Modern.az

Tələbələrinə çox məxfi “sirr” açan müəllim

Tələbələrinə çox məxfi “sirr” açan müəllim

27 Yanvar 2015, 10:27

jurnalist, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü

Tanınmış şəxsiyyətlərlə bağlı qəribə,  məzəli, bəzən də kövrək hisslər oyadan əhvalatlar.

Çox məxfi “sirr” açan müəllim

Yeniyetməlik və gənclik illərinin yaddaqalan hadisələri çox olur. Lakin biz bunlara  bəzən əhəmiyyət verməmişik, çox vaxt isə əhvalatı dərindən qavraya bilməmişik.

Orta məktəbdə oxuyarkən, hətta ali məktəbdə də müəllimin şaqqanaq çəkib gülməsini, əl qaldırıb oynamasını, ağlamasını, hətta yemək yeməsini görməmişdik. Belə xüsusiyyətlərdən birinə rast gələndə isə gözlərimizə inanmazdıq.

Bərdədə orta məktəbdə oxuyanda bir riyaziyyat  müəllimimiz vardı , tədris etdiyi  fənn elə idi ki, hamımız ondan çəkinirdik. Bir gün bizi pambıq yığmağa aparmışdılar. Yük maşını ilə. Maşından düşəndə müəllimlərdən biri üzü üstə yerə yıxıldı. Həmin riyaziyyat müəllimi bunu görüb əllərini yana açaraq şaqqaçaraq gülməyə başladı. Onun belə gülüşü bizə qəribə gəldi. Axı heç vaxt onu belə görməmişdik.

Bir hadisə 1953-cü ildə İosif Stalin vəfat edəndə oldu. Məktəbin həyətində  matəm mitinqi  keçirilirdi. Hamı ağlayırdı. Mən isə gözlərimi tarix müəllimimiz Əli müəllimə zilləmişdim. Onun üzü heç vaxt görmədiyim görkəm almışdı. Dodaqlarını sıxıb guya xəlvəti ağlayırdı. Məni gülmək tutmuşdu. Sinif yoldaşım Yavər isə məni dümsükləyib “ağla dana”  deyirdi. Neylədimsə ağlaya bilmədim. Buna sonradan heş peşiman da olmadım.

Belə xasiyyətli müəllimlərdən biri də Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinin baş müəllimi Yusif  Ziya Şirvani idi (onun qəribə hərəkəti haqqında əvvəlki yazılarımdan birində söhbət açmışdım). O qədim türk abidələri fənnindən dərs deyirdi. Çox cansıxıcı mühazirə oxuyurdu. Buna görə də onun dərsindən tez-tez qaçardıq.

Bir gün auditoriyaya girib “dəftərləri yığışdırın, sizə vacib sözüm var” dedi. Sevindik.

- Bir az irəli oturun, diqqətlə qulaq asın, amma dediklərim öz aramızda qalmalıdır.

- Oldu, müəllim, - deyə İsmayıl adlı tələbə yoldaşımız hamımızın əvəzinə söz verdi.

- İs – ma – yıl (Yusif Ziya müəllim bir qayda olaraq onun adını aramla, heca ilə çağırırdı), qapını möhkəm bağla.

İsmayıl qapını açıb təzədən möhkəm bağladı.

- Dəhlizdə kimsə varmı?

- Yox,  müəllim,  mənim tələbə dostum idi, salam verib getdi.

- Get bir də bax!

- Baxdım dəhliz bom-boşdur.

- Bir az da yaxın oturun, mən asta səslə danışacağam.

- Bizi – qrupda cəmi yeddi nəfəri vahimə bürümüşdü. “Görəsən nə sirr açacaq?”

İsmayılı bir daha qapıya göndərəndən sora  sözə başladı:

- Dünən Moskvada Süleyman Dəmirəllə Nikita Xruşşov arasında çox səmimi və işgüzar söhbət olub. Bu o deməkdir ki, siz bu gün – sabah Türkiyəyə işləməyə gedəcəksiniz. Sizi təbrik edirəm. Amma söhbət öz aramızda qalsın.

Auditoriyadan evə necə gəldiyimi heç özüm də bilmədim. Qanadım olsaydı sevincdən uçardım. Ürəyimdən keçdi ki, anamdan pul alıb bilet dalınca gedim, birdən başqaları alar, mənə bilet çatmaz. Əhvalatı böyük qardaşıma danışdım. Güldü.

- Sən də, müəllimin də  çox sadəlövh adamlarsınız. Burada nə sirr var  ki? Əvvəla, hökumət başçıları arasında belə görüşlər, söhbətlər tez-tez olur. Bunun nəticəsi illərlə, on illərlə çəkir. İkincisi də müəllimin sizə nə sirr deyib ki? Dünənki “Pravda” qəzetində dərc olunan xəbərdir. Mənim çantamda həmin qəzet var.

Açıb oxudum. “Pravda”nın sonuncu səhifəsində bircə cümləlik xəbər idi “Dünən Moskvada ...”

Tələbə vaxtı heç qəzet oxuyurduq ki!  

Bunu bildiyi üçün Yusif Ziya müəllim dərsə davamiyyətimizi artırmaqdan ötrü guya hansısa “SİRR” açmışdı. 37-ci illərin acısını həbsxanalarda dadmış, lakin güllələnməmiş müəllim o qədər əndişədə olub ki, adi bir qəzet xəbərini belə dövlət sirri kimi bizə çatdırmışdı.

Birnəfəsə iki adam on kilo apelsin (portağal) yeyə bilərmi?

“ Bakı” qəzetində işlədiyim illərdə qələminə qibtə etdiyim bir jurnalist vardı: Şakir Abdullayev. Hamı onu felyeton yazarı kimi tanıyırdı. Bir neçə kitabın müəllifi idi, iki oğlu, iki qızı vardı. Bir insan kimi çox qayğıkeş idi. Bir otaqda otururduq. Demək olar ki, günümüz, yeyib-içməyimiz  bir yerdə keçirdi. Hara getsəydik məni “müavinimdir” deyə təqdim edərdi. Mən təzə ailə quranda bizi qonaq çağırmışdı: Şamaxı rayonunun Göylər kəndinə. Hədiyyəsi də yerində. Yoldaşı Lətifə xanım da, uşaqları da bizim ailəyə elə qaynayıb – qarışmışdılar ki, onları görəndə doğmalarım sanırdım.

Mən redaksiyada həmkarlar ittifaqları yerli komitəsinin sədri idim. İctimai fəaliyyətimlə  bağlı redaksiyada tez-tez səyyar ticarət təşkil edirdim. Bir gün satışa apelsin gətirtmişdim.

- Mülatif, mən sabah kəndə gedəcəyəm, bu apelsindən iki yeşik aparmaq istəyirəm, Göylərdə qohum-əqraba çoxdur.

- Bu nə sözdür, Şakir müəllim,  – dedim, - ürəyiniz nə qədər istəyir alın. Mən öz payımı sizə verərəm.

- İki yeşik apelsini otağımıza gətirdik. Bu vaxt Şakir müəllimin “Qağa” adlandırdığı bir dostu (elmi işçi idi) gəlmişdi. Çox əliaçıq olan Şakir müəllim ona təklif etdi ki, apelsinin dadına bax. Elə bunu eşitcək “Qağa”  yeşiyin birini yaxına çəkdi, sanki ona  “dadına bax” yox, “axırına çıx” təklif  olunmuşdu. Mat qalmışdıq.  Şakir müəllim:

- Mülatif, bu yeşikləri “Qağa” ilə köməkləşib qorkomun (şəhər partiya komitəsinin) qabağına aparın, indi Şahin (oğlu) maşınla gəlib evə aparacaq.

Belə də elədik. Yeşikləri küçəyə çıxarıb otağa qaytdım. Şakir müəllim təəccüblə soruşdu:

- Bəs yiyəsiz qaldı yeşiklər?

- Yox, - dedim, - “Qağa” yanındadır.

- Elə “Qağa” yanındadır deyə yiyəsiz deyirəm də!

Tez küçəyə qaçdım. Gecikmişdim. “Qağa”  özü kimi birisini də tapıb yeşiyin birindəki apelsinlərin axırına çıxmışdılar: cəmi bircə dənə apelsin qalmışdı.

- Nə dadlı apelsinlərdi, ə, bunlar! Deyəsən, importnudu.

- Bəlkə o biri yeşiyin də ağzını açım?

- Yox ey, heç bir yeşiyin içindəkilərini axıracan yeyə bilmədik ...

Hələ yeyə bilmədilər, yesəydilər nə qədər yeyəcəkdilər?

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir