Modern.az

Qorxağın, satqının vətəni olmur - Qəhrəmanlarımızdan niyə imtina etməliyik?..

Qorxağın, satqının vətəni olmur - Qəhrəmanlarımızdan niyə imtina etməliyik?..

21 Yanvar 2015, 10:34

 Qorxağın, satqının vətəni olmur. Onları  vətən yox  ancaq öz  mədəsi, şəxsi maraqları  düşündürür.  Vaxtılə  tanınmış qırğız yazıçısı və mənim çox sevə-sevə oxuduğum yazar   Çingiz Aytmatov  marginallaşmanın   təzahür formasını  göstərirdi.   Bu da sovet dövrünün  ideoloji basqısı nəticəsində yaranan   manqurtlaşma idi.   Çingiz. Aytmatovun təbirincə, manqurtlaşma  insanların  beyinini,  milli kimliyini   dəyişməyə xidmət edən  mexanizm idi.  Əslində həmin  mexanizm  müəyyən  mənada gerçəkləşdi,  bir çox cəmiyyətlərdə oturuşmağa imkan  tapdı. 

Bu gündə  oxşar proseslər gedir.  Qərbdən və yaxud mənbəyi, sifarişçisi  o qədər məlum olmayan qaranlıq  dairələrdən  gələn və Azərbaycanda ailə institutunu dağıtmağa  hesablanmış  layihələr həyata keçirilir.  Bu, vaxtılə  müxtəlif  əcnəbi serialların nümayişində,  qadın hüquqlarının qorunması adı ilə  həyata keçirilən  şübhəli xarici donorların layihəsində,  sonralar  teleməkanda nümayiş olunan çox  məsuliyyətsiz, bayağı şoularda, təhsil sistemində yaranan boşluqlarda  və digər məqamlarda özünü büruzə verdi.

 Bütün bu düşünülmüş hücumlara baxmayaraq  Azərbaycanda ailə institutu  möhkəmdir. Hətta  bir sıra sosial-iqtisadi problemlərə baxmayaraq  Avropa ilə müqayisəyə  gəlməz dərəcədə ailə institutu  qorunub saxlanılır.  Lakin  düşünülmüş  ideoloji  silah öz işin görür. Əslində xalqın çox mütərəqqi, əsrlərin sınağından çıxan  adət-ənənələrı ictimailəşməməli, əksinə   qorunmalı idi.  Bu gün ictimailəşməsinə  həddindən artıq ehtiyac olan  sosial-iqtisadi  problemlər var. Onun üzərində düşünmək lazımdır.

 Dəyərli oxuculardan rica edirəm  mənim fikirlərimi antiqərb,  mühafizəkar baxış kimi qəbul etməyin.  Qloballaşma şəraitində  Qərblə  inteqrasiya  intellektual müstəvidə,  düşüncə mübadiləsi  səviyyəsində,  milli dəyərlərin qorunması şərtilə  məqbul olar.   Azərbaycanın çox dəyərli ziyalısı, türkoloq Əli bəy Hüseynzadənin fikirlərini bir daha təkrar edirəm.

O,  ötən əsrin əvvəllərində yazırdı: “Biz istəyirik ki, ölkəmiz avropalıların mədəsində həzm olunmasın. Onların mədəsində həzm olunmamaq üçün bir çarə varsa, o da onların beyinlərinin məhsulunu alıb həzm etməkdən ibarətdir”.  Bu gündə həmin fikir aktualdır.  Zamanında zəruri addımlar atmasaq  bizim milli kimliyimiz bu qloballaşma şəraitində  itib gedə bilər.


Son dovrlər  ANS kanalında  çox dəyərli ziyalı Həmid Herisçinin təqdimatında   “Şəxsiyyət Vəsiqəsi”  verilişində  bəzi qəhrəmanlarımız haqqında  səslənən fikirləri  diqqətlə izlədim.  Təbii ki, fikir müxtəlifliyinin olması  normal haldır.  Ancaq həmin verlişlərdə  Xətai, Babək haqqında  səslənən  fikirlər   heç bir normal  əndazəyə sığmırdı. Orada səslənən  məsuliyyətsiz fikirlər  təəssüf doğurur. Axı,  bu, tarixi şəxsiyyətlər Azərbaycanın  milli tarixidir.  Məgər fransızlar  Napoleondan imtina edirlər, onu tarixdən silirlər.

Ümumiyyətlə, heç bir qəhrəmanı bütləşdirməyə  ehtiyac yoxdur.  Tarix həm də müsbət  və mənfi çalarları ilə  bir  ibrət dərsidir,  gənclər üçün örnəkdir. Həmin tarixi qəhrəmanlarımızın   Azərbaycan insanına, xüsusilə, gənc nəslə verdiyi müsbət enerji  bu gün bizim üçün önəmlidir.

Bu gün tarixi şəxsiyyətlərə  damğa vurmaq, onları aşağılamaq  yalnız ədalətsizlik deyil.  Bu həm də Azərbaycan insanın milli  kimliyinə,  ruhuna zərbədir. Belə addım  həm də  Qarabağın, işğal olunan  torpaqlarımızın  itkisi ilə barışmaq  deməkdir. Yüzillərdir  erməni uydurma tarix yaradır və dünyada onu qəbul   etdirməyə çalışır.  Biz isə minillik  tariximizdən,  qürur duya biləcəyimiz tarixi şəxsiyyətlərdən niyə imtina etməliyik?

Bu şahsevənlik,  büdpərəstlik  deyil.  Tarixi şəxsiyyətlərdən, milli qəhrəmanlardan, dəyərlərdən  imtina etmək insanların milli kimliyinin unudulması deməkdir.  Bu gün kimsə  qatı millətçiliyin,  kimsə  kosmopolit düşüncənin  tərəfdarı , daşıyıcısı ola bilər.  Ola bilər kimlərsə mənim fikirlərimlə razılaşmasın. Mənim fikrim belədir  ki,  bunun  hər ikisi  yanlışdır.  Bu gün milli kimliyimizi qoruyaraq  dünyaya çıxmaq üçün  bunun ikisinin sintezindən yaranan düşüncə ortaya qoymaq lazımdır.

 Necə ki,  vaxtılə  dahi bəstəkar Üzeyir Hacıbəyli,  Rəşid Behbudov  və digər  tanınmış simalar, ictimai-siyasi xadimlər  milli kimliyi əsas tutaraq   ölməz sənət nümunələri yaratdılar, Azərbaycan üçün çalışdılar.  Bu da qəhrəmanlıq  idi,  vətənpərvərlik idi.   Hər kəs öz sahəsinin peşəkarıdırsa və həmin intellekti cəmiyyətin inkişafına səmimi olaraq həsr edirsə  belə işlər alqışlanmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?