Modern.az

Kərkicahan necə işğal olundu? – XRONİKA

Kərkicahan necə işğal olundu? – XRONİKA

Aktual

21 Yanvar 2015, 13:58

Bu gün Azərbaycanın Qarabağ müharibəsində itirdiyi ilk starteji məntəqə - Kərkicahan qəsəbəsinin işağlından 23 il ötür. Dağlıq Qarabhağ Muxtar Vilayətinin inzibati mərkəzi olan Xankəndinin yaxınlığında yerləşən qəsəbə münaqişənin ilk günlərindən düşmənin ciddi hərbi təzyiqi ilə üzləşmişdi.

1989-cu ildə Sovet İttifaqında keçirilən sonuncu siyahıyaalmaya görə 2 min sakini olan Kərkicahan Xankəndinin 1,5 kilometrliyində yerləşirdi. Çox böyük strateji önəm kəsb edən qəsəbə Xankəndi ilə yanaşı Şuşa şəhərinə, Malıbəyli, Quşçular, Qeybalı, Ərminavan və Kosalar kəndlərinə də gedən yollara nəzarət edirdi. Sovet İttifaqının son aylarında qəsəbədə Azərbaycan ordusunun, “OMON”un və yerli özünümüdafiə dəstələrinin 200 nəfərlik döyüşçüsü yerləşmişdi.

Lakin 1991-ci ilin sonlarından başlayaraq Kərkicahan Xankəndi istiqamətindən erməni silahlı dəstələrinin getdikcə artan hücumları ilə qarşılaşdı. Xankəndinin ətrafında Şuşadan sonra azərbaycanlıların kompakt məskunlaşdığı ən böyük yaşayış məntəqəsi olan Kərkicahan düşmən üçün böyük problemə çevrilmişdi.

1991-ci ilin noyabr-dekabr aylarında Kərkicahan istiqamətində hər gün şiddətli atışmalar baş verir. 1991-ci il dekabrın 3-də ermənilərin 260 nəfərdən ibarət qrupu ilk dəfə Kərkicahanda mövqe tutmağa cəhd göstərir. Lakin şiddətli atışmadan sonra 5 nəfər itki verib geri çəkilirlər. Yeri gəlmişkən, Kərkicahana hücumların ümumi koorinatoru sovet ordusunun general-mayoru Arkadi Ter-Tadevosyan idi. Bundan əlavə, qəsəbənin erməni sakinlərindən ibarət və Benik Akopyanın başçılıq etdiyi dəstə də hücum əməliyyatlarında iştirak edirdi.

1991-ci il dekabrın 27-i səhər saatlarında Ter-Tadevosyanın başçılıq etdiyi 250 nəfərlik qrup Kərkicahanın erməni məhəlləsini ələ keçirərək irimiqyaslı hücum əməliyyatına başlayırlar. Qəsəbə müdafiəçilərinin 2 günlük inadlı müqavimətindən sonra dekbarın 29-da separatçılar geri çəkilməyə məcbur oldular. Döyüşlərdə erməni tərəfinin 15 əsgəri öldürülür.

Amma düşmən 8 azərbaycanlı əsgəri girov bilir və girovluqda onalra dəhşətli işgəncələr verilir. Qeyd etmək lazımdır ki, dekabrın 28-də Kərkicahanda Azərbaycan tərəfdən çəkiliş aparan rusiyalı jurnalist  Leonid Lazareviç ermənilərin açdığı atəş nəticəsində həlak olur. Dekabr döyüşlərinin intensivliyi bəzi Azərbaycan mənbələrində Kərkicahanın 29 dekabrda düşmənə təslim edildiyi ilə bağlı məlumatların yer almasına səbəb olsa da, gerçəkdə qəsəbə bundan sonra daha 3 həftə düşmənə müqavimət göstərir. Erməni separatçıları hər dəfə böyük itkilər verdikləri Kərkicahan istiqamətində dekabr uğursuzluğundan sonra atəşkəsi az hallarda pozurlar. 1992-ci ilin yanvarında qəsəbədə hələ də 150 nəfər azərbaycanlı döyüşçü və azsaylı dinc sakin qalıb. Hərbi dəstək olmadığı üçün Kərkicahanın düşmən qarşısında təslim olması an məsələsinə çevrilir.

1992-ci il yanvarın 2-də erməni separatçıları sonradan Qarabağ qoşunlarının komandanı olacaq 27 yaşlı Samvel Babayanın başçılığı ilə Xankəndidən Kərkicahana hücum edirlər.

Düşmən bu dəfə taktiki dəyişiklik edərək birbaşa qəsəbəyə deyil, onu Azərbaycan kəndləri ilə birləşdirən Kərkicahan-Qeybalı və Kərkicahan-Kosalar yolunu ələ keçirirlər. Kərkicahan müdafiəçiləri yaranmış ağır vəziyyətdə mühasirəni yararaq Qeybalı kəndinə geri çəkilirlər. Kərkicahan düşmənə təslim olur. Azərbaycan Xankəndi və ümumən, Dağlıq Qarabğdakı önəmli dayaq məntəqələrindən birini itirir. Rəsmi məlumatlara  görə, qəsəbə uğrunda noyabr ayından bəri gedən döyüşlərdə 34 nəfər azərbaycanlı həlak olur, 150 nəfər isə yaralanır. 1991-ci il dekabrın 8-də döyüşlərdə həlak olan milis əməkdaşı Rizvan Teymurov isə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adını alır.

Kərkicahanın süqutundan sonra düşmən Malıbəyli, Quşçular, Xocalı və Dağlıq Qarabağda azərbaycanlılasrın əsas qalası olan Şuşanı ələ keçirirlər.


Vüqar İsmayılov  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!