Modern.az

“YAP təkcə özünün irəli sürdüyü namizədləri dəstəkləməyəcək”

“YAP təkcə özünün irəli sürdüyü namizədləri dəstəkləməyəcək”

Müsahibə

30 Avqust 2010, 13:10

Modern.az saytının suallarına Milli Məclis sədrinin müavini Bahar Muradova cavab verir

- Bahar xanım, qarşıdan növbəti parlament seçkiləri gəlir. Ancaq Azərbaycan müstəqillik əldə etdikdən bu yana ölkədə keçirilən seçkilərlə bu seçkilər dövrünü müqayisə etdikdə, açıq-aşkar görünür ki, prosesə maraq azdır. Belə demək mümkünsə, seçkilərə rəsmən start verilməsinə 10 gündən az vaxt qalsa da, bütövlükdə cəmiyyətdə bir canlanma hissi olunmur. Sizcə, bu, nə ilə bağlıdır?
- Canlılıq və fəallıq deyəndə sizin nə düşündüyünüzün fərqinə varmadan onu söyləmək istəyirəm ki, indi hər kəs daha artıq dərəcədə vəzifəsinin, hüququnun, səlahiyyətinin nədən ibarət olduğunu dərk edir. Əvvəllər hər kəs hər şeylə məşğul olmaq istəyirdi və olurdu. Ancaq son illər hər kəs öz vəzifəsinin, hüququnun, səlahiyyətinin nədən ibarət olduğunu, harada başlayıb, harda bitdiyini yaxşı bilir və buna uyğun hərəkət etməyə də çalışır. Bu, getdikcə artıq qanunların bərqərar və hər kəsin öz fəaliyyətini qanunlar çərçivəsində qurmalı olduğu qənaətinin möhkəmlənməsinin göstəricisidir. Həm də bir təcrübədir. Əvvəllər bir həyəcan, hay-küy, ziddiyyət, seçkilərə hazırlıqdan daha çox hansısa problemləri ortaya atmaq, onları qabartmaq və onların ətrafında ajiotaj, siyasi şoular yaratmaq dəbdə idisə, indi hər kəs soyuq ağılla başa düşməyə şalışır ki, bütün bunlar səmərəsizdir. Yəni, hər kəs öz partiyasının daxilində, öz təşkilatı çərçivəsində, özünün namizədliyini verəcəyi dairədə işini aparır. Vaxtilə insanlar işləməkdən daha çox mətbuatla ünsiyyətə üstünlük veriblər, partiyalar daha çox brifinqlər keçiriblər, daha çox kütləvi aksiyalar, tədbirlər keçirməyə meylli olublar. Amma indi hər kəs bilir ki, həmin tədbirlərə  gələn insanlar onlara – namizədliyini irəli sürən şəxslərə səs vermirlər, konkret dairədə konkret şəxsə konkret seçicilər səs verirlər. Ona görə hər kəs işini bu istiqamətdə qurmağa çalışmalı, təşkilati şəbəkəsini qaydaya salmalı, qanunların öyrənilməsi işini təşkil etməli, maddi, insani resurslarını səfərbər etməli, müşahidəçilərini hazırlamalı, onları maarifləndirməli, seçki komissiyalarında işləyəcək nümayəndələrini təlimatlandırmalıdır. Bunlar eyni zamanda həm seçkidə iştirak edəcək şəxslərə, qüvvələrə aiddir,  həm də seçki orqanlarına. İndi baxsanız, görərsiniz ki, seçki orqanları özü son illər öz işlərini necə təkmil şəkildə qurmağa çalışırlar və buna da nail olurlar. Amma əvvəllər onların da işində müəyyən qədər çatışmazlıqlar, nöqsanlar, həyəcan var idi. Bu gün isə belə deyil, bu gün artıq bu işlə daimi, uzunmüddətli məşğul olan qurumlar var və burada artıq təcrübə, neçə illik səriştə, bilik əldə etmiş insanlar var, fəaliyyət göstərirlər. Bu insanlar heç bir hay-küyə yol vermədən proseslərə uyğun olaraq öz işlərini görürlər. Axı bunun nəyi pisdir ki? Başqa ölkələrdə seçkilər keçirilən zamanı şəxsən bir neçə dəfə orada olmuşuq, müşahidə aparmışıq. Məsələn, İngiltərə kimi bir ölkəyə - bu gün dünya siyasətini müəyyən edən iki-üç ölkədən biridir – may ayında seçkiləri müşahidə etməyə getmişdim, bu ölkədə seçki keçirilməsini sübut edən bir dənə şeyə rast gəlmədim. Yalnız ayrı-ayrı yerlərdə bəzi namizədlərin portretlərini, seçki məntəqələrinin yerləşdiyi ünvanları göstərən lövhələri görmək olurdu. Sadəcə, hər kəs öz işiylə-gücüylə məşğul idi, amma hər kəs də bilirdi ki, həmin gün seçkiyə getməlidir. Demək istəyirəm ki, bunun üçün kütləvi aksiyalar təşkil etmək, küçələrə, meydanlara axışmaq lazım deyil. Düzdür, kütləvi aksiyalar da demokratik cəmiyyətin atributlarındandır, amma kimlərsə düşünürsə ki, seçki fəallığı, canlanma deyəndə yalnız bunılar olmalıdır, yaxud kim daha çox qışqırırsa, o daha çox uğur qazanmalıdır və kim seçilmək istəyirsə, mütləq Bakının mərkəzi meydanlarına yığılmalıdır, halbuki namizədliyini Naxçıvandan və yaxud başqa yerdən sürdüyü halda, bu düşüncələr artıq yerini konstrukt mövqeyə verib. Hesab edirəm ki, bu, daha yaxşıdır.
- Son iki ay ərzində hakim partiyanın növbəti seçkilərdə irəli sürəcəyi namizədləri məsələsi ətrafında cəmiyyətdə, ictimai-siyasi dairələrdə, kluarlarda ciddi müzakirələr, mübahisələr getməkdədir. Hətta bu istiqamətdə “ağ siyahılar”, “qara siyahılar” ortaya qoyulmaqdadadır. Bu baxımdan, sizin bu siyahılar məsələsinə, eyni zamanda, ümumiyyətlə, YAP-ın növbəti seçkilərdə irəli sürəcəyi namizədlər məsələsinə münasibətinizi bilmək istərdik.
- Elə bunun özü seçkiyə olan marağın göstəricisidir. Elə buradan açıq-aydın görünür ki, Azərbaycanda seçkiyə maraq heç də siz deyən kimi az deyil və fikirlərin “YAP-ın namizədləri nə vaxt bəyan olunacaq?”, “YAP-ın namizədləri kimlərdən ibarət olacaq?” və sair üzərində cəmləşməsi onu göstərir ki, hakim partiya, onun apardığı siyasət, onun irəli sürəcəyi namizədlər bütövlükdə seçki mühitinə ciddi təsir edən məqamlardandır. Hər kəs bu siyahını və bu siyahıda kimlərin təmsil olunacağını bilmək istəyirsə, çox güman ki, öz planlarını da ona uyğun şəkildə qurmağa çalışır, çalışacaq. Bu da, təbiidir. Çünki YAP ən güclü partiyadır, onun namizədləri çox güclü, nüfuzlu, tanınmış insanlardır. Mən bu marağı da çox normal qiymətləndirirəm, amma həmin o “qara siyahılar”, “ağ siyahılar”, nə bilim başqa siyahılara gəlincə, bunlara o qədər ciddi yanaşmıram, bunlar kimlərinsə “məşğuliyyətidir”. Bu dövr ərzində kimlərsə siyahıların tərtib olunması, namizədlərin daha ciddi seçimi ilə məşğuldur, kimlərsə də hansısa “siyahılar” haqqında danışmaqla məşğuldurlar. Görünür, hər kəsin də öz işi var. Odur ki, mən bu məsələ ətrafında tapmacalara, “proqnozlara”, ehtimallara o qədər əhəmiyyət verməməyi və konkret olaraq seçkiyə start vaxtını gözləməyi məsləhət görürəm. YAP qanunun bütün hərfinə, vergülünə və nöqtəsinə əməl edən partiyadır, vaxtından əvvəl hansısa debatlar, diskussiyalar açmaqdansa, zamanında öz namizədlərini elan etməyi məqsədəuyğun bilir.
- YAP budəfəki seçkilərdə yenə ötən seçkilərdə olduğu kimi, bəzi dairələri bitərəf olub, ancaq iqtidaryönlü mövqeyi ilə seçilənlərə, o cümlədən iqtidarın siyasətini dəstəkləyən bəzi partiya təmsilçilərinə güzəştə gedəcək, yoxsa bütün 125 dairədən ancaq öz üzvlərinin namizədliyini verəcək?
- Mən hər halda yenə də ümumilikdə namizədlərin irəli sürülməsi gününü gözləməyi tövsiyə edərdim. Tövsiyə edərdim ki, hansısa ehtimala söykənən bir fikir söyləməyək. Amma bu bir faktdır ki, YAP təkcə özünün irəli sürdüyü namizədlərə deyil, cəmiyyətdə çox böyük nüfuz sahibi olan insanlara, görkəmli ziyalılarımıza, bitərəf şəxslərə, yaxud hakim partiyaya uyğun mövqedə dayanan digər siyasi təşkilatların namizədlərinə də bəzi hallarda daha çox üstünlük verir. Çox güman ki, belə hallar indi də olacaq. Yenə də belə insanlar ortada olacaq. Bizim məqsədimiz Azərbaycan xalqının iradəsini ifadə etmək qabiliyyətinə, o cümlədən ciddi nüfuza malik və öz dairəsində ciddi səs ala biləcək insanların Milli Məclisdə gəlib əyləşməsidir. Bunlar bizim partiyanın üzvü ola da bilər, bəzi hallarda olmaya da bilər. Ona görə çox yəqin bu seçkilərdə də belə hallar olacaq.
- Necə hesab edirsiniz, hakim partiyanın dəstəyi ilə hazırda üçüncü çağırış parlamentdə təmsil olunmuş millət vəkillərinin hamısı, yaxud böyük əksəriyyəti budəfəki seçkilərdə də YAP-ın namizədlər siyahısına salınacaqmı? O cümlədən bu şəxslərin yenidən parlamentə düşmə sansı varmı, olacaqmı?
- Mən bu haqda da indidən qəti bir fikir söyləyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, 125 dairədən də bizim dəstəklədiyimiz, müdafiə etdiyimiz şəxslər olacaq. Bunlar həm YAP-ın üzvləri, həm də bayaq yuxarıda qeyd etdiyim  kriteriyadan olan insanlar olacaqlar. Amma qərarı mən vermirəm ki, qərarı seçicilər verir. Yəni,  bizim dəstəklədiyimiz adamların indidən neçə faizinin seçiləcəyini söyləyə bilmərəm. Lakin yüz faiz onu söyləyə bilərəm ki, biz dəstəklədiyimiz insanların seçilməsi üçün lazım olan bütün hərəkətləri – seçki hərəkətlərini etməyə çalışacağıq.
- Bahar xanım, sonuncu bələdiyyə seçkilərində hakim partiya qadınlara və gənclərə xeyli üstünlük verdi. YAP bu praktikadan parlament seçkilərində də yararlanacaqmı, yoxsa?
- Təbii ki, hər bir partiyanın siyasətində ardıcıllıq, varislik olmalıdır. Amma, eyni zamanda, məqsəd mütləq qadınların çoxluğu və yaxud mütləq gənclərin çoxluğu məsələsi deyil, məqsəd deputatlığa namizədliyi irəli sürülən insanların o çərçivəyə uyğun gəlməsidir. Onun içərisində qadın da, gənc nəslin, o cümlədən orta və yaşlı nəslin nümayəndələri də ola bilər. Hər halda, biz müəyyən kriteriyaları nəzərə almışıqsa, bu dəfə də nəzərə alacağıq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir