Modern.az

Deputatdan Xarici İşlər Nazirliyinə TƏKLİF: “Bu məsələni rəsmi olaraq müzakirəyə çıxarın”

Deputatdan Xarici İşlər Nazirliyinə TƏKLİF: “Bu məsələni rəsmi olaraq müzakirəyə çıxarın”

Aktual

23 Yanvar 2015, 11:40

“Cənab prezident İlham Əliyevin Almaniya səfərini çox uğurlu hesab edirəm. Bu, Almaniya-Azərbaycan əlaqələrinin güclənməsində və inkişafında ciddi bir səfər oldu”.
Bunu Modern.az saytına açıqlamasında ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, Milli Məclisin deputatı Azay Quliyev deyib.

O, ATƏT-in Minsk qrupunun 11 üzvündən biri olan Almaniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşəbbüsü ələ alması barədə fikirləri şərh edib. Deputat bildirib ki, Almaniya kansleri Angela Merkelin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir səsləndirməsi çox önəmli idi.

Azay Quliyevin sözlərinə görə Azərbaycan prezidenti ilə Almaniya kansleri Angela Merkelin birgə mətbuat konfransında ümumi fikir ondan ibarət oldu ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış status-kvo qəbuledilməzdir.

“Status-kvonun dəyişməsi o deməkdir ki, Ermənistan işğal etdiyi ərazilərdən mərhələ-mərhələ çıxmalıdır. Amma bilirik ki, problemin həlli ilə bağlı Minsk formatı indiyə kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyib. Bu gün Minsk qrupunda həmsədrlik tərkibinə yenidən baxılmalıdır və dəyişiklik edilməlidir. Bu dəyişiklik Türkiyə və Almaniya hesabına genişlənməlidir”.

Deputatın fikrincə, ATƏT-in Minsk qrupunun üzvləri olan Almaniya və Türkiyənin həmsədr olması çox vacibdir. “Çünki hazırkı həmsədrlər ABŞ, Rusiya və Fransa Qarabağ məsələsində ortaq məxrəcə gələ bilmirlər. Bunun səbəbi geostrateji maraqlar və digər məsələlərdir. Bu üç ölkə heç bir halda başqa dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə müdaxiləsini istəmir. Bu isə monopoliya anlamına gəlir və bu inhisarçılıq dağıdılmalıdır. Eyni zamanda, həmsədrlər erməniyönlü dövlətlərdir.  Buna görə də Cənubi Qafqazda böyük gücə malik Türkiyə və Avropa İttifaqının aparıcı dövləti olan Almaniya Dağlıq Qarabağ probleminin tənzimlənməsi ilə bağlı proseslərə qoşulmalıdır”.

Azay Quliyev vurğulayıb ki, Almaniya və Türkiyənin Minsk qrupunun həmsədri olması məsələsinin ictimailəşdirilməsinin tərəfdarıdır.

“Azərbaycan Xarici İşlər Nazirliyinin və müvafiq diplomatlarımızın aidiyyatı görüşlərdə və tədbirlərdə bu məsələni qaldırması faydalı olar. Düşünürəm ki, Almaniyanın ATƏT-in Minsk Qrupunun həmsdərliyinə gətirilməsi məsələsi Xarici İşlər Nazirliyi tərəfindən rəsmi olaraq müzakirəyə çıxarılmalı və bu istiqamətdə müvafiq addımlar atılmalıdır. 
ATƏT Parlament Assambleyasının gələn ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası”  ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırıram”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür