Modern.az

20 Yanvar şəhidləri Türkiyədə anılıb

20 Yanvar şəhidləri Türkiyədə anılıb

21 Yanvar 2015, 17:18



20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə Türkiyədə “Azərbaycanın müstəqilliyə gedən yolu - 20 Yanvar” adlı konfrans keçirilib. Tədbiri İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) təşkil edib.

Təşkilatın baş katibi Mətin İldırımın aparıcılıq etdiyi, çoxsaylı iştirakçıların qatıldığı konfrans vətən və müstəqillik uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və iki ölkənin dövlət himnlərinin oxunması ilə başlayıb.

İSTAD-ın sədri Səfər Karakoyunlu 20 Yanvarı Azərbaycan türklərinin 70 illik əsarətə son qoyduğu gün kimi xarakterizə edib: “20 Yanvar Azərbaycan türklərinin “olum, ya ölüm” günü, Türk dünyasının zalım qarşısında dik durduğu gündür. 20 Yanvar hadisələri Azərbaycan tarixinə qanlı bir faciə olaraq yazıldığı kimi, eyni zamanda, bu tarix Azərbaycan türklərinin milli qəhrəmanlıq günüdür. 1918-ci ildə “Bir kərə yüksələn bayraq bir daha enməz” nidaları ilə ayağa qalxan və Şərqin ilk müstəqil dövlətini quran Azərbaycan xalqı 1990-cı ildə də eyni ruh və düşüncə ilə təkrar ayağa qalxaraq tankların qarşısını qəhrəmancasına kəsdi, ədalətsizlik önündə vətənin müstəqilliyini bütün dünyaya çatdırdı. O gün şəhid olan 137 türk övladı suveren Azərbaycan dövlətinin təməlini qoydu. Bu gün bu güclü təməl daha da qüvvətlənməkdədir. Bu gün olduğu kimi, gələcəkdə də Azərbaycan bölgənin parlayan ulduzu olmağa davam edəcək.

20 Yanvarda Bakıda şəhid olan soydaşlarımızı rəhmətlə anır, ruhları şad, məkanları cənnət olsun, deyirik”.

Söz alan Azərbaycanın İstanbuldakı konsulu Kənan Murtuzov 20 Yanvar hadisələri haqda geniş məlumat verərək, Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyini bildirib.

20 Yanvar hadisələrinin canlı şahidi Kəbutər Haqverdi təsirli çıxışı zamanı “70 il məcburi xidmət etdiyimiz bir dövlətin bizə hücum edəcəyini heç vaxt ağlımıza gətirməzdik” deyib.

Daha sonra Anadolu Aydınlar Ocağının baş katibi prof. dr. İbrahim Öztek, Aydınlar Ocağının baş katibi prof. dr. Mustafa Erkal, Yıldız Teknik Universitetindən prof. dr. Adil Allahverdiyev, Gürcüstan azərbaycanlı tələbələrinin təmsiçisi Hakim Zebarlar, İSTAD-ın Qadınlar bölməsinin rəhbəri Nebahat Kirman və başqaları çıxış edərək 20 Yanvar tarixinin önəmini vurğulayıblar.

Konfrans 20 Yanvar şəhidlərinə həsr olunmuş fotosərgi və sənədli film nümayişi ilə başa çatıb. Sonda şəhidlərin ruhuna dualar oxunub, ehsan verilib.

Modern.az

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər