçsin"...

20 Yanvar 2015, 00:15

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Rusların arağı az qala su kimi içmələrini nəzərə alsaq, Permyakov məşuqəsi güman edilən Avetisyan ailəsinə sözün hər bir mənasında elə "vurmağa" gedib. Ermənilər tarix boyu hər şeyi "öz gözləri ilə görən" xalq olub və 200 ildir Rusiyanın kamerasındadırlar.

Rusiyalı hərbçi 12 yanvarda qoruduğu postu təzə ilin üstünə atıb, köhnə ili qeyd etmək üçün Avetisyan ailəsinə getsə də, Rusiya Cənubi Qafqazdakı Ermənistan adlı postunu heç vaxt belə rahatlıqla atıb getməyəcək. Ermənistan Rusiyanın əlindən qurtulmaq üçün, gərək öz biləklərindən Qarabağ düyününü açsın və bizim 20 yanvardan "keçsin"...

Ermənilərin Rusiya bazasını məlum hadisəyə görə öz ərazilərindən çıxartmaq ideyası zənnimcə çox təqdirəlayiq haldır. Maraqlıdır, bəs görəsən "Çiçəkləyən Ermənistan" Partiyasının deputatı Martun Qriqoryan Şirak vilayəti prokurorluğunun qarşısına toplaşan sakinlərə Permyakovu görüb gələndən sonra, "şübhələnmək lazım deyil, bizə kameraya daxil olmağa icazə verdilər, biz onu öz gözlərimizlə gördük" - deməsi ilə instinkvari olaraq anlamadımı ki, ermənilər tarix boyu hər şeyi "öz gözləri ilə görən xalq" olub və 200 ildir Rusiyanın kamerasındadırlar? 

Əslində, Permyakovun bir ailənin 6 üzvünü öldürməsi ermənilərin Rusiya bazasını öz ərazisindən çıxarmaq üçün ən yaxşı fürsətdir. Çünki rus pulunun məzənnəsinin günü-gündən "urusca" olması, erməni dramını və Ermənistanın iqtisadi vəziyyətini dramatik hala salır. Haylar yaxşı anlayırlar ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya xəmiri hələ çox su aparacaq. Onsuz da Ermənistanın Avrasiya Ittifaqına qəbul olmasını istəməyən əksər erməni əhalisi və xaricdə yaşayan ermənilər bu ölkənin nicat yolunun Avropa Birliyində olduğunu düşünürlər. İndi əgər onlar bu fürsəti əldən vermiş olsalar, bundan sonra hələ 2044-cü ilə qədər Permyakovlar Avetisyan ailələrində öz "kayf"larını tutacaq, erməni ərik arağından və ya konyakından içməkdə davam edəcəklər.

Yeri gəlmişkən, mediadan oxuduqlarımıza istinadən yaxşı bilirik ki, 102-ci hərbi baza Sovetlərin Ermənistan ərazisində olan 127-ci motoatıcı diviziyanın bazasında yaradılıb. 127-ci diviziyanın Sovet və Türkiyə sərhəddində NATO-ya qarşı ehtimal olunan müharibə zamanı istifadə olunması nəzərdə tutulurdu. SSRİ dağıldıqdan sonra onun varisi kimi Rusiya bu funksiyanı öz üzərinə götürüb. 1995 və 2010-cu illərdə Rusiya və Ermənistan arasında imzalanan yeni müqavilə, bu hərbi bazanın 2044-cü ilə qədər Ermənistanda qalmasını və ölkəni xarici təhlükələrdən qorumağı nəzərdə tutur. Rusiya bu bazanın yerləşdiyi əraziyə görə Ermənistana heç bir icarə pulu ödəmir. Əksinə, 5 minlik bazanın saxlanma xərclərinin yarısını Ermənistan özü ödəyir. Dolayısı ilə desək, Ermənistan bir növ xərac verir ki, Rusiya onların hər növ həyasızlığını  qorusun və ört-basdır etsin.

Rusların arağı az qala su kimi içmələrini nəzərə alsaq, Permyakov məşuqəsi güman edilən Avetisyan ailəsinə sözün hər bir mənasında elə "vurmağa" gedib. Amma iş elə gətirib ki, ona bu dəfə qapını açan ailənin kişisi olub və o, "vurmaqdan"dan vaz keçərək açıq döyüşə başlayıb.


Bu arada qeyd edək ki, erməni-rus "Rusiya hərbi bazalarının Ermənistan ərazisində yerləşdirilməsi haqda hüquqi və qarşılıqlı yardım" müqaviləsinin 4-cü maddəsinə əsasən, əgər bazanın ərazisindən kənarda bu bazaya aid olan şəxs cinayət törətmiş olarsa, onun mühakimə olunmasına Ermənistan qanunvericiliyi çərçivəsində baxılacaq. Bununla yanaşı, həmin müqavilənin 5-ci maddəsində qeyd olunur ki, əgər şəxs hərbi bazanın daxili ərazisində cinayət törətmiş olarsa, onun cinayət məsuliyyətinə cəlb olunması məsələsi Rusiya hərbi hüquq mühafizə orqanlarının səlahiyyətindədir. Verilə biləcək qərarın necə olmasını bu sənəd aydın təsbit edir. Bir məsələyə də diqqət etmək lazımdır ki, bu hərbçi 3 cinayət işi üzrə mühakimə olunmalıdır: - postu atıb getdiyinə, 6 nəfəri öldürdüyünə və Türkiyə sərhəddini qanunsuz şəkildə keçməyə cəhd etdiyinə görə.

İndi Rusiya, itlərinin quyruğu hesab etdiyi ermənilərlə bağladığı bu müqaviləyə məhəl qoysa, Avetisyanlar ailəsinə su içmək adı ilə "vurmağa" gedən Permyakovun aşının suyunun daha çoxunu ermənilər verəcək. Amma gəlin burada  bir məsələni də unutmayaq, öz ata-babalarının məzarını ziyarət etmək məqsədilə  doğma torpaqlarına gedən Dilqəm Əsgərovla, Şahbaz Quliyevi tutub qondarma məhkəmə ilə mühakimə edən hayların bu rus "babnik"ini (arvadbaz) Ermənistan qanunvericiliyinə uyğun olaraq qanun çərçivəsində ömürlük və ya 22 il həbs cəzası verməyə cürətləri çatacaqmı?

Baş vermiş bu olaya görə Rusiya prezidentinin gec reaksiya verməsi və həmişə Azərbaycana qarşı ağıllarına gələni danışan rusiyalı politoloqların siyasi kurslarını 180 dərəcə Ermənistanın əleyhinə dəyişdirmələri və tarixi həqiqətləri olduğu kimi demələri bir daha onu sübut etdi ki, Ermənistan Rusiyaya xalq kimi, millət kimi deyil, məhz ərazi kimi lazımdır.

Məsələn, Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin millətçi ideoloqu, politoloq Aleksandr Duqin etirafedici şəkildə bildirib ki, “Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü onun üçün zəmanətdir. Postsovet məkanındakı dövlətlər öz strateji məsələlərini həll etmək üçün ABŞ-a arxayın olursa, öz ərazi bütövlüyünü itirirlər. Biz Gürcüstan, Ukrayna və Moldova nümunəsində bunu gördük. Ermənistanın isə sadəcə olaraq seçimi yoxdur. Ermənistanın Avrasiya İqtisadi Birliyinə girişi onun müstəqilliyini və təhlükəsizliyinin qorunması üçün lazımdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi Ermənistanın sağ qalması üçün lazımlıdır”. 

Bunda başqa, "Reqnum" informasiya agentliyinin baş redaktoru, həmişə Kremlə və ermənilərə havadarlığı ilə seçilən Modest Kolerov tarixi faktları ermənilərə xatırlatmaqla onlara "Rusiyada əlyazmalar yanmır. Bunu ermənilərə daim xatırlatmaq lazımdır ki, dünyanı özlərinə güldürməsinlər" - deməsi ilə ermənilərin kim olduqlarını və hansı üzə sahib olduqlarını dünyaya bir daha sübut etmiş oldu. 

Amma bütün bunlara baxmayaraq, Ermənistanın köləlikdən azad olmasının ən sadə yolu bizim təcrübəmizdən istifadə etmələri olardı. Bizim müstəqillik təcrübəmiz isə onu təsdiq edir ki, Azərbaycan müstəqilliyini 20 yanvarda öz qanı bahasına, bundan başqa, həm də Qarabağı qurban vermək hesabına qazanıb. Əgər Ermənistan Cənubi Qafqazda sözün əsl mənasında müstəqil ölkə olmaq, yəni Rusiya köləliyindən yaxa qurtarmaq istəyirsə, onda gərək yuxarıda qeyd edildiyi kimi, əvvəlcə öz biləklərini Qarabağ düyünündən açsın, Türkiyəyə etdiyi torpaq iddiaları və soyqırım nağılından əl çəksinlər. Hələ ola bilər ki, 102-ci bazanın Permyakovları Qafqazdakı bu "postu" tərk edib gedərkən, ermənilərin sevincini qeyd etmək üçün onlara bizim 20 yanvar "atəşfəşanlığını" da yaşatsınlar. Odur ki, ermənilər hər şeyə hazır olmalı və birdəfəlik qanmalıdırlar ki, onları Azərbaycan torpaqlarında 1918-ci ildə ölkə edib ortalığa çıxaran Rusiya heç vaxt azadlığı qızıl məcməyidə gətirib onlara verməyəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi