Modern.az

Partiyaların itirdiyi xəzinə və müvəffəqiyyətin tək ŞƏRTİ

Partiyaların itirdiyi xəzinə və müvəffəqiyyətin tək ŞƏRTİ

Aktual

27 Yanvar 2015, 14:26

Əgər cox yaxın keçmişdə ənənəvi müxalifətin, üstəlik, iqtidarın  sosial dayaqları qibtəolunacaq səviyyədə idisə, cəlbedici siyasi baxışlarına, siyasi fədakarlıqlarına, təqdim edilən platformaya  görə kütlə sərbəst şəkildə onların resurslarına çevrilirdisə, qərargahlardan, konfrans zallarından, küçələrdən, seçki tribunalarından aparılan mübarizənin əsas sütunu geniş sosial baza idisə, bu gün siyasətdə insan faktoru cəhətindən nəzərəçarpacaq bir böhran yaşanır. Güclü dalğanı anladan insan seli iqtidar və müxalifəti dar çərçivədə bir-biri ilə siyasi dava aparan tərəflər kimi mübarizə meydanında yalqız buraxıb.   

Son illərdəki seçkilərin aktuallığı başlayanda, niyəsə adətən, qanunvericiliyə əlavə və düzəlişlər tələbi, bloklaşma siyasəti, vahid mübarizə cəbhəsinə keçmək, uğurlu namizədlər axtarışı kimi məsələlər prioritetlik təşkil edir, amma prosesdə həlledici rolu oynayan hansı sosial bazaya, insan resurslarına, elektorata güvənilir, bu cox-cox sonra yada düşür. Halbuki istənilən alternativ üçün dərd, nə proporsional seçki sistemini geri gətirə bilməmək, nə koordinasiyalı seçki mübarizəsini razılaşdırmağın mümkünsüzlüyü, nə də ki, seçki ilə bağlı qeyri məqamlardır. Ən böyük sıxıntı insan amilidir.      

Dünənki siyasi palitrada üç tərəf var idi və mübarizənin taleyini üçüncü həll edirdi: 

- əlində bütün inzibati güc metodları olan iqtidarlar;

- ciddi ictimai-siyasi proseslərin siyasətin zirvəsinə gətirib qoyduğu müxalif personalar və onların mükəmməl strukturlaşmış təşkilatları;

- və siyasət sahəsinə müstəqil meyl edən, şüurlu, təhtəlşüur olaraq iqtidarların əleyhidarına çevrilib, demokratik prinsiplərin bərqərar olması davasını aparıb, müxalifətin arxası kimi görünən geniş aktiv sosial kəsim. 

Bu sosial dayaq müxalifəti öz mübarizəsində üstün mövqeyə gətirib çıxarırdı.  AXCP-Müsavat cütlüyü hakimiyyəti sosial bazası ilə qazandı, ardınca başqa bir aktiv baza YAP-a iqtidar olma haqqını verdi.

Sonrakı mübarizə illərində klassik müxalifətin sosial bazası daha da genişləndi. Onlar kütlənin dəstəyi ilə irəli məsəfələr qət edirdi. 1998-ci ildə Etibar Məmmədov, 2003-cü ildə İsa Qəmbərin topladığı yüksək səs faizi onların arxasındakı insan resurslarının nəticəsi idi. Bu möhtəşəm insan resursları, bəzən hakimiyyət və müxalifətin ortaq maraqlarında, yəni, ümummilli məsələlərdə də öz rolunu mükəmməl oynayırdı.


Beləliklə, müxtəlif dönəmlərdə siyasətin ən böyük xəzinəsi insan amili idi. Bu gün siyasi müstəvidə iqtidar da var, zəif görkəmdə müxalifət də, amma əsas potensial güc-siyasi aktiv insan toplusu  yoxdur. 2013-cü ilin prezident seçkisində Milli Şura adı altında birləşənlər təyin etdikləri mitinqlərə vaxtilə AXCP-nin təkbaşına meydanlara gətirdiyi insan qədər dəstək faktını ortaya qoya bilmədi. 

Başqa tərəfdən, Cəmil Həsənlinin guya seçkidə İlham Əliyevə qalib gəlməsi bəyanatlarını İsa Qəmbər açıqladığı gerçək faizlə yalanladı ki, bu, atılan birlik addımlarına rəğmən, müxalifətin sosial dayaqlarının olmamasının, yetərli elektorat qazanmamasının  etirafı idi...  

Tərəflər siyasətin ən böyük xəzinəsini itiriblər. Siyasətdə harmoniya pozulub. Həmin fəal sosial kəsim hakimiyyətin sosial bazasına qarışmayıb, həsrətində olduğu ədalətin bərpasının müxalifətin əllərində olması sadəlöhvlüyündən qurtularaq, ətaləti seçib. Yəni, siyasi proseslərdə seyrçi statusunda, tam bitərəf kimi özünü təqdim edir. Təkcə ona görə yox ki, hakimiyyət tərəfdən, müəyyən fobiyalar var. Həm də o səbəbdən ki, həyəcanlı kütləni yönəldən, ağıllı insanları aktiv siyasətə bağlayan liderlər artıq uduzublar.   

Düzdür, mübarizə yolunda olan hər kəs, hətta iqtidar da siyasi proseslərdə kütlənin passivliyinin, siyasiləşmiş savadlı insanların fədakarlıq və aktivlik əhval-ruhiyyəsinin yetərincə aşağı düşməsinin fərqindədir; Siyasətdə illərlə itirilən xəzinəni-insan faktorunu geri qazanmaq problemi ilə mücadilə isə, ya kiminə görəsə lazımsız, ya da kiminə görəsə,  olduqca çətindir.

Amma iş ondadır ki, bütün keçilməz zorluqlar, yaxud, müəyyən arxayınçılıqlar sosial bazanı genişləndirmək, öz arxasına insan dəstəyi cəlb etmək məqsədini arxa plana keçirirsə, seçkidəki məğlubiyyət bəribaşdan yazılır  və bunun təqsirini müxalifət seçki saxtakarlığının, hakimiyyətsə opponentinə olan güvənsizliyin   üzərinə qoymaqla, heç biri özünə bəraət qazandıra bilmir.

Hakimiyyət sosial bazanı necə formalaşdırır, elektoratı necə qazanır- bunun üsulları aydındır. İqtidardakı kifayət qədər bol irili-xırdalı vəzifə postlarının sahibləri, onların yaxınları, doğmaları hakim partiyanın, avtomatik olaraq sosial bazasını və elektoratını  təşkil edir; loru dildə desək, kim ki, hakimiyyətin çörəyini yeyir, onun siyasi qibləsi də həmin siyasi qüvvə olur.

Saxtalaşdırma ittihamlarını bir kənara qoyaq: qeyd olunan bu  imkanlar sayəsində hakim elitanın  irəlidəki parlament seçkiləri üçün insan resursu problemi opponentlərinki qədər qəliz deyil. Hakimiyyət tələb olunan səsin qanuni yolları ilə də mütləq işləyir və işləyəcək.

Gücünü pul əzəmətindən yox, insan  xəzinəsinin cazibəsindən alan müxalifət üçünsə itirdiyi xəzinəni geri qazanmaq vacib şərtdir. Di gəl ki, aparılan siyasət müxalifətə, nə  insan resurslarını geri  qazandırır, nə də müxalifət kiməsə çörək verə bilir ki, onun dəstəyindən, seçkidə səsindən yararlana bilsin.  

Heç bir partiya bu sarıdan bir-birinə həsəd aparacaq durumda deyil; vəziyyəti  təhlil edəcək və çıxış yolları müəyyənləşdirəcək “konsilium” formatı, yəni, insanların süstlüyünün həqiqi diaqnozunu məşvərət masasından keçirmək və sosial təbəqəni siyasətə yenidən cəlb etmək yollarını isə heç kəs düşünüb tapmaq istəmir. Halbuki müvəffəqiyyətin tək şərti insan resurslarını geri qazanmaqdır.    Demokratik dəyərlər, hakimiyyət dəyişikliyi mübarizəsini passivləşmiş cəmiyyətdə aparmaq o qədər dəhşətli bir mübarizəyə çevrilib ki, hətta irəlidəki parlament seçkilərində də uğursuzluq labüd görünür.  Müxalifətinsə seçkidəki imkanlarını indidən yalanlarla bəzəməkdən başqa çarəsi qalmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır