Modern.az

“Necə dolanırsınız?” - Rejissorların fəryadı: “Bundan böyük əzab olarmı?”

“Necə dolanırsınız?” - Rejissorların fəryadı: “Bundan böyük əzab olarmı?”

Mədəni̇yyət

26 Yanvar 2015, 10:54

Modern.az saytı “Necə dolanırsınız?” rubrikasını davam etdirir.  Hər gün müxtəlif peşə sahibləri rastlaşanda mütləq bir-birindən necə dolandığını soruşur. Biz bu dəfə oxşar sualla rejissorlardan cavab istədik... 10-dan çox tanınmış rejissor müxtəlif səbəblərdən bu sualı cavablamaqdan imtina etsə də, bəziləri həmkarlarından seçildilər:

Hazırda heç bir teatrda çalışmayan tanınmış rejissor Rövşən Almuradlı elə işsizliyin özünü rejissor üçün ən böyük zərbə adlandırır:İşsizlik! Tamaşa qoymağa icazə vermirlər, film çəkmirəm... Bundan böyük əzab ola bilərmi? Bundan böyük cəza verə bilərlərmi?”

“YUĞ” teatrının baş rejissoru Gümrah Ömər bütün sənətçi dostları kimi maliyyə probleminin olduğunu bildirsə də, yenə də qaneedici mövqedə dayanır: “Bütün sənətçi dostlarım kimi maliyyə qıtlığından əziyyət çəkirəm. Bu, əmək haqqı çox gülməlidir. Bilmirik, biz gülürük, yaxud bizə gülürlər. Amma əsası can sağlığıdır. Bunlarsız da olar”.

Gənc rejissor Mir Sahib Ağazadə quruluş verdiyi tamaşalardakı kimi, verdiyi cavabda da orijinal olmağa çalışıb:Bir az ironiyalı, bir az da qafiәli cavab verəcəyəm: Dolana-dolana yerimizdә dalanlara dirәnirik hәrdәn. Bax, belәcә dolanırıq. Tam ciddi mənada isə teatr işçilərinin aylıq mәvacibi dolanmağa yox, heç dolanbacdan çıxmağa da yaramır”. 

Daha bir gənc rejissor Kamal Yaşar da dolanışıq barədə ağrılı danışıb:
“Özünü təsdiq etmiş rejissorların işi bir az yüngüldü. Onlar artıq tanınır. Kiminsə onlara ya dövlət, ya fiziki şəxs qismində sifarişi varsa, verir, onlar da ilin müəyyən hissəsini çalışıb özlərinə 3-5 qəpik pul qazanırlar. Ancaq bu vəziyyətin özünü də tam qənaətbəxş saymaq olmaz. Nəzərə alsaq ki, “Azərbaycanfilm” kinostudiyasında il ərzində 1-2 film zorla ərsəyə gəlir, deməli, iş yenə çətindi və burada sıxıntıdan ancaq elə 1-2 rejissor yaxa qurtarıb. Qalanları peşəkar olsalar belə, oturub dövlət sifarişi gözləyir. Bugünkü sosial durum hansısa rejissora müəllif filmi çəkməyə imkan vermir. Çünki prodüsser bazarı da hələ formalaşmaqdadır. Gənc və özünü təsdiq etməkdə olan rejissorların da işi sosial təminat baxımından ürəkaçan deyil. Onlar da irəliləmək, tanınmaq, qazana bilmək üçün özlərini oda-közə vururlar. Məsələn, 30 yaşım var. Mədəniyyət və İncəsənət Universitetində ikinci təhsilimi alıram və bu il 4-cü kursu bitirəcəm. Mənimlə eyni statusda olan kolleqalarım kimi təbii ki, mən də bu dolanbac yollardan keçməliyəm. Belə ki, bu dəqiqə təsnifat olaraq ikincilər, yəni özünü təsdiq etməkdə olan, həm də pul qazanmağa meylli olan rejissorlar hərəsi bir sahədə özünü sınayır. Ya reklam çəkir, ya prodakşınla əməkdaşlıq edir, ya özü bir prodakşın təsis edir, ya da televiziyada çalışır. İllərdir televiziyada çalışıram. Eyni zamanda təkliflər olanda aktyor kimi filmlərdə rol alıram. Məsrəflərimi, maddi təminatımı bu yolla qarşılayıram. Bundan əlavə, regiondan, yəni Gəncədən gəlib paytaxtda təhsil alan tələbəyəm. Əgər təhsil alıb geriyə, Gəncəyə qayıtsam, bu, məhvim deməkdir. Çünki orada, ümumiyyətlə, bazar yoxdur. Bakıda qalmaq üçünsə sən ev kirayələməlisən və ardınca da digər sosial-məişət problemlərini həll etməlisən. Şair demişkən, hələ bunun gecələr içib ağlamağı var. Yəni mahiyyət və status etibarilə bu gün bizim cəmiyyətdə rejissorlar hansısa xüsusi bir zümrə deyil. Onlar da necə deyərlər, palaza bürünüb el ilə sürünürlər. Amma bir hind filmində deyildiyi kimi, hər şey yaxşılığa doğrudur".

Elmin NURİ 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!